Məhkəmə qərarları › İş №2(103)-3453/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3453/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3453/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı “xxxx” İKB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Əliyeva Dinara Emil qızının, cavabdeh Mirzəyev Natiq Mircəlal oğlunun iştirakları ilə, İddiaçı “xxxx” İKB Açıq Səhmdar Cəmiyyətinin (hazırda “xxxx” ASC) cavabdeh Mirzəyev Natiq Mircəlal oğluna qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 31/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstəmişdir ki, xx xxx 2014-cü il tarixli 23- A-1-0-221-14 №-li kredit müqaviləsinə əsasən Mirzəyev Natiq Mircəlal oğlu “xxxx” İKB ASC-nin “11 SAYLİ” filialından avtomobil almaq məqsədi ilə illik 17%-lə 36 ay müddətinə 13.710 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq 0, öz mülkiyyətindəki **-UT-*** dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı, ağ mirvari rəngli “Toyota Corolla” minik markalı (mühərrik: U809660, ban: NMTBB4JE70R052595) avtomobilə xx xxx 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Girovla yüklülük dövlət qeydiyyatına alınmışdır. xx xxx 2014-cü il tarixli 23-A-1-0-221-14 №-li kredit müqaviləsinin 1.14-cü bəndinə görə kredit verilərkən verilmiş ödəniş cədvəli üzrə borclu öhdəliklərini vaxtında icra etməsə, borc vaxtı keçmiş kreditə aid edilir və 54%-lə borcludan tələb edilir. xx xxxx 2018-dək Mirzəyev Natiq Mircəlal oğlunun banka 7718.25 ABŞ Dolları əsas borc, 3361.83 ABŞ Dolları faiz borcu və 4725.32 ABŞ Dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 15805.4 ABŞ Dolları borcu vardır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə girov (ipoteka) predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda bildirişin qeydə alınması barədə reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, 02 mart 2020-ci il tarixli maliyyə arayışına əsasən Mirzəyev Natiq Mircəlal oğlunun xx xxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 5618.15 ABŞ dolları əsas, 1952.44 ABŞ dolları faiz, 1883.95 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 975.5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 10430.04 ABŞ dolları borcu vardır. xx xxx 2014-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödəilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəklində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. İddiaçı ərizəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.7, və 449.1ci maddələri ilə əsaslandıraraq, cavabdeh Mirzəyev Natiq Mircəlal oğlunun xx xxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 5618.15 ABŞ Dolları əsas borc, 1952.44 ABŞ Dolları faiz borcu və 1883.95 ABŞ Dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 975.5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 10430.04 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması; Mirzəyev Natiq Mircəlal oğlundan tutulmalı olan məbləğ, yəni cəmi 10430.04 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş və Mirzəyev Natiq Mircəlal oğlunun mülkiyyətində olan **-UT-*** dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı, ağ mirvari rəngli Toyota Corolla minik markalı (mühərrik: U809660, ban: NMTBB4JE70R052595) avtomobilin açıq hərrac vasitəsilə satılması hesabına yönəldilməsi; ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi ümumi qaydada cavabdeh Mirzəyev Natiq Mircəlal oğlundan tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-31/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Mirzəyev Natiq Mircəlal oğlundan kredit müqaviləsi üzrə 5618.15 ABŞ Dolları əsas borc, 1952.44 ABŞ Dolları faiz borcu, 188 ABŞ Dolları dəbbə pulu, 975.5 ABŞ Dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olmaqla, ümumilikdə 8734,09 ABŞ Dolları məbləğində pul vəsaitinin “xxxx” İKB-nin xeyrinə tutulması, tələbin cavabdehə məxsus 2014-cü il buraxılışlı, ağ mirvari rəngli “Toyota Corolla” minik markalı (mühərrik: U809660, ban: NMTBB4JE70R052595) avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi, iddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 50%, yəni 15 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 50%, yəni 15 manatının iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin iclaslarda onun iştirakını təmin etmədiyi, ölkədə baş vermiş devalivasiya proseslərini nəzərə almadığı və borc məbləğinin düzgün hesablanması məqsədilə ekspertiza təyin etmədiyi arqumentləri ilə əsaslandırmışlar. Məhkəmə iclasında iştirak edən cavabdeh şikayətini müdafiə etməklə yanaşı borcundan 11.000 ABŞ dolları ödədiyini və hazırda 4900 ABŞ dolları borcu qaldığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunmuş hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə yalnız qeyd edilən hissədən apellyasiya şikayəti vermişdir. Qeyd olunan kontekstdə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “xxxx” İKB-nin 11 saylı filialı ilə Mirzəyev Natiq Mircəlal oğlu arasında bağlanmış xx xxx 2014-cü il tarixli, 23-A-1-0-221-14 saylı kredit müqaviləsindən görünür ki, “xxxx” İKB tərəfindən illik 17% olmaqla 36 ay müddətinə Mirzəyev Natiq Mircəlal oğluna 13710 manat məbləğində kredit vermişdir. İş materialında olan “xxxx” İKB-nin 11 saylı filialı ilə Mirzəyev Natiq Mircəlal oğlu arasında bağlanmış xx xxx 2014-cü il tarixli, 23-A-1-0-221-14 saylı ipoteka müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən 90- UT-075 dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı, ağ mirvari rəngli “Toyota Corolla” minik markalı (mühərrik: U809660, ban: NMTBB4JE70R052595) avtomobil kreditin qaytarılmasını təmin etmək üçün ipoteka ilə yüklü edilmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin ölçüsü 13710 manat məbləğindədir. İş materialında olan “xxxx” İKB–si tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, Mirzəyev Natiq Mircəlal oğlunun kredit üzrə 7718.25 ABŞ Dolları əsas borc, 3361.83 ABŞ Dolları faiz borcu və 4725.32 ABŞ Dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 15805.4 ABŞ Dolları borcu vardır. İş materialında olan xxxx ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Mirzəyev Natiq Mircəlal oğlunun kredit üzrə 5618.15 ABŞ Dolları əsas borc, 1952.44 ABŞ Dolları faiz borcu və 1883.95 ABŞ Dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 975.5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 10430.04 ABŞ Dolları borcu vardır. İş materiallarında olan ərizədən görünür ki, “xxxx” İKB-si tərəfindən xx.xx.2018-ci il tarixdə HDM-3155 nömrə ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə ünvanlanmış bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizə xx xxx 2018-ci il tarixdə N.Mirzəyevə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş xx xxx 2014-cü il tarixli, AA 121528 saylı ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışın surətindən məlum olur ki, Mirzəyev Natiq Mircəlal oğlu mülkiyyətində olan “Toyota Corolla” markalı, ** UT *** dövlət qeydiyyat nişanlı avtomobili “xxxx” İKB-nin 11 saylı filialı qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan “xxxx” İKB-nin cavabdeh Mirzəyev Natiq Mircəlal oğluna ünvanladığı bildirişə əsasən məlum olur ki, bank, cavabdehə borcun ödənilməsini təklif edilmiş, borc ödənilməsə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində borcalanın hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Apellyasiya şikayətində ümumi ifadələrlə irəli sürülən, borcun məbləğinin düzgün hesablanmaması arqumenti ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Apellyatorların, məhkəmənin manatın devalvasiyasını nəzərə almadığı barədə irəli sürdükləri ilə bağlı isə kollegiya qeyd edir ki, borcalanın maddi vəziyyətinin pisləşmiş olması iddiaçı qarşısında yaranmış öhdəliklərindən onu azad etmir. Kollegiya apelyatorun məhkəmə iclasında iştirakının təmin edilməməsi arqumentini də əsassız hesab edir; belə ki, iş materiallarından onun məhkəmə tərəfindən lazımi qaydada məlumatlandırıldığı, lakin məhkəmə iclaslarına gəlmədiyi aydın olur - məlumatlı olduğu məhkəmə iclaslarına getməməsinin məsuliyyətini isə cavabdeh daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Beləliklə kollegiya hesab edir ki, cavabdehlərin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-31/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar