Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3389/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs Sadiq oğlu) ərizəsi üzrə (Açar sözlər: barışıq sazişinin təsdiqi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli qətnaməsindən Maraqlı şəxs Sadiq oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 29 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Ərizəçi ilə Maraqlı şəxs Sadiq oğlu arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış 20 dekabr 2023-cü il tarixli barışıq sazişinin 3-cü bəndinə əsasən: “Tərəflər arasında birgə nikahdan doğulan xx.xx.2016-cü il təvəllüdlü X2 anasının yanında saxlanılır”. Sazişin 5-ci bəndinə əsasən: “İkinci tərəf uşağın təhsil haqqını və onun saxlanması üçün Ailə Məcəlləsinin 76-cı maddəsinə görə aylıq gəlirinin ¼-i qədər aliment ödəyir”.
Birinci instansiya məhkəməsində icraat
2. Ərizəçi Maraqlı şəxs Sadiq oğluna qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xüsusi icraat qaydasında tərəfindən verilən ərizəni təmin edib cavabdeh Maraqlı şəxs Sadiq oğlu ilə aralarında 20 dekabr 2023-cü il tarixində bağlanmış barışıq sazişinin 3-cü bəndinə görə “tərəflər arasında birgə nikahdan doğulan xx.xx.2016-ci il təvəllüdlü X2 anasının yanında saxlanılır” və sazişin 5-ci bəndinə görə “ikinci tərəf uşağın təhsil haqqını və onun saxlanılması üçün Ailə Məcəlləsinin 76-cı maddəsinə görə aylıq gəlirinin 1/4-ü qədər aliment ödəyir” hissəsində təsdiq edilməsi və qətnamənin dərhal icraya yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, 2023-cü il tarixində xx.xx.2016-ci il tarixli nikah münasibətlərinə xitam verilməsi ilə bağlı 9 saylı mediasiya təşkilatına müraciət etmişlər. Cavabdeh tərəflə aralarında aşağıdakı şərtlərlə barışıq sazişi bağlanmışdır. Sazişin 2-ci bəndinə görə tərəflər razılaşırlar ki, nikaha xitam verilməsi barədə danışıqlara davam etmək istəmirlər. Bu məsələdə olan danışıqlara xitam verilir və müvafiq protokol imzlanır. Sazişin 3-cü bəndinə görə tərəflər arasında birgə nikahdan doğulan xx.xx.2016-ci il təvəllüdlü X2 anasının yanında saxlanılır. Sazişin 4-cü bəndinə görə ikinci tərəf (uşağın atası) övladı ilə görüş hüququnu həftənin bazar günü saat 11-dən 19.00-kimi həyata keçirir. Sazişin 5-ci bəndinə görə ikinci tərəf uşağın təhsil haqqını və onun saxlanılması üçün Ailə Məcəlləsinin 76-cı maddəsinə görə aylıq gəlirinin 1/4-i qədər aliment ödəyir. Bildirilir ki, nikaha xitam verilməsi barədə danışıqlara davam etmək istəmədiklərindən, bu məsələdə olan danışıqlara xitam verildiyindən və müvafiq protokol imzalandığından ərizəçi nikahın pozulması ilə bağlı məhkəmə müraciət edib və hazırda Yasamal Rayon Məhkəməsinin icraatındadır.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-2182/24 saylı iş üzrə 29 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim G.Babazadə) ərizə təmin edilmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.7, 355-23.1-ci maddələri və digər əlaqədar normalarla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
6. Maraqlı şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – “ ikinci tərəf uşağın təhsil haqqını ödəyir” hissəsində ləğv olunmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə barışıq sazişi və onun mübahisələndirilən 5-ci bəndi aldatma yolu ilə bağlanıb. Ərizəçi nümayəndəsi və mediator ona bildirmişdir ki, barışıq sazişinin məzmununa təhsil haqqının ödənilməsi bəndi də əlavə edilsin ki, belə olan halda bir ay içində aralarında barışıq əldə ediləcək. Bu səbəbdən də o, nikahın qorunması məqsədi ilə təhsil haqqı və alimenti ödəməyə razılıq verdi. Barışığın aliment hissəsini mübahisləndirmir. Çünki burada qanunun tələbi gözlənilib. Lakin dəqiq göstərilməyən təhsil haqqı hisssəsində barışıq sazişi etibarsız sayılmalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 305.1.17. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Maddə 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
11. Maddə 355-26. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
12. Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu
Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.
Apellyasiya baxışının hədləri
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə maraqlı şəxs tərəfindən qismən - təhsil haqqının ödənilməsi hissəsində mübahisələndirildiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını yalnız apellyasiya qaydasında mübahisələndirilən həmin hissədə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə apellyasiya qaydasında mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
16. Baxılan iş üzrə tərəflər arasında uşaqların ananın himayəsində saxlanılması, alimentin və təhsil haqqının ödənilməsi ilə bağlı mediasiya prosesində bağlanmış barışıq sazişi mövcuddur.
17. Mülki Məcəlləyə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər (maddə 355-23.1).
18. Göründüyü kimi, mülki qanunvericilik mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə ərizəçinin barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmək hüququnu nəzərdə tutmuşdur. Ərizəçi də məhz bu hüququndan istifadə edərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.
19. MPM-in 355-26-cı maddəsində barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün aşağıdakı halların mövcudluğu tələb olunur: barışıq sazişinin və ya onun bir hissəsinin qanuna zidd olması; barışıq sazişinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılması.
20. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə barışıq sazişinin mübahisələndirilən hissədə təsdiqinə mane olan hər hansı hal müəyyən edilməmişdir. Tərəflər barışıq sazişini könüllü, kənar təsir olmadan özləri bağlamış və iradələrini ifadə etmişlər. Tərəflər boşanma prosesində uşağın təhsil haqqının ödənilməsi ilə bağlı qarşılqlı razılığa gələ bilərlər və belə bir razılıq qanuna zidd deyil. Eləcə də, belə bir razılaşma üçüncü şəxslərin marağına toxunmur.
21. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, maraqlı şəxs barışıq sazişinin təhsil haqqının ödənilməsi ilə bağlı şərtinin etibarlılığını hazırkı icraatda mübahisələndirməmişdir. Başqa icraatda da belə bir iddianın qaldırıldığı müəyyən edilmədi.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: Maraqlı şəxs Sadiq oğlunun apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 29 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.