Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3453/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: qızıl-zinət əşyalarının və ya onun dəyərinin qaytarılması X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının və ya onun dəyərinin qaytarılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-47/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanmış, tərəflərin birgə nikahından xx.xx.2020-ci il tarixdə X6 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 1916/2023 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşağın iddiaçının yanında qalması müəyyən edilmiş, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulmuşdur. Cavabdeh aralarında bağlanmış girov müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə 750 əyarlı 3,4 qram çəkidə 1 ədəd qızıl üzüyü (150 manat qiymətləndirilmişdir), xx.xx.2020-ci il tarixdə 750 əyarlı 5,3 qram çəkidə 1 ədəd brilliant qaşlı qızıl üzüyü (200 manat qiymətləndirilmişdir), xx.xx.2020-ci il tarixdə 583 əyarlı 6 qram çəkidə 1 ədəd brilliant qaşlı qızıl üzüyü (250 manat qiymətləndirilmişdir), xx.xx.2020-ci il tarixdə 585 əyarlı 7,1 qram çəkidə 1 ədəd qızıl qolbağı (300 manat qiymətləndirilmişdir), xx.xx.2020-ci il tarixdə 750 əyar 5 qram çəkidə 1 ədəd brilliant qaşlı cüt qızıl sırğanı (300 manat qiymətləndirilmişdir) lombarda (fərdi sahibkar X7) girov qoymuş və bu əşyaların hər biri ilə bağlı ona girov bileti verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının icrası qaydasında aparılmış ekspert tədqiqatının nəticələrinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 9/635 nömrəli ekspert rəyinə əsasən 2 adda zərgərlik məmulatlarının (585 əyarlı qızıldan hazırlanan qolbaq – 604 manat; 583 əyarlı qızıldan hazırlanan alyans üzük – 510 manat) orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1.114 manat, digər 3 adda məmulatların (583 əyarlı qızıldan hazırlanan paxlava formalı (zümrüd qaş) üzük, brilliant qaşlı 750 əyarlı qızıldan hazırlanan bir cüt sırğa və 583 əyarlı qızıldan hazırlanan boyun sepi) kütləsi, üzərində olan qaşların istehsal yeri, keyfiyyəti, sayı, mənşəyi, ölçüsü və s. barədə məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən 1 ədəd 583 əyarlı, ümumi çəkisi 6 qram (0,60 karat çəkidə brilliant daşla) olan paxlava formalı üzüyün ümumi dəyəri 1.000 manat məbləğində müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı qulağında əks edilmiş 1 ədəd 750 əyarlı 7-8 qram çəkidə (1,2 sot çəkidə brilliant qaşla) 1 çüt qızıl sırğanın xx.xx.2025-ci il tarixə bazar dəyəri 1.280 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən bir cüt brilliant sırğanın, paxlava şəklində üzüyün (zümrüd qaş), qızıl qolbağın, qızıl boyun sepinin, qızıl alyans üzüyün qaytarılması, həmin əşyalar olmadıqda isə onların dəyərinin, yəni 5.450 manatın və həmçinin 100 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin yuxarıda göstərilmiş faktiki hallarına istinad edərək əsaslandırılmış, o cümlədən qeyd etmişdir ki, cavabdeh ilə birgə nikah dövründə toy mərasimində və toydan əvvəl ona qohumlar tərəfindən qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Ayrıldıqdan sonra ona hədiyyə edilmiş, istifadəsində olmuş qızıl-zinət əşyaları bugünədək qaytarılmamışdır. Cavabdehdən tələb etdikdə isə icazəsi olmadan satdığını bildirmişdir. Qızıl-zinət əşyaları aşağıdakılardır: 1) Brilliant sırğa 1 cüt - qiyməti 1.200 manat, 2) Brilliant üzük paxlava (zümrüd qaş) - qiyməti 2.400 manat, 3) Qızıl qolbaq qiyməti 800 manat, 4) Qızıl boyun sepi - qiyməti 700 manat, 5) Qızıl alyans üzük - qiyməti 350 manat.
4. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək bildirmişdir ki, qızıllar iddiaçının razılığı ilə lombarda qoyulmuş, lakin pandemiya dövrü davam etdiyindən işləyə bilməmiş və qızılların pulunu qaytara bilmədiyindən qızıllar batmışdır. İddiaçı 2020-ci ilin ortalarından ondan qızılları tələb etmişdir. Hazırki iddia üzrə iddiaçı hətta lombarda qoyulmamış qızılları da tələb etmişdir. İddiaçı nəinki iddia müddətini ötürmüş, həmçinin, iddia tələbini də şişirtmişdir.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-47/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh bir cüt brilliant qaşlı qızıl sırğa; bir ədəd qızıl qolbaq; bir ədəd qızıl alyans üzük və bir ədəd paxlava formalı qızıl üzük, həmin əşyalar olmadıqda isə onların dəyəri olan 3.394 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı, ödənilməmiş 3,94 manat məbləğində dövlət rüsumunun isə dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (X4).
6. Məhkəmə, ilk növbədə, cavabdeh tərəfindən mövcudluğu mübahisələndirilməyən qızıllara münasibət bildirərək qeyd etmişdir ki, Cavabdeh məhkəmə iclasında üç qızılın – bir cüt brilliant qaşlı qızıl sırğanın; bir ədəd qızıl qolbağın; bir ədəd qızıl alyans üzüyün iddiaçıya toyda hədiyyə edilmiş qızıllar olduğunu qəbul etdiyindən İddiaçı öz üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirmişdir. Lakin Cavabdeh sübut edə bilməmişdir ki, həmin qızılları mülkiyyətçinin (iddiaçının) razılığı ilə lombarda girov qoymuşdur. Əksinə, o, qəbul etmişdir ki, iddiaçı ilə olan nikahı rəsmi olaraq 2023-cü ildə pozulsa da, onlar bundan xeyli müddət əvvəl – iddiaçı xx.xx.2020-ci il təvəllüdlü uşaqlarına hamilə olduğu vaxtlardan faktiki ayrı yaşamışlar. Bundan əlavə, məhkəmənin sorğusuna verilmiş cavab əsasında müəyyən edilmişdir ki, qızılların hər biri 2020-ci ilin fevral-iyun aylarında məhz Cavabdeh tərəfindən girov qoyulmuşdur. Buradan belə görünür ki, tərəflər faktiki ayrı yaşasalar da, iddiaçıya məxsus qızıllar cavabdehin sahibliyində olmuşdur. Cavabdeh iddiaçının qızılları özü ilə aparması, sonradan lombarda girov qoymaq üçün ona verməsi, yaxud həmin qızılların girov qoyulması qarşılığında əldə etdiyi pulu iddia etdiyi kimi həqiqətən iddiaçının razılığı daxilində uşağın doğum xərcləri, eləcə də onun bəzi ehtiyaclarını (özünün istinad etdiyi kimi uşaq bezi və s.) almaq üçün xərcləməsi kimi hərəkətlərini təsdiq edən sübutları (məsələn, müvafiq ödəniş qəbzləri, yaxud onun bu hərəkətlərinə şahid olan şəxslərin ifadələri) məhkəməyə təqdim etməmişdir. Onun əksinə, iddiaçının təqdim etdiyi mobil tətbiq vasitəsilə baş tutmuş yazışmalardan (Hansı ki, cavabdeh həmin yazışmaların öz aralarında baş tutmasını mübahisələndirməmiş, sadəcə olaraq məzmunu xatırlamadığını bildirmişdir) görünür ki, iddiaçı onu qızılları “batırmaqda” ittiham etmiş, ondan qızılları tələb etmiş, cavabdeh isə “yaxşı elədiyini” bildirmiş, qızılların ona qayıtmayacağını, “ona heç nə düşmədiyini” bildirmişdir. Həmçinin bu yazışmalardan görünür ki, 2021-2022-ci illərdə tərəflər arasındakı ailə bağları hələ qopmamış, cavabdeh aralarındakı bu ayrılığa son qoyacağına, ev tutub iddiaçı və uşağı ilə birlikdə bir ailə kimi yaşayacağına dair vədlər vermişdir. Cavabdeh elə məhkəmə iclasında verdiyi izahatında da iddiaçının birgə yaşadıqları evdən gedişinin aralarındakı ailə münasibətlərinin sonlanması və iddiaçının evi birdəfəlik tərk etməsi ilə əlaqədar olduğunu iddia etməmiş, əksinə, iddiaçının həmin vaxt hamilə olduğunu və uşağı dünyaya gətirdikdən sonra bir müddət ailəsinin ona baxması üçün qarşılıqlı razılıq əsasında iddiaçını öz evlərinə apardığını, lakin iddiaçının sonradan geri qayıtmadığını, ayrı ev istədiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus qızıllar cavabdeh tərəfindən iddiaçının razılığı olmadan girov qoyulduğundan iddiaçı cavabdehdən həmin qızılları tələb etməkdə haqlı olmuşdur.
7. Məhkəmə iddiaçının tələb etdiyi və cavabdehin mövcudluğunu ümumiyyətlə qəbul etmədiyi iki qızıla – paxlava formalı qızıl üzük və qızıl sepə – münasibətdə qeyd etmişdir ki, hər nə qədər cavabdeh bu iki qızılın da iddiaçıya hədiyyə edilmədiyini, onun belə qızılları olmadığını video-audio yazısı aparılan məhkəmə iclaslarında əminliklə bildirsə də, sonradan məhkəmənin sorğusu üzrə qızılların girov qoyulduğu təşkilatdan verilmiş cavab əsasında paxlava formalı qızıl üzüyün də (fotosu təqdim edilməklə) 2020-ci ilin mart ayında cavabdeh tərəfindən girov qoyulduğu, qarşılığında 250 manat məbləğində pul əldə edildiyi müəyyən edilmişdir. Əvvəlki məhkəmə iclaslarında həmin qızılın mövcudluğunu qətiyyətlə təkzib edən cavabdeh sonradan əldə edilmiş bu sübuta münasibətdə həmin qızılı girov qoyması barədə heç nə xatırlamadığını bildirməklə kifayətlənmişdir. Məhkəmə isə cavabdehin bu mövqeyini işin hallarını öz xeyrinə dəyişmək üçün sərgilənmiş qeyrisəmimi mövqe kimi qiymətləndirmiş və hesab etmişdir ki, həmin qızıl da digər qızıllarla birlikdə tərəflərin ayrı yaşadıqları dövrdə cavabdehdə qalan və cavabdehin iddiaçının razılığı olmadan girov qoyduğu qızıllardan biri olmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı həmin qızılı da cavabdehdən tələb etməkdə haqlı olmuşdur.
8. Məhkəmə iddiaçı tərəfindən tələb edilən sonuncu qızıla – qızıl boyun sepinə – münasibətdə isə məhkəmə qeyd etmişdir ki, bu hissədə məhz iddiaçı öz üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmiş, yəni bu qızılın həqiqətən mövcud olduğunu və öz mülkiyyətində olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı öz mövqeiyini sübut edə bilmədiyindən iddia bu hissədə təmin edilməməlidir.
9. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya verilməsi qət edilən qızılların dəyəri ilə bağlı qeyd etmişdir ki, iş materiallarında olan ekspert rəyindən görünür ki, iddiaçı tərəfindən tələb edilən beş qızıldan ikisi ekspert tərəfindən qiymətləndirilmiş, bu qızıllardan 585 əyarlı qızıldan hazırlanan bir ədəd qolbağın orta bazar qiyməti 604 manat; 583 əyarlı qızıldan hazırlanan bir ədəd alyans üzüyün bazar qiyməti isə 510 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilməsi müəyyən edilən digər iki qızıl isə mütəxəssis rəyləri əsasında qiymətləndirilmişdir. Belə ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində 583 əyarlı qızıldan hazırlanan paxlava formalı üzüyün bazar qiyməti 1000 manat; "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində isə 750 əyarlı qızıldan hazırlanan bir cüt brilliant qaşlı qızıl sırğanın bazar qiyməti 1.280 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə hesab etmişdir ki, həm ekspert rəyində, həm də mütəxəssis rəyində müəyyən edilmiş bazar qiymətləri qiymətləndirici mütəxəssislər tərəfindən hesablanmaqla ağlabatan məbləğlərdir və bu rəylərlə razılaşmamaq üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, məhkəmə cavabdehdən tutulması qət edilən hər bir qızılın dəyərinin bu rəylər əsasında müəyyən edilməsi nəticəsinə gəlmişdir.
10. Məhkəmə, cavabdeh tərəfindən mübahisəyə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə münasibətdə qeyd etmişdir ki, iddiaçının tələbi mülkiyyətçinin hüququnun pozuntusunun aradan qaldırılması ilə bağlı olduğundan həmin tələblərə iddia müddəti tətbiq edilmir.
11. Məhkəmə xərclərinə münasibətdə məhkmə hesab etmişdir ki, iş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 50 manat məbləğində dövlət rüsumu ödəmiş, ilkin mediasiya sessiyasında iştirakla bağlı xərcləri qarşıladığından qalan rüsumu ödəməkdən azad olmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddianın təmin edilmiş hissəsinə (3.394 manat) mütənasib olaraq ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya, iddiaçı ödəməkdən azad olduğuna görə ödənilməmiş 3.94 manat məbləğində dövlət rüsumu isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci, 225ci və 666-cı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 107-ci, 119-cu, 217-ci, 222-ci maddələrinə istinadla əsaslandırmışdır.
13. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-47/2025 saylı əlavə qətnaməsi ilə Cavabdeh 50 manat məbləğində ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 100 manat məbləğində mütəxəssis xidməti haqqının tutularaq "xxxx" MMC-nin hesabına, 50 manat məbləğində ödənilmiş mütəxəssis xidməti haqqının tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-47/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Cavabdeh apellyasiya şikayətini iddia müddətinin tətbiq edilməsi barədə ərizənin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, pandemiya vaxtı olduğundan o, həmin vaxt işsiz qalmış, məcbur qalaraq uşağın doğum və digər xərclərini qarşılamaq üçün həmin qızılları iddiaçının özündən anasının yaşadığı evdə gedib götürmüşdür. Belə olan halda iddiaçının razılığı olmadan qızlları götürüb lombarda qoymağı absurddur. Digər məsələ isə iddiaçının tələb etdiyi qızıllardan üçü – bir cüt brilliant qaşlı qızıl sırğa; bir ədəd qızıl qolbaq; bir ədəd qızıl alyans üzük – həqiqətən də iddiaçıya toyda hədiyyə edilmiş qızıllar olmuşdur və 2020-ci ildə uşağın doğumu ilə əlaqədar xərcləri qarşılamaq üçün iddiaçının razılığı daxilində lombardda girov qoyulmuşdur. İddiaçı 5 adda qızılı mübahisələndirmiş həmin qızıllardan Ədliyyə Nazirıliyinin Məhkəmə Ekspertiza Mərkəzi 2-ni qiymətləndirmiş, həmin qiymətləndirilən 2 qızıldan birinin qramı düzgün qeyd edilməmiş, digər 2 qızıla isə qiymət verilməsi fotoşəkillər aydın olmadığı üçün mümkün olmamışdır. Sonradan qızıllara qiymət verilməsi üçün sənədlər özəl qiymətləndirmə şirkətinə göndərilmiş, AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin qiymətləndirə bilmədiyi qızılları necəsə həmin şirkət qiymətləndimiş, nəticədə qiymətlər süni şəkildə artırılmışdır. Qızılların iddiaçının razılığı ilə lombarda qoyulduğunu sübut edə bilməmiş olsa belə, hər bir halda qızılların qramı və dəyəri düzgün müəyyən edilməli idi. Belə ki, məhkəmənin müvafiq qərardadının icrası qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən mübahisəli 585 əyarlı qızıl qolbağa dair verilən rəy həqiqəti əks etdirmişdir. Həmin qolbağın dəyərini mübahisələndirmir. O ki, qaldı qızıl alyans məsələsinə iddiaçı belə iddia tələbində həmin qızılın 3 qram olduğunu qeyd etmiş, birinci instansiya məhkəməsi ekspertizanın təyin edilməsinə dair qərardadda qızılın qramını səhv göstərmiş, buna görə də sözügedən alyansın dəyəri süni şəkildə artmışdır. Mübahisəli olan digər 2 adda qızıl əşya ilə bağlı qiymətləndirmə niyəsə fərqli fərqli qiymətləndirmə şirkətlərində aparaılmış, biri – 583 əyarlı, 6 qram çəkidə olan paxlava formalı qızıl üzük "xxxx" MMC-də qiymətləndirilmiş nəticə etibarilə 1.000 manat dəyərləndirilmiş, digəri isə (5 qram, 750 əyarlı qızıl sırğa) isə "xxxx" MMC tərəfindən qiymətləndirilmiş, həmin qızılın isə qiyməti 1.280 manat müəyyən edilmişdir. Məhkəmə Ekpertiza Məhkəməsinin həmin qızıllara qiymət verə bilməməsinin səbəbi həmin qızılların şəkillərinin kifayət qədər aydın olmaması, qaşlarının nə olmasının aydın olmaması olmuşdur. Belə olan halda özəl qiymətləndirmə şirkətləri nəyin əsasında sırğa və paxlava formalı üzüyə 1.000 və 1.280 manat qiymət təyin etdikləri də bəlli deyil. Məlumdur ki, 583 əyarlı qızılın qramı 85 manat, 750 əyarlı qızılın qramı isə maksimal olaraq 120 manatdır ki, belə olan halda üzüyün dəyəri 510 manat, sırğanın dəyəri isə 600 manat edir ki, maksimal dərəcədə 100-200 manat qaşlarının dəyəri olar. Belə olan halda qiymət süni şəkildə şişirdilmişdir. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün hallar, qızıl alyansın qramının düzgün qeyd edilmədiyi, buna görə də ekspert rəyinin reallığı əks etdirmədiyi, qalan 2 adda qızıla isə Ekspertiza Mərkəzinin qiymətləndirə bilmədiyi halda, pulunu önların ödədiyi qiymətləndirmə şirkətinin hansı meyarlar əsasında qiymətləndirildiyi və s. hallar nəzərə alınmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini əvvəlcə müdafiə etsə də, sonradan qətnaməni ancaq qızıl-zinət əşyalarının qiyməti hissəsində mübahisələndirdiyini bildirmişdir.
18. İştirak etdiyi məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 Əbüfəz qızı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ərarvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir; 384.0.3-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Apellyasiya şikayətində qətnamənin ləğv edilib, iddianın rədd edilməsi xahiş edilsə də, hüquqi nəticə etibarı ilə qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “brilliant qaşlı 1 cüt qızıl sırğanın və 1 ədəd qızıl alyans üzüyün və buna uyğun olaraq qızıl-zinət əşyalarının ümumi dəyəri” hissəsində dəyişdirilməlidir.
27. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, cavabdeh bir cüt brilliant qaşlı qızıl sırğanın, bir ədəd qızıl qolbağın, bir ədəd qızıl alyans üzüyün toyda iddiaçıya hədiyyə verildiyini, başqa sözlə, mövcudluğunu qəbul edir, lakin həmin qızıl-zinət əşyalarının iddiaçının razılığı ilə lombarda qoyulduğunu və əldə etdiyi pul vəsaitini ailəyə xərclədiyini bildirir. Lakin öz mövqeyini sübuta yetirə bilmir, hətta apellyasiya şikayətində də bu halı etiraf edir. İddiaçı isə qızıl-zinət əşyalarının onun razılığı ilə lombarda qoyulduğunu qətiyyətlə qəbul etmir. Bu hal aparılmış araşdırma ilə də öz təsdiqini tapmır.
28. Mübahisə predmetini təşkil edən paxlava formalı qızıl üzüyün mövcudluğunu isə cavabdeh qəbul etməsə də, onun bu mövqeyi "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubla inkar olunur. Belə ki, həmin məktuba əsasən cavabdeh 5 ədəd qızıl-zinət əşyasını, o cümlədən 1 ədəd 583 əyarlı, ümumi çəkisi 6 qram olan üzüyü (paxlava formalı) girov qoymuş və sonradan heç bir ödəniş etmədiyindən həmin əşyalar satılmışdır. Həmin məktuba əlavə edilmiş girov biletindən isə bu əşyanın məhz cavabdeh tərəfindən girova qoyulduğu öz təsdiqini tapır. Bununla yanaşı, cavabdeh özü də apellyasiya şikayətində əvvəlcə qızılların mövcudluğunu qəbul etməsə də, sonradan, yəni apellyasiya icraatı zamanı qətnaməni yalnız qızıl-zinət əşyalarının məbləği hissəsində mübahisələndirdiyini bildirmişdir (cavabdeh yalnız 585 əyarlı 7,1 qram çəkidə olan qolbağın dəyəri ilə razılaşır).
29. Bununla belə məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, habelə bu hissədə birinci instansiya məhkəməsinin mövqeyini haqlı, əsaslandırmasını isə yetərli hesab edib, belə qənaətə gəlir ki, mübahisə predmetini təşkil edən 4 ədəd qızıl-zinət əşyası (iddiaçı qızıl seplə (boyunbağı ilə) bağlı hissədə birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirməmişdir) məhz iddiaçının razılığı və məlumatı olmadan cavabdeh tərəfindən lombarda girov qoyulmuş və əldə edilmiş vəsait ailənin ehtiyacları üçün xərclənməmişdir. Bu səbəbdən həmin qızıl-zinət əşyaları cavabdehdən alınaraq, iddiaçıya verilməli, bu əşyalar olmadıqda isə onların dəyəri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən həmin əşyaların dəyəri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı qızıl-zinət əşyalarının qiymətləndirilməsi üzrə ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/635 nömrəli ekspert rəyinə əsasən 585 əyarlı qızıldan hazırlanan qolbaq – 604 manat; 583 əyarlı qızıldan hazırlanan alyans üzük – 510 manat olmaqla, orta bazar qiyməti ilə obların ümumi dəyəri nəzəri qaydada təxminən 1.114 manat müəyyən edilmişdir. Digər 3 adda məmulatların (583 əyarlı qızıldan hazırlanan paxlava formalı (zümrüd qaş) üzük, brilliant qaşlı 750 əyarlı qızıldan hazırlanan bir cüt sırğa və 583 əyarlı qızıldan hazırlanan boyun sepi) kütləsi, üzərində olan qaşların istehsal yeri, keyfiyyəti, sayı, mənşəyi, ölçüsü və s. barədə məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Bundan sonra həmin qızıl-zinət əşyalarından paxlava formalı üzüyün qiymətləndirilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilmiş və həmin qurumun xx.xx.2024-cü il tarixli, QCM/D 04-043/24 nömrəli mütəxəssis rəyinə əsasən 1 ədəd 583 əyarlı, ümumi çəkisi 6 qram olan üzüyün (paxlava formalı) ümumi dəyəri 1.000 manat məbləğində müəyyən edilmişdir. Digər zinət əşyası olan brilliant qaşlı qızıl sırğanın dəyəri isə "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən 1.280 manat məbləğində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi də qızıl-zinət əşyalarının dəyərini müəyyən edərkən məhz həmin ekspert və mütəxəssis rəylərini əsas götürmüşdür.
31. Halbuki, iddiaçı iddia tələbində brilliant qaşlı 1 cüt qızıl sırğanın qiymətinin 1.200 manat, 1 ədəd qızıl alyans üzüyün dəyərinin isə 350 manat məbləğində olduğunu qeyd etmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi həmin qızıl-zinət əşyalarının dəyərini müəyyən edərkən mütəxəssis rəylərində göstərilmiş dəyərin iddia ərizəsində iddiaçının özü tərəfindən iddia edilən qiymətlərdən yüksək olmasını nəzərə almamış və həmin qızıl-zinət əşyalarının dəyərini iddia tələbindən yüksək tutaraq hüquqi nəticə etibarı ilə tələbdən kənara çıxmışdır.
32. Məhkəmə kollegiyası bu halı, habelə mübahisələndirilən əşyaların daha aşağı dəyərdə olmasını təsdiq edən hər hansı sübutun təqdim edilməməsini nəzərə alıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız iki ədəd həmin qızıl-zinət əşyasının dəyəri hissəsində dəyişdirilməli, qızıl-zinət əşyalarının dəyəri ayrı-ayrılıqda göstərilməklə, brilliant qaşlı 1 cüt qızıl sırğanın dəyəri 1.200 manat və 1 ədəd qızıl alyans üzüyün dəyəri 350 manat, qızıl-zinət əşyalarının ümumi dəyəri isə (1.200 + 1.000 + 604 +350 = 3.154) 3.154 manat məbləğində müəyyən edilməlidir.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bu məsələ üzrə əlavə əsaslandırmaya hər hansı zərurət görmür.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)- 47/2025 saylı qətnaməsi “brilliant qaşlı 1 cüt qızıl sırğanın və 1 ədəd qızıl alyans üzüyün və buna uyğun olaraq qızıl-zinət əşyalarının ümumi dəyəri” hissəsində dəyişdirilməli, qızılzinət əşyalarının dəyəri ayrı-ayrılıqda göstərilməklə, brilliant qaşlı 1 cüt qızıl sırğanın dəyəri 1.200 manat, 1 ədəd qızıl alyans üzüyün dəyəri 350 manat, qızıl-zinət əşyalarının ümumi dəyəri 3.154 manat məbləğində müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
35. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın ümumi qiyməti məbləğ etibarı ilə (3.154 manat) beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222-ci, 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-47/2025 nömrəli qətnaməsi “brilliant qaşlı 1 cüt qızıl sırğanın və 1 ədəd qızıl alyans üzüyün və buna uyğun olaraq qızıl-zinət əşyalarının ümumi dəyəri” hissəsində dəyişdirilsin. 1 ədəd brilliant qaşlı paxlava formalı qızıl üzüyün dəyərinin 1.000 (bir min) manat, 1 ədəd qızıl qolbağın dəyərinin 604 (altı yüz dörd) manat olması nəzərə alınmaqla, brilliant qaşlı 1 cüt qızıl sırğanın dəyəri 1.200 (bir min iki yüz) manat və 1 ədəd qızıl alyans üzüyün dəyəri 350 (üç yüz əlli) manat, qızıl-zinət əşyalarının ümumi dəyəri 3.154 (bir min üç yüz əlli dörd) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.