Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3355/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: əmlakın naturada bölünməsi mümkün olmadıqda kompensasiya ödənilməsi, hərrac yolu ilə satılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-128/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 24b saylı evin 226 nömrəli mənzili 2/3 hissədə İddiaçı və 1/3 hissədə Cavabdeh adına paylı mülkiyyət hüququ üzrə rəsmiləşdirilmişdir.
2. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 yanvar 2024-cü il tarixli, 10/7219 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24 b, 226 saylı mənzilin tərəflər arasında 1/3 və 2/3 paylara uyğun olaraq təcrid mənzillər şəklində iki hissəyə (ayrılması) bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Ekspert tədqiqatının dəyəri 100 manat müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölünməsi mümkün olmadıqda kompensasiya ödənilməsi, hərrac yolu ilə satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Baki şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24b, mənzil 226 saylı əmlakın 2/3 hissəsinin naturada bölünməsi, naturada bölgü mümkün olmadıqda, paylı mülkiyyət hüququ ilə iddiaçıya məxsus 2/3 hissəsinin dəyəri şəklində müvafiq kompensasiyanın digər mülkiyyətçidən alınıb mənə verilməsi, razılıq əldə edilmədikdə əmlakın hərracda satılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24b, mənzil 226 saylı mənzil, paylı mülkiyyət hüququ ilə 2/3 hissəsi İddiaçı, 1/3 hissəsi isə Cavabdeh mülkiyyətindədir. Buna dair xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrə ilə qeyd edilməklə çıxarış verilmişdir. Lakin həmin əmlaka dair mülkiyyət hüququ tanınmasına baxmayaraq həmin əmlaka dair sərəncam vermək hüququndan məhrum olmuşdur. Bu səbəbdən paylı mülkiyyət hüququ ilə 2/3 hissədə mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24b, mənzil 226-nın naturada bölünməsi, naturada bölgü mümkün olmadıqda, paylı mülkiyyət hüququ ilə ons məxsus 2/3 hissəsinin dəyəri şəklində müvafiq məbləğdə kompensasiyanın digər mülkiyyətçidən alınıb, İddiaçı verilməsi, razılıq əldə edilmədikdə əmlakın hərracda satılması tələbinə dair iddia qaldırmaq məcburiyyətində qalmışdır.
5. 06.09.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 AZEMİS vasitəsilə ərizəsi ilə müraciət edərək, əmlakın paylı mülkiyyət hüququ ilə iddiaçıya məxsus 2/3 hissəsinin dəyəri şəklində müvafiq kompensasiyanın ümumilikdə 190000 manat məbləğində kompensasiya ödənilməsi barədə Cavabdeh “təklif” etmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-128/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qətnaməsi (hakim Gülnar Babazadə) ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 24B saylı evin 226 nömrəli mənzilin açıq hərracda satılması, satışdan əldə edilən vəsaitin paylı mülkiyyətçilərin paylarına uyğun, yəni 2/3 hissədə İddiaçı və 1/3 hissədə Cavabdeh paylarına uyğun bölünməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3, 220.4 220.6-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1-ci instansiya məhkəməsi ədalət mühakiməsi funksiyasını düzgün və dolğun şəkildə yerinə yetirməmiş, maddi və prosessual hüquq pozuntularına yol verərək qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MülkiMəcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarınaəsasən məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Həmin qərardan da göründüyü kimi ardıcıllıq mütləq qaydada tətbiq edilməlidir. Lakin məhkəmə həmin ardıcıllığı gözləmədən, yəni iddiaçının payının dəyərini müəyyənləşdirmədən mənzilin açıq hərracdan satılmasını qət etmişdir. Bununla da cavabdeh tərəfin hüquqları pozulmuşdur. Göstərilən hallar aydınlaşdırılmadan, ardıcıllıq gözlənilmədən iş üzrə obeyktiv, tam və hərtərəfli araşdırmanın aparılması, habelə qanuni və əsaslı qətnamənin qəbul edilməsi mümkün deyil.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə iddiaçı tərəf heç bir məlumat verməmiş, cavabdehin nümayəndəsi və vəkili isə ərizə ünvanlayaraq üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirərək iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
12. Maddə 220.3 paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
13. Maddə 220.6 bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
15. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
19. Maddə 385.2. birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Hazırki halda qətnamə cavabdeh tərəfindən tam mübahisələndirilərək ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilsə də, qətnamə iddia tələbinin təmin edilmədiyi hissədə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, yalnız iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-128/2024 nömrəli 13 mart 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
24. Belə ki, işin halları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 24b saylı evin 226 nömrəli mənzili 2/3 hissədə İddiaçı və 1/3 hissədə Cavabdeh adına paylı mülkiyyət hüququ üzrə rəsmiləşdirilmişdir.
25. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 yanvar 2024-cü il tarixli, 10/7219 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24 b, 226 saylı mənzilin tərəflər arasında 1/3 və 2/3 paylara uyğun olaraq təcrid mənzillər şəklində iki hissəyə (ayrılması) bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Ekspert tədqiqatının dəyəri 100 manat müəyyən edilmişdir.
26. Göründüyü kimi, əmlaka dair paylar müyyən edilmiş, paylı mülkiyyətə dair verilmiş çıxarışa əsasən tərəflərin əmlak üzərində payları rəsmiləşdirilmişdir və eyni zamanda mənzilin paylara uyğun real bölgüsünün həyata keçirilməsinin mümkün olmadığı ekspert tədqiqatının nəticəsində müəyyən edilmişdir. Hazırda payın həcmi ilə bağlı mübahisə yoxdur.
27. İşin halları hazırkı halda Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tutulan 3-cü qaydanın tətbiq olunmasını istisna etmir. Ona görə mənzilin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin mülkiyyətçilərin payına uyğun olaraq bölünməsi barədə hazırkı iddia ilə çıxış etməkdə iddiaçı haqlı olmuşdur.
28. Odur ki, mənzilin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin mülkiyyətçilərin payına uyğun olaraq bölünməsi barədə yeni qərar qəbul edilməlidir.
29. Belə ki, Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
31. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər.
32. Göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 24B saylı evin 226 nömrəli mənzilinin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi və payların naturada ayrılması mümkün olmamışdır. Tərəflər təklif olunan kompensasiya məbləğində ortaq razılığa gələ bilməmişdirlər. Bundan sonra iddiaçı mübahisəli mənzili açıq hərracdan satılaraq əldə olunan məbləğin onların paylarına uyğun şəkildə bölünməsini tələb etmişdir, cavabdeh iddia tələbini qəbul etməmişdir. Göründüyü kimi mübahisəli mənzillərin açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilmişdir.
33. Bu səbəblərdən məhkəmə haqlı olaraq belə qənaətə gəlmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 24B saylı evin 226 nömrəli mənzilin paylı mülkiyyətçiləri arasında paylara mütənasib olaraq naturada bölünməsi mümkün olmadığından, tərəflər arasında təklif olunan kompensasiya məbləğində ortaq razılığa gəlinmədiyindən, mübahisəli mənzil açıq hərracdan satılmalı və satışdan əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin arasında öz paylarına uyğun bölünməlidir.
34. Kollegiya apellyasiya şikayətinin məhkəmə tərəfindən iddiaçının payının dəyəri müəyyən edilmədən əmlakın hərracdan satılması ilə bağlı dəlilinə münasibətdə bildirir ki, iddiaçının payının həcmi işin mübahisəsiz halıdır. Belə ki, mübahisəli əmlak hərrac yolu ilə satıldıqda mənzilin əldə olunmuş dəyəri 2/3 hissəsi iddiaçıya, 1/3 hissəsi cavabdehə məxsus olacaqdır.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-128/2024 nömrəli 13 mart 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.