Məhkəmə qərarları › İş №2(103)-3305/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3305/2023

18.05.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Maddi zi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3305/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsinə və Cavabdeh1nə qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: intizam tənbehi, xəbərdarlıq, əmrin ləğv edilməsi, işə bərpa, əmək müqaviləsinin bağlanmış hesab olunması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi X3 iştirakı ilə İddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsinə və Cavabdeh1nə qarşı “xəbərdarlığın və əmrin ləğv edilməsi, işə bərpa, müqavilənin bağlanmış hesab olunması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. xx xxxxxxxx 1957-ci il təvəllüdlü İddiaçı xx.xx.1994-cü il tarixdən etibarən 33 saylı körpələr evinin müdiri vəzifəsində işləmiş, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli əmri ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilmişdir.

2. İddiaçı xx.xx.2022-ci il tarixli əmr əsasında 2021/2022 iş ili hesabına xx.xx.2022-ci il tarixdən 42 təqvim günü müddətinə növbəti əmək məzuniyyətinə buraxılmış, işə başlama tarixi xx.xx.2022-ci il olmuşdur.

3. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 5 saylı Xidmət və əməliyyat mərkəzinin təsərrüfat qrupunun rəisinin, 5 saylı Xidmət və əməliyyat mərkəzinin təsərrüfat qrupunun mütəxəssisinin, Səbail rayonu 33 saylı uşaq baxçasının təsərrüfat müdirinin iştirakı ilə xx.xx.2022-ci il tarixdə 33 saylı uşaq baxçasında baxış keçirilmiş və müəyyən nöqsanların aşkar edilməsinə dair akt tərtib olunmuşdur. Aktda, uşaq baxçasının ərzaq anbarında "xxxx" MMC-nin istehsalı olan yararlılıq müddəti bitən və istismara tam yararsız qatıq məhsullarının saxlandığı, baxçaya 72 kq miqdarında qatıq verilməsi, baxçanın anbar kitabında 19-xx.xx.2022-ci il tarixində gündəlik 15 kq istehlak ilə 28,12 kq qatıq mövcud olduğu, anbarda faktiki olaraq 40 kq miqdarında son istifadə tarixi xx.xx.2022-ci il tarixdə bitmiş qatıq aşkar edildiyi, "xxxx" MMC-nin istehsalı olan yararlıq müddəti xx.xx.2022-ci il tarixdə bitən istismara tam yararsız 1,6 kq xama məhsulunun, yararlıq müddəti xx.xx.2022-ci il tarixində bitmiş istismara tam yararsız 5 kq. pendir məhsulunun saxlanıldığının müəyyən olunduğu, bağçanın anbar kitabının səliqəsiz formada işlənildiyi, cari tarix üzrə heç bir məhsulun məxarici və qalığının qeyd olunmadığı, ərzaq anbarında məhsulların saxlanılması zamanı normativ temperatur və rütubətlilik göstəricilərinə riayət edilmədiyi göstərilmişdir.

4. Bakı şəhəri üzrə Təhsil İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 2588-02/10 saylı məktubda, xx.xx.2022-ci il tarixdə Səbail rayonu 33 saylı körpələr eviuşaq bağçasına keçirilən baxış nəticəsində tərtib olunmuş akta istinadla bildirilmişdir ki, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, rəhbərlik və nəzarətdə nöqsanlara yol verdiyinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına görə, ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq xəbərdarlıq edilir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

5. İddiaçı (iddiaçı) Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı iddia ərizəsi, sonradan isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin də cavabdeh qismində cəlb olunmasını istədiyi iddia ərizəsinin dəqiqləşdirlməsi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, xx.xx.2022-ci il tarixli akt əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ona verilən xəbərdarlığın, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilməsinə dair Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmrinin ləğv olunması, onunla müqavilənin bir il müddətinə bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 5 saylı Xidmət və əməliyyat mərkəzinin təsərrüfat qrupunun rəisi Şəmistan İsmayılbəyli, 5 saylı Xidmət və əməliyyat mərkəzinin təsərrüfat qrupunun mütəxəssisi İlqar Rzaquluyev, Səbail rayonu 33 saylı uşaq baxçasının təsərrüfat müdiri Tamilla Kazımovanın iştirakı ilə xx.xx.2022-ci il tarixdə 33 saylı uşaq baxçasında baxış keçirilmiş və müəyyən nöqsanların aşkar edilməsinə dair akt tərtib olunmuşdur. Aktda, uşaq baxçasının ərzaq anbarında "xxxx" MMC-nin istehsalı olan yararlılıq müddəti bitən və istismara tam yararsız qatıq məhsullarının saxlandığı, baxçaya 72 kq miqdarında qatıq verilməsi, baxçanın anbar kitabında 19-xx.xx.2022-ci il tarixində gündəlik 15 kq istehlak ilə 28,12 kq qatıq mövcud olduğu, anbarda faktiki olaraq 40 kq miqdarında son istifadə tarixi xx.xx.2022-ci il tarixdə bitmiş qatıq aşkar edildiyi, "xxxx" MMC-nin istehsalı olan yararlıq müddəti xx.xx.2022-ci il tarixdə bitən istismara tam yararsız 1,6 kq xama məhsulunun, yararlıq müddəti xx.xx.2022-ci il tarixində bitmiş istismara tam yararsız 5 kq. pendir məhsulunun saxlanıldığının müəyyən olunduğu göstərilmişdir. Akt 3 nəfər şəxsin iştirakı ilə təstiq olunmuş, məzuniyyətdə olmasına baxmayaraq Əmək Məcəlləsinin 189.2-ci maddəsinin tələbi pozulmaqla ona şiddətli xəbərdarlıq (töhmət) verilmiş və müəyyən müddət keçdikdən sonra əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2022-ci il tarixli M-674 saylı “Əmək məzuniyyəti və vəzifələrin müvəqqəti həvalə edilməsi haqqında əmr”dən göründüyü kimi Bakı şəhəri 33 saylı körpələr evi-uşaq baxçasının müdiri kimi 2021/2022ci il hesabına xx.xx.2022-ci il tarixdən 42 təqvim günündə növbəti məzuniyyətə buraxılmış və işə başlama müddəti xx.xx.2022-ci il olmuşdur. Belə olan halda ona verilən şiddətli xəbərdarlıq (töhmət) qanunsuz hesab edilməlidir. Belə ki, məzunuyyət müddətində müdir vəzifəsi başqa şəxsə həvalə olunmuşdur və nöqsan olduğu halda xəbərdarlıq və ya töhmət ona deyil, əvəz edən şəxsə tətbiq edilə bilərdi. 20 sentyabr 2022-ci il tarixdə **********88 saylı mobil nömrədən ona zəng edilərək onunla olan müddətsiz əmək müqaviləsinə xitam verildiyi bildirilmişdir. Səbəb yaşının tamam olması kimi göstərilsə də, səhhəti və təhsil sahəsində əldə etdiyi naliyyətlər iş imkanlarının davam etdirilməsi üçün əsaslardandır. Belə ki, 1979-cu il tarixdən pedaqoji fəaliyyətə başlamış və xx.xx.1992-ci il tarixdə 33 nömrəli körpələr evinə müdir vəzifəsinə təyin olunmuşdur. Müddətsiz əmək müqaviləsi əsasında rəhbər vəzifəsində çalışmış, işlədiyi müddət ərzində ona heç bir xəbərdarlıq və töhmət verilməmişdir. Məzuniyyətdə olduğu müddət ərzində etmədiyi hər hansı bir nöqsana görə şiddətli xəbərdarlığın verilməsini əsassız hesab edir. Azərbaycan Təhsil İşçiləri X4 Rayon Komitəsinin ona ünvanladığı cavab məktubunda göstərilmişdir ki, iştirakı olmadan yoxlama aparılmamalı idi və uzun illər ərzində müvəffəqiyyətlə işləməsi, heç bir cəza almaması, çoxsaylı təltiflər alası səbəbilə müqaviləsi 1 il müddətinə uzadıla bilərdi. İşçi ilə işəgötürən arasında müqaviləyə xitam verilmədən öncə həmkarların razılığı alınmalı olduğu halda, belə razılıq olmadan əmək müqaviləsinə xitam verilmişdir. Müqavilənin bağlanmış hesab edilməli olmasının əsaslarından biri də onunla 4.09.2022-ci il tarixdə müqavilənin ləğv olunmasına dair əmr verilsə də, xx.xx.2022-ci il tarixədək işə gəlməsi və öz vəsifəsini icra etməsidir. Müxtəlif vaxtlarda Təhsil Şöbəsinin müdiri Sara Xanlarova tərəfindən uşaq baxçasının kollektivinin “Şən hazırcavablar baxçada yetişir” adlı tədbirdə fəal iştirak etdiyinə görə birinci dərəcəli diplomla təltif olunmuş, 2001-ci il tarixdə Səbail Rayon Təhsil şöbəsi tərəfindən fəxri fərman verilmiş, İcra Hakimiyyətinin başçısı Hacıbala Abıtalıbov tərəfindən dəfələrlə təşəkkürnamə verilmiş, Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Məktəbə qədər Təhsil müəssisələri və uşaq evləri idarəsi tərəfindən fərqlənmə diplomu verilmiş, ən yaxşı müəllimə adına layiq görülməklə ona fəxri diplom verilmişdr. Bu nailiyyətləri nəzərə alınmaqla onunla bağlanan müqavilə 1 il müddətinə uzadıla bilərdi. Sonuncu olaraq xx.xx.2022-ci il tarixdə əmr verilsə də ona məlumatın verilməməsi və işə getməsi, tabel dəftərində imzasının olması müqavilənin bağlanmış olması əsaslarındandır. Cavabdeh təşkilata dəfələrlə, son olaraq xx.xx.2022-ci il tarixdə müqavilənin 1 il müddətinə təkrar bağlanması ilə əlaqədar müraciət etmişdir. Belə ki, 65 yaşı olmasına, xx.xx.2022-ci il tarixdə əmrin verilməsinə baxmayaraq, xx.xx.2022-ci il tarixədək işə getməsi nəzərə alınmaqla, müqavilə bağlanmış hesab oluna bilər.

7. Birinci instansiya məhkəməsinin 28 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.

8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür, xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olmuş, xx.xx.2022-ci il tarixdə çalışmanın yaş həddinə çatdığına görə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilmişdir. Çalışmanın yaş həddinə çatdığına görə cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "e” bəndinə istinad edilməklə xitam verilməsi qanuni və əsaslı olduğundan iddia tələbi təmin oluna bilməz.

9. Məhkəmə həmçinin vurğulamışdır ki, iddiaçıya verilmiş xəbərdarlıq Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq verilmişdir və intizam tənbehi sayılmır. İddiaçı həmin xəbərdarlığın məzuniyyətdə olduğu müddətdə verildiyini qeyd etsə də, iş materiallarından müəyyən olunur ki, xəbərdarlıq iddiaçının işə başladığı xx.xx.2022ci il tarixdən sonra - xx.xx.2022-ci il tarixdə verilmişdir.

10. Məhkəmə iddia tələbinin iddiaçı ilə bağlanan müqavilənin bir il müddətinə bağlanmış hesab edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, bu tələb əmrin ləğv edilməsinə əsaslanmaqla ondan asılı olduğundan və həmin tələb üzrə iddia rədd edildiyindən, iddia tələbi göstərilən hissədə də əsassız hesab olunmaqla təmin oluna bilməz.

11. Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə, Əmək Məcəlləsinin 10-cu, 68-ci, 70-ci, 186-cı, 189-cu maddələrinə istinad etmişdir.

12. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyini, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə etiraz

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

14. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

15. Məhkəmə iclasında iştirak edən cavabdehlər Elm və Təhsil Nazirliyinin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri şikayətin əsassız olduğunu bildirmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

16. Maddə 10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.

17. Maddə 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

18. Maddə 10-1.4. Bu Qanunun 10-1.2-ci və 10-1.3-cü maddələrinə uyğun olaraq müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.

19. Maddə 42. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.

20. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

21. Maddə 186 (2-ci hissə). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

22. Maddə 186 (3-cü hissə). İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

26. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

31. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə hüququ düzgün tətbiq etmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir və qətnamənin ləğvi üçün hər hansı əsas mövcud deyildir.

32. İşin hallarından aydın olur ki, İddiaçı 65 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuş, beləliklə o, Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinin təsir dairəsinə düşmüşdür.

33. Əmək Məcəlləsinin yuxarıda sadalanan müddəalarından göründüyü kimi, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddətinin uzadılması onun işlədiyi müvafiq dövlət orqanının səlahiyyətinə aiddir.

34. Məhkəmələr dövlət orqanlarının qanunla onlara verilmiş diskresiya səlahiyyətlərinin həyata keçirilməsinin qanuniliyi ilə bağlı yoxlama aparmaq imkanına malikdirlər – lakin hazırkı işin halları baxımından kollegiya hesab edir ki, cavabdeh müvafiq səlahiyyətin həddini aşmamış, iddiaçının qanunla qorunan hüququnu pozmamışdır.

35. Kollegiya, iddiaçının “Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ona verilən xəbərdarlığın ləğv olunması” tələbi üzrə gəlinən nəticəni də əsaslı hesab edir; belə ki, birincisi, intizam tənbehi sayılmayan xəbərdarlıq iddiaçıya xx.xx.2022-ci il tarixli akt əsasında edilmiş, həmin akt isə mübahisələndirilməmişdr; digər tərəfdən, xəbərdarlıq iddiaçıya məzuniyyətdə olduğu dövrdə deyil, işə başladığı xx.xx.2022-ci il tarixdən sonra xx.xx.2022-ci il tarixdə verilmişdir.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-498/2023 saylı iş üzrə 28 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar