Məhkəmə qərarları › İş №2(103)-3474/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3474/2023

26.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3474/2023 26.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin birgə nikah dövründə əldə olunmuş əmlak hesab olunması və əmlakın bölünməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-537/2023 nömrəli, 15 mart 2023cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. Tərəflər 10 aprel 2010-cu il tarixdə nikaha daxil olmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-688/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış və Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydlər kitabında 216 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Birgə nikah dövründə xx.xx.2019-cu il tarixdə Ford Edge” markalı, 10- VV-185 dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin adına qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixdə isə alğı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Hazırda iddiaçı həmin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, həmin alğı-satqı müqaviləsi əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, avtomobilin birgə nikah dövründə əldə edilmiş hesab edilməsi, həmin avtomobil üzərində ½ pay nisbətində mülkiyyət hüquqlarının tanınmasını tələb edir. Cavabdeh tərəf isə iddia tələbi ilə razı deyildir, iddianın rədd edilməsini məhkəmədən tələb edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş “Ford Edge” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin alğı-satqı müqaviləsi əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, avtomobilin birgə nikah dövründə əldə edilmiş hesab edilməsi, həmin avtomobil üzərində ½ pay nisbətində mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2010cu ildə rəsmi nikaha daxil olmuşdur, Bakı şəhər Nəsimi Rayon məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(006)- 688/2020 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Birgə nikah dövründə xx.xx.2013-cü il tarixində X13 və xx.xx.2015-ci il tarixində X11 anadan olmuşdur. Birgə nikah dövründə Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə “FORD EDGE” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobili əldə etmişlər. Həmin avtomobil xx.xx.2019-cu il tarixdə iddiaçının məlumatı olmadan həyat yoldaşı tərəfindən alğı-satqı müqaviləsi əsasında onun adından çıxarılaraq özgəninkiləşdirilmişdir. Hesab edir ki, bu müqavilə iddiaçının maraqlarına toxunduğundan etibarsız sayılmalı, avtomobil əvvəlki mülkiyyətinə qaytarılmalı və ümumi əmlak olduğundan ½ hissədə bölünməli və hər ikisinin mülkiyyət hüquqları tanınmalıdır. Bu səbəbdən məhkəmədən birgə nikah dövründə əldə edilmiş “FORD EDGE” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satıqısı barədə xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin alğı-satqı müqaviləsi əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və onun həmin avtomobil üzərində 1/2 pay nisbətində mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-537/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 324.1, 324.2, 331.1, 337.1, 337.3, 337.4, 354.2, 372.1 və 390.1-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, İddiaçı cavabdehlə xx.xx.2010-cu il tarixdən nikah qeydiyyatından keçib birlikdə yaşamışlar. Həmçinin mübahisə predmeti olan “FORD EDGE” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil 2013-cü il tarixdən iddiaçı ilə cavabdehin birgə nikah dövründə“kredit müqaviləsi“əsasında əldə edilmişdir. xx.xx.2019-cu il tarixdə AD512014 nömrəli şəhadətnaməyə əsasən Cavabdeh adına rəsmiləşdirilmişdir. Bundan başqa Nəsimi rayon məhkəməsi xx.xx.2023-cü il tarixli e-2(006)-537/2023 saylı qətnaməsində Ailə Məcəlləsinin 33.2-ci maddəsini rəhbər tutaraq hesab etmişdir ki, ər-arvadın rəsmireyestrdə qeydə alınmalı olmayan ümumi daşınarəmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda o, digərinin razılığı ilə hərəkət edir. Buna görə də mübahisəli daşınar əmlak tərəflərin birgə nikah dövründə özgəninkiləşdirildiyindən iddiaçının bundan xəbərsiz olması ağlabatan deyildir. Lakin Nəsimi Rayon Məhkəməsinin 2(006)-688/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən məlum olur ki, Cavabdeh iddiaçıya qarşı “Qarşılıqlı iddia” tələbində göstərmişdir ki, İddiaçı 04 fevral 2019-cu il tarixdən evdən getmiş və ondan sonrakı dövrdə bir yerdə yaşamamışlar. Belə olan halda hesab edir ki, “FORD EDGE” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixli alqı-satıqı müqaviləsi əsasında özgəninkiləşdirilərkən iddiaçının xəbərinin və razılığının olması qeyri-mümkündür. Lakin Nəsimi Rayon Məhkəməsi bu halı nəzərə almayaraq əssasız və qanunsuz qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsinin

10. Maddə 6 mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.

11. Maddə 6.2 fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

12. Maddə 324.1 və 324.2 əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

13. Maddə 331.1 yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

14. Maddə 337.1 bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

15. Maddə 337.3 və 337.4 əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

16. Maddə 354.2 maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

17. Maddə 372.1 başqa şəxsdən hər-hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

18. Maddə 390.1 fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin

19. Maddə 33.2 ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Buna görə də mübahisəli daşınar əmlak tərəflərin birgə nikah dövründə özgəninkiləşdirildiyindən iddiaçının bundan xəbərsiz olması ağlabatan deyildir. Eyni zamanda, daşınar əmlak hal-hazırda başqasının mülkiyyətindədir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Maddə 218.3 hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

25. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-537/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

33. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

34. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

35. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.

36. Belə ki, iş materillarından müəyyən edilmişdir ki, tərəflər 10 aprel 2010-cu il tarixdə nikaha daxil olmuş, birgə nikah dövründə xx.xx.2019-cu il tarixdə “Ford Edge” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin adına qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixdə isə alğı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-688/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur.

37. Kollegiya qeyd edir ki, iddia tələbi müqavilənin etibarsızlığı ilə bağlı olduğundan qanunvericilikdə bu sahəni tənzimləyən normalara istinad edilməsi zəruridir.

38. Müqavilənin etibarsızlığı ilə bağlı məsələnin araşdırılması ilə bağlı hissəsində məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətində istinad etdiyi formal əsaslar müqavilənin etibarsız hesab edilməsi üçün kifayət qədər əsaslı sayıla bilməz.

39. Belə ki, hər hansı müqavilənin etibarsız sayılması üçün Mülki Məcəllədə müəyyən edilmiş tələbblərə uyğun olmamalıdır. Məcəllənin müəyyən etdiyi tələbləri hazırkı mübahisəyə tətbiq edərkən müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqavilənin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş hər hansı hüquqi əsas yoxdur.

40. Kollegiya qeyd edir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olubolmadığı müəyyən edilə bilər. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

41. İddiaçı “Ford Edge” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız olduğunu qeyd etsə də, qeyd etdiyi halları təsdiq edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim edə, yəni öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Halbuki, qanunvericilin tələbi baxımından hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

43. Məhkəmə kollegiyası iddianın təmin olunmasını həmçinin ona görə mümkünsüz hesab edir ki, iddiaçı iddia tələbində yalnız xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsızlığını mübahisələndirmiş, lakin nəzərə almamışdır ki, mübahisə predmeti olan avtomobil müxtəlif tarixli müqavilələrlə ayrı-ayrı şəxslərə satılmışdır.

44. Belə ki, iş materiallarında olan 26 sentyabr 2019-cu il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, “Ford Edge” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil “satıcı” Cavabdeh tərəfindən “alıcı” X3.

45. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilən 09 noyabr 2020-ci il tarixli məktubdan görünür ki, hal-hazırda Cavabdeh adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Həmçinin, Cavabdeh adına xx.xx.2019-cu il tarixdə “Ford Edge” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixdə alğı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir.

46. İş materiallarında olan 28 fevral 2022-ci il tarixli nəqliyyat vasitəsinin alğısatqı müqaviləsindən görünür ki, “Ford Edge” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil “satıcı” X12 tərəfindən “alıcı” X1.

47. İş materiallarında olan 05 may 2022-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, “Ford Edge” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil “satıcı” X8 tərəfindən “alıcı” X2.

48. Göründüyü kimi, iddiaçı xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə digər tərəfi, yəni X9 ümumiyyətlə cavabdeh olaraq göstərməmiş, yalnız Cavabdeh hesab etmiş, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli alğı-satqı müqavilələrini isə mübahisələndirmişdir.

49. Digər iddia tələbləri ilə bağlı məhkəmə haqlı olaraq qeyd etmişdir ki, həmin tələblər ilkin tələblə bağlıdır və həmin tələbin təmin olunub-olunmamasından asılıdır. Əqdin etibarsız hesab edilməsi tələbi rədd edildiyi üçün digər tələblər də rədd edilməlidir.

50. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz.

51. Eyni zamanda, iş materialları ilə müəyyən olunmuşdur ki, mübahisəli avtomobilə görə cavbadeh Cavabdeh 26000 manat pul əldə etmişdir.

52. Hazırki halda iddiaçı avtomobilin alğı-satqısı nəticəsində əldə edilmiş pul vəsaitindən ona düşən pay üzrə vəsaitin bölüşdürülməsinə dair hər-hansı bir tələb irəli sürməmişdir.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, məhkəmə yalnız verilmiş tələb üzrə qətnamə çıxarır.

54. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı mübahisəli avtomobilin satılmasından əldə edilmiş vəsait payın müəyyən edilməsi və ona düşən paya müvafiq pulun cavabdehdən alınmasına dair ayrıca iddia tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.

55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-537/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qətnaməsindən dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər..

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar