Məhkəmə qərarları › İş №2(103)-3296/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3296/2022

20.05.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3296/2022 20.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2690/2021 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12505.12 ABŞ dolları (on iki min beş yüz beş dollar on iki sent) məbləğində pulun, 3.517.02 ABŞ dolları (üç min beş yüz on yeddi dollar iki sent) məbləğində faizlərin, 30 manat dövlət rüsumunun və 250 manat hüquqi yardıma görə vəkil haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh (alıcı) Cavabdeh 2017-2018-ci illər ərzində iddiaçı (satıcı) İddiaçı MMC-dən nisyə alğı-satqı müqaviləsi əsasında 31.03.2017-ci il tarixli 296 nömrəli, 18.04.2017-ci il tarixli 441 nömrəli və 01.05.2017-ci il tarixli 541 nömrəli qaimələrlə ümumilikdə 16.027.67 ABŞ dolları məbləğində kənd təsərrüfatı təyinatlı gübrə və dərman preparatları götürmüş, həmin məbləğin 3.522.55 ABŞ dolları hissəsini ödəmiş, 12.505.12 ABŞ dolları hissəsini isə ödəməmişdir. (16.027.67-3.522.55=12.505.12) Tərəflər, yəni iddiaçının rəsmisi (satış meneceri) Vüqar Ağazadə ilə cavabdeh arasında hələ 18 aprel 2018-ci il tarixdə tərtib edilərək imzalanmış üzləşmə aktında cavabdeh, 31 mart 2018-ci il tarixinə İddiaçı MMC-yə 14.731.00 ABŞ dolları verməli olduğunu (faizsiz borcu 13.614.37 ABŞ dolları) etiraf etmişdir. Bundan sonra ötən müddət ərzində, yəni 08 oktyabr 2018-ci il tarixdə cavabdeh qismən-1109.25 ABŞ dolları ödəniş edərək ödəməli olduğu məbləği 12.505.12 ABŞ dollarına ednirmişdir. Lakin bundan sonra cavabdeh heç bir ödəniş etmədiyindən onunla dövri olaraq danışıqlar aparılmış və həmin danışıqlar zamanı o, pulu ödəyəcəyinə dəfələrlə vəd versə də heç bir ödəniş etməmişdir. Pulun ödənilməsi üçün cavabdehə 06.08.2021-ci il tarixdə xəbərnaməli təklif (pretenziya) məktubu göndərilmiş, lakin cavabdeh həmin məktubu alsa da vurduğu ziyanı ödəməmişdir. 2021-ci il üçün Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsi illik 6.25% təşkil edir ki, bu hesabla cavabdehin bu günədək ödəmədiyi 12.505.12 ABŞ dollarından tutulmalı olan faizlərin miqdarı 3.517.02 ABŞ dolları təşkil edir. Belə ki, cavabdeh 01.05.2017-ci ildən etibarən olmaqla artıq 54 aydır ki, aldığı malların pulunu ödəmir. Odur ki, ondan tutulmalı olan hesablanmış faizlərin miqdarı yuxarıda göstərildiyi kimi, 3.517.02 ABŞ dolları təşkil edir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2690/2021 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 11395.87 ABŞ dollar (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), 20 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödədiyi 200 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı hüquqi şəxs, cavabdeh isə fərdi sahibkarlıqla məşğul olan fiziki şəxsdir. Bir tərəfi hüquqi şəxs olan əqd (müqavilə) şifahi qaydada bağlanıla bilməz. Tərəflər arasındakı münasibətlər hər bir halda ən azından sadə yazılı müqavilə ilə tənzimlənməlidir. İş materiallarında belə bir müqavilə yoxdur. Üzləşmə aktı isə heç bir halda müqavilə hesab edilə bilməz. Belə olan halda öhdəliyin yaranma əsası kimi müqaviləyə (nisyə alğı-satqı) istinad edilməsi tam əsassızdır. Eyni zamanda iddiaçının sübut kimi təqdim etdiyi malların təhvil verilməsi əks etdirilən qaimələrin cavabdehlə heç bir bağlılığı yoxdur, X1 adlı şəxsin adınadır. Həmçinin birinci instansiya məhkəməsi kobud prosessual səhvə yol vermiş, məhkəmə aidiyyəti ilə rayon (şəhər) məhkəmələrinin aidiyyətinə aid olmayan işə baxmış və qanunsuz qətnamə çıxarmışdır. Hazırki iş üzrə İddiaçı MMC hüquqi şəxsdir. Cavabdeh isə fərdi sahibkardır, VÖEN-ə malik olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Tərəflər arasında müqavilə münasibətlərinin olması sübut olunmasa da iddia olunan mübahisə sahibkarlıq fəaliyyətinə görə yaranmışdır. Hazırki halda həm subyektiv tərkib, həm də mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri hazırki mübahisənin kommersiya mübahisəsi olmasını diqtə edir. Belə olan halda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ona aidiyyəti olmayan kommersiya mübahisəsinə baxması tam qanunsuzdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, cavabdeh fiziki şəxs olmaqla Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh Mübariz adlı şəxsin şirkətində iş icraçısı işləmiş, lakin bununla bağlı sənədlər mövcud olmadığına görə təqdim edə bilməyəcək, həmçinin iddiaçıdan alınan kənd təsərrüfatı təyinatlı gübrə və dərman preparatları adıçəkilən şəxsin şirkətinə təhvil verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməyərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq bildirdi ki, cavabdehin qeyd etdiyi kimi kənd təsərrüfatı təyinatlı gübrə və dərman preparatları başqa şəxsə verilməmiş, məhz cavabdeh özü götürmüşdür. Hazırda isə cavabdehin VÖEN-ninin təqdim edilməsi, qətnamənin ləğvi üçün əsas yaratmır, çünki cavabdeh bu məsələni birinici instansiya məhkəməsində qaldırmamış və VÖEN-nin olması hələ kənd təsərrüfatı təyinatlı məhsulların satışına icazə verilməsi anlamına gəlmir, bununla bağlı xüsusi icazə tələb olunur, beləliklə, tərəflər arasında olan münasibətlər cavabdehin sahibkarlıq fəaliyyətindən irəli gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə qəbul edildiyi nəzərə alınmaqla 2(009)-2690/2021 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iş aidiyyatı üzrə müvafiq kommersiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.09.2020-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ...Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Hazırda iddia tələbinin əsasları ondan ibarət olmuşdur ki, 31.03.2017-ci il tarixli 296 nömrəli, 18.04.2017-ci il tarixli 441 nömrəli və 01.05.2017-ci il tarixli 541 nömrəli qaimələrlə ümumilikdə 16.027.67 ABŞ dolları məbləğində kənd təsərrüfatı təyinatlı gübrə və dərman preparatları götürmüş, həmin məbləğin 3.522.55 ABŞ dolları hissəsini ödəmiş, 12.505.12 ABŞ dolları hissəsini isə ödəməmişdir. (16.027.67-3.522.55=12.505.12) Cavabdeh tərəf apellyasiya şikayətində qeyd etmişdir ki, üzləşmə aktı heç bir halda müqavilə hesab edilə bilməz. Belə olan halda öhdəliyin yaranma əsası kimi müqaviləyə (nisyə alğı-satqı) istinad edilməsi tam əsassızdır. Eyni zamanda iddiaçının sübut kimi təqdim etdiyi malların təhvil verilməsi əks etdirilən qaimələrin cavabdehlə heç bir bağlılığı yoxdur, X1 adlı şəxsin adınadır. Bununla belə iş materiallarında olan 18.04.2018-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh 31 mart 2018-ci il tarixinə 14731 ABŞ dolları borcu olduğunu öz imzası ilə təsdiq etmişdir. Göründüyü kimi Cavabdeh borcun başqa şəxsə aid olduğunu, özünün şirkətin iş icraçısı olmasını bildirsə də, 31 mart 2018-ci il tarixinə 14731 ABŞ dolları borcu olduğunu öz imzası ilə təsdiq etmiş, həmin borcun yaranma əsası isə İddiaçı MMC-dən gübrə və dərman preparatlarının götürülməsi olmuşdur və cavabdeh hər hansı şirkətin işçisi və ya hər hansı müqavilə üzrə iş icraçısı olmasını təsdiq edə biləcək sübutlar təqdim edə bilməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh VÖEN-i olmaqla sahibkarlıq fəaliyyəti ilə məğul olan fiziki şəxsdir. (VÖEN **********). Həmçinin qeyd edilməlidir ki, VÖEN-nin qeydiyyata alındığı tarix 10.03.2017-ci il olmaqla, 18.04.2018-ci il tarixli üzləşmə aktından əvvəlki tarixə aid olmuşdur. Qeyd olunanlara əsasən müəyyən edilir ki, hazırki mübahisə Cavabdeh məhz sahibkarlıq faəliyyəti ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş, sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyindən, eləcə də işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mübahisə hüquqi şəxslə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs arasında yaranmaqla və cavabdehin sahibkarlıq fəaliyyətindən irəli gəlməklə kommersiya xarakterlidir; birinci instansiya məhkəməsi isə bunu nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraatına götürmüş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2690/2021 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməklə mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarında tövsiyyə olunmuşdur ki, “...apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2690/2021 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və İddiaçı MMC-nin Cavabdeh qarşı “Cavabdeh 12505.12 ABŞ dolları (on iki min beş yüz beş dollar on iki sent) məbləğində pulun, 3.517.02 ABŞ dolları (üç min beş yüz on yeddi dollar iki sent) məbləğində faizlərin, 30 manat dövlət rüsumunun və 250 manat hüquqi yardıma görə vəkil haqqının tutulması” tələbinə dair iddiası üzrə mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar