Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3399/2025 23.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X8, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış evindən çıxarılma tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdeh X3 vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Heydər Əliyev adına X12 tərəfindən xx.xx.2008-ci il tarixli, 28 nömrəli order ilə onun istifadəsinə verilmiş və Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev (yataqxana) 89-da yerləşən 220 nömrəli otaqdan cavabdehlərin çıxarılması və onun həmin otağa köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı X11 və Həmkarlar İttifaqı Komitəsinin 15.1.12 nömrəli, xx.xx.2008-ci il tarixli qərarı ilə mübahisəli 220 saylı otağın Zavodun işçisi olan iddiaçının istifadəsinə verilməsi qərara alınmışdır. Həmin otağa köçmək üçün xx.xx.2008-ci il tarixdə iddiaçıya 28 nömrəli order verilmişdir. İddiaçı həmin order əsasında otağa köçüb, bir müddət orada yaşamış, sonra isə şəxsi işləri ilə əlaqədar ölkəni tərk etmişdir. İddiaçı, bir neçə il ərzində ölkədə olmadığı dövrdə, Zəngilan rayonunun Ağalı kəndindən məcburi köçkün olan Cavabdeh1, 2 övladı – digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə birlikdə həmin otağı zəbt edərək, orada məskunlaşmışlar və hazırda da otaqdan çıxmaqdan imtina edirlər. Zəngilan rayonunun Ağalı kəndi işğaldan tam azad olunmuş və həmin kəndində mənzil ilə təmin olunmuşlar. Buna görə də cavabdehlər mübahisəli otaqdan çıxarılmalı və otaq iddiaçıya təhvil verilməlidir. b) cavabdehlərin və üçüncü şəxslərin iddia tələbinə münasibəti barədə məlumat
3. Rayon Məhkəməsinə verdiyi izahatda cavabdeh Şəfəq Əhmədova bildirmişdir ki, o, məcburi köçkün olaraq 1993-cü ildə Bakı gəldikdən sonra Zavoda işə düzəlmiş və Zavodun icazəsi ilə həmin otaqda 1993-cü ildən məskunlaşmış və hazıra kimi övladları Səkinə və Aysel ilə həmin otaqda yaşayır. O və övladları həmin otağa yaşayış yeri üzrə qeydiyyata da alınmışlar. İddiaçı heç vaxt nəinki həmin otaqda, ümumiyyətlə həmin yataqxanada yaşamamışdır. Nə onlar, nə qonşular iddiaçını yataqxanada heç vaxt görməmişlər. İddiaçı ilə 2018-ci ildə tanış olmuşdur. Belə ki, həmin vaxt xəbər yayıldı ki, yataqxana sökülməli, yataqxanada yaşayan şəxslərə isə kompensasiya olaraq pul verilməlidir. İddiaçı da, ona zəng edərək, onu hədələmiş və demişdir ki, onda otağa dair sənədlər var və buna görə də kompensasiya ona çatmalıdır. Eşitdiyinə görə otağa dair iddiaçıda olan sənədlər saxtadır. Buna görə də o, iddianın rədd edilməsini xahiş edir.
4. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iddia tələbinə etiraz edərək, anaları Şəfəq Əhmədovanın verdiyi izahata oxşar izahat vermişlər.
5. Rayon Məhkəməsi tərəfindən işin baxılmasına mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş Heydər Əliyev adına X11 nümayəndəsi Nümayəndə1 xx.xx.2024-cü il tarixli iclasda iştirak edərək, bildirmişdir ki, mübahisəli otağın yerləşdiyi yataqxana əvvəllər Zavodun balansında olmuş, hazırda isə Zavodun balansında deyil, yataqxana ilə bağlı sənədlər Zavodun arxivində yoxdur. Bildiyinə görə yataqxana hazırda yerli icra hakimiyyətinin balansındadır.
6. Rayon Məhkəməsi tərəfindən işin baxılmasına mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş Bakı Şəhər Nizami Rayon İcra Hakimiyyəti məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin iştirakını məhkəmə baxışı iclaslarında təmin etməmiş, iddia tələbinə qarşı mülahizələrini təqdim etməmiş və bunun səbəbləri haqqında Rayon Məhkəməsinə məlumat verməmişdir. Bunu nəzərə almış Rayon Məhkəməsi işə Nizami RİH-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
7. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
8. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı, mübahisəli otağın ona məxsus olmasını sübuta yetirə bilmir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri isə etibarlı sübut kimi qəbul etmir. Belə ki, iddiaçı, məhkəməyə guya ona verilmiş 28 saylı orderin iki nüsxəsini təqdim etmişdir. Həmin nüsxələrdən görünür ki, orderlərin nüsxələrindəki tarixlər və orderlərdə olan imzalar müxtəlifdir. Nəzərə alınsa ki, bundan əvvəl (2018-ci ildə) də iddiaçı həmin otaqla bağlı həmin cavabdehlərə qarşı eyni məzmunlu iddia ilə məhkəməyə müraciət edərkən, mübahisəli otağın onun mülkiyyətində olmasını bildirmiş və “Daşınmaz əmlakın dövlət reyestrindən” guya onun adına verilmiş “Çıxarışı” da iddia ərizəsinə əlavə etmişdir. Lakin həmin işin araşdırması zamanı müəyyən edilmişdir ki, həmin “Çıxarış” saxtadır, mübahisəli otaq “Daşınmaz əmlakın dövlət reyestrində” xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi ümumiyyətlə qeydiyyata alınmamışdır. d) apellyasiya şikayəti barədə məlumat
9. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışında verdikləri izahatlar barədə məlumat
11. İddiaçının vəkili (nümayəndəsi) Nümayəndə2 əvvəlki apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etmiş və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. O əlavə olaraq bildirmişdir ki, qətnamədə qeyd edilən saxta “Çıxarış” iddiaçı tərəfindən deyil, həmin vaxt iddiaçının nümayəndəsi olmuş qeyri-peşəkar şəxs tərəfindən həmin iddiaya dair mülki işə baxan Məhkəməyə təqdim edilmişdir. İddiaçı həmin “Çıxarışdan” xəbər tutan kimi ərizə ilə məhkəməyə müraciət edərək, həmin iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi 28 saylı orderin nüsxələrinin tarixləri və orderdə olan imzalar ona görə müxtəlifdir ki, iddiaçı, 2008-ci ildə ona verilmiş orderi itirmiş, ondan yalnız həmin orderin surəti qalmışdır. Buna görə iddiaçı, orderi ona vermiş Zavoda müraciət edərək, yeni orderin verilməsini xahiş etmişdir. Onun müraciət əsasında ona yenidən tərtib edilmiş order verilmişdir. İş apellyasiya icraatına daxil olduqdan sonra isə iddiaçı ona xx.xx.2008-ci il tarixdə verilmiş və Zavodun direktorunun müavini M.Ələkbərov tərəfindən xx.xx.2008-ci il tarixdə imzalanmış 28 saylı orderin əslini evdə tapmış və bu səbəbdən də həmin orderin əslini hazırda Məhkəmə təqdim edir (orderin əsli Məhkəməyə təqdim edildi).
12. İddiaçının vəkilinin (nümayəndəsinin) vəkillik fəaliyyəti müvəqqəti olaraq dayandırıldığından o, növbəti apellyasiya baxışı iclaslarında iştirak etməmişdir. Bunu və iddiaçının özün də apellyasiya baxışı iclaslarından iştirak etməməsini nəzərə almış Məhkəmə iddiaçı tərəfin iştirakı olmadan apellyasiya baxışının davam etdirilməsini mümkün hesab etmişdir.
13. Apellyasiya baxışında iştirak etmiş cavabdeh Şəfəq Əhmədova və onun vəkili (nümayəndəsi) Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat vermişlər.
14. Cavabdeh Səkinə Əhmədova, cavabdeh Aysel Əhmədova, iş üzrə üçüncü şəxs Heydər Əliyev adına X11 nümayəndəsi və iş üzrə üçüncü şəxs Bakı Şəhər Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi apellyasiya baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, apellyasiya baxışı iclaslarında iştirak etməmiş və bunun səbəbləri haqqında Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
15. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
16. Belə ki, işdə olan və üzərində Heydər Əliyev adına X11 rəhbərliyinin və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2008-ci il tarixdə keçirtdiyi iclasda qəbul edilməsi qeyd edilən 15.1.12 saylı qərarının surətindən görünür ki, hazırkı iş üzrə iddiaçıya iddia ərizəsində qeyd edilən ünvanda yerləşən mübahisəli 220 nömrəli otağın iddiaçının istifadəsinə ayrılması və bununla bağlı ona müvafiq orderin verilməsi qərara alınmışdır.
17. İddiaçı tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş və üzərində həmin Zavod tərəfindən iddiaçıya xx.xx.2008-ci il tarixdə verilməsi qeyd edilmiş 28 saylı orderin fotosurətindən görünür ki, order, iddiaçının həmin yataqxananın 220 saylı otağına köçmək üçün verilmişdir. Orderdə qeyd edilir ki, orderi Zavodun direktor müavini R.M.Məmmədov xx.xx.2008-ci il tarixdə imzalamışdır.
18. İddiaçı tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş və üzərində həmin Zavod tərəfindən iddiaçıya xx.xx.2008-ci il tarixdə verilməsi qeyd edilmiş 28 saylı orderin surətindən və apellyasiya baxışı zamanı iddiaçı tərəfin Məhkəməyə təqdim etdiyi həmin orderin əslindən görünür ki, order, iddiaçının həmin yataqxananın 220 saylı otağına köçmək üçün verilmişdir. Orderdə qeyd edilir ki, orderi Zavodun direktor müavini M.Ələkbərov xx.xx.2008-ci il tarixdə imzalamışdır.
19. Yataqxanaya və yataqxananın yerləşdiyi əraziyə xidmət göstərən və 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin tərkibində olan 142 saylı Mənzil- Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 044 saylı məlumatından və xx.xx.2024-cü il tarixli, 371 saylı arayışından görünür ki, Zəngilan rayonundan məcburi köçkün olan iş üzrə cavabdehlər Sahənin balanslarında olan yataqxananın 220 saylı otağında qeydiyyatsız yaşayırlar.
20. Həmin MKİS tərəfindən 3 saylı XT MKTB-yə ünvanlanmış (işin 158-ci vərəqinsə olan tarixsiz və nömrəsiz) məktubdan görünür ki, Zavodun iddiaçıya verdiyi 28 saylı orderə əsasən iddiaçı və X4 ilə X2 həmin yataqxananın mübahisəli 220 saylı otağında qeydiyyatdadırlar, amma yaşamırlar. Həmin otaqda, otaqda 1993-cü ildən məskunlaşmış iş üzrə cavabdehlər yaşayırlar.
21. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Nizami Rayon Sektorunun xx.xx.2024-cü il tarixli arayışından və xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Zəngilan rayonundan məcburi köçkün düşmüş cavabdehlər yataqxananın yerləşdiyi ünvanda məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadırlar.
22. Zavodun verdiyi arayışdan görünür ki, Cavabdeh1 həmin Zavodda kimyəvi təhlil laborantı vəzifəsində xx.xx.1994-cü il tarixdən işləyir.
23. İddiaçı, Zavodun və Həmkarlar İttifaqı Komitəsinin 15.1.12 nömrəli, xx.xx.2008ci il tarixli qərarı ilə mübahisəli 220 nömrəli mənzilin onun istifadəsinə verildiyini və bununla bağlı ona yataqxanadan yaşayış sahəsi almaq üçün 28 nömrəli order təqdim olunduğunu, həmin otaq üzərində onun sahiblik hüququnun olduğunu və bu hüququn pozularaq həmin otağın cavabdehlər tərəfindən zəbt olunduğunu, yəni cavabdehlərin həmin otaqdan istifadə etmələrinin hüquqi əsasının olmadığını bildirir.
24. Bununla bağlı Məhkəmə qeyd edir ki, iddiaçıya orderin verilməsi zamanı Azərbaycan Respublikasında qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə görə, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır (maddə 48.; hissə 1.). Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər (maddə 48.; hissə 2.). Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir (maddə 107.; hissə 1.). Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir (maddə 107.; hissə 2.).
25. İddiaçı, mübahisəli otaqdan, otaq ona orderlə verildiyi vaxtdan – 2008-ci ilin iyul ayından etibarən istifadə etdiyini, şəxsi işləri ilə əlaqədar ölkə hüdudlarından müvəqqəti getdiyi zaman isə otağın cavabdehlər tərəfindən zəbt olunduğunu bildirsə də, yataqxana balansında olan 142 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ünvanlanmış məktubdan (bax: hazırkı qətnamənin 20-ci bəndinə) görünür ki, iddiaçı və onun ailə üzvləri mübahisəli 220 saylı otaqda qeydiyyatda olsalar da, həmin otaqda yaşamamış, həmin otaqda, otaqda 1993-cü ildən məskunlaşmış iş üzrə cavabdehlər yaşamış və yaşamaqda davam edirlər.
26. Göründüyü kimi, otağa dair iddiaçının adına order verilən zaman həmin otaq boş olmamışdır.
27. Bunları nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən həmin orderə əsaslanaraq 1993-cü ildən həmin otaqda məskunlaşaraq yaşayan cavabdehlərə qarşı irəli sürdüyü iddia əsaslı hesab edilərək, təmin edilə bilməz.
28. Mövcud mülki mübahisənin həlli ilə bağlı Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə görə, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir (maddə 159.). Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir (maddə 164.1.). Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir (maddə 164.2.). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir (maddə 165.1.).
29. İşin hallarına (cavabdehlərin mübahisəli otaqda, otağa dair iddiaçıya order verildiyi vaxtdan da əvvəl yaşamalarından, həmin otağın iddiaçının sahibliyində olmamasından ibarət hallara) Mülki Məcəllənin 159-ci maddəsinin və yuxarıda qeyd edilən digər maddələrinin tələbindən yanaşdıqda müəyyən edilir ki, iddiaçının həmin otaq üzərində sahiblik hüququ yaranmamışdır.
30. Buna görə Məhkəmə hesab edir ki, iddiaçının həmin otaq üzərində sahiblik hüququ yaranmadığından onun 1993-cü ildən həmin otaqda məskunlaşaraq yaşayan cavabdehlərə qarşı irəli sürdüyü iddia əsaslı hesab edilərək, təmin edilə bilməz. g) apellyasiya baxışının nəticəsi
31. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iddianın təmin edilməməsi haqqında nəticəsi faktlar nöqteyi-nəzərindən və mahiyyət etibarı ilə işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
32. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Buna görə də MPM-in 385.2-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçının özünə aid edilməlidir.
34. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, iş üzrə cavabdehlər və üçüncü şəxslər hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər. İddiaçı isə hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
35. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 mart 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı iş üzrə keçirilmiş sənədlərin texniki ekspertizasının xərcinin ödənilməsi məqsədi ilə 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirlinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər prosessual şəxslər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.