Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3442/2025 08.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İdris qızının Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, əmək müqaviləsinə xitam verilməsi, ödənilməmiş əmək haqqının, mükafatların, maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 mart 2025-ci il tarixli qətnamədən İddiaçı İdris qızının verdiyi apellyasiya şikayətinə əsasən işə apellyatorun özünün və vəkili (nümayəndəsi) Vəkil1, Cavabdeh MMC-nin vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh MMC arasında bağlanmış "xxxx" xitam verilməsi barədə MMC üzrə verilmiş xx.xx.2024-cü il tarixli, 004 nömrəli əmrin ləğv edilməsi, onla bağlanmış "xxxx" Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "xxxx" bəndinə (öz təşəbbüsü ilə) əsasən xitam verilməsi, 2024-cü ilin oktyabr ayı üçün ödənilməmiş 1.500 manat aylıq əmək haqqının ona ödənilməsi, 2023-cü il üçün 10.000 və 2024-cü il üçün 10.000 manat (bonusların) mükafatların ödənilməsi, onun xx.xx.2024-cü il tarixdən məhkəmə qətnaməsi qanuni qüvvəyə minənə qədər məcburi iş buraxma müddətinə görə əmək haqqının hesablanaraq ödənilməsi, hüquqlarını müdafiə edən vəkilə ödədiyi 530 manat məbləğində pulun ödənilməsi, mediasiya üçün ödənilən 50 manat məbləğində pulun ödənilməsi, 20.000 manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin xahiş etmişdir ki, onunla bağlanmış “Əmək müqaviləsinin” ləğv edilməsi ilə bağlı vəzifə cinayətləri törətmiş və iqtisadi fəaliyyət sahəsində olan cinayətlər törətməkdə şübhəli bilinən şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün iş üzrə xüsusi qərardad çıxarılsın və Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilsin.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə “Əmək müqaviləsi” bağlanmış və o, mühasib vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə müddətsiz bağlanmışdır. İddiaçıya hər ay 580 manat gross məbləğdə əmək haqqının ödənilməsi müqavilədə qeyd edilmişdir. Daha sonra isə MMC rəhbərliyinin ATL10/2024 saylı qərarına əsasən iddiaçının əmək haqqısı artırılaraq xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi aylıq 1.500 manat müəyyən edilmişdir. İddiaçı, MMC-də korrupsiya hallarına yol verilməsindən şübhələnərək bir neçə dəfə rəhbərliyin qarşısında bu barədə məsələ qaldırmışdır. Bundan əlavə, iddiaçı, əməkdaşlara vaxtaşırı verilən bonusların ona verilmədiyinə görə də rəhbərliyə öz narazılığını bildirmişdir. İddiaçı, onun müraciətlərin müsbət həll edilməməsini görüb xx.xx.2024-cü il tarixdə ərizə ilə rəhbərliyə müraciət edərək, onunla bağlanmış "xxxx" xitam verilməsini xahiş etmişdir. Ərizəsinə reaksiya verilməmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı eyni məzmunlu ərizəni təcili poçt vasitəsilə rəhbərliyə göndərmişdir. MMC-nin rəhbərliyi həmin ərizəni aldıqdan sonra qanunla müəyyən edilmiş bir ay müddəti gözləmədən iddiaçıdan qisas almaq məqsədilə özünün xx.xx.2024-cü il tarixli 004 nömrəli əsassız və qanunsuz əmri ilə iddiaçı ilə bağlanmış "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam vermişdir. İddiaçı işdən çıxarılarkən 2024-cü ilin oktyabr ayı üçün olan 1.500 manat əmək haqqısı və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi olan son haqq hesabı ona ödənilməmişdir. İddiaçının cavabdeh MMC-yə rəsmi müraciət edilməsinə və dəfələrlə əlaqə yaradılmasına baxmayaraq MMC-nin rəhbərliyi hər dəfə müxtəlif bəhanələr gətirərək iddiaçıya ödənilməyən əmək haqqı və son haqq-hesabı ödəməkdən boyun qaçırır. b) cavabdehin iddia tələbinə olan münasibəti barədə məlumat
3. Cavabdeh MMC-in vəkili (nümayəndəsi) Rayon Məhkəməsinə verdiyi izahatında bildirmişdir ki, MMC, iddianı qismən, yəni xx.xx.2024-cü il tarixli 004 nömrəli əmrin ləğv edilib, iddiaçının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "xxxx" bəndinə əsasən öz təşəbbüsü ilə onunla bağlanmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə xitam verilməsi hissəsində qəbul edirlər. İddia tələbini qalan hissədə qəbul etmirlər. Tərəflər arasında məhkəmədə mübahisə olunacaq məsələ yoxdur. Belə ki, iddiaçı, mediasiyaya müraciət edərkən, tərəflərindən iddiaçıya bildirilmişdir ki, yanlışlıqla "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam vermişdir, ona görə də iddiaçıya təklif edilmişdir ki, işdən çıxarılma əmri tərəflərindən ləğv edilsin və iddiaçı, yenidən işə bərpa olunaraq işinə davam etsin. Lakin iddiaçı bununla razılaşmamış, onlara qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. MMC-də işlədiyi müddətdə iddiaçı mühasib olaraq özünə maaşı hesablayıb və ödəmişdir. Lakin daha sonra diqqət etdikdə uyğunsuzluq ortaya çıxmışdır. Bununla bağlı MMC-nin tərtib etdiyi aktı, şirkətin vergi borcunun ödənilməsinə dair bildirişlər və digər sənədləri məhkəməyə təqdim etmişdir. İddiaçı, MMC-nin 15.882 manat vergi borcu manat olmasına baxmayaraq, onun hamısını ödəməmiş, həmin geridə qalan məbləğ vergi borcu kimi qalmışdır. Bundan başqa iddiaçı, şirkətlərə 4.979 manat ödəniş etməli olduğu halda 4.278 manat ödəniş etmiş, onu da öz şəxsi bank kartı vasitəsilə etmişdir. İddiaçıya son haqq-hesab ödənilməyib, çünki iddiaçıya təklif ediblər ki, yenidən qayıdıb işinə davam etsin. İddia tələbinin qalan hissədə rədd edilməsini xahiş edir. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçı ilə MMC arasında bağlanmış "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilməsinə dair MMC-nin xx.xx.2024cü il tarixli, 004 saylı əmrinin ləğv edilməsini, iddiaçı ilə bağlanmış "xxxx" Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndi (işçinin ərizəsi əsasında) ilə xitam verilməsi vəzifəsinin cavabdeh MMC-nin üzərinə qoyulmasını, iddiaçıya son haqqhesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi vəzifəsinin cavabdeh MMCnin üzərinə qoyulmasını, hüquqi xidmətə görə iddiaçının vəkilə çəkdiyi xərcin əvəzi olaraq 200 manat, mediasiya prosesinə görə çəkdiyi xərcin əvəzi olaraq 50 manat məbləğində pulun MMC-dən tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia qismən əsaslıdır və həmin hissədə cavabdeh tərəf də iddia tələbi ilə razılaşır. Qalan hissədə, yəni iddiaçıya mənəvi zərərin vurulması, vurulmuş mənəvi zərərin əvəzinin və mükafatların ödənilməsi barədə hissədə iddia yetərincə əsaslandırılmamışdır və sübuta yetmir. Buna görə də, həmin tələblər təmin edilə bilməz. Bundan başqa iddiaçı onunla bağlanmış “Əmək müqaviləsinin” ləğv edilməsi ilə bağlı vəzifə cinayətləri törətmiş və iqtisadi fəaliyyət sahəsində olan cinayətlər törətməkdə şübhəli bilinən şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardadın çıxarılıb Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsini xahiş etsə də, bunun üçün əsas müəyyən edilməmişdir. d) apellyasiya şikayəti barədə məlumat
6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın bir qisminin təmin edilməməsi hissəsində ləğv edilməsini və həmin tələblərin də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul edərək, iddia tələbinin bir qismini təmin etməmişdir. Bundan başqa Rayon Məhkəməsi bunun üçün kifayət qədər əsas olduğu halda “xüsusi qərardadın çıxarılması haqqında” vəsatətə əsaslı münasibət bildirmədən vəsatəti təmin edilməmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və verdikləri izahatlar barədə məlumat
8. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdilər və şikayətin məzmununa uyğun izahat verdilər. İddiaçının vəkili (nümayəndəsi) həmçinin vəsatətlə Məhkəməyə müraciət edərək, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinin” ləğv edilməsi ilə bağlı vəzifə cinayətləri törətmiş və iqtisadi fəaliyyət sahəsində olan cinayətlər törətməkdə şübhəli bilinən şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün iş üzrə xüsusi qərardad çıxarılmasını və Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsini xahiş etdi.
9. Cavabdeh MMC-nin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinə etiraz etdi və Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. f) apellyasiya baxışının hədləri barədə məlumat
10. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbini qismən təmin etsə də, cavabdeh qətnamədən apellyasiya şikayəti verməmişdir.
11. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı isə şikayətdə qətnamənin qismən, yəni iddianın bir qisminin təmin edilməməsi hissəsində ləğv edilməsini və iddianın tam həcmdə təmin edilməsini xahiş etmişdir.
12. Odur ki, göstərilənləri nəzərə alan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinin tələbindən çıxış edən Məhkəmə mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı, onunla cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış müddətsiz "xxxx" əsasən MMC-yə mühasib vəzifəsinə işə qəbul edilmişdir. Müqavilədə qeyd edilmişdir ki, iddiaçıya hər ay 580 manat gross məbləğdə əmək haqqı ödəniləcək. Daha sonra isə MMC rəhbərliyinin ATL10/2024 saylı qərarına əsasən iddiaçının əmək haqqısı artırılaraq xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi aylıq 1.500 manat məbləğində müəyyən edilmişdir.
15. MMC-nin xx.xx.2024-cü il tarixli 004 nömrəli əmrindən görünür ki, əmrlə, iddiaçı ilə bağlanmış "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam vermişdir.
16. Bu əmrin səhv olması MMC-nin vəkili (nümayəndəsi) tərəfindən etiraf olunmuş və yuxarıda qeyd edildiyi kimi işə baxmış Rayon Məhkəməsi qət etmişdir ki, bu əmr ləğv edilsin, iddiaçı ilə bağlanmış "xxxx" Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndi (işçinin ərizəsi əsasında) ilə xitam verilməsi vəzifəsi, iddiaçıya son haqqhesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi vəzifəsi cavabdeh MMC-nin üzərinə qoyulsun.
17. Qətnamənin həmin hissəsi hazırkı apelyasiya baxışının predmetini təşkil etmir.
18. Apellyasiya baxışının predmeti olan hissədə iddia tələbi - iddiaçıya vurulmuş mənəvi zərərin vəzinin - 20.000 manat, 2024-cü ilin oktyabr ayı üçün ödənilməmiş 1.500 manat aylıq əmək haqqı, 2023-cü il üçün 10.000 və 2024-cü il üçün 10.000 manat (bonusların) mükafatların, MMC-dən tutularaq iddiaçıya ödənilməsindən ibarətdir.
19. Qeyd edilən bu tələblər ilə bağlı iddiaçının əsasları və bu tələblərə qarşı cavabdehin etirazının əsasları yuxarıda qeyd edilmişdir.
20. Məhkəmə iddianın tələbinin “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarına görə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın” 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər (bənd 1.). Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyamın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər (bənd 2.). Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur (bənd 8.).
21. Məhkəmə bildirir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə, mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır.
22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.
23. Göründüyü kimi, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər-maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir.
24. İddiaçı mənəvi ziyanın vurulmasını belə əsaslandırmışdır ki, işəgötürənin xx.xx.2024-cü il tarixli 004 №-li əmrinin təsviri hissəsində “iddiaçının şərəf və ləyaqətini alçaldan oğurluq etmişdi və şirkətin pulunu mənimsəmişdir” kimi heç bir sübutu olmayan sözlər işlətmişdir.
25. İşdən görünür ki, bu əmrdən əvvəl iddiaçı cavabdehdən narazı olmuş və əmək münasibətlərinə xitam verilməsi ilə bağlı ərizə göndərmişdir. Bundan sonra faktiki əmək münasibətləri bitmişdir. Bundan sonra qanunsuz əmr çıxarılmışdır. Cavabdeh özü də həmin əmrin qanunsuz olmasını etiraf etmişdir. İddiaçını qanunsuz işdən çıxarmamışlar. İddiaçı özü işdən ayrılmaq istəmişdir. Qeyd edilənlərə əsasən iddiaçının şərəf və ləyaqətinin alçaldılması halı baş verməmiş və iddiaçı mənəvi iztirab çəkməmişdir.
26. Odur ki, yuxarıda göstərilənləri və işin hallarını nəzərə alaraq Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianın tələbinin “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır.
27. Məhkəmə təmin edilməyən digər tələblərlə bağlı qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir.
28. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Qeyd edilən normalara əsasən iddiaçı mükafatların verilməsi və vəkil xərci ilə bağlı tələbləri təsdiq edən sübutları, həmçinin cavabdehin cinayət hüquq pozmasına yol verməsini göstərən sənədləri və ya digər sübutları məhkəməyə təqdim etməmişdir.
30. İşin hallarını, qeyd edilən hüquq normalarının tələblərini, tələbin əsasını təşkil edən faktiki halları nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddia tələbinin göstərilən hissələrini təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır.
31. İddiaçı, işə baxmış Rayon Məhkəməsindən, hazırkı mərhələdə isə Məhkəmədən xahiş etmişdir ki, onunla bağlanmış “Əmək müqaviləsinin” ləğv edilməsi ilə bağlı vəzifə cinayətləri törətmiş və iqtisadi fəaliyyət sahəsində olan cinayətlər törətməkdə şübhəli bilinən şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün iş üzrə xüsusi qərardad çıxarılsın və Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilsin.
32. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-in 265.4-ci maddəsinə görə, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.
33. Hazırkı işin baxılması zamanı Məhkəmə bu kimi xüsusi qərardadın çıxarılması üçün əsasları müəyyən etmədi.
34. Buna görə də, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi də bu kimi əsasları müəyyən edilməməsini nəzərə alar xüsusi qərardadı çıxarmamaqda haqlı olmuşdur. g) apellyasiya baxışının nəticəsi
35. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmetini təşkil edən nəticə mahiyyətcə və faktlar nöqteyi-nəzərindən düzgündür. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır.
36. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
37. Odur ki, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi hazırkı apellyasiya baxışının predmetini təşkil edən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı İdris qızının apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 mart 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı İdris qızı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-nin tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh MMC hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.