Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3327/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa olunma və mənəvi zərərin ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1210/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş "xxxx" ASC-nin 17 dekabr 2019-cu il tarixli 1419-07424 saylı əmrindən görünür ki, İddiaçı 17 dekabr 2019-cu il tarixdən Strateji Araşdırma və Planlaşdırma şöbəsinə 2 ay sınaq müddəti ilə strateji araşdırma üzrə aparıcı mütəxəssis vəzifəsinə təyin olunmuşdur.
2. "xxxx" ASC-nin rəhbərliyinə yazılmış təqdimatdan görünür ki, Strateji Araşdırma və Planlaşdırma şöbəsinin rəisi Elçin Məlikov "xxxx" ASC-nin sədri Vüqar Əhmədovdan şöbənin aparıcı mütəxəssisi İddiaçı əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Təqdimatın mətninin tam şəkildə qətnamədə qeyd edilməsinə zərurət yoxdur.
3. 09 sentyabr 2024-cü il tarixli xəbərdarlıqdan və 09 sentyabr 2024-cü il tarixli aktdan görünür ki, şöbənin aparıcı mütəxəssisi İddiaçı əmək müqaviləsinə 17 sentyabr 2024-cü il tarixdən xitam veriləcəyi barədə təqdim olunan xəbərdarlıq, şöbənin əməkdaşlarının iştirakı ilə oxunmuşdur. Bununla əlaqədar, İddiaçı xəbərdarlıqla tanış olub imza etməsi təklif edilmiş, lakin o, xəbərdarlığı imzalamaqdan imtina etmişdir.
4. "xxxx" ASC-nin İddiaçı ünvanladığı əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıqdan və poçt xidmətinin 19 sentyabr 2024- cü il tarixli 226/227-24 saylı arayışından görünür ki, "xxxx" ASC-nin müvafiq xəbərdarlığı iddiaçının istəyinə uyğun olaraq özünü dayısı oğlu kimi təqdim edən Həsənov soyadlı şəxsə təhvil verilmişdir.
5. "xxxx" ASC-nin 20 sentyabr 2024-cü il tarixli k/24-04957 saylı əmrindən görünür ki, Strateji Araşdırma və Planlaşdırma şöbəsinin strateji araşdırma üzrə aparıcı mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətinin qurtarması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2- ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir.
6. İddiaçı "xxxx" ASC-yə ünvanladığı 05 avqust 2024-cü il tarixli, 13 sentyabr 2024-cü il tarixli və 23 sentyabr 2024-cü il tarixli müraciətdən görünür ki, rəhbərliyə ona münasibətdə əmək qanunvericiliyinin tələblərinin pozulduğunu bildirmiş, öncə ASC-də digər işə keçirilməsini, daha sonra isə əvvəl tutduğu vəzifəyə bərpa olunmasını xahiş etmiş, əks təqdirdə aidiyyəti orqanlara və məhkəməyə müraciət edəcəyi barədə məlumat vermişdir.
7. Təqdim olunmuş vəsiqələrdən görünür ki, İddiaçı müharibə veteranıdır, müxtəlif medallarla təltif edilmişdir.
8. Bakı 10 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/10/2024- 00702 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı və cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixdə saat 10.00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin prosesin davam etdirilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən 50 manat İMS xərci və 10 manat poçt xərci ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «işə bərpa olunma və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işə bərpa edilməsi; məcburi buraxdığı iş günləri üzrə əmək haqqının ödənilməsi; sonuncu iş günündə, yəni 20 sentyabr 2024-cü il tarixdə ödənilməyən əmək haqqının ödənilməsi; qanunsuz yolla işdən çıxarılmasında maraqlı, təşəbbüskar və nəticə əldə edən cavabdeh "xxxx" ASC-nin Strateji araşdırma və planlaşdırma işlədiyi şöbənin müdiri Elçin Məlikov və müavini Elşən Məmmədov barələrində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsi; mənəvi zərərə görə ona 50.000 manat məbləğində təzminat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 17 dekabr 2019-cu il tarixdə K/19-07424 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən "xxxx" ASC-nin Strateji araşdırma və planlaşdırma şöbəsi üzrə aparıcı mütəxəssis vəzifəsinə təyin olunmuşdur. Özü birinci Qarabağ müharibəsi iştirakçısı olmaqla, «Müharibə veteranı»dır, 19 oktyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Tərəqqi medalı» ilə təltif olunmuşdur. Bundan başqa, 12 oktyabr 2018-ci ildə «Milli Ordu-100» və «Müharibə veteranı» medalları ilə təltif olunmuşdur. Eyni zamanda, 24 oktyabr 2014-cü il tarixdə X3 «Əməkdar Energetiki» fəxri adı ilə təltif olunmuşdur. Onu da nəzərə çatdırır ki, təqaüd yaşına çatmasına cəmi 16 ay qalmışdır. Bütün bunlara baxmayaraq 20 sentyabr 2024-cü il tarixli, K/24-04957 saylı əmrlə əmək müqaviləsinə müqavilə müddətinin qurtarması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir. Hesab edir ki, ona qarşı haqsızlıq olub, qanunsuz olaraq Əmək Məcəlləsinin tələbləri kobud surətdə pozulmaqla işdən çıxarılmışdır. Yuxarıda qeyd etdiyi kimi, işə qəbul edilərkən onun Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən əmək müqviləsi bağlanmış, iki ay müddətində sınaq müddəti ilə işə qəbul olunması barədə müvafiq əmr verilmişdir. Əmək Məcəlləsinin 47-ci maddəsində (müddətli əmək müqaviləsi bağlanan hallar) sınaq müddəti ilə işə qəbul edilməsi nəzərdə tutulmamışdır. Qanunsuz işdən çıxarılması onun təqaüdə çıxmasına çox maneələr yaradır. 2024-cü ilin mart ayında işlədiyi şöbənin müdiri Elçin Məlikov və müavini Elşən Məmmədov tərəfindən ona təsirlər göstərilmiş, işdən könüllü surətdə çıxması barədə ərizə verməsi tələb olunmuşdur. Lakin o, ərizə verməmiş, araşdırma aparılaraq müvafiq tədbirlər görülməsi üçün "xxxx" ASC-nin sədrinə müraciətlər etmişdir. Təəssüflər olsun ki, Cəmiyyətin rəhbərliyi tərəfindən tədbir görülməmiş, müraciətlərinə qanunvericilikdə nəzərdə tutulan qaydada heç bir cavab verilməmişdir. Eyni zamanda 20 yanvar 2024-cü ildə bütün gün işdə olmasına baxmayaraq həmin günün əmək haqqı ona ödənməmişdir. Yuxarıda qeyd etdiyi, ona qarşı olan haqsızlığa görə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, ictimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. İnsan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən, hər kəsin məhkəmə müdafiəsi hüququnu - qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahislərin və münaqişələrin həlli yolu ilə yalniz məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hakimiyyətinə ictimaiyyət tərəfindən etimad bəslənməsi və ona hörmət olunması məhkəmə işinin səmimiliyinin təminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə də bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında bunu belə ifadə etmişdir: Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydin görünməlidir. Bundan başqa qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən cavabdeh təşkilata 18 noyabr 2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin cavab verilməmişdir. Əmək Məcəlləsinin tələblərinin pozulması ilə qanunsuz olaraq işdən azad olunduğu üçün işə bərpa edilməsi, məcburi buraxdığı iş günləri üzrə əmək haqqının ödənilməsi, sonuncu iş günündə, yəni 23 sentyabr 2024-cü il tarixdə ödənilməyən əmək haqqının ödənilməsi, qanunsuz yolla işdən çıxarılmasında maraqlı, təşəbbüskar və nəticə əldə edən "xxxx" ASC-nin Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri Elçin Məlikov və müavini Elşən Məmmədov barələrində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsi, mənəvi zərərə gorə ona 50.000 manat məbləğində təzminat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1210/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia tələbi rədd edilmişdir.
12. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 51, 68-ci maddəsinin 1-ci hissəsinə, 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə, 73, 76, 83-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 80, 106.1, 217.4, 218.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına istinad etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı müddətli əmək müqaviləsini razılaşdırma olmadan tam əsasız və qanunsuz olaraq xitam vermişdir. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Cavabdeh iddiaçının əmək müqaviləsinə xitam verən zaman iddiaçının Birinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycan respublikasının Prezidenti tərəfindən Tərəqqi medalı ilə təltif edilmişdir, X3 Əməkdar Enerqetiki adına layiq görüldüyünü nəzərə almamışdır. Cavabdeh iddiaçı əmək müqaviləsinin xitam verilməsi ilə bağlı əvvəlcədən hər hansı bir xəbərdarlıq etməmişdir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İş materiallarında cavabdehin təqdim etdiyi heç bir əsaslı sübut yoxdur. Qətnamədə qeyd olunmuşdur ki, iddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixdən 2 ay sınaq müddəti ilə 3 aylıq əmək müqaviləsi bağlanaraq, Strateji Araşdırma və Planlaşdırma şöbəsinin strateji araşdırma üzrə aparıcı mütəxəssisi vəzifəsinə təyin olunmuşdur. Əslində isə işə qəbulla bağlı verilmiş 17 dekabr 2019-cu il tarixli, K/19-07424 saylı əmrdə həmin vəzifəyə 2 aylıq sınaq müddəti ilə işə qəbul olunmağı göstərilmişdir. Burdan da görünür ki, bağlanmış əmək müqaviləsi ilə verilmiş əmr arasında ziddiyyət vardır, lakin işi araşdıran hakim bu məsələyə diqqət yetirməmişdir. Məhkəmə araşdırılması zamanı əmək müqaviləsinin surətini və eləcə də əmək müqaviləsi sistemə vurulduqdan sonra çıxarışın mənə verilməməsini bildirməyinə baxmayaraq bu faktı da hakim araşdırmamışdır. 17 dekabr 2019-cu il tarixdə K/19-07424 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən "xxxx" ASC-nin Strateji araşdırma və planlaşdırma şöbəsi üzrə aparıcı mütəxəssis vəzifəsinə təyin olunmuşdur. İşlədiyi dövrdə verilən tapşırıqları, vəzifə təlimatı ilə qarşıma qoyulan vəzifələri vaxtında və keyfiyyətli yerinə yetirmişdir. Birinci Qarabağ müharibəsi iştirakçısı olmaqla, “Müharibə veteranı”dır, 19 oktyabr 2016-cı ildə Hörmətli Prezidentimiz tərəfindən “Tərəqqi medalı” ilə təltif olunmuşdur. Bundan başqa 12 oktyabr 2018-cı ildə “Milli Ordu-100” və “Müharibə veteranı” medalları ilə təltif olunmuşdur. Eyni zamanda 24 oktyabr 2014 idə X3“Əməkdar Energetiki” fəxri adı ilə təltif olunmuşdur, təqaüd yaşına çatmağına cəmi 16 ay qalmışdır. Bütün bunlara baxmayaraq 20 sentyabr 2024-cü il tarixli, K/24- 04957 saylı əmrlə əmək müqaviləsinə müqavilə müddətinin qurtarması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Hesab edir ki, haqsızlıq olub, qanunsuz olaraq Əmək Məcəlləsinin tələblərini kobud surətdə pozulmaqla işdən çıxarılmışdır. İşə qəbul edilərkən Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən əmək müqaviləsi bağlanmış, iki ay müddətində sınaq müddəti ilə işə qəbul olunmağı barədə müvafiq əmr verilmişdir. Əmək Məcəlləsinin 47-ci maddəsində (müddətli əmək müqaviləsi bağlanan hallar) sınaq müddəti ilə işə qəbul edilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən də hesab edir ki, qanunsuz olaraq işdən çıxarılmış və hüquqları kobud surətdə pozulmuşdur. Qanunsuz işdən çıxarılmağı təqaüdə çıxmağında çox maneələr yaradır. Bu ilin mart ayında işlədiyi şöbənin müdiri Elçin Məlikov və müavin Elşən Məmmədov tərəfindən mənə təsirlər göstərilmiş, işdən konüllü surətdə çıxmağı barədə ərizə verməyi tələb olunmuşdur. Lakin ərizə verməmişdir, araşdırma aparılaraq müvafiq tədbirlər görülməsi üçün Cəmiyyətin sədrinə müraciətlər etmişdir. Təəssüflər olsun ki, Cəmiyyətin rəhbərliyi tərəfindən tədbir görülməmiş, müraciətlərinə qanunvericilikdə nəzərdə tutulan qaydada heç bir cavab verilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
18. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
19. Maddə 51. Bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir.
20. Maddə 73. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
21. Maddə 76.1. işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
22. Maddə 83.1. əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
23. Maddə 83.2. əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1210/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur.
35. İşin halları ilə müəyyən olunur ki, iddiaçı ilə xx.xx.2019-cü il tarixdən 2 ay sınaq müddəti ilə 3 aylıq əmək müqaviləsi bağlanaraq, Strateji Araşdırma və Planlaşdırma şöbəsinin strateji araşdırma üzrə aparıcı mütəxəssisi vəzifəsinə təyin olunmuş və həmin vaxt iddiaçının əmək qanunvericiliyində təsbit olunmuş hər hansı hüququ pozulmamışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək müqaviləsinin müddəti qurtardığı üçün xx.xx.2024-cü il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir. Bundan əvvəl isə xx.xx.2024-cü il tarixdə "xxxx" ASC tərəfindən İddiaçı yaşadığı ünvana müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında xəbərdarlıq göndərilmişdir.
36. Qanunvericiliyə əsasən sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər.
37. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Belə ki, müddətin qurtarması ilə əmək müqaviləsinin müddətinin uzadılmaması təşəbbüsü məhz işəgötürənə aiddir və hazırki işdə işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.
38. Kollegiya hesab edir ki, iddiaçının digər tələbləri, yəni məcburi buraxdığı iş günləri üzrə əmək haqqının ödənilməsi; sonuncu iş günündə, yəni 20 sentyabr 2024-cü il tarixdə ödənilməyən əmək haqqının ödənilməsi; qanunsuz yolla işdən çıxarılmasında cavabdeh "xxxx" ASC-nin Strateji araşdırma və planlaşdırma işlədiyi şöbənin müdiri Elçin Məlikov və müavini Elşən Məmmədov barələrində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsi; mənəvi zərərə görə ona 50.000 manat məbləğində təzminat ödənilməsi kimi tələblərin törəmə tələblər olduğu üçün həmin hissələrdə də iddianın təmin edilməməsində birinci instansiya məhkəsi düzgün nəticəyə gəlmişdir.
39. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, apellyasiya şikayətində göstərilən hallar yuxarıda qeyd edilənlərlə əsasən əsaslı sayıla və qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Belə ki, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC tərəfindən İddiaçı yaşadığı ünvana müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında xəbərdarlıq göndərilməklə, əmək müqaviləsinə əmək müqaviləsinin müddəti qurtardığı üçün xx.xx.2024-cü il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir.
40. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
42. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
43. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
44. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir.
45. Beləliklə, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1210/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.