Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3408/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı əmlak tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)-6924/2020 nömrəli qərardadından iddia tələbi üzrə Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil Tikinti Kooperativinin S.Mehmandarov 12 ünvanda inşa etdiyi çoxmənzilli yaşayış binasının yan tərəfdən – Ü.Rəcəb küçəsi tərəfdən ümumi sahəsi 150 kv.m olan qeyri-yaşayış sahəsinin təmirli vəziyyətdə ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə qərarı çıxarılanadək Bakı şəhəri, Sabunçu rayonu, S.Mehmandarov küçəsi, 12 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasının yan tərəfdən – Ü.Rəcəb küçəsi tərəfdən ümumi sahəsi 150 kv.m olan qeyri-yaşayış sahəsində hər hansı tikinti işlərinin aparılmasının və həmin hissənin özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)- 6924/2020 nömrəli qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh Mənzil Tikinti Kooperativi şikayət verərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)-6924/2020 nömrəli qərardadının ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh Mənzil Tikinti Kooperativi İddiaçı iddia etdiyi ərazidə hər hansı tikinti işləri aparmamış və özgəninkiləşdirməmişdir. Bununla bağlı iddiaçı tərəfindən məhkəməyə özgəninkiləşdirməyə dair və ya işlərin aparılmasına dair hər hansı sübut təqdim ediləmişdir. Həmin sübutlar təqdim edilmədiyindən təmin tədbiri barədə ərizənin təmin edilməsi əsaslı hesab oluna bilməz. Göründüyü kimi qəbul edilmiş qərardad iş üzrə hər hansı mahiyyəti həll etmir və cavabdehin hüquqlarını pozur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(008)- 1132/2021 nömrəli qərardadı şikayət təmin olunmamış və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.1). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx.xx.2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Qanunun mənasından göründüyü kimi, iddianı təmin tədbiri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual-hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Baxılan iş üzrə iddiaçı iddia ərizəsində Cavabdeh Mənzil Tikinti Kooperativinin S.Mehmandarov 12 ünvanda inşa etdiyi çoxmənzilli yaşayış binasının yan tərəfdən – Ü.Rəcəb küçəsi tərəfdən ümumi sahəsi 150 kv.m olan qeyri-yaşayış sahəsinin təmirli vəziyyətdə ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. İddianı təmin etmə tədbiri qismində əmlak üzərinə həbs qoyulması barədə tədbirin görülməməsi qeyd edilən tələb üzrə məhkəmə qətnaməsinin gələcəkdə icrasını çətinləşdirə və (ya) qeyri-mümkün edə bilər. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)- 6924/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3408/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3408/2021
02.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver