Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3404/2020 12.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X7 və X5 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 Səyəddin qızının vəkili Vəkil iştirakı ilə, İddiaçı Pakistan Milli Bankının Bakı Filialının cavabdehlər Cavabdeh1, Cavabdeh2 Səyəddin qızına və X8 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, əsas borca hesablanmış faizlərin tutulması və tələbin girov predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdehlər Cavabdeh2 Səyəddin qızı və X10 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-476/19 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, cavabdehlər Cavabdeh1 xx xxxx 2011-ci il tarixli, 176 saylı kredit müqaviləsi üzrə üzrə 21886,1 manat məbləğində pul vəsaitinin iddiaçı Pakistan Milli Bankının Bakı filialının xeyrinə tutulması,tələbin Cavabdeh2 məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində istifadə olunan 0.20172 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 136 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 85 000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabadehlərin banka olan borcun ödənilməsi, artıq qalan məbləğin Cavabdeh2 geri qaytarılması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, Pakistan Milli Bankının Bakı filialı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Pakistan Milli Bankı»nın Bakı Filialı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx xxxx 2011-ci 2 tarixli, 176 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh1 həmin müqavilə üzrə zaminlərindən X4 və Cavabdeh2 Sayyəddin qızı «Pakistan Milli Bankı»nın Bakı Filialının xeyrinə 31000 AZN (otuz bir min) manat əsas borc, 28578,30 (iyirmi səkkiz min səkkiz yüz yetmiş beş manat) 30 qəpik faiz borcu, cəmi 56875,30 (əlli altı min səkkiz yüz yetmiş beş) manat 30 qəpik, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulmasına, və tutmanın ipoteka müqaviləsi ilə yüklü edilmiş Cavabdeh2 Sayyəddin qızı arasında bağlanmış xx.xx.2011 tarixli, 61 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 Sayyəddin qızına məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində istifadədə olan 0.20172 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 9 mərtəbəli binanın 1cı mərtəbəsində yerləşən 136 saylı mənzil X4 arasında bağlanmış xx.xx.2011 tarixli, 60 aylı ipoteka müqaviləsinə əsasən lskəndərova Pəricahan Əzizağa qızının mülkiyyətində olan, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində istifadədə olan 0.19448 ha, torpaq sahəsində yerləşən 8 nömrəli 136 saylı evə olan mənzillərə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Pakistan Milli Bankı”nın Bakı Filialı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx xxxx 2011-ci il tarixli, 176 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 17% dərəcəsi olmaqla 36 ay müddətinə 80 000 (səksən min) manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq «Pakistan Milli Bankı»nın Bakı Filialı ilə Cavabdeh2 Sayyəddin qızı arasında bağlanmış xx.xx.2011 tarixli, 61 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 Sayyəddin qızına məxsus Bakı şəhəhəri, Xətai rayonu, Telnov küçəsində istifadədə olan 0.20172 ha torpaq sahəsində yerləşən, 8 nömrəli, 9 mərtəbəli binanın 1-cı mərtəbəsində yerləşən 136 saylı mənzil və X4 arasında bağlanmış xx.xx.2011 tarixli, 60 saylı ipoteka müqaviləsinə əsasən X1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində istifadədə olan 0.19448 ha, torpaq sahəsində yerləşən 8 nömrəli 136 saylı mənzil Banka ipotekaya qoyulmuşdur. (qeyd olunan xüsusi mülkiyyətin yüklülüyünə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** və ********** qeydiyyat nömrəsi, xx.xx.2011-ci il tarixli Çıxarış alınmışdır). Cavabdeh1 bu günədək sözügedən kreditin əsas məbləğindən 49000 (qırx doqquz min) manat, faiz məbləğdən 35628,44 (otuz beş min altı yüz iyirmi səkkiz manat) 44 qəpik, cəmi 84628,44(səksən dörd min altı yüz iyirmi səkkiz) manat 44 qəpik məbləğində qismən ödəniş edərək kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini qismən yerinə yetirmişdir. Dəfələrlə kreditdən və kredit üzrə yığılmış faizlərin təcili ödənilməsi barədə Bank tərəfindən cavabdehlərə müraciətlər edilmiş, lakin onlar verdikləri vədlərə əməl etməyərək tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur. Bunun nəticəsi olaraq, Cavabdeh1, Cavabdeh2, X4 qeyd olunan kredit müqaviləsi izrə xx xxxxxxxx 2018-cı il tarixinə 31000 AZN (otuz bir min) manat əsas borc, 28578,30 (iyirmi səkkiz min səkkiz yüz yetmiş beş manat) 30 qəpik faiz borcu, cəmi 56875,30 (əlli altı min səkkiz yüz yetmiş beş) manat 30 qəpik məbləğində borcu mövcuddur. Eyni zamanda «Pakistan Milli Bankı»nın Bakı Filialı ilə Cavabdeh2 arasında xx xxxx 2011-cü il tarixli 150 saylı, Zaminlik müqavilələri bağlanmışdır və həmin müqaviləyə əsasən Borcalan Bank qarşısında öz öhdəliklərinin yerinə yetirmədiyi təqdirdə bütün məsuliyyəti öz üzərinə götürmüşdür. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Sonradan iddiaçı Pakistan Milli Bankının Bakı filialının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh X1 oğlu X10 ilə əvəz olunmasını xahiş edərək, iddianın təmin edilməsini xahiş etmişdir. İddia tələbi üzrə işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı «Pakistan Milli Bankı»nın Bakı filialının səlahiyyətli nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən bir sıra maddi və prosessual hüquq normaları pozulmuşdur, işin faktiki halları tam araşdırılmamışdır,işə düzgün baxılmamışdır. Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən öz növbələrində cavabdehlər Cavabdeh2 Səyəddin qızı və X10 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi işə qeyriobyektiv baxmış,qanunun normalarının tələblərini pozaraq işin hallarına uyğun gəlməyən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər Cavabdeh1 və X3 iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətlərinin dəlillərini ayrı-ayrılqda müzakirə edib, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, qarşı tərəfin şikayəti ilə razılaşmayaraq rədd olunmasını xahiş edən iddiaçının və Cavabdeh2 Səyəddin qızının səlahiyyətli nümayəndələrini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, tərəflər arasında kredit, ipoteka və zaminlik müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İşdə olan olan Pakistan Milli Bankının Bakı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 176 nömrəli kredit müqaviləsinin notarius tərəfindən təsdiq olunmuş surətindən görünür ki, Pakistan Milli Bankının Bakı filialı tərəfindən 36 ay müddətinə illik 16% olmaqla Cavabdeh1 80000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Pakistan Milli Bankının Bakı filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 61 nömrəli ipoteka müqaviləsinin Pakistan Milli Bankının Bakı filialı tərəfindən təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində, istifadədə olan 0.20172 ha torpaq sahəsində yerləşən 8 nömrəli 9 mərtəbəli binanın 1-ci mərtəbəsində 13 kv m. ümumi, 13.0 kv/m yaşayış sahəsindən ibarət 1 otaqlı 136 a nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Pakistan Milli Bankının Bakı filialı ilə X6 qızı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 60 nömrəli ipoteka müqaviləsinin Pakistan Milli Bankının Bakı filialı tərəfindən təsdiq edilmiş surətindən görünür ki, X2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində istifadədə olan 0.19448 ha, torpaaq sahəsində yerləşən 8 nömrəli 9 mərtəbəli binada 49.2 kv/m yaşayış sahəsində ibarət 3 otaqlı 136 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Pakistan Milli Bankının Bakı filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 150 nömrəli zaminlik müqaviləsinin notarius tərəfindən təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 Cavabdeh1 zamin duraraq xx.xx.2011-ci il tarixli 176 nömrəli kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilmədiyi təqdirdə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materialında olan Pakistan Milli Bankının Bakı filialı tərəfindən verilmiş hesabatından görünür ki, Cavabdeh1 xx xxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə xx xxxxxxxx 2018-ci il tarixinə əsas məbləğ üzrə 31,000 manat, faiz üzrə 25,875 manat olmaqla, ümumilikdə 56,875,30 manat borcu vardır. İş materiallarında olan Pakistan Milli Bankının Bakı filialı cavabdehlərə ünvanladığı xəbərdarlıqlara əsasən məlum olur ki, bank tərəfindən cavabdehlərə borcun ödənilməsi təklif edilmiş, borc ödənilməsə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. İpoteka predmetinə tutmanının yönəldilməsi haqqında bildiriş xx.xx.2018-ci il tarixdə cavabdehlərə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışın notarius tərəfindən təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 8, mənzil 136 a Pakistan Milli Bankının Bakı filialı qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışın notarius tərəfindən təsdiq olunmuş surətindən görünür ki, görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 8, mənzil 136 Pakistan Milli Bankının Bakı filialı qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestri tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın notarius tərəfindən təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində, istifadədə olan 0.20172 ha torpaq sahəsində yerləşən 8 nömrəli 9 mərtəbəli binanın 1-ci mərtəbəsində 13 kv m. ümumi, 13.0 kv/m yaşayış sahəsindən ibarət 1 otaqlı 136 a nömrəli mənzil tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsusdur və əmlakın dövlət reyestrində 1004 nömrəli reyestr kitabının 90218 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestri tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın notarius tərəfindən təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində istifadədə olan 0.19448 ha, torpaaq sahəsində yerləşən 8 nömrəli 9 mərtəbəli binada 49.2 kv/m yaşayış sahəsində ibarət 3 otaqlı 136 nömrəli mənzil tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsusdur və əmlakın dövlət reyestrində 290 nömrəli reyestr kitabının 27916 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı № 733263 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh3 xx.xx.2015-ci il tarixində ölmüşdür. İş materiallarında olan “xxxx” Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli LF 28 nömrəli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən 8 saylı evin 136 saylı mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 155 000 manat təşkil edir. İş materiallarında olan “xxxx” Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli LF 27 nömrəli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 8 saylı evin 136 a saylı mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 85 000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Pakistan Milli Bankının Bakı filialının Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli 155 nömrəli “cavabdehin kredit üzrə ödənişləri barədə” arayışından görünür ki, Cavabdeh1 Pakistan Milli Bankının Bakı filialına 31 000 əsas, 25875.30 faiz borcu, cəmi banka olan borcu 56 875.30 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 2(011)-2479/2018 saylı mülki iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, “Pakistan Milli Bankı”nın Bakı Filialı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx xxxx 2011-ci il tarixli, 176 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 borcunun müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertin rəyinə əsasən müəyyən edilmişdir ki, xx xxxx 2011-ci il tarixli, 176 saylı kredit müqaviləsinin bitdiyi müddətə, yəni xx.xx.2014-cü il tarixə banka olan borcu: 43,886,10 manat, 43,886,10 manat, o cümlədən 39137, 43 manat əsas, 4748,67 manat faiz borcu məbləğində müəyyən olunur. xx.xx.2014-cü il tarixdən sonra Cavabdeh1 tərəfindən 22000 manat ödəniş edilmişdir. Borclunun cəmi 21886,1 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər İşin hallarından görünür ki, “Pakistan Milli Bankı”nın Bakı Filialı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx xxxx 2011-ci il tarixli, 176 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 müqavilənin bitdiyi tarixə, yəni xx.xx.2014-cü il tarixə banka 43,886,10 manat, o cümlədən 39137, 43 manat əsas, 4748,67 manat faiz borcu olmuş, xx.xx.2014-cü il tarixdən sonra Cavabdeh1 tərəfindən banka 22000 manat ödəniş edilmiş, borclunun cəmi 21886,1 manat borcu qalmışdır. Bununla yanaşı məhkəmə kollegiays işə baxan birinci instansiya məhkəməsi ilə razılaşaraq tərəflər arasında bağlanmış müqavilələrin şərtlərini və hazırki qətnamə ilə tutulacaq borcun məbləğinivə ipotekaya qoyulmuş daşınmaz əmlakların qiymətini nəzərə alaraq belə qənaətə gəlir ki, tutmanın Cavabdeh2 məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində istifadə olunan 0.20172 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 136 saylı mənzilinə yönəldilməsi yetərli olduğundan tələb həmin ipoteka predmetinə yönəldilməli, həmin daşınmaz əmlak ilkin satış qiyməti 85 000 manat müəyyən olunmaqla açıq hərracdan satılmalı, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcu ödənilməli, artıq qalan məbləğ Cavabdeh2 geri qaytarılmalıdır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda məhkəmə qeyd edir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə isə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. (maddə 477.0.4) Mülki işin materialları ilə təsdiq edilmişdir ki, Pakistan Milli Bankının Bakı filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 150 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 zamin duraraq xx.xx.2011-ci il tarixli 176 nömrəli kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilmədiyi təqdirdə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilənin müddəti xx.xx.2014-cü il tarixdə bitmiş, iddiaçı iddia ilə məhkəməyə xx.xx.2018-ci il tarixdə müraciət etmişdir. Bu səbəbdən, öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində iddiaçı tərəfindən zaminə qarşı iddia irəli sürülmədiyi üçün Cavabdeh2 zaminliyinə xitam verildiyindən iddiaçının kredit borcunun tutulması tələbi ona qarşı haqlı olaraq təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegıya hesab edir ki, iddia tələbinı yuxarıda göstərilən qaydada qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi üçün hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qə t etdi: İddiaçı “Pakistan Milli Bankı”nın Bakı Filialı və cavabdehlər Cavabdeh2 Səyəddin qızı və X10 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3404/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3404/2020
12.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver