Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3302/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-462/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinin ləğv olunması, həmim müqavilə üzrə xx xxxxxx 2020-ci il tarixinə cavabdehdən əsas borca görə 12.299,70 manat, faiz borcuna görə 590,47 manat, ödənişin gecikdirilməsinə görə 1.795,50 manat cərimə, kredit müqaviləsinin 3.4-cü bəndinə əsasən borc məbləğinin (əsas və faiz) 5% miqdarında borcverənə ödənilməli olan 644,51 manat cərimə, ümumilikdə 13.534,68 manat ödənilməmiş borcun “xxxx BOKT” MMC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsindəki 5 mərtəbəli 36 saylı binanın 5-ci mərtəbəsində yerləşən 71,1 kv.m ümumi sahəsi olan 3 otaqlı 85 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun tutulması, mənzil satıldıqdan sonra 1 ay ərzində cavabdehin mənzildən istifadə hüquqlarına xitam verilməklə, mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx BOKT” MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədləri üçün 24 ay müddətinə illik 30% hesablanmaqla 13.500 manat kredit verilmişdir. Kreditin qaytarılmasının təminatı olaraq cavabdehin mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsindəki 5 mərtəbəli 36 saylı binanın 5-ci mərtəbəsində yerləşən 71,1 kv.m ümumi sahəsi olan 3 otaqlı 85 saylı mənzil ipoteka ilə “xxxx BOKT” MMC-nin xeyrinə yüklü edilmişdir. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit öhdəliklərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. Bununla əlaqədar “xxxx BOKT” MMC tərəfindən cavabdehə dəfələrlə müraciət edilərək kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsi xahiş olunmuşdur. Eyni zamanda cavabdehə müraciət olunaraq borc ödənilmədiyi təqdirdə tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə məlumat verilmişdir. Lakin kredit borcları və ona hesablanan faizlər bu günə qədər ödənilməmişdir. Bu isə müavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxarmışdır. Kredit borcunun qaytarılması barədə cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilmişdir. İşə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılarkən “xxxx BOKT” MMC nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə iddia ərizəsinə əlavə və dəyişikliklər edilməsi barədə ərizə təqdim edilərək, xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinin ləğv olunması, həmim müqavilə üzrə xx xxxxxx 2020-ci il tarixinə cavabdehdən əsas borca görə 12.299,70 manat, faiz borcuna görə 4.136,62 manat, ödənişin gecikdirilməsinə görə 6.993,00 manat cərimə, kredit müqaviləsinin 3.4-cü bəndinə əsasən borc məbləğinin (əsas və faiz) 5% miqdarında borcverənə ödənilməli olan 941,82 manat cərimə, ümumilikdə 24.271,14 manat ödənilməmiş borcun “xxxx BOKT” MMC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsindəki 5 mərtəbəli 36 saylı binanın 5-ci mərtəbəsində yerləşən 71,1 kv.m ümumi sahəsi olan 3 otaqlı 85 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun tutulması, mənzil satıldıqdan sonra 1 ay ərzində cavabdehin mənzildən istifadə hüquqlarına xitam verilməklə, mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-462/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, “xxxx BOKT” MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinin ləğv olunması, həmin müqavilə üzrə əsas borca görə 12.299,70 manat, faiz borcuna görə 4.136,62 manat, ödənişin gecikdirilməsinə görə 600,00 manat cərimə, kredit müqaviləsinin 3.4-cü bəndinə əsasən borc məbləğinin (əsas və faiz) 5% miqdarında borcverənə ödəniilməli olan 941,82 manat cərimə, ümumilikdə 17.878,14 (on yeddi min səkkiz yüz yetmiş səkkiz nanat 82 qəpik) manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh “xxxx BOKT” MMC-nin xeyrinə tutulması, tutma dəyərinin 60.000 (altmış min) manat müəyyən olunması, Cavabdeh məxsus olan ipoteka predmetinə-Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsindəki 5 mərtəbəli 36 saylı binanın 5-ci mərtəbəsində yerləşən 71,1 kv.m ümumi sahəsi olan 3 otaqlı 85 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun tutulması, mənzil satıldıqdan sonra 1 ay ərzində Cavabdeh mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması, qalan hissədə iddianın təmin olunması, Cavabdeh qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 400 manatın “xxxx” MMC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, COVİD 19 virusu ilə əlaqədar işlədiyi müəssisə tam fəaliyyət göstərə bilmədiyindən əksər işçilər o qarışıq ixtisar olmuşdur. Baş vermiş COVİD 19 virusu bir-başa onun ödəmə qabiliyyətinə təsir etmişdir. Həmin hadisəni fors major vəziyyətə uyğunlaşdırmaq olar. Məhkəmə işin faktiki hallarını araşdırmadan Respublikada ciddi karantin rejiminin tətbiq olunmasını, iş yerinin bağlanması və onun işsiz qalmasını, eyni zamanda onun maddi vəziyyətinin acınacaqlı olduğunu, ödəmə qabiliyyətinin xeyli dərəcədə aşağı düşməsini nəzərə almadan, maddi hüquq normalarının tələblərini pozmaqla qətnamə qəbul etmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-462/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, 4.136,62 manat faiz borcunun, 600 manat cərimənin, (əsas və faiz) 5% miqdarında 941,82 manat cərimə borcunun silinərək yeni qrafik üzrə 12.299,70 manat əsas borcun ödənilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq iddiaçı “xxxx BOKT” MMC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən iddiaçı “xxxx BOKT” MMCnin nümayəndəsinin və Cavabdeh iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini xahiş etsədə, şikayətdə qətnaməni hesablanmış faiz, dəbbə və borc məbləğinin (əsas və faiz) 5% miqdarında cərimə pulu hissəsində mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni mübahisələndirilən hissədə yоxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, borc verən “xxxx” Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə borc alan Cavabdeh arasında bağlanmış 2019/00571 saylı, xx xxxx 2019-cu il tarixli Kredit müqaviləsindən görünür ki, “xxxx BOKT” MMC Cavabdeh illik 30 % dərəcəsi olmaqla 24 ay müddətinə 13.500 manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan, 2019/00571-İP saylı, xx xxxx 2019-cu il tarixli ipoteka (girov) müqaviləsinin surətindən görünür ki, borc verən “xxxx BOKT” MMC ilə borc alan Cavabdeh arasında bağlanmış 2019/00571 saylı, xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsindəki 5 mərtəbəli 36 saylı binanın 5-ci mərtəbəsində yerləşən 71,1 kv.m ümumi sahəsi olan 3 otaqlı 85 saylı mənzil 2019/00571 saylı, xx xxxx 2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün ipoteka ilə yüklü etmişdir. Həmin müqavilənin 3.1-ci bəndində göstərilir ki, ipoteka ilə yüklü edilmiş əmlak 78.000 (yetmiş səkkiz min) manat məbləğində qiymətləndirilir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı № ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsindəki 5 mərtəbəli 36 saylı binanın 5-ci mərtəbəsində yerləşən 71,1 kv.m ümumi sahəsi olan 3 otaqlı 85 saylı mənzil Cavabdeh mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 175 nömrəli kitabın 18549 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX № ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsindəki 5 mərtəbəli 36 saylı binanın 5-ci mərtəbəsində yerləşən 71,1 kv.m ümumi sahəsi olan 3 otaqlı 85 saylı mənzil “xxxx BOKT” MMC-nin xeyrinə yüklü edilmişdir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 175 nömrəli kitabın 18549 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan, “xxxx BOKT” MMC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 280 saylı, xx xxxxxxxx 2019-cu il tarixli ərizədən görünür ki, “İpoteka predmetinə tutmanın yönəldilməsi” haqqında bildirişlərin Azərbaycan Respublikasının İpoteka haqqında qanunun 36.3-cü maddəsində göstərilən qaydada qeydə alınması xahiş olunmuş və həmin ərizə 1 saylı Bakı Ərazi İdarəsində xx xxxxxxx 2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarında olan, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 279 saylı, xx xxxxxxxx 2019-cu il tarixli bildirişdən görünür ki, müqavilə üzrə borcunu ödəməyəcəyi təqdirdə kredit borcunun ödənilməsi və borcun ipotekaya qoyulmuş əmlaklara yönəldiləcəyi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə kollegiyası həmçinin kredit müqaviləsi üzrə faizin hesablanması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan 2019/00571 saylı, xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 13.500 manat məbləğində krediti illik 30 faiz ödəmək şərti ilə 24 ay müddətinə xx xxxx 2021-ci il tarixədək ödəməyi öhdəsinə götürür. İş materiallarında olan, “xxxx BOKT” MMC ilə borc alan Cavabdeh arasında bağlanmış 2019/00571 saylı, xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əlavə olan ***- ***-**-** saylı ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh illik 30 % dərəcəsi olmaqla 24 ay müddətinə verilmiş 13.500 manat məbləğində əsas borcu 4.616 manat məbləğində faizlər olmaqla cəmi 18.116 manat məbləğində pulu, xx.xx.2019-cu il tarixdən başlayaraq, aylıq 755 manat məbləği həcmində olmaqla xx xxxx 2021-ci il tarixə kimi kreditora ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Göründüyü kimi “xxxx” BOKT MMC tərəfindən Cavabdeh verilmiş kredit məbləğinə görə 2019/00571 saylı, xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə bankın borcludan tələb etdiyi məbləğ - əsas kredit məbləğ üzrə 12.299,70 manat, faiz məbləği üzrə 4.136,62 manat, dəbbə pulu 6.993,00 manat kredit müqaviləsinin 3.4-cü bəndinə əsasən borc məbləğinin (əsas və faiz) 5% miqdarında olan cərimə 941,82 manat, ümumilikdə 24.271,14 manat təşkil edir. Bundan başqa məhkəmə kоllegiyası Cavabdeh apelyasiya şikayətinin əsas dəlili olan “xxxx” BOKT MMC tərəfindən faizin, cərimənin, həmçinin əsas və faizin 5% miqdarında ödənilməli olan cərimənin artıq hesablanması və birinci instansiya məhkəməsi tərəfindən isə bu halın kifayət qədər nəzərə alınmaması barədə dəlilinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, “xxxx BOKT” MMC tərəfindən Cavabdeh vеrilmiş xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən, faiz borcuna görə 4.136,62 manat, ödənişin gecikdirilməsinə görə 600,00 manat cərimə, kredit müqaviləsinin 3.4-cü bəndinə əsasən borc məbləğinin (əsas və faiz) 5% miqdarında olan 941,82 manat cərimə borcunun cavabdehdən tutulması qanuni və əsaslıdır. Odur ki, hesablanmış faiz, dəbbə və borc məbləğinin (əsas və faiz) 5% miqdarında cərimə pulu məbləğləri tənasübsüz surətdə yüksək hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən isə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kоllegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsinin Respublikada ciddi karantin rejiminin tətbiq olunmasını, onun işsiz qalmasını və maddi vəziyyətinin ağırlaşmasını, ödəmə qabiliyyətinin aşağı düşməsini nəzərə almadığını göstərsə də, həmin halları əsaslandıran sübutları apelyasiya şikayətinə əlavə etmədiyindən və apelyasiya məhkəməsində iştirak edərək məhkəməyə təqdim etmədiyindən həmin dəlillər əsaslı hesab edilə bilməz. Bundan başqa Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Göstərilənlərə əsasən məhkəmə kоllegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, Cavabdeh apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-462/2020 saylı, xx xxxxxx 2020-ci il tariхli qətnaməsi dəyişdirilmədən, Cavabdeh apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 403 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-462/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3302/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3302/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver