Məhkəmə qərarları › İş №2(103)-3367/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3367/2022

28.04.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3367/2022 28.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh MMC-nə qarşı “əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinin bağlanılmasına və əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin surətlərinin, əmək kitabçasının təqdim olunması, son haqq-hesabın və digər vəsaitlərin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 19 sentyabr 2019-cu ildən MMC-də satış təmsilçisi vəzifəsində çalışdığını, 2020-ci ilin noyabr ayında bölgə müdiri vəzifəsinə təyin olunduğunu, işlədiyi müddət ərzində öz vəzifəsini lazımi qaydada realizə etdiyini, 15.06.2021-ci il tarixdə əmək müqaviləsinə xıtam verilməsi üçün ərizə ilə müraciət etməsinə baxmayaraq MMC tərəfindən əmək münasibətlərinə xitam verilmədiyini, bununla əlaqədar MMC-nə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə ünvanladığı müraciətin mübahisəni həll etmədiyini, hətta tərəfindən mediasiya üçün təklif göndərilsə də, cavabdehin mübahisənin həllində maraqlı olmadığını bildirmiş, buna görə də əmək müqaviləsinə xitam verilməsi, eyni zamanda əmək müqaviləsinin bağlanılmasına və əmək müqaviləsinə xitam verilməsinə dair bildirişlərin (əmək müqaviləsinə xitam verilməsinə dair əsaslar göstərilməklə) surətlərinin, əmək kitabçasının rəsmi qaydada ona təqdim olunması, son haqq-hesabının, yəni əmək müqaviləsinə xitam verilməsinə dair ərizə verdiyi 15.06.2021-ci il tarixdən qətnamə qəbul edilən günədək aylıq əmək haqqı olan 600 manat pul vəsaitinin hesablanaraq ona verilməsi, 2019-cu ayın sentyabr ayının 19-dan 2021-ci ilin iyun ayının 15-dək istifadə olunmamış məzuniyyət müddətinin əvəzinin orta əmək haqqına müvafiq hesablanıb ona verilməsi, amortizasiya xərcləri üçün nəzərdə tutulmuş və ödənilməmiş 300 manat pul vəsaitinin, eyni zamanda tərəfindən həyata keçirilmiş ümumi satışdan əldə olunan məbləğin 2%-i miqdarında pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin (əmək müqaviləsinə xitam verilməsinə dair əsaslar göstərilməklə) surətinin və əmək kitabçasının İddiaçı rəsmi qaydada təqdim olunması, 15.06.2021-ci il tarixdən 11 fevral 2022-ci il tarixinədək ödənilməmiş əmək haqqı qismində hər ay 600 manat olmaqla (7 ay 26 gün x 600 manat-4727 manat) cəmi 4727 manatın Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması, istifadə olunmayan məzuniyyətə görə kompensasiyanın Cavabdeh MMC tərəfindən hesablanaraq İddiaçı verilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Qətnamədən Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək iddianın təmin edilməsinə dair hissədə onun ləğv edilməsini və iddianın tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, birinci instansiya məhkəməsinin maddi və prosessual normaların tələblərini pozduğu, iddiaçının kobud hüquq pozuntusuna yol verərək tabeliyində olan şəxslərin hüquqazidd hərəkətləri barədə işəgötürənə məlumat vermək öhdəliyini pozması səbəbindən işəgötürənə daha çox zərər dəyməsinə şərait yaratdığını, buna görə də vəzifəsindən kənarlaşdırıldığını nəzərə almadığı, çəkişmə prinsipinə əməl etmədiyi, iddiaçının 15.06.2021-ci il tarixdə MMC-nə müraciət etmiş olmasının ümumiyyətlə sübuta yetirilmədiyinə əhəmiyyət vermədiyi, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün halları ayadınlaşdırmadığı arqumentləri ilə əsaslandırmışdır. Şikayətdə göstərilmişdir ki, iddiaçı eyni tələblərlə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə də müracət etmiş, lakin əmək müfəttişi həmin tələbləri qanunsuz və əsasslz hesab edərək yalnız onun əmək haqqının düzgün hesablanmamasını müəyyən etməklə müəssisəni Azərbaycan Respublikası İXMnin 192.4-cü maddəsi ilə təqsirli bilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.4-ci maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulan müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Əmək müfəttişliyi tərəfindən aparılan icraat zamanı işəgötürənin işçini vəzifəsindən kənarlaşdırması qanuni və əsaslı hesab edilmişdir. Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci bəndində göstərilmişdir ki, işçi cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. Əmək Məcəlləsinin 62-ci maddəsinin 3-cü bəndində göstərilmişdir ki, işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. İşəgötürənin iddiaçını işdən kənar etməsinə onun cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətməsi səbəb olub, işdən kənar edilən vaxt ərzində ona əmək haqqı verilməməsi də qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəməyə təqdim olunmuş səs yazısından da aydın olur ki, İddiaçı hüquqazidd hərəkətlərə yol vermiş, bu fakt üzrə Bakı şəhəri Nizami Rayon prokurorluğu tərəfindən araşdırma aparılmağa başlanmışdır. Cavabdeh MMC-də satış nümayəndəsi vəzifəsində işləyən X5 və bölgə müdri vəzifəsində çalışan İddiaçı tərəfindən törədilən mənimsəmə cinayəti nəticəsində şirkətə 10 889,40 manat məbləğində zərər vurulmuşdur. Belə ki, İddiaçı vəzifə təlimatına uyğun olaraq tabeliyində olan şəxslərin xidməti fəaliyyətinə nəzarət edərək, baş verən hüquqazidd hərəkətlər barəsində rəhbərliyə vaxtında məlumat vermək, törədilən mənimsəmə faktının qarşısını almaq vəzifəsi daşımasına baxmayaraq bunları etməmiş, əksinə hüquqazidd hərəkətlərin törədilməsini gizlətməklə cinayət əməlinin davamlı törədilməsində maraqlı olmasını nümayiş etdirərək qabaqcadan əlbir olduğu qrup üzvlərinə köməklik göstərmişdir. 24.06.2021-ci il tarixli audit prosedurunun aparılmasına dair aktdan görünür ki, Cavabdeh MMC-nin satış nümayəndəsi X2 öhdəsində ərazi üzrə 10 889,40 manat çatışmazlıq müəyyən edilmişdir. 26.03.2021-ci il tarixli aktdan görünür ki, X5 bölgə müdri İddiaçı ilə qabaqcadan bir qrup şəxs qismində əlbir olaraq satılan məhsulların pulunu şirkətə qaytarmamaqla 4223,99 manat, satılan məhsullar üçün ona bonus verilməsi üçün mağazalar tərəfindən tələb edilən miqdarda artıq məhsul verməklə, həmçinin satılmamış məhsulları satılan kimi qeyd etməklə satış üçün bonus almaq məqsədilə süni qaydada satışın məbləğini artıraraq, məhsulları yararasız vəziyyətə gətirərək təhvil verə bilməməsi nəticəsində 4003,34 manat məbləğində, sayım nəticəsində aşkar olan kəsirlə bağlı 2486,07 manat məbləğində, həmçinin avtomobilin ban hissəsinin zədələməsi nəticəsində 70 manat, yol hərəkəti qaydalarını pozduğuna görə ödənilməyən cəriməyə görə 70 manat, şirkətə məxsus "Samsung Galaxy” A10 markalı mobil telefonun ekranının yararsız vəziyyətə salınması nəticəsində 30 manat, ümumilikdə 10 889,40 manat məbləğində zərər vurmuşdur. İddiaçı bölgə müdrinin vəzifə Təlimatının tələblərinə əməl etməmiş, həmin təlimatla üzərinə götürdüyü vəzifələrini layiqincə yerinə yetirməmişdir. Onun tərəfindən cəmiyyətə dəyən ziyan Azərbaycan Respublikasının qanunvericiliyində və Cəmiyyətin normativ sənədlərində nəzərdə tutulan qaydada ödənilməlidir. Buna görə də, işəgötürən haqlı olaraq onu tutduğu vəzifədən kənarlaşdırmış, qanunvericiliyin tələblərinə əsasən də əmək haqqı ödəməmişdir. İddiaçı işdən çıxmaq istəməsi barədə guya 15.06.2021-ci il tarixdə müəssisəyə ərizə ünvanladığı isə heç bir sübutla öz təsdiqini tapmır və o, belə bir ərizənin mövcudluğunu iddia ətməklə məsuliyyətdən yayınmağa cəhd edir. İşə baxılmasının yeri (vaxtı) barədə lazımi qaydada məlumatlandırılmış tərəflərin nümayəndələri (vəkilləri) məhkəməyə ərizələr ünvanlayaraq başqa məhkəmə proseslərinin olduğunu və buna görə gələ bilməyəcəklərini bildirmiş, prosesin təxirə salınmasını xahiş etmişlər. Kollegiya işin hallarını və şikayətə işdə olan sübutlar əsasında baxılmasının mümkünlüyünü nəzərə almaqla, işə tərəflərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasına qərar vermişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdehin nümayəndəsi isə yalnız qeyd edilən hissədən apellyasiya şikayəti vermişdir. Başqa sözlə, qətnamənin iddia tələbin təmin edilməməsi ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası bu kontekstdə izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq qətnamə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin (əmək müqaviləsinə xitam verilməsinə dair əsaslar göstərilməklə) surətinin və əmək kitabçasının İddiaçı rəsmi qaydada təqdim olunması” hissəsində ləğv edilməli, “15.06.2021-ci il tarixdən 11 fevral 2022-ci il tarixinədək ödənilməmiş əmək haqqı qismində hər ay 600 manat olmaqla (7 ay 26 gün x 600 manat-4727 manat) cəmi 4727 manatın Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması” hissəsində dəyişdirilməli, mübahisəsləndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən iddiaçı, Cavabdeh MMC ilə 19.09.2019-cu il tarixdə əmək müqaviləsi bağlayaraq aylıq əmək haqqı 543,02 manat məbləğində müəyyənləşdirilməklə satış nümayəndəsi vəzifəsinə işə qəbul edilmiş, 11.11.2020-ci il tarixdə əmək müqaviləsinə dəyişiklik olunaraq bölgə müdürü vəzifəsinə keçirilmiş və əmək haqqı 600 manat müəyyənləşdirilmiş, MMC-nin 16.06.2021-ci il tarixli əmri ilə iş yerində vəzifə öhdəliklərinə səhlənkar yanaşması nəticəsində tabeçiliyində olan işçilər tərəfindən müəssisəyə xeyli miqdarda ziyan vurulduğu göstərilməklə vəzifəsindən kənarlaşdırılmışdır. İddia tələblərini əsaslandırmaq üçün İddiaçı irəli sürdüyü faktiki hallar ondan ibarətdir ki, o, əmək müqaviləsinə xitam verilməsi üçün 15.06.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etsə də müraciətinə əhəmiyyət verilməmiş, 16.06.2021-ci il tarixli əmrlə qanunsuz olaraq işdən kənarlaşdırılmaqla əmək hüquqları pozulmuşdur. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddianın əsasını, irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir. İddiaçının, “əmək müqaviləsinə xitam verilməsi, eyni zamanda əmək müqaviləsinin bağlanılmasına və əmək müqaviləsinə xitam verilməsinə dair bildirişlərin (əmək müqaviləsinə xitam verilməsinə dair əsaslar göstərilməklə) surətlərinin, əmək kitabçasının rəsmi qaydada ona təqdim olunması” tələblərinə məhz bu kontekstdə qiymət verən kollegiyanın qənaətinə görə, irəli sürdüyü faktiki hallar, onun həmin tələblərinin qanuni əsası kimi nəzərdən keçirilməli olan qanunvericilik müddəalarının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır. Belə ki, sözügedən tələbin qanuni əsası kimi nəzərdən keçirilməli olan Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur; Məcəllənin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür və əmək müqaviləsinə xitam verilməsi üçün məhz 15.06.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etdiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşməkdədir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma kontekstində kollegiya hesab edir ki, iddiaçı həmin halın sübuta yetirilməsi üçün heç bir sübut təqdim etmədiyindən, birinci instansiya məhkəməsinin müvafiq tələb üzrə gəldiyi nəticə əsaslı olmamışdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Xüsusilə qeyd olunmalıdır ki, iş materiallarından Cavabdeh MMC-nin, iddiaçının oğurluq və dələduzluq cinayətləri törətməsi nəticəsində şirkətə 10 889,40 manat zərər dəydiyini irəli sürməklə 05.06.2021-ci il tarixdə polis orqanına şikayət ərizəsi ünvanladığı, Nizami RPİ-nin 23-cü PB-də araşdırma aparıldığı və iddiaçının izahatının alındığı, 15.06.2021-ci il tarixli qərarla cinayət işinin başlanmasının rədd edildiyi aydın olur; işəgötürəni tərəfindən oğurluq və dələduzluq əməllərini törətməkdə ittiham olunan və işəgötürənlə münasibətləri gərginləşən işçinin isə, işdən çıxmaq istəməsi barədə ərizəni çatdırıldığına dair təsdiq qeydi olan poçt vasitəsilə göndərməmiş, yaxud təqdim etmə üsulu ilə verməmiş olması ağlabatan mühakimə əsasında inandırıcı deyildir. Birinci instansiya məhkəməsinin “istifadə olunmayan məzuniyyətə görə kompensasiyanın Cavabdeh MMC tərəfindən hesablanaraq İddiaçı verilməsi” tələbi üzrə gəldiyi nəticəni isə kollegiya əsaslı hesab edir. Belə ki, Əmək Məcəlləsinin 135-ci maddəsinə görə, bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir; 144.2-ci maddəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Qeyd olunmalıdır ki, işçinin məzuniyyət hüququ konstitusion hüquqdur və əmək məzuniyyətindən vaxtında istifadə edə bilməyən işçi, istifadə etmədiyi bütün iş illərinin əmək məzuniyyətlərindən natura formasında istifadə hüququnu itirmir. Çünki qanunda işçilərin əmək məzuniyyətlərindən istifadə etməsi üçün müddət müəyyən olunmamışdır və bütün işçilər məzuniyyət hüququndan natura formasında, yəni faktiki olaraq istifadə etməlidirlər. Əmək Məcəlləsinin 113-cü maddəsinə görə də, təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər. Eyni zamanda, işçi istənilən səbəbə görə həmin iş ili (illəri) üçün əmək məzuniyyətindən istifadə etmədikdə ona müəyyən olunmuş qaydada və məbləğdə pul kompensasiyası ödənilir. Şərh olunanlara əsasən kollegiyanın qənaətinə görə, nə qədər ki, İddiaçı istifadə etmədiyi məzuniyyətə görə kompensasiya tələb etməkdədir, bu halda 2019-cu ilin sentyabr ayının 19-dan 2021-ci ilin iyun ayının 15-dək istifadə olunmamış istifadə etmədiyi məzuniyyətə görə ona kompensasiya ödənilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, İddiaçı hazırkı vaxtadək cavabdeh MMC-nin işçisi hesab olunduğundan o, Əmək Məcəlləsinin 69cu maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş hüququndan istifadə edə, yəni məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər; əgər İddiaçı əmək müqaviləsinə işəgötürənin təşəbbüsü əsasında xitam veriləcəkdirsə, bu halda da hər hansı şərt və ya məhdudiyyət qoyulmadan ona, istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Birinci instansiya məhkəməsinin “11 fevral 2022-ci il tarixinədək ödənilməmiş əmək haqqının Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması” barədə gəldiyi nəticəni də kollegiya ümumən əsaslı hesab edir. Belə ki, iddiaçının 16.06.2021-ci il tarixli əmrlə vəzifəsindən kənarlaşdırıldığı və həmin tarixdən etibarən ona əmək haqqı ödənilmədiyi işin mübahisələndirilməyən halıdır yuxarıda qeyd olunduğu kimi əmrdə iddiaçının, iş yerində vəzifə öhdəliklərinə səhlənkar yanaşması nəticəsində tabeçiliyində olan işçilər tərəfindən müəssisəyə xeyli miqdarda ziyan vurulduğu göstərilmiş, onun barəsində polis orqanına edilən şikayətdə isə oğurluq və dələduzluq cinayətlərini törətdiyi irəli sürülmüşdür. Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinə görə, iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə, işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. Həmin Məcəllənin 62-ci maddəsinin 2-5-ci hissələrinə görə isə, işçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir. İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər. İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair” 12 yanvar 2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə uyğun olaraq, işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə bilavasitə iş yerində və iş vaxtı ərzində baş vermiş cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə və ya inzibati xətalara görə işçini aşağıdakı hallarda özünün əsaslandırılmış qərarı ilə işdən kənar edə bilər: a) Cinayət-Prosessual Məcəlləsinin 90 və 91-ci maddələrinə müvafiq olaraq, şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə cinayət prosesini həyata keçirən orqanın qərarı olduqda; b) İnzibati Xətalar Məcəlləsinin 99.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə müvafiq akt qəbul edildikdə. X1 Məhkəməsi vurğulamışdır ki, işçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanaraq sənədləşdirilməli, işəgötürənin bu barədə qərarının zəruriliyi əsaslandırılmalı və əsaslandırma ümumi xarakter daşımamalıdır. Belə ki, bu tədbir işçi barəsində əmək haqqı ödənişinin dayandırılması, əmək funksiyalarının yerinə yetirilməsi imkanından məhrum etmə kimi əlverişsiz nəticələrə səbəb olduğundan, yalnız ictimai (müəssisə və cəmiyyət üçün zərərli və təhlükəli nəticələrin qarşısını almaq) və şəxsi (işçilərin həyat və sağlamlığını qorumaq) mənafelərin müdafiəsi məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş müstəsna hallarda tətbiq edilə bilər. Eləcə də, işçinin işdən kənarlaşdırılmasının zəruriliyi aradan qalxdıqda işəgötürən işçinin işdən kənarlaşdırılması barədə qərarını ləğv etməlidir. İşçi bu tədbirin tətbiqi zərurəti aradan qalxdıqda məsələnin qəti həllinə qədər özünün əmək funksiyalarının yerinə yetirilməsinə qaytarılmağı tələb etməkdə haqlıdır. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, Cavabdeh MMC-nin 16.06.2021-ci il tarixli əmri əsassız olmuş, iddiaçı qanunsuz olaraq əmək haqqı almaqdan məhrum edilmişdir; belə ki, iddiaçının barəsində nə şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə cinayət prosesini həyata keçirən orqanın qərarı, nə də inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar olmamışdır. Bununla belə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi iddiaçıya ödənilməli əmək haqqını 15.06.2021-ci il tarixindən etibarən hesablamaqla səhvə yol vermişdir; belə ki, o 15.06.2021-ci il tarixindən deyil, 16.06.2021-ci il tarixdən işdən kənarlaşdırılmış, əmək funksiyalarının yerinə yetirilməsi imkanından məhrum olunduğu dövr birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarıldığı 11.02.2022-ci il tarixinə qədər 7 ay 25 gün təşkil etmişdir. Buna görə də kollegiya, iddiaçıya həmin dövr üçün 4700 manat (7 ay 25 gün x 600 manat = 4700 manat) ödənilməli olduğunu hesab edir (11.02.2022-ci il tarixindən sonrakı dövrlə bağlı tələb olmadığından kollegiya müvafiq dövrlə əlaqədar qərar qəbul etmir, bununla belə qeyd edir ki, qətnamədə əks edilən hüquqi mövqeyə uyğun olaraq, həmin dövr üçün də əmək haqqı hesablanaraq iddiaçıya ödənilməlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə; 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-210/2022 saylı iş üzrə 11 fevral 2022-ci il tarixli qətnaməsi Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin (əmək müqaviləsinə xitam verilməsinə dair əsaslar göstərilməklə) surətinin və əmək kitabçasının İddiaçı rəsmi qaydada təqdim olunması” hissəsində ləğv edilsin. İddiaçı “əmək müqaviləsinə xitam verilməsi, eyni zamanda əmək müqaviləsinin bağlanılmasına və əmək müqaviləsinə xitam verilməsinə dair bildirişlərin (əmək müqaviləsinə xitam verilməsinə dair əsaslar göstərilməklə) surətlərinin, əmək kitabçasının rəsmi qaydada ona təqdim olunması” tələbləri təmin olunmasın. Qətnamə “15.06.2021-ci il tarixdən 11 fevral 2022-ci il tarixinədək ödənilməmiş əmək haqqı qismində hər ay 600 manat olmaqla (7 ay 26 gün x 600 manat-4727 manat) cəmi 4727 manatın Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh MMC-dən 16 iyun 2021-ci il tarixdən 11 fevral 2022-ci il tarixinədək ödənilməmiş əmək haqqı qismində hər ay 600 manat olmaqla 4700 (dörd min yeddi yüz) manat (7 ay 25 gün x 600 manat = 4700 manat) tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar