Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3451/2023 05.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 və 41 saylı Dövlət Notariat Kontoru cəlb edilməklə) Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 və 41 saylı Dövlət Notariat Kontoru cəlb edilməklə) Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-44/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh qarşı etibarnamə əsasında onun adından Cavabdeh ilə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 45,5 m2, yaşayış sahəsi 24 m2 olan 2 otaqlı, 8 saylı mübahisəli mənzilə dair Bakı şəhəri 41 saylı Notariat ofisində bağlanmış 02 noyabr 2021-ci il tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-44/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə rədd edilmiş, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, İddiaçı 300 manat tutularaq "xxxx" MMC-yə, 124 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi qət edilmişdir.
2. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəlləsinin 146, 152.1, 178, 324.1, 324.2, 324.4, 324.5, 329.1, 334.1, 334.2, 334.3.1, 337.1, 338, 339, 647.1; Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəməyə təqdim edilmiş tibbi sənədlərlə iddiaçının onkoloji xəstəlikdən əziyyət çəkməsi təsdiq olunsa da, onun müalicə üçün pul vəsaitinə ehtiyacı olduğundan mənzili girov qoyaraq pul götürməsinə dair qeyd etdikləri işin hallarına uyğun gəlmir. Alğı-satqı müqaviləsinin bağlanmasında iddiaçını təmsil edən nümayəndəsinin bildirdiyinə görə, mənzilin alğı-satqısına görə ödənilmiş pul vəsaiti hələ də ondadır və iddiaçı həmin pulu ondan tələb etməmişdir. İddiaçının mənzili satmaq niyyətində olmaması dəlili də işin halları ilə təkzib olunur. O Notariat kontorunda alğı-satqı müqaviləsi bağlanmasından xəbərdar olmuşdur. Notarius tərəfindən ona bağlanan müqavilənin mahiyyəti, qanunvericiliyin tələbləri ətraflı şəkildə izah olunmuş, iddiaçının etibarnamə üzrə nümayəndəsi təqdim olunmuş alğı-satqı müqaviləsini oxuyub tanış olaraq, həmin müqaviləni imzalamış, şərtləri ilə razı olduğunu bildirmişdir. Bundan başqa, iddiaçının nümayəndəsi mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxma və mənzilin təhvil verilməsi tarixlərinə dair bəndlərin şərtlərinin formalaşdırılmasında bilavasitə iştirak etmişdir.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsindəki 23 saylı evin 8 saylı mənzili Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 10 noyabr 2005-ci il tarixli ÖM seriyalı 250022 saylı qeydiyyat vəsiqəsinə əsasən İddiaçı mülkiyyətində olmuşdur; - xx.xx.2021-ci il tarixdə satıcı İddiaçı xx.xx.2021-ci il tarixli etibarnamə üzrə nümayəndəsi X2 vasitəsilə alıcı Cavabdeh arasında Bakı şəhəri 41 saylı notariat kontorunda ümumi sahəsi 45,5 m2, yaşayış sahəsi 24 m2 olan 2 otaqlı ünvan 2 ünvanda yerləşən 8 nömrəli mənzilə dair alğı-satqı müqaviləsi bağlanmışdır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2022-ci il tarixli 4/923 saylı rəyindən məlum olur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 23-cü səhifəsində olan qəbzdə olan əlyazmalar və qəbzin sonunda «Cavabdeh» yazılarının qarşısında olan imza – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; - Alğı-satqı müqaviləsi əsasında Cavabdeh adına ƏMDX DƏDKR publik hüquqi şəxsi tərəfindən 11 noyabr 2021-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməklə, onun mənzil üzərində mülkiyyət hüququ ********** sayla qeydiyyata alınmışdır; - "xxxx" MMC tərəfindən verilmiş 27 dekabr 2022-ci il tarixli 319/mi/22 saylı rəyindən məlum olur ki, mübahisə edilən mənzilin bazar qiyməti 47000 manat, likvid qiyməti 42000 manat təşkil edir (iş səh. 5, 9, 59, 105, 165). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-44/2023 saylı 12 yanvar 2023-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilib, birinci instansiya məhkəməsində müəyyən olunmuş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 339.2-339.4; Mülki Prosessual Məcəlləsinin 9.3, 14.2, 76.1, 76.2, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə iddia tələbi üzrə bağlanmış müqaviləyə (əqdə) hüquqi qiymət verərkən yalnız “şablon qaydada” işlənmiş rəsmi terminləri nəzərə almış, işin həqiqi və faktiki hallarını araşdırmadığından, sonda düzgün nəticəyə gəlməmişdir. Halbuki, iddia tələbində maddi hüquq normaları kimi Mülki Məcəllənin 340.1 və 340.2-ci maddələrini hüquqi əsaslandırma kimi göstərmişdir. Məhkəməyə təqdim edilmiş rəsmi sənədlər və proses iştirakçılarının verdiyi izahatlar da məntiqi baxımından ona əsas verir ki, bağlanmış əqd alğı-satqı müqaviləsi deyil, əmlakın girov qoyulub, müqabilində pul vəsaitinin götürülməsinə dair kredit müqaviləsi olmuşdur. Cavabdeh tərəflə müqavilənin bağlanması anınadək baş vermiş danışıqlar, səs yazıları, müvafiq əlyazmalardan da məlum olur ki, bağlanmış müqavilə Mülki Məcəllənin normalarını pozmaqla bağlanmış və Notariat orqanı tərəfindən təsdiqlənmişdir. Mülki iş materialları ilə bir daha təsdiq olunur ki, o uzun illərdir onkoloji xəstəlikdən əziyyət çəkir, müalicəsi davam edir. Səhhəti yol vermədiyindən notariat orqanında təmsilçi vasitəsilə iştirak etmişdir. Cavabdeh qəsəbə sakinidir. Bank işçisi olmaqla yanaşı, mənzillərin özgəninkiləşdirilməsi ilə məşğul olur. Mənzilini girov qoyaraq müalicəsi üçün pul vəsaiti əldə etmək məqsədilə ona müraciət etmiş, sonuncu isə onun savadsızlığından, xəstəliyindən istifadə edərək nümayəndəsini aldatmış, 50000 manat civarında dəyəri olan mənzili 14100 manata özgəninkiləşdirmişdir. 2 yaşayış otağından ibarət mənzilin bazar və likvid dəyərinin də müvafiq olaraq 47000 və 42000 manat müəyyənləşdirilməsi bir daha əsas verir ki, cavabdeh aldatmaqla mənzilə sahib olmuşdur. Məhkəmə isə xəstəliyini, müəyyən yaşda olmasını, həyat şəraitini nəzərə almamış, əsassız hesab etdiyi qətnaməni qəbul etməklə, qanunun tələblərini təkrar olaraq pozmuşdur. Notariat orqanı 28 may metrosu yaxınlığında, mənzil Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşir. Cavabdeh məkrli, düşünülmüş planları əsasında işlədiyi banka yaxın olan notariat orqanında mənzilə dair hüquqları qeyri-qanuni yolla reallaşdırmışdır. Notarius əmlakın vəziyyəti barədə bilgi əldə etmədən müqaviləni maraqları baxımından təsdiqləmişdir. Notariat orqanı üçüncü şəxs qismində mülki işə cəlb olunsa da, məhkəmədə iştirak etməmiş, notariat sənədlərini məhkəməyə təqdim etməmişdir. Təlimatın normalarını pozmuşdur. Məhkəmə tərəfindən keçirilmiş iclaslar barədə ona məlumat verilsə də, onkoloji xəstəlik səbəbindən heç bir iclasda iştirak etməmişdir. Məhkəmədə nümayəndə vasitəsilə təmsil olunduğu halda, qəbul edilmiş qətnamədə qeyd olunmuşdur ki, İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi (qətnamə 2/2). Məhkəmə görünüş üçün belə nəticə vermişdir ki, guya ki, çəkişmə prinsipinə əməl etmişdir. Məhkəmə qətnaməsi elektron məhkəmə sistemində yerləşdirilməmişdir. Çəkişmə prinsipinə əməl olunma formal şəkildə həyata keçirildiyindən, bütün məlumatlar elektron məhkəmə sistemində əks olunmamışdır. İşə baxan hakim irəli sürülmüş tələb üzrə iddiaçının və digər proses iştirakçılarının təqdim etdikləri sənəd və sübutlar əsasında işi düzgün həll etmək üçün əhəmiyyəti olan digər halların olduğunu və ya olmadığını müəyyən edərkən istinad etdiyi məlumatları fərziyyə baxımından qəbul etmiş, bu Məcəllədə müəyyən olunmuş qaydada əldə etməmişdir. Məhkəməyə təqdim etdiyi yazılı sübutlar qəbul edilsə də, tam şəkildə araşdırma aparılmadığı səbəbindən sübutlar siyahısından çıxarılmış, əmlakın qiymətləndirilməsi üzrə verilmiş ekspert rəyləri nəzərə alınmamış, yalnız cavabdehin səmimi olmayan izahatı əsassız qəbul edilmiş, həmçinin üçüncü şəxsin izahatı təhrif olunduğundan sübut hesab olunacağı təqdirdə, sübutlar siyahısından çıxarılmışdır. (MPM-in 77- 81-ci, 102-103-cü maddələrinin tələblərinə əməl edilməmişdir). Ona görə də işə baxan hakimin gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Məhkəmə müstəqil olaraq yaşadığı mənzilin dəyərinin müəyyən edilməsi üçün təqdim etdiyi Qiymətləndirmə rəyinə ("xxxx" MMC Hüquq qiymətləndirmə şirkəti) hüquqi qiymət verməmiş, alğı-satqı müqaviləsi üzrə əmlakın dəyərinin yenidən müəyyən edilməsi üçün digər rəyə istinad etsə də, verilmiş rəylər üzrə deyil, yalnız mülahizə və cavabdehin izahatından istifadə edərək qətnamə qəbul etmişdir. Belə olan halda, 1 il 6 ay davam edən məhkəmə prosesləri süni olaraq təyin edilmişdir. xx.xx.2021-ci il tarixli, 36 ay müddətinə hər ay nəzərdə tutulmuş ödəniş cədvəli, cavabdehin mənzildə təmir xərclərinin 30000 manatdan yuxarı olacağı barədə yalandan verdiyi məlumat yoxlanılmamış, zona üzrə 2 otaqlı yaşayış sahəsi olan mənzillərin (birja, daşınmaz əmlak agentliyi tərəfindən verilmiş məlumatlar) satışına dair start qiyməti üzrə təqdim olunan məlumatlar, əlyazma qəbzin cavabdehin ailə üzvləri tərəfindən yazılması halları, cavabdehlə alğı-satqı üzrə təmsilçisi arasında gedən danışıqlara dair səs yazıları və s. tədqiq edilməmiş və nəzərə alınmamışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 bildirmişdir ki, iddiaçı alacağı pulun bir hissəsini ona verəcəkdi. İddiaçının məqsədi evi girov qoyaraq bankdan kredit götürmək olmuşdur. İlk öncə Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən notariusa getmişlər, lakin orada onlara 14100 manata alğı-satqı müqaviləsi bağlaya bilməyəcəklərini bildirmişlər. Sonra Cavabdeh 28 May metrosunun yaxınlığında notariusun olduğunu demiş, iş materiallarında olan əlyazmanı onun evindən götürərək həmin notariusa gəlməsini xahiş etmişdir. Notariat orqanında əmlakı girov qoymaq istədiyini bildirsə də, ona bunun mümkün olmadığını, yalnız alğı-satqı edə biləcəklərini bildirmişlər. Mənzili iş materiallarında olan əlyazma əsasında alğı-satqı etmişdir. Cavabdeh ona iki gün ərzində 20000 manat ödəyəcəyini bildirmişdir. Müqavilə bağlandıqdan sonra ona 14100 manat ödənilmiş, dəfələrlə Cavabdeh müraciət edərək əlavə 20000 manatı verməsini istəsə də o heç bir ödəniş etməmişdir. Alğı-satqı müqaviləsi aldatma yolu ilə bağlanılıb. Kreditin daha yüksək məbləğdə verilməsi üçün cavabdeh evi öz adına girov qoyacağını vəd etmişdi.
7. Məlumatlandırılmaları üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs 41 saylı Dövlət Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı tələblərinə (maddələrinə) əsasən: 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. 347.3. Əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. 347.4. Kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur. 347.5. Predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. 347.6. Yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etməyə hüquq vermir. 347.7. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur. 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. 353. Tərəflər əqdin etibarsızlığını bildikdən sonra etibarlı olmasını arzuladıqda, əgər etibarsız əqd başqa əqd üçün nəzərdə tutulan tələblərə uyğun gəlirsə, başqa əqdin qaydaları tətbiq edilir. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.
10. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-366, 385-404, 646-649, 777-786; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil əks edilməmişdir.
11. Qeyd edilməlidir ki, əqdin bağlanması zamanı münasibətlərin etibarlılığı və iddiaçının sonradan aldanmasını görərək yanlış addım atmasını dərk etməsi müqavilənin etibarsızlığına dəlalət etmir. Münasibətlərin mahiyyəti bir şəxsin hüququnun etibar edilmiş digər şəxs vasitəsi ilə həyata keçirilməsi məsələlərinə toxunur ki, ilk olaraq bu etibarnamə ilə tapşırıq müqaviləsindən irəli gələn hallar iddiaçı tərəfindən təkzibedilməz sübutlarla təsdiq edilməlidir. İddiaçı tərəfindən etibarnamə və pulun verilməsi üzrə etibar edilmiş şəxsin məhz hər hansı tapşırığın yerinə yetirilməsi ilə əlaqədar hərəkətlərinin (və ya onların təyinatının) məhdudlaşdırılması barədə sübutlar təqdim edilməmiş, etibar edilmiş isə müqavilə azadlığı müstəvisində, alğı-satqının təşəkkül tapdığı tələbtəklifə müvafiq 14 100 manat almaqla, əqdi öz razılığı ilə, heç bir təsir – təzyiq olmadan imzalamış, lakin (özünün dediyinə görə) cavabdehlə əldə edilmiş şifahi razılıq əsasında sonradan ödənilməsi nəzərdə tutulan 20000 manat pul vəsaiti ona ödənilməmişdir. Əlavə pul vəsaitlərinin verilməsi barədə dəlillər sübuta yetirilmir və yalnız əmlakın dəyərinin adi mülki dövriyyədə yüksək olması əsası ilə (əmlakı satan şəxsin öz razılığını ifadəsi qarşılığında) əqdin etibarsızlığı müəyyən edilə bilməz. Məhz bu dəlillər ehtimallara və ya fərziyyələrə deyil, şəxsin iradə ifadəsinə zidd və ya əqdin əhəmiyyətsizliyinə dəlalət edən dayanıqlı sübutlara əsaslanmalıdır.
12. Beləliklə, apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onu ödəyən şəxslərə aid edilməlidir.
13. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-44/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.