Məhkəmə qərarları › İş №2(103)-332/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-332/2025

13.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-332/2025 13.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızı katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi (vəkili) Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmlakın sökülməsinə görə kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-2845/2023 saylı iş üzrə 03 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdehnə (bundan sonra, cavabdeh) qarşı “əmlakın sökülməsinə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının fərdi yaşayış evinin məhv edilməsinin mənzil və mülkiyyət hüquqlarının pozulması hesab edilməsi, maddi zərərə görə cavabdehin üzərinə iddiaçının evi olmuş ərazidə inşa edilmiş yeni binada iddiaçını şəhərsalma norma və qaydalarına uyğun olan tam təmirli üç otaqlı mənzillə təmin etmə vəzifəsinin qoyulması, mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 10000 manat məbləğində kompensasiyanın tutulması, iddiaçının ödədiyi dövlət rüsumunun, habelə vəkil xərclərinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsindəki 17K nömrəli fərdi yaşayış evinin “A” tikilisinin İ mərtəbəsində ikiotaqlı mənzil (yaşayış sahəsi – 28,2 kv.m, köməkçi sahə 4,4 kv.m) xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Onun mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixində verdiyi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış (seriya RX, nömrə 1196006) ilə təsdiq olunub. İddiaçının, onun yaxın qohumlarının və başqalarının daşınmaz əmlakı olan ərazidə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının icazəsi ilə cavabdeh mənzil və ev mülkiyyətçiləri ilə müqavilələr bağlayıb. Həmin müqavilələr əsasında o, yaşayış sahələrini sökülmək üçün təhvil alıb, öhdəsinə götürüb ki, yeni inşa etdiyi çoxmənzilli hündürmərtəbəli yaşayış binasında mülkiyyətçiləri yeni yaşayış sahəsi ilə təmin edəcək. Yeni binanın inşası müddətində cavabdeh mülkiyyətçilərə kirayə haqları ödəməyi öhdəliyi götürüb. Lakin başqalarından fərqli olaraq, iddiaçı ilə belə müqavilə bağlanılmayıb, onun qarşısında nə kirayə haqqının ödənilməsi, nə də mənzil verilməsi öhdəlikləri götürülməyib. Buna baxmayaraq, iddiaçının evi tam olaraq sökülüb, yerində artıq yeni bina inşa edilib. Bina hazır olduqdan sonrakı müddətdə də iddiaçıya nəinki mənzil verilməyib, ona rəsmən heç bir mənzil təklif də olunmayıb. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2845/2023 nömrəli 03 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia tələbi təmin olunmamışdır. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 mart 2024-cü il tarixli 2(103)-935/2024 nömrəli qətnaməsi ilə (hakimlər X6 (sədrlik edən və məruzəçi), X1 və X2) apellyasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçının nümayəndəsi (vəkili) kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1968/2024 saylı 21 avqust 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 mart 2024-cü il tarixli 2(103)-935/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına göndərilmişdir. Apellyasiya baxışı zamanı tərəflər mübahisənin barışıqla həll olunması istiqamətində 10 fevral 2026-cı il tarixli yazılı barışıq sazişi təqdim etmiş və yalnız barışıq sazişində qeyd edilənlərin icra olunacağını bildirərək, ayrı-ayrılıqda barışıq sazişinin nəticələrinin onlara aydın olmasını, bir-birilərinə qarşı hər hansı tələblərinin olmamasını, məhkəmə kollegiyasından sazişin təsdiq olunmasını, qətnamənin tam ləğv olunaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası barışıq sazişini nəzərdən keçirib, tərəflərin münasibətini aydınlaşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı, qətnamə ləğv olunmaqla, mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Təqdim olunmuş 10 fevral 2026-cı il tarixli barışıq sazişinin şərtlərinə görə: Hazırki barışıq sazişi bir tərəfdən Vəkil3 şəxsində (müvafiq səlahiyyətlə bağlı etibarnamə əlavə edilmişdir) təmsil olunan Cavabdeh MMC (“Birinci Tərəf”) və digər tərəfdən Vəkil1 şəxsində (müvafiq səlahiyyətlə bağlı etibarnamə əlavə edilmişdir) təmsil olunan İddiaçı (“İkinci Tərəf”) arasında bağlanılır.

1. Sazişin predmeti 1.1. Tərəflər razılaşırlar ki, İkinci tərəfin Birinci tərəfə qarşı qaldırdığı iddia əsasında hazırda Bakı Apellyasiya Məhkəməsində baxılan 2(103)-332/2025 saylı mülki iş üzrə yaranmış mübahisəni məhkəmədənkənar qaydada, barışıq yolu ilə həll etsinlər. 1.2. X8 mübahisənin predmetini təşkil edən tələblər üzrə qarşılıqlı güzəştlər əsasında yekun razılığa gəlirlər.

2. Tələblərdən imtina və kompensasiya 2.1. Tərəflər bəyan edirlər ki, məhkəmə prosesində aşağıdakı tələblərlə bağlı razılıq əldə edilmişdir: cavabdeh tərəfindən iddiaçının fərdi yaşayış evinin məhv edilməsinin iddiaçının mənzil və mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməsi, maddi zərərə görə iddiaçının evi olmuş ərazidə inşa edilmiş yeni binada şəhərsalma norma və qaydalarına uyğun tam təmirli 3 (üç) otaqlı mənzillə təmin edilməsi, mənəvi zərərə görə isə 10 000 (on min) AZN məbləğində kompensasiyanın, habelə dövlət rüsumu və vəkil xərclərinin tutulması ilə bağlı tələblər. 2.2. İkinci tərəf, yuxarıda göstərilən tələblərdən imtina etməsi qarşılığında, Birinci tərəfdən 115 000 (yüz on beş min) AZN məbləğində kompensasiyanı qəbul etməyə razıdır.

3. Ödəniş qaydası 3.1. 115 000 (yüz on beş min) AZN məbləğində kompensasiya 4 (dörd) bərabər hissə ilə, hər biri 28 750 (iyirmi səkkiz min yeddi yüz əlli) AZN olmaqla ödəniləcəkdir. 3.2. Ödənişlər 15 mart 2026-cı il tarixdən başlayaraq, hər ayın 15-dən gec olmayaraq, 4 ay müddətində həyata keçiriləcəkdir. 3.3. Birinci tərəf kompensasiyanı müəyyən edilmiş qrafikdən daha tez ödəmək hüququna malikdir. 3.4. Bu müddət ərzində ölkədə daşınmaz əmlak bazarında qiymətlər rəsmi statistik məlumatlara əsasən 15 (on beş) faizdən çox artarsa, Birinci tərəf kompensasiyanın ödənilməmiş hissəsini müvafiq artım nəzərə alınmaqla ödəməlidir.

4. Gecikməyə görə məsuliyyət 4.1. Birinci tərəf ödənişləri gecikdirdiyi təqdirdə, gecikdirilmiş məbləğə görə aylıq 10 (on) faiz məbləğində penya hesablanır və həmin penya da İkinci tərəfə ödənilməlidir.

5. İddialardan imtina və mübahisələrin qapanması 5.1. İkinci tərəf bəyan edir ki, X10nin şərtlərini tam və qeyd-şərtsiz qəbul edir, həmçinin bu Sazişin və onun əsasında qəbul ediləcək məhkəmə qərardadının gələcəkdə heç bir halda mübahisələndirilməyəcəyini təsdiq edir. 5.2. İkinci tərəf bu mübahisə ilə bağlı gələcəkdə Birinci tərəfə qarşı hər hansı əlavə iddia, şikayət və ya tələb irəli sürməyəcəyini öhdəsinə götürür.

6. Yekun müddəalar 6.1. X10 Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri məhkəməyə təqdim olunur, digər iki nüsxə isə Tərəflərdə saxlanılır. 6.2. Tərəflər bu Sazişi oxuduqlarını, məzmununu başa düşdüklərini və öz iradələrinə uyğun imzaladıqlarını təsdiq edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. MPM-in 52.4-cü maddəsinə görə, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. MPM-in 191.1-ci maddəsinin tələbinə görə, tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 191.2-ci maddəsinin tələbinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə kollegiyası, belə nəticəyə gəlir ki, tərəflər barışıq sazişinin şərtlərini və nəticələrini aydın surətdə göstərmişlər, barışıq sazişi qanuna zidd olmamaqla, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. MPM-in 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib ..., bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv edilərək, mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 119.4-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. MPM-in 122.3-cü maddəsinə əsasən, tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Tərəflərin nümayəndələri özlərinin çəkdiyi xərcləri digər tərəfdən tələb etməmiş, qiymətləndirmə xərcinin isə aralarında bərabər bölüşdürülməsi ilə bağlı razılıq ifadə etmişlər. İşdən görünür ki, apellyasiya icraatı zamanı "xxxx" MMC tərəfindən həyata keçirilmiş qiymətləndirməyə görə 500 manat xərc mövcud olmuşdur. Bu səbəbdən də həmin məhkəmə xərci bərabər hissədə tərəflərə aid edilməli, tərəflərin hər birinin çəkdiyi xərc isə özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı Cavabdehnə qarşı “əmlakın sökülməsinə görə kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 10 fevral 2026-cı il tarixli barışıq sazişi, sazişdə göstərilən şərtlər nəzərə alınmaqla təsdiq olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2845/2023 saylı iş üzrə 03 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, mülki işin icraatına xitam verilsin. İzah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Apellyasiya icraatı zamanı "xxxx" MMC tərəfindən həyata keçirilmiş qiymətləndirməyə görə 500 manat məhkəmə xərci bərabər nisbətdə tərəflərə aid edilsin. İddiaçıdan 250 (iki yüz əlli) manat, cavabdehdən 250 (iki yüz əlli) manat tutularaq tutularaq "xxxx" MMC-nin (hüquqi və fəaliyyət ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 114, VÖEN **********) hesabına ödənilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar