Məhkəmə qərarları › İş №2(103)-3397/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3397/2022

16.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3397/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin (əvvəlki adı Tikinti-Quraşdırma ANKZ-2 ASC) Cavabdeh1 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-5882/2019 saylı, 15 avqust 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" ASC (əvvəlki adı Tikinti-Quraşdırma ANKZ-2 ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən qanunsuz olaraq zəbt olunmuş ünvan 1 ünvanında tikilmiş binanın zirzəmi hissəsində yerləşən qeyri-yaşayış sahəsindən istifadə və sahiblik hüquqlarında ifadə edilən mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsinə və sözügedən qeyri-yaşayış sahəsinin üzərində onun sahiblik və istifadə hüquqlarının maneəsiz həyata keçirilməsinə şərait yaradılması məqsədi ilə qeyri-yaşayış sahəsinin "xxxx" ASC-nin əməli istifadəsinə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə "xxxx" ASC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ünvan 1 ünvanında tikilmiş binanın zirzəmi hissəsində yerləşən 1-ci və 2-ci oxları arasında C və Ç xətləri üzrə 32.4 kv.m sahəsindən Cavabdeh1 və digər şəxslərin çıxarılaraq, həmin sahənin boşaldılıb "xxxx" ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə "xxxx" ASC yenidən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ünvan 1 ünvanında tikilmiş binanın zirzəmi hissəsində yerləşən 1-ci və 2-ci oxları arsında C, Ç, D və E xətləri üzrə 119.74 kv.m, 2-ci oxla 3-cü ox arası Ç, D, E, oxları arası 143.64 kv.m, 8-ci oxla 9-cu ox arasında D və E oxları arası 26.5 kv.m sahələrdən Cavabdeh1 və digər şəxslərin çıxarılaraq, həmin sahənin boşaldılıb "xxxx" ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadı ilə həmin Məhkəmənin xx.xx.2012-ci il tarixli, 2iqt- (81)780/2012 saylı qətnaməsinin icra üsulunun dəyişdirilməsi, "xxxx" MMC-yə məxsus ünvan 2 ünvanında tikilmiş binanın 670 254 manat dəyərində hissəsinin üzərinə həbs qoyulması, həmin əmlakın hərrac yolu ilə satılması və əldə olunmuş pul vəsaiti hesabına qətnamənin icrasının təmin edilməsi qərara alınmışdır, həmin qərardad əsasında verilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31.10. 2013-cü il tarixli, 8(81)201/2013 saylı icra vərəqəsi əsasında keçirilmiş hərrac nəticəsində "xxxx" MMCyə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A saylı ünvanında tikilmiş binanın zirzəmi hissəsində yerləşən müvafiq sənədlərə əsasən 1-ci oxla 2-ci ox arası A.B.C.Ç.D.E oxları üzrə - 155,52 kv.m; 2-ci oxla 3-cü ox arası A.B.C və 2-ci oxla 3-cü ox arası Ç.D.E arasında - 143,64 kv.m; 4-cü oxla 5-ci ox arası A.B.C.Ç oxları arası - 113,4 kv.m; 5-ci oxla 6-cı ox arası A.B.C.Ç oxları arasında - 113,4 kv.m; 7-ci oxla 8-ci ox arası A.B.C və 7-ci oxla 8-ci ox arası Ç.D.E oxları arasında - 143,64 kv.m; 8-ci oxla 9-cu ox arası A.B.C.Ç.D.E oxları arasında - 155,52 kv.m; ümumi sahəsi 825,12 kv.m qeyri-yaşayış sahəsi "xxxx" ASC-yə satılmışdır, həmin qeyri-yaşayış sahəsinin "xxxx" ASC-yə satılması Hərrac təşkilatının açıq hərrac nəticələri haqqında 73/01 №-li, xx.xx.2014-cü il tarixli Protokol və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2014-cü il tarixli Müqavilə ilə rəsmiləşdirilmişdir, lakin hərrac yolu ilə alınmış əmlak iddiaçının əməli istifadəsinə təqdim edilməmiş və həmin əmlakın istifadə edilməsi ilə bağlı "xxxx" MMC və onun təyin etdiyi nümayəndələri tərəfindən maneə və çətinliklər yaradılmışdır, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2iqt(81)-268/2015 saylı qətnaməsi əsasında verilmiş icra vəqərəsi ilə ünvan 2 ünvanında tikilmiş binanın zirzəmi hissəsində yerləşən müvafiq sənədlərə əsasən, 1-ci oxla 2-ci ox arası A.B.C.Ç.D.E oxları üzrə - 155,52 kv.m; 2-ci oxla 3-cü ox arası A.B.C və 2-ci oxla 3-cü ox arası Ç.D.E arasında - 143,64 kv.m; 4-cü oxla 5-ci ox arası A.B.C.Ç oxları - 113,4 kv.m; 5-ci oxla 6-cı ox arası A.B.C.Ç oxları arasında- 113,4 kv.m; 7-ci oxla 8-ci ox arası A.B.C və 7-ci oxla 8-ci ox arası Ç.D.E oxları arasında - 143,64 kv.m; 8-ci oxla 9-cu ox arası A.B.C.Ç.D.E oxları arasında 155,52 kv.m; ümumi sahəsi 825,12 kv.m qeyri-yaşayış sahəsi Xətai Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli AKT əsasında "xxxx" ASCyə (keçmiş "xxxx" ASC) qismən təhvil verilmişdir, təhvil verilməyən hissə isə hal-hazırda Cavabdeh1 tərəfindən zəbt olunan hissədir, həmçinin Cavabdeh1 əmlakın qaytarılmasının uzadılması məqsədi ilə bir neçə dəfə "xxxx" ASC-yə qarşı iddialar qaldırmış, lakin həmin iddialar məhkəmələr tərəfindən təmin edilməmişdir, Cavabdeh1 ilk iddia tələbini hərracın nəticələrinin, alqı-satqı müqaviləsinin və hərrac protokolunun etibarsız hesab edilməsi ilə bağlı irəli sürmüş, həmin iddia tələbini əsaslandırarkən hazırkı mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin guya müqavilə əsasında aldığını və onun mülkiyyətçisi olduğunu qeyd etmişdir, lakin məhkəmələr tərəfindən aparılan araşdırma nəticəsində müqavilənin əsassız və qanunsuz olduğu müəyyən edilmişdir, daha sonra Cavabdeh1 Xətai rayon Məhkəməsində mübahisəli qeyri-yaşayış sahəsinin bina sakini kimi yenidən iddia qaldıraraq guya bina sakinlərinin razılığı olmadan zirzəmi hissəsinin satılmasının qanunsuz olmasını əsas gətirərək, hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbini irəli sürmüş, lakin bu iddia tələbi də Xətai rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2018-ci il tarixli, 2(011)- 3249/2018 saylı qətnaməsi ilə rədd edilmişdir. Göründüyü kimi hazırkı iş üzrə Cavabdeh1 mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə hüququnun olması təsdiqini tapmamışdır, iddiaçı tərəfindən dəfələrlə cavabdehə müraciət olunsa da, buna heç bir münasibət göstərilməmiş, qeyri-yaşayış sahəsinin təhvil verilməsinə dair heç bir tədbir görülməmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-5882/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A saylı ünvandakı binanın zirzəmi hissəsində yerləşən 1-ci və 2-ci oxları arasındakı C,Ç,D,E oxları üzrə 119.74 kv.m, 2-ci oxla 3-cü ox arası Ç,D,E oxları arası 143.64 kv.m, 8ci oxla 9-cu ox arasında D və E oxları arası 26.5 kv.m sahələrdən Cavabdeh1 çıxarılması, və həmin sahələrin boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkməsi ekspertiza təyin etmədən iddiaçının sözləri əsasında qətnamə qəbul etmişdir. ünvan 3 ünvandakı binanın zirzəmi hissəsində yerləşən 1-ci və 2-ci oxları arasındakı C,Ç.D,E oxları üzrə 119.74 kv.m., 2-ci oxla 3-cü ox arası Ç,D,E oxları arası 143.64 kv.m., 8-ci oxla 9-cu ox arasında D və E oxları arası 26.5 kv.m sahələrdən çıxarılma barədə qətnmənin qəbul edilməsi üçün sübutlar kifayət qədər deyil. Hakimin hər hansı sahəyə yerində baxması yetərli sübut təşkil etmir. Bu işdə xüsusi biliyə malik olan ekspertin tədqiqat aparması və sahələrin üst-üstə düşüb-düşməməsini, əgər üstü-üstə düşürsə, həmin yeri dəqiq müəyyənləşdirməsi vacibdir. Cavabdeh istifadəsində olan sahəyə səlahiyyəti olmayan şəxs deyildir. Xətai rayon Məhkəməsinin qiyabi qətnaməsi ilə cavabdeh "xxxx" MMC-yə qarşı iddia təmin edilərək, xx.xx.2006 və xx.xx.2007-ci il tarixli müqavilələrə əsasən, tikilməsi üçün dəyərləri ödənilmiş Bakı şəhəri, Gəncə prospektindəki 2935A ünvanında inşa ediləcək yaşayış binasının 2-ci girişinin 6-cı mərtəbəsində 3 otaqlı mənzil və binada olan qaraj onun sahibliyinə və istifadəsinə verilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnməsi ilə qüvvəyə minmişdir Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-172/2021 saylı, 17 sentyabr 2021-ci tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-740/2022 saylı, 05 mart 2022-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh səbəbləri barədə məlumat vermədən məhkəməyə gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur: “...iddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni yalnız iddiaçının dəlilləri və istinad etdiyi sübutlarla əsaslandırmış, cavabdehin mübahisədə adı keçən ünvanda qaraj alması barədə 19 may 2007-ci il tarixli müqaviləsinin olması barədə dəlillərinə, həmin müqavilənin hazırki mübahisə üzrə hansı hüquqi əhəmiyyət daşımasına qiymət verməmişdir. Bundan əlavə, cavabdeh etirazının dəlili kimi 19 may 2007-ci il tarixli müqavilə əsasında aldığı qarajın ona təhvil verilməsi barədə Xətai Rayon Məhkəməsinin 11 fevral 2014-cü il tarixli qiyabi qətnaməsi olmasını bildirsə də, həmin qətnamə də araşdırmadan kənarda qalmış, birinci instansiya məhkəməsi həmin qətnaməyə istinad etməklə kifayətlənmiş, bunun iş üçün hansı əhəmiyyət kəsb edib-etməməsini qətnaməsində göstərməmişdir. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsi isə tələb edir ki, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya məhkəməsi də cavabdehin apellyasiya şikayətində irəli sürüdüyü həmin dəlillərlə bağlı heç bir araşdırma aparmamaqla birinci instansiya məhkəməsinin yol verdiyi pozuntunu təkrarlamışdır. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur. Apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. ..Bundan başqa, apellyasiya məhkəməsi iddianın təmin edilməsi əsası kimi əlavə olaraq ekspert rəyinə istinad etsə də, qətnamədən görünür ki, apellyasiya məhkəməsi rəyə yalnız istinad etməkə kifayətlənmiş, rəyi qanunvericiliyin tələb etdiyi qaydada qiymətləndirilməmişdir. Qanunvericiliyin tələbinə görə isə ekspert rəyi də başqa sübutlar kimi məhkəmə üçün məcburi deyildir və həmin rəylər sübutlara qiymət verilməsi ilə bağlı ümumi qaydalar əsasında qiymətləndiriməlidir..” Nəzərə alınmalıdır ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin göstərişləri və hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh şikayət verməklə iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatı dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməyərək qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə müraciət edərək Tikinti-Quraşdırma ANKZ-2 ASC-nin hüquqi varisinin hal-hazırda "xxxx" ASC olduğu, bu barədə sənədlərin iş materiallarına əlavə olunduğu, ona görə də iddiaçı qismində Tikinti-Quraşdırma ANKZ-2 ASC əvəzinə "xxxx" ASC-nin qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli **********982400 saylı Çıxarışa əsasən təşkilati hüquqi forması üzrə ASC olan "xxxx" xx.xx.2001-ci il tarixdə № ********** ilə dövlət qeydiyyatına alınmışdır. Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-9855/2017 saylı qətnaməsindən görünür ki, iddiaçılar X4, X7, X3, X8 və Cavabdeh1 cavabdehlər "xxxx" MMCyə və Tikinti-Quraşdırma ANKZ-2 ASC-yə (hazırda "xxxx" ASC) qarşı cavabdeh "xxxx" tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ünvanında yerləşən yaşayış binasının zirzəmi hissəsi adı altında həmin binanın birinci mərtəbəsində yerləşən qeyriyaşayış sahələrinə dair “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2014cü il tarixli müqavilə və “Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında” 73/01 saylı, xx.xx.2014-cü il tarixli protokolun etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmişdir. Həmin Qətnamə ilə müəyyən olunmuş hallardan görünür ki, Bakı şəhəri üzrə İxtisaslaşdırılmış "xxxx" MMC-nin 73/01 saylı, xx.xx.2014-cü il tarixli protokol, “Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında” protokol və xx.xx.2014-cü il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə müqaviləyə əsasən "xxxx" MMC-yə məxsus ünvan 3 məhəllədə tikilmiş binanın zirzəmi hissəsində yerləşən, müvafiq sənədlərə əsasən 1-ci oxla 2-ci ox arası A, B, C, Ç, D, E oxları üzrə 155,52 kv.m; 2-ci oxla 3-cü ox arası A, B, C və 2-ci oxla 3-cü ox arası C, D, E oxları arasında 143,64 kv.m; 4-cü oxla 5-ci ox arası A, B, C, Ç oxları arasında 113,4 kv.m; 5-ci oxla 6-cı ox arası A, B, C, Ç oxları arasında 113,4 kv.m; 7-ci oxla 8-ci ox arası A, B, C və 7-ci oxla 8-ci ox arası Ç, D, E oxları arasında 143,64 kv.m; 8-ci oxla 9-cu ox arası A, B, C, Ç, D, E oxları arasında 155,52 kv.m; ümumi sahəsi 825,12 kv.m qeyri-yaşayış sahəsi təmirsiz vəziyyətdə 537328 manata hərracın qalibi olan “Tikinti-X13 Kimya Zavod-2” ASC-nin nümayəndəsi X1. xx.xx.2015-ci il tarixli, 2 iqt(81)-268/2015 saylı icra vərəqəsinin surətindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-268/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin "xxxx" MMC-yə qarşı iddiası təmin edilərək, "xxxx" MMC-yə məxsus ünvan 3 məhəllədə tikilmiş binanın zirzəmi hissəsində yerləşən 1-ci oxla 2-ci ox arası A, B, C, Ç, D, E oxları üzrə 155,52 kv.m; 2-ci oxla 3-cü ox arası A, B, C və 2-ci oxla 3-cü ox arası C, D, E oxları arasında 143,64 kv.m; 4-cü oxla 5-ci ox arası A, B, C, Ç oxları arasında 113,4 kv.m; 5-ci oxla 6-cı ox arası A, B, C, Ç oxları arasında 113,4 kv.m; 7-ci oxla 8-ci ox arası A, B, C və 7-ci oxla 8-ci ox arası Ç, D, E oxları arasında 143,64 kv.m; 8-ci oxla 9-cu ox arası A, B, C, Ç, D, E oxları arasında 155,52 kv.m; ümumi sahəsi 825,12 kv.m qeyri-yaşayış sahəsindən istifadə və sahiblik hüquqlarında ifadə edilən mülkiyyət hüquqlarını pozan hərəkətlər qanunsuz hesab edilmiş və göstərilən qeyriyaşayış sahəsi üzərində "xxxx" ASC-nin sahiblik və istifadə hüquqlarının maneəsiz həyata keçirilməsinə şərait yaradılması məqsədi ilə qeyri-yaşayış sahəsinin "xxxx" ASC-nin əməli istifadəsinə verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli Qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1 və qeyrilərinin cavabdehlər "xxxx" MMC-yə və Tikinti-Quraşdırma ANKZ-2 ASC-yə (hazırda "xxxx" ASC) qarşı “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2014-cü il tarixli müqavilə və “Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında” 73/01 saylı, xx.xx.2014-cü il tarixli protokolun etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə 30 iyun 2021-ci il tarixində daxil olmuş ekspert rəyində belə nəticəyə gəlinmişdir ki, ünvan 3 məhəllədə inşa edilmiş yaşayış binasının zirzəmi hissəsində Cavabdeh1 sahibliyində olan qeyri-yaşayış sahəsinin faktiki vəziyyətdə planlı yerləşməsinin, ölçülərinin və ümumi sahəsinin həmin sahənin satılmasına dair tərtib edilmiş müqavilədə və müqaviləyə əlavə edilmiş layihə sənədində qeyd olunan məlumatlara uyğun olmaqla, tədqiq olunan binanın zirzəmi mərtəbəsində Ç-C və 1-2 oxları arasındakı sahədə yerləşdiyi müəyyən edilmişdir. "Protan Construction” ASCyə (əvvəlki Tikinti-Quraşdırma ANKZ-2) məxsus qeyri-yaşayış sahələrinin yerləşməsinə dair layihə sənədləri və ya hər hansı təsdiq olunmuş sxem tərtib edilmədiyindən, həmin sahələrin konkret olaraq binanın hansı hissəsində yerləşməsini müəyyən etmək mümkün deyildir. Lakin hərrac təşkilatının açıq hərrac nəticələri haqqında 73/01 №-li, 25 avqust 2014-cü il tarixli Protokolun və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 25 avqust 2014-cü il tarixli müqavilənin məlumatlarına əsasən Xətai rayonu, Gəncə prospekti 2935A saylı məhəllə ünvanında tikilmiş binanın zirzəmi hissəsində yerləşən 1-ci oxla 2-ci ox arası A,B,C,Ç,D,E oxları üzrə qeyri-yaşayış sahəsinin "xxxx" ASC-yə satıldığı nəzərə alındıqda, iş materiallarındakı layihə üzrə həmin sahənin Ç-C oxları arasındakı hissəsinin Cavabdeh1 sahibliyində olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. İşdə olan Xətai Rayon Məhkəməsinin xx.xx.2014-ci il tarixli 2(011)-404/2014 saylı qiyabi qətnaməsindən görünür ki, cavabdeh "xxxx" MMC ilə iddiaçı Cavabdeh1 arasında bağlanmış 165 saylı və xx.xx.2007-ci il tarixli 01 saylı müqavilələrə əsasən tikilməsi üçün dəyərləri iddiaçı tərəfindən tam ödənilmiş ünvan 5 ünvanda inşa edəcəyi yaşayış binasının 2-ci giriş, 6-cı mərtəbəsində 3 otaqlı (127.65 kv.m) mənzil və binada olan qaraj iddiaçı Cavabdeh1 sahibliyinə və istifadəsinə verilmişdir, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli Qətnaməsi ilə həmin Qətnamə mübahisələndirilən hissədə X5 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Cavabdeh1 yuxarıda qeyd edilən qiyabi qətnaməyə istinad edərək, mübahisəli qarajın ona verildiyini, 32.4 kv.m qaraj sahəsinə qanuni qüvvəsində olan qətnamə ilə hüququnun müəyyən edildiyini, bu səbəbdən iddia tələbinin təmin edilməməli olmasını bildirmişdir. Kollegiya qeyd edir ki, hazırki iş üzrə kassasiya instansiyasının qərarında da qeyd olunmuşdur ki, işə əvvəlki apellyasiya icraatında baxılarkən sözügedən qiyabi qətnamə araşdırmadan kənarda qalmış, birinci instansiya məhkəməsi həmin qətnaməyə istinad etməklə kifayətlənmiş, bunun iş üçün hansı əhəmiyyət kəsb edib-etməməsini qətnaməsində göstərməmişdir. Məhkəmə Kollegiyası yuxarıda göstərilənlərlə yanaşı, həmçinin, kassasiya instansiyasının qərarındakı göstərişləri nəzərə alaraq, sözügedən qiyabi qətnamə ilə müəyyən olunan halların hazırki iş üzrə iddia tələbinə və cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2014-ci il tarixli 2(011)-404/2014 saylı qiyabi qətnaməsi ilə cavabdeh "xxxx" ilə iddiaçı Cavabdeh1 arasında bağlanmış 21 sentyabr 165 nömrəli və 19 may 2007-ci il tarixli 01 saylı müqavilələrə əsasən tikilməsi üçün dəyərləri iddiaçı tərəfindən tam ödənilmiş Bakı şəhəri, Gəncə prospektindəki 2935A ünvanında inşa edəcəyi yaşayış binanın 2-ci girişin 6-cı mərtəbəsində 3 otaqlı (127,65 kv.m) mənzil və binada olan qaraj iddiaçı Cavabdeh1 sahibliyinə və istifadəsinə verilməsi qət edilmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, sözügedən qiyabi qətnamədə "xxxx" MMC-nin inşa edəcəyi yaşayış binasından olan qarajın Cavabdeh1 istifadəsinə və sahibliyinə verilməsi müəyyən edilsə də, mübahisəli “qaraj”ın məhz hazırki iş üzrə ididaçının boşaldılmasını və əməli istifadəsinə verilməsini tələb etdiyi sahə ilə üst-üstə düşməsi sözügedən qiyabi qətnamə ilə müəyyən olunmur. Əksinə, iş materialında olan qiyabi qətnaməyə izah verilməsinə dair məhkəmə qərardadları ilə Cavabdeh1 iddia etdiyi qarajın iddiaçının hərrac yolu ilə satın alaraq mülkiyyətinə qəbul etdiyi qeyri-yaşayış sahəsinə daxil olmadığı müəyyən olunmuşdur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh1 Xətai Rayon Məhkəməsinin 11 fevral 2014-cü il tarixli qiyabi qətnaməsinə izah verilməsi üçün məhkəməyə müraciət etmiş, qiyabi qətnamədə qeyd edilmiş qaraj sahəsinin yerləşməsinə dair, həmin sahənin plan-sxemdə göstərilmiş “Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən yaşayış binasının zirzəmi hissəsində layihə üzrə 1-ci və 2-ci sırada C və Ç oxları arasında eni 5,40 metr, uzunluğu 6 metr olan, ümumi sahəsi 32,4 kv.m olan qaraj sahəsinin” olmasına dair izah verilməsini xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Cavabdeh1 ərizəsi təmin edilərək xx.xx.2014-cü il tarixli qətnamənin nəticə hissəsində qeyd edilmiş “binada olan qaraj” dedikdə Bakı şəhəri, Gəncə pr., 2935A ünvanında yerləşən yaşayış binasının 00008 səviyyəsində, 1 və 2 sıradan, C və Ç oxu arasında olan, ümumi sahəsi 32,4 kv.m olan qaraj nəzərdə tutulmasına dair izah verilmişdir. Həmin qərardaddan narazı qalan maraqlarına toxunan şəxs (hazırki iş üzrə iddiaçı) "xxxx" ASC şikayət vermiş, Bakı Apellyasiya Məhkməsinin 2(103)-1472/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Xətai Rayon Məhkəməsinin 2(011)-404/2014 saylı xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsi, şikayətə hüquqi qiymət verilməsi üçün mülki işin Xətai Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Xətai Rayon Məhkəməsində işə təkrar baxılmış, Məhkəmənin xx.xx.2020-ci il tarixli 2(011)-404/2014 saylı qərardadı ilə Cavabdeh1 qiyabi qətnaməyə yuxarıda göstərilən məzmunda izah verilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-6395/2020 saylı qərardadı ilə şikayətin təmin edilməməsi, Xətai rayon Məhkəməsinin 2(011)-404/2014 saylı mülki iş üzrə xx.xx.2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-6395/2020 saylı qərardadında iş üzrə Xətai Rayon Məhkəməsinin qərardadı ilə Cavabdeh1 qiyabi qətnaməyə izah verilməsinə dair ərizəsinin təmin edilməməsinə dair gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, “Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin nəticə hissəsində qeyd edilən “binada olan qaraj” ifadəsinin binada olan hansı qaraj olması onu səciyyələndirən xüsusiyyətlər göstərilmədən qeyd olunduğundan, qətnamənin həmin hissəsinə izah verilməsi mümkün deyildir və qətnamənin nəticə hissəsinə izah verilməsi qətnamənin məzmununu dəyişdirəcəkdir. İddiaçı Cavabdeh1 “binada olan qaraj” ifadəsinin məhz təqdim edilən əlavə plan sxemdə göstərilən 1-ci və 2ci sıradan C və Ç oxları arasındakı 1 ədəd qaraj olmasına dair dəlilləri əsassız olduğundan, ərizə təmin edilməməlidir... Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən yaşayış binasının zirzəmi hissəsində yerləşən qeyri-yaşayış hissəsinin hazırda "xxxx"” ASC-ə məxsus olması öz təsdiqini tapmışdır”. Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2007-ci il 13 fevral tarixli Qərarında qanuni qüvvəyə minmiş məhkəmə aktlarına dair hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onun həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətə baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol verilməməsini ehtiva edir. “G.Əhmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 iyul 2019-cu il tarixli Plenum Qərarında göstərilmişdir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Belə ki, Mülki-Prossesual Məcəllənin 82.3-cü maddəsindən görünür ki, qətnamənin preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur- konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxslərin iştirak etdikləri başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 yanvar 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, hazırkı iş üzrə qəbul edilmiş Konstitusiya Məhkəməsi Plenumunun 14 fevral 2020-ci il tarixli Qərarında məhkəmə aktlarının preyudisiallığı ilə bağlı mövcud prosessual qanunvericiliyə və əvvəlki qərarlarda formalaşdırılmış hüquqi mövqeyə istinad edilərək vurğulanmışdır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. Həmçinin Qərarda qeyd edilmişdir ki, hüquq nəzəriyyəsində məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma – forma və məzmun yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktının prosessual forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır. “Məzmun” yanaşması baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Penias və Ortmair Avstriyaya qarşı iş üzrə 2011-ci il 18 oktyabr tarixli Qərarında qeyd olunmuşdur ki, hüququn aliliyinin fundamental əlamətlərindən biri olan hüquqi müəyyənlik prinsipi baxımından daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları mübahisələndirilməməlidir. Mülki Prosessual Məcəllənin sübut etməkdən azad olmaq üçün əsasları müəyyən edən 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarında qeyd edilmişdir ki, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarı). Kollegiya qeyd edir ki, Cavabdeh1 istinad etdiyi qiyabi qətnaməyə izah verilməsinə dair ərizəsini təmin edilməməsinə dair qanuni qüvvəsini almış Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-404/2014 saylı qərardadında ərizənin təmin edilməməsinə əsas kimi Cavabdeh1 istinad etdiyi sahəyə dair, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə, "xxxx" ASC-nin mülkiyyət hüququnun tanınması, o cümlədən, həmin sahənin də daxil olduğu qeyri-yaşayış sahəsinin "xxxx" ASC-nin istifadəsinə və sahibliyinə verilməsinə dair mübahisənin sonuncunun xeyrinə həll edilməsi olmuşdur. Kollegiya, həmçinin, qeyd edir ki, Cavabdeh1 qiyabi qətnaməyə izah verilməsinə dair ərizəsinin dəlilləri ilə hazırki iddiaya etirazındakı (həmçinin, apellyasiya şikayətindəki) dəlillərlə eyniliyi və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə bu dəlillərə artıq hüquqi qiymət verildiyi müəyyən olunur. Bu baxımdan, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığına (təkzibedilməzlik, müstəsnalıq və məcburilik prinsipləri) dair mülki-prosessual qanunvericiliyin (MPM-in 233.3, 82.3-cü maddələri) tələblərinə və ekspertin rəyinin məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilməsi və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsinin olmadığına dair (MPM-in 206-cı maddəsi) tələblərinə əsaslanaraq, Məhkəmə Kollegiyası hesab edir ki, ekspertin rəyində Cavabdeh1 istinad etdiyi “qaraj”ın “tədqiq olunan binanın zirzəmi mərtəbəsində Ç-C və 1-2 oxları arasındakı sahədə yerləşdiyi müəyyən edilməsi”nə Kollegiya tənqidi yanaşmalı və qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilən işin həqiqi hallarının, hüquqi münasibətlərin ekspertiza rəyi ilə müəyyən olunan hallarla müqayisədə daha mötəbər hüquqi əhəmiyyətə malik olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə: İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, Mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məcəllənin 152.5-ci maddəsinə əsasən, Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən, Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə Kollegiyası iddia tələbinin faktiki əsaslarına dair birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən və apellyasiya icraatında araşdırılaraq qiymətləndirilən həqiqi hallarına istinad olunan maddi hüquq normalarını tətbiq edərək qeyd edir ki, həmin maddi hüquq normaları tələbin faktiki əsasları ilə uzlaşdığından, həmçinin, mülkiyyət hüququnun pozulmasından müdafiə üçün məhkəməyə müraciət etmiş iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən edildiyindən birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsinə dair qənaəti qanuni və əsaslı olmuş, eləcə də cavabdehin apellyasiya şikayətində göstərilən dəlillərinin iş üzrə təhqiq edilmiş materiallarla təkzib edildiyi və tətbiq edilən maddi və prosessual hüququn tələblərinə cavab vermədiyi müəyyən olunduğundan apellyaisya şikayətinin təmin edilməsinə əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin hazırki apellyasiya baxışında yoxlanılan hissəsində mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlməklə apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5882/2019 saylı, 15 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar