Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-337/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borc tələbi və ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-330/2019 saylı, 12 aprel 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 84999,60 ABŞ dolları kredit borcu, 105866,52 ABŞ dolları faiz borcu və 177999,29 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 368865,41 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsində yerləşən 251a nömrəli evin 192 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun, satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh1 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun mənzildən çıxarılması, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-330/19 saylı, 12 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ödəniş gününə qüvvədə olan məzənnə ilə 31983,84 ABŞ dolları məbləğində əsas borc, 108,79 ABŞ dolları məbləğində faiz borcu, 170 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 32262,63 ABŞ dolları məbləğində borcun Cavabdeh1 alınaraq İddiaçı QSC-yə ödənilməsi, 30 manat məbləğində dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat məbləğində xidmət haqqının Cavabdeh1 alınaraq iddiaçıya ödənilməsi, tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 251a saylı evin, 192 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 360000 manat məbləğində olmaqla açıq hərracdan satılması, həmin əmlakın satılmasından əldə edilən vəsaitdən iddiçıay olan borcun ödənilməsi, mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 mənzildən çxarılmaqla həmin mənzil boşaldılması, ekspertiza tədqiqatının dəyəri olaraq 145 manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin tələb olunan əsas, faiz borcunun təmin olunmamış, cərimə borcunun azaldılmış hissələrində və iddia tələbinin zaminlərə münasibətdə rədd edilmiş hissələrində ləğv edilməsi və həmin hissələrdə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Mirağa Ağamirov məhkəməyə ərizə təqdim edərək iddiadan imtina etdiyini bildirmiş və işin icraatına xitam verilməsini xahiş etmişdir. Kollegiya iş materiallarını tədqiq edərək hesab edir ki, iddiadan imtina qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Bundan başqa mülki işə məhkəmədə mahiyyəti üzrə baxılarkən iş üzrə birinci instansiya məhkəməsində məhkəmə-mühasibatlıq ekspertizası, apelyasiya baxışında isə təkrar mühasibatlıq ekspertizaları təyin edilmiş, ekspert rəyləri məhkəməyə daxil olmuş və aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 440 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyindən mülki iş üzrə ekspertiza xərci iddiaçıdan tutularaq dövlət büdcəsinin xeyrinə verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı QSC-nin iddiadan imtinası qəbul edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-330/2019 saylı, 12 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Ekspertiza tədqiqatlarının dəyəri olaraq 440 manat İddiaçı QSC-dən tutularaq dövlət büdcəsinə köçürülsün. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-337/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-337/2020
04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver