Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3450/2022 17.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi və məruzəsi ilə, Sarıyev Xəyal Əjdər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «miras əmlak üzərində pay hüququnun tanınması» tələbinə dair 2(011)-107/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X2 miras qalmış Xətai Rayon Məhkəməsinin qərardadı ilə icra məmuru tərəfindən siyahıya alınmış 14.01.2022-ci il tarixli aktda qeyd edilən məhsulların üzərində 1/2 hissədə onun pay hüququnun, digər 1/2 hissəyə onun və birgə nikahdan anadan olmuş X5 pay hüququnun müəyyən edilməsi, həmin məhsulların dəyərinin ona və oğluna düşən hissəsinin alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, X6 ilə 27.02.2017-ci il tarixdə rəsmi nikah bağlayaraq, ailə qurmuşdur. Birgə nikahlarından 01.02.2018-ci ildə Əzizağa adlı uşaqları doğulmuşdur. X6 11.07.2020-ci ildə vəfat etmişdir. Arvadından qalan miras əmlakın qəbul edilməsi barədə notariat ofisinə müraciət etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında 13.01.2020-ci il və 07.04.2020-ci il tarixli şəhadətnamələr almışdır. Qeyd olunan şəhadətnamələr əsasında Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən 241 saylı evin 52 saylı mənzilinə və «Hyundai Accent» markalı, **-TS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə onun və azyaşlı övladı X5 hər birinin 1/3 hissədə payları müəyyən edilmiş, həmin əmlakların digər 1/3 hissəsi isə açıq saxlanılmışdır. Bundan başqa, birgə nikah dövründə Bakı şəhərində yerləşən, «Caspian Shop» ticarət mağazasında və Mərkəzi Univermaq (MUM) adlanan ticarət mərkəzinin 4-cü mərtəbəsində müvafiq yer götürərək, orada geyim əşyalarının alqı-satqısı ilə məşğul olmuşlar. Yaranmış məlum pandemiya ilə əlaqədar olaraq sonradan «Caspian Shop» ticarət mağazasındakı fəaliyyətlərini dayandırmağa məcbur olmuş və oradakı bütün geyim əşyalarını Mərkəzi Univermaq (MUM) adlanan ticarət mərkəzinin 4-cü mərtəbəsindəki, özlərinə məxsus olan satış bölməsinə daşımışlar. Hazırda Bakı şəhərində yerləşən Mərkəzi Univermaq (MUM) adlanan ticarət mərkəzinin 4-cü mərtəbəsindəki, mərhum X4 məxsus olan həmin satış bölməsində onların təqribən 350000 dollar dəyərində geyim əşyaları vardır. X1 bacısı Cavabdeh həmin mağazada satıcı kimi çalışırdı. Hazırda o, X3 vəfatı ilə əlaqədar yaranmış vəziyyətdən sui-istifadə edərək, müxtəlif bəhanələrlə, iddiaçının həmin əşyalar üzərində sahiblik, istifadə və sərəncam hüququnu həyata keçirməsinə mane olur. Bundan başqa, iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizəsində əlavə olaraq qeyd etmişdir ki, iddia ərizəsinə əlavə etdiyi Dövlət Gömrük Komitəsinin 02.07.2021-ci il tarixli, 1000-170/170-24 010576 nömrəli cavab məktubu ilə mərhum həyat yoldaşı X3 2005, 2006, 2009, 2012, 2013 və 2015-ci illər ərzində yerinə yetirdiyi idxal əməliyyatları haqqında məlumat və vergi ödəyicisi kimi qeydiyyatdan keçərək əldə etdiyi ********** VÖEN də həyat yoldaşı ilə birlikdə biznesinin olduğunu tam sübuta yetirir. Bacısının vəfat etməsindən istifadə edən cavabdehin Bakı şəhəri, Azərbaycan prospekti 10 ünvanda yerləşən Mərkəzi Univermaq (MUM) adlanan ticarət mərkəzinin 4-cü mərtəbəsində mərhum həyat yoldaşı X4 məxsus olan satış bölməsindəki satış məhsullarını qanunsuz və özbaşına sahiblənməsi nəticəsində o, həm həmin əşyalar üzərində vərəsəlik hüququndan, həm də əşyaların satışından əldən çıxmış faydadan məhrum olmuşdur. Əlavə işlə məşğul olduğundan mağazada birbaşa satışla məşğul olmamışdır. Malların daxil olması və s. bütün hərəkətlər məhz həyat yoldaşı X6, vergi hesabatları və bəyannamələrin təqdim edilməsi isə həyat yoldaşının mühasibi İsrail tərəfindən həyata keçirilmiş, mühasibin əmək haqqısı da həyat yoldaşı tərəfindən ödənmişdir. Bəzi satış məhsullarının Binə və Sədərək Ticarət Mərkəzindən seçilərək alınması və gətirilməsi hər ikisi tərəfindən həyata keçirildiyindən və bir çox hallarda mağazada ola bilməmələri səbəbindən Cavabdeh əmək haqqı ödənməsi əsasında satıcı kimi fəaliyyət göstərirdi. Hazırda isə Cavabdeh bacısının vəfatından və formal olaraq kirayə müqaviləsinin, eyni zamanda VÖEN-in öz adına olmasından istifadə edərək onların birgə nikah dövründə əldə etdiyi satış məhsullarını və qazancı mənimsəmişdir. Cavabdehin məhkəmə iclaslarında malların alış, əldə etmə mənbəyini göstərə bilməməsindən və özünün isə malların alınma mənbəyini göstərən sənədlərindən də sübut olunur ki, iddia tələbi tam haqlıdır və təmin edilməlidir. Onu da qeyd etmişdir ki, Xətai Rayon Məhkəməsinin qərardadı ilə həmin məhsullar icra məmuru tərəfindən siyahıya alınmış və bu barədə 14.01.2022-ci il tarixli akt tərtib edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianı sübut edən halları məhkəməyə təqdim etsə də, məhkəmə əsassız olaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Belə ki, Dövlət Gömrük Komitəsinin 02.07.2021-ci il tarixli, 1000- 170/170-24 010576 nömrəli cavab məktubu ilə mərhum həyat yoldaşı X3 2005, 2006, 2009, 2012, 2013 və 2015-ci illər ərzində yerinə yetirdiyi idxal əməliyyatları haqqında məlumat və vergi ödəyicisi kimi qeydiyyatdan keçərək əldə etdiyi ********** VÖEN də həyat yoldaşı ilə birlikdə bizneslərinin olduğunu tam sübuta yetirməsinə, cavabdehin isə icra məmuru tərəfindən siyahıya alınmış 14.01.2022-ci il tarixli aktda qeyd edilən geyim əşyalarının alınma mənbəyi barədə heç bir əsaslı sübut təqdim etməməsinə baxmayaraq, yalnız icarə müqaviləsinin, kassa aparatının və pos terminalın formal olaraq Cavabdeh adına olması əsası ilə iddia rədd edilmişdir. Əgər həqiqətən də Cavabdeh aktda qeyd edilən geyim əşyalarını xaricdən və ya hər hansısa bir yerdən almış olsaydı ən azından bir dənə olsun qaimə faktura və ya idxal əməliyyatı haqqında məlumatı məhkəməyə təqdim etmiş olardı. Eyni zamanda cavabdehin etirazında qeyd etdiyi kimi ticarət obyektinin vergi uçotunu aparmış olsaydı buna dair də sübutları məhkəməyə təqdim edə bilərdi. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində Simuzəri və ərini tanıdığını, Simuzər və Vüqarın nə Mərkəzi Univermaqda işləmələrini, nə də ki, orada işləyənləri malla təchiz etmələrini görməmişdir. Onlar sadəcə hərdən gəlib Güllünün qohumu kimi oturub çay içirdilər. Eşitmişdir k, Simuzər başqa yerlərə mal verir və «Caspian Shop» ticarət mərkəzində mağazası var. Cavabdehin təşəbbüsü ilə dindirilmiş şahidin verdiyi izahatdan da sübut olunur ki, həmin mallar onlar tərəfindən alınmış və onlara məxsusdur. Belə ki, o və həyat yoldaşı cavabdehlə olan qohumluq bağlarına görə onun iş yerində ona baş çəkməz, çay içməz, onun mənzilində ona baş çəkərdilər. Heç kim qohumluq münasibətlərini qohumunun iş yerində həyata keçirmir. Şahid ifadəsindən də göründüyü kimi onlar mütəmadi həmin iş yerində olur, işləri ilə bağlı mal tədarükünü həyata keçirir və bütün hərəkətlər məhz həyat yoldaşı X6, vergi hesabatları və bəyannamələrin təqdim edilməsi isə həyat yoldaşının mühasibi İsrail tərəfindən həyata keçirilmiş, mühasibin əmək haqqı da həyat yoldaşı tərəfindən ödənmişdir. Bütün bunlarla da iddianın əsaslılığının sübut oluunduğu halda məhkəmə iddianın rədd edilməsi barədə əsassız, qərəzli və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışının hədlərini İddiaçı apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığının və qanuniliyinin tam yoxlanılması təşkil edir. Kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı ilə X6 arasında nikah 27.02.2017-ci il tarixdə bağlanmış və tərəflərin birgə nikahlarından 01.02.2018-ci il təvəllüdlü X8 anadan olmuşdur. X6 11.07.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 13.01.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 07.07.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsələri - X8 və İddiaçıdur və onların hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi ev 241, 52 saylı mənzildən ibarətdir. Qeyd: göstərilən miras əmlakın 1/3 hissəsi açıq saxlanılır. Şəhadətnamə Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiq olunaraq, reyestrdə 1S-3922 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 07.04.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 07.07.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsələri - X8 və İddiaçıdur və onların hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak «Hyundai Accent» markalı **-TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Qeyd: göstərilən miras əmlakın 1/3 hissəsi açıq saxlanılır. Şəhadətnamə Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiq olunaraq, reyestrdə 2V-150 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********2 saylı arayışa əsasən, X7 VÖEN **********, 1005 ünvan 2 ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə 13.07.2012-ci il tarixdə uçota alınmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 1990-cı ildən Mərkəzi Univermağın 3-cü mərtəbəsində xırdavat bölməsində işləmiş, daha sonra 4-cü mərtəbəyə keçmişdir. Cavabdeh 2012-ci ildə qeyd olunan mağazanın 4-cü mərtəbəsində işləyir, paltar satır. Onlar bir birilərini tanıyırlar. Güllünün mərhum bacısı Simuzəri də tanımışdı. Mərhum univermaqda paltar satışı ilə məşğul olmamışdır. Eyni zamanda onun ərini də tanıyır. Simuzər və Vüqarın nə Mərkəzi Univermaqda işləmələrini, nə də ki, orada işləyənləri malla təchiz etmələrini görməmişdir. Onlar sadəcə hərdən gəlib Güllünün qohumu kimi oturub çay içirdilər. Eşitmişdir ki, Simuzər başqa yerlərə mal verir və «Caspian Shop» ticarət mərkəzində mağazası var. Heç vaxt Simuzərin mallarının Güllüdə olması barədə kimsədən eşitməmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 14.01.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail rayonu Azərbaycan prospekti 10 ünvanda yerləşən Mərkəzi Univermaq adlanan TM-nin 4-cü mərtəbəsində yerləşən tərəflər arasında mübahisə olunan satış bölməsindəki geyim əşyalarının (növü, çeşidi, sayı, miqdarı göstərilməklə) siyahıya alınması qərara alınmışdır. 14.10.2022-ci il tarixli aktda qeyd olunmuşdur ki, qərarın icrası məqsədi ilə Səbail rayon İcra şöbəsinin əməkdaşları tərəfindən hazırki iş üzrə tərəflərin və hal şahidlərinin iştirakı ilə göstərilən ünvanda olan 73 adda qadın geyim və bijuteriya əşyaları siyahıya alınmış və bu barədə akt tərtib edilmişdir. Dövlət Gömrük Komitəsinin 02.07.2021-ci il tarixli 1000-170/170-24 010576 nömrəli məktubunda qeyd olunmuşdur ki, X6 (VÖEN **********) 2005, 2006, 2009, 2012, 2013 və 2015-ci illər ərzində yerinə yetirdiyi idxal əməliyyatları haqqında məlumat iddiaçıya təqdim edilmiş, Dövlət Gömrük Komitəsinin məlumat bazasında qeyd olunan fiziki şəxsin 2002- 2004, 2007, 2008, 2010, 2011, 2014 və 2016-2020-ci illər ərzində idxal əməliyyatları haqqında məlumatlar olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 166.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1151.2-ci maddəsinə görə mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06.03.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş və haqlı olaraq qeyd etmişdir ki, İddiaçı mərhum həyat yoldaşı X3 mülkiyyətində olduğunu iddia etdiyi, Səbail rayon İcra şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 14.10.2022-ci il tarixli akt əsasında siyahıya alınmış, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 10 ünvanda yerləşən Mərkəzi Univermaq adlanan ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşən satış bölməsindəki mübahisəli geyim əşyalarının hər hansı hüquqla ona və mərhum həyat yoldaşına məxsus olması, həmçinin həmin əşyalara dair digər əmlak hüquqların olması müəyyən edilməmişdir. İddiaçının iddiasının əsaslandırdığı sübutlara əsasən mübahisəli geyim əşyalarının iddiaçının mərhum həyat yoldaşının sahibliyində olması da təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən, iddiaçı hazırkı iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüquqa malik deyildir. Çünki, iddiaçı mübahisəli geyim əşyalarının üzərində mərhum həyat yoldaşının qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olduğu halda, işin faktiki halları və qanunvericiliyin yuxarıda qeyd edilən müddəaları nəzərə alınaraq, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın rədd edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 10.02.2022-ci il tarixli, 2(011)-107/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3450/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3450/2022
17.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver