Məhkəmə qərarları › İş №2(103)-3489/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3489/2023

21.06.2023 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3489/2023 21.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər:müəlliflik hüququnun müdafiəsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh2, digər cavabdehin nümayəndəsi (vəkili) Vəkil2, 3-cü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 21 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı alimdir, Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasının müdiridir. O, 1988-ci ildən AMEA Fizuli adına Əlyazmalar İnstitutunun dissertantı olaraq “Əsirəddin Əbhərinin fəlsəfi görüşləri” mövzusunda elmi iş üzərində şalımış, Xİİİ əsr Azərbaycan filosofunun fəlsəfi görüşləri ilə bağlı araşdırmalar aparmış, onun çoxsaylı əsərlərini və həmin əsərlərə yazılan şərhləri ərəb dilindən azərbaycan dilinə tərcümə etmişdir. İddiaçı Əsirəddin Əbhərinin yaradıcılığı haqqında 20-dən çox elmi məqalə və tezis dərc etdirmişdir. 2001-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almaq üçün Azərbaycan Respublikası Elmlər Akademiyası Bəhmənyar adına Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda 12 illik elmi araşdırmalarının nəticəsi olan “Əsirəddin Əbhərinin fəlsəfi görüşləri” mövzusunda dissertasiya işini müdafiə etmişdir. Bununla əlaqədar “Əsirəddin Əbhərinin fəlsəfi görüşləri” adlı fəlsəfi mövzuda namizədlik dissertasiyasının avtoreferatı çap olunmuşdur. Müdafiədən sonra Azərbaycan Respublikası Prezidentinin yanında X2 02393 saylı 20 iyun 2001 -ci il tarixli (33 saylı protokol) qərarı ilə ona fəlsəfə elmləri namizədi alimlik dərəcəsi verilmişdir. 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu tərəfindən “Elm” nəşriyyatında dərc edilmiş “Azərbaycan fəlsəfə tarixi” adlı çoxcildliyin 2-ci cildinin 193-215-ci səhifələrində İddiaçı “Əsirəddin Əbhəri” adlı elmi məqaləsi dərc olunmuşdur. Həmin məqalə müəllifləri Cavabdeh1 və Cavabdeh2 olan 10 fəsildən ibarət “İslam fəlsəfəsi (orta əsrlər – müasir dövr)” kitabının (Bakı, “Nurlar” X3, 2019) 274-296-cı səhifələrində “4. Əsrəddin Müfəzzəl bin Ömər Əbhəri (1200-1265)” başlığı altında iddiaçının razılığı olmadan və müəllifinə istinad edilmədən eynilə köçürülərək nəşr edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi üçüncü şəxs qismində cəlb edilməklə) “müəlliflik hüququnun müdafiəsi” tələbinə dair iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən “Əsirəddin Əbhərinin fəlsəfi görüşləri” elmi əsəri və Əsirəddin Əbhərinin “Hidayət əl-hikmət” əsərindən ərəb dilindən Azərbaycan dilinə etdiyi tərcümələr üzərində müəlliflik hüquqlarının pozulması faktlarının təsdiq edilməsi; cavabdehlərin müəllifliyi ilə 1000 nüsxə tirajla “Nurlar” X3 tərəfindən nəşr edilmiş “İslam Fəlsəfəsi (orta əsrlər-müasir dövr)” adlı kitabın müəlliflik hüququnu pozan pirat məhsul hesab edilməsi; müəlliflik hüququnu pozan pirat məhsul olan həmin kitabın ölkə ərazisindəki kitab satışı müəssisələrindən və kitabxanalardan müəlliflik hüququnu pozan tərəfə heç bir kompensasiya ödənilmədən müsadirə olunaraq məhv edilməsi; müəlliflik hüququnu pozan pirat məhsul olan həmin kitabın elektron variantının internet resurslarından silinməsi; müəlliflik hüquqlarını pozmalarına görə kütləvi informasiya vasitələrində ondan yazılı üzr istəmələri öhdəliyinin cavabdehlərin üzərinə qoyulması və cavabdehlərdən müştərək qaydada 20.000 (iyirmi min) manat kompensasiyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərin müəllifliyi ona məxsus olan “Əsirəddin Əbhərinin fəlsəfi görüşləri” adlı həmin elmi əsərini cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müəllifliyi ilə çap edilmiş İslam Fəlsəfəsi (orta əsrlər-müasir dövr) adlı kitabın 274-296-cı səhifələrində “Əsirəddin Müfəzzəl bin Ömər Əhbəri” başlığı altında heç bir dəyişiklik edilmədən nəşr etmələri və özlərinə məxsus olaraq göstərmələri Müəlliflik Hüququ haqqında qanunvericiliyə ziddir və onun müəlliflik hüquqlarının kobud şəkildə pozulmasıdır.

4. Cavabdeh2 iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, “İslam fəlsəfəsi” (Bakı, Nurlar nəşriyyatı, 2019) adlı kitabı Cavabdeh1 ilə birlikdə həmmüəllif olaraq yazmışlar. Kitabda iddiaçının müəlliflik hüququ pozulduğu iddia edilən hissə, yəni 274-296-cı səhifələri o yazmışdır. Bu, texniki səhv olaraq baş vermişdir. Belə ki, nəşriyyata çap üçün mətnin götürülmə mənbəyi qeyd olunmamış sənədi verdiyi üçün belə bir məqam yaranmışdır. Halbuki hazırladığı digər sənəddə müəllifin adı və götürülmə mənbəyi qeyd olunmuşdur. Kitab yazılarkən hər hansı müəlliflik hüququnu pozmaq niyyəti olmamışdır. Hazırda həmin kitab (Bakı: 2019) kitabxanalardan yığışdırılmış və elektron variantı isə internet resurslarından silinmişdir. Bütün bunlarla yanaşı o, kitabın mövcud nəşrində yol verdiyi texniki xətanın heç bir qərəzli niyyət daşımadığını həmkarı müəllif İddiaçı ilə şəxsən görüşərək bildirmiş və bu məsələ ilə bağlı dərin üzrxahlıq etmişdir. Kitabın nəşri satış üçün nəzərdə tutulmamışdır. Kitab Azərbaycan İlahiyyat İnstitutunun 4-cü kurs tələbələrinə sadəcə İslam fəlsəfəsi fənninin tədris edildiyi bir semestr ərzində mütaliə üçün pulsuz verilir və tədris ilinin ilk semestrinin sonunda tələbələr həmin kitabı İnstitutun kitabxanasına təhvil verirlər. İki illik tədqiqat nəticəsində ərsəyə gələn bu kitabın yalnız 274- 296-cı səhifələrində müəllifin adını və götürülmə mənbəyini göstərmədiyi üçün iddia tələbinə əsasən bütün kitabın pirat məhsul hesab edilməsi bütün digər səhifələrdə olan xüsusi araşdırmalarına, yaradıcılıqlarına və zəhmətlərinə kölgə salır, onlardan istifadəni məhdudlaşdırır, habelə kitabın digər səhifələrində olan müəlliflik hüquqları pozulur. Eyni zamanda, iddia tələbinə əsasən kitab müsadirə olunarsa və ya məhv edilərsə, dərslik və ədəbiyyat kimi xüsusi dəyəri olan bu kitabdan istifadə dayanacaq, tələbələr İslam fəlsəfəsi sahəsində təfsilatlı və başadüşülən şəkildə hazırlanmış bu dərs vəsaitindən istifadə etməkdən məhrum qalacaq, bu sahədə olan tədqiqatlara çıxış məhdudlaşacaq və kitabın müəlliflərinin elmi yaradıcılığına təsir göstərəcək. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən belə məsələlərə baxılarkən üçüncü şəxslərin qanuni maraqları nəzərə alınmalıdır. Eyni zamanda, iddia tələbində kütləvi informasiya vasitələrində iddiaçıdan yazılı üzr istənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması qeyd olunmuşdur. Bununla bağlı bildirir ki, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunlarında müdafiə vasitələri və məhkəmə tərəfindən bu işlər üzrə çıxarılan qərarlar müəyyən olunmuşdur. Lakin həmin qanunlarda iddiaçıdan yazılı üzr istənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə məhkəmə qərarının qəbul edilməsi nəzərdə tutulmadığı üçün digər tələblər kimi bu tələb də əsassızdır. O, Kəmalə xanımdan görüş əsnasında dəfələrlə üzr istəyərək mövcud problemin ortadan qaldırılması üçün ziyalıya yaraşacaq və ziyalı ünsiyyətini pozmayacaq üslub ilə addım atmağa hazır olduğunu, bu səhvin aradan qaldırılması üçün “İslam fəlsəfəsi (orta akrlar-müasir dövr)” adlı kitabın yenidən nəşr olunub orada İddiaçı kitabın həm elmi redaktoru, həm də 415 səhifəlik kitabın 5 faizini (yəni 22 səhifəsini) təşkil edən Əbhəri ilə bağlı hissənin müəllifi kimi qöstərəcəyini, eyni zamanda, yeni nəşrin ön sözündə kitabın 2019 nəşrində yer alan Əsirəddin Mufaddal bin ömər Əbhəri” adlı məqalənin müəllifinin İddiaçı olduğunu qeyd edəcəyini iddiaçıya bildirmişdir. Cavabdeh1la həmmüəllifi olduqları və illərlə apardıqları tədqiqatlar nəticəsində ərsəyə gələn 415 səhifəlik “İslam fəlsəfəsi (orta əsrlər-müasir dövr)” adlı kitabın 5 faizlik (22 səhifə) plagiat hissəsindən ötrü ümumilikdə pirat məhsul hesab edilməsinə dair iddiaçı tərəfindən irəli sürülən tələb sözügedən kitabın geriyə qalan 95%-nin həmmüəllifləri olan Cavabdeh2 və Cavabdeh1 müəlliflik hüquqlarını pozacağına görə əsassızdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən “iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizəsi”ndə yer alan 20.000 (iyirmi min) manat kompensasiyanın cavabdehlərdən tutularaq İddiaçı ödəniləməsi barəsində qətnamə qəbul edilməsinə dair tələbi əsassızdır. Belə ki, “Əqli mülkiyyət hüquqlarının təminatı və plagiatçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun “Zərərin əvəzinin ödənilməsi”nə dair 6-cı maddəsində məhkəmə əqli mülkiyyətdən qeyri-qanuni istifadə ilə bağlı hüquqpozmaya yol vermiş şəxsin hüquq sahibinin çəkdiyi zərərin əvəzini ödəməsi barədə qərar qəbul edərkən hüquq sahibinə məxsus olan əqli mülkiyyətdən qeyri-qanuni istifadə nəticəsində hüquqpozmaya yol vermiş şəxsin hüquq pozuntusuna yol verdiyi əqli mülkiyyətdən əldə etdiyi gəlirləri nəzərə almalıdır. 2019-cu ildə “Nurlar” nəşriyyatında çap olunan ‘‘İslam fəlsəfəsi (orta əsrlər-müasir dövr)” adlı kitab satış məqsədi ilə deyil, Azərbaycan İlahiyyat İnstitutunda din sahəsində tamamilə dövlət sifarişi və dövlət hesabına (dövlətin maddi dəstəyi ilə) ödənişsiz ali təhsil alan tələbələrin pulsuz dərs vəsaitləri ilə təmin olunması məqsədilə nəşr olunmuşdur.

5. Cavabdeh1 da iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və göstərmişdir ki, məhkəməyə təqdim edilmiş 14 iyul 2022-ci il tarixli etirazından və 24 avqust 2022-ci il tarixli ərizə ilə təqdim edilmiş sübutlardan göründüyü kimi “İslam fəlsəfəsi (orta əslər-müasir dövr)” (Bakı “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2019) adlı kitabın 60-128-ci, 214-222-ci və 333-338-ci səhifələrini o yazmışdır. Bir daha qeyd edir ki, kitabda iddiaçının müəlliflik hüququ pozulduğu iddia edilən hissə, yəni 274-296-cı səhifələr onun tərəfindən yazılmamışdır və ona görə də ona qarşı iddia tələbi irəli sürülə bilməz. Sözügedən kitabın iddia ərizəsində göstərilən hissəsi, yəni 274-296-cı səhifələri digər Cavabdeh2 tərəfindən yazılmışdır və o, bu barədə məhkəməyə müraciət edərək öz etirazında və məhkəmə iclasındakı izahatında bildirərək etiraf etmişdir. Kitabın onun tərəfindən yazılmış 60-128-ci, 214-222-ci və 333-338-ci səhifələri müstəqil əhəmiyyətli hissələrdir və həmin əsərin digər hissələrindən ayrılıqda istifadə oluna bilər və müstəqil əsər kimi qəbul edilə bilər. Kitab tamamilə pirat hesab edildiyi halda onun müəlliflik hüquqları pozulacaqdır.Burada isə plagiat sayıla biləcək olan hissə kitabın sadəcə 5-6%lik bir hissəsini təşkil edir. Belə olan halda kitabın tamamilə bu əsərin nüsxəsi sayılması hüquqa zidd olardı. Eyni zamanda, sözügedən kitab satış məqsədilə nəşr edilməyib və ondan heç bir gəlir əldə edilməyib, bu barədə də sübutlar məhkəməyə təqdim olunub. Lakin iddiaçı iddia tələbinin dəyişdirilməsi ərizəsində ona dəymiş zərərin miqdarını təsdiq edəcək sübutlar təqdim etməmişdir.

6. Üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən iddia tələbinə dair mülahizə təqdim edilmişdir. Mülahizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Agentliyə təqdim edilmiş 2014-cü ildə Bakı, “Elm” nəşriyyatı tərəfindən nəşr edilmiş “Azərbaycan fəlsəfə tarixi İİ cild” kitabın 193-215-ci səhifələrində verilmiş İddiaçı müəllifi olduğu “Əsirəddin Mufaddal bin Ömər Əbhəri” adlı hissə ilə Cavabdeh2 və Cavabdeh1 şərikli müəllifliyi ilə 2019-cu ildə “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzində nəşr edilmiş “İslam fəlsəfəsi (orta əsrlər-müasir dövr)” adlı kitabın 274-295-ci səhifələrində verilmiş “Əsirəddin Müfəzzəl bin ömər Əbhəri (1200-1265)” adlı hissəsi Əqli Mülkiyyət Agentliyində müəllif-hüquq qanunvericiliyinin tələbləri baxımından müqayisə olunmuşdur. Araşdırma zamanı aşağıdakı nəticəyə gəlinmişdir: 1. 2014-cü ildə Bakı, “Elm” nəşriyyatı tərəfindən nəşr edilmiş “Azərbaycan fəlsəfə tarixi İİ cild” adlı kitabın 193-215-ci səhifələrində olan İddiaçı müəllifi olduğu “Əsirəddin Mufaddal bin ömər Əbhəri” adlı hissənin cüzi dəyişikliklər edilməklə 2019-cu il Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzində nəşr edilmiş Cavabdeh2 və Cavabdeh1 şərik müəllifləri olduqları “İslam fəlsəfəsi (orta əsrlərmüasir dövr)” adlı kitabda istifadə edilməsi Qanunun 8-ci (Müəlliflik hüququnun yaranması. Müəlliflik prezumpsiyası). 14-cü (Şəxsi (qeyri-əmlak) hüquqlar). 15-ci (Əmlak (iqtisadi) hüquqları), 19-cu (Əsərlərdən informasiya, elmi, tədris və digər məqsədlər üçün istifadə), Konvensiyanın 2-ci, 3-cü və 6cı maddələrinin pozulması kimi qiymətləndirilməlidir. 2. Qanunun 8-ci maddəsinin normasına görə 2019-cu il Bakı, “Nurlar” Nəşriyyat- Poliqrafiya Mərkəzində nəşr edilmiş Cavabdeh2 və Cavabdeh1 şərik müəllifləri olduqları “İslam fəlsəfəsi (orta əsrlər-müasir dövr)” adlı kitabın əvvəlində “©Cavabdeh2 və X4” yazılması o deməkdir ki, həmin kitabın müstəsna hüquq sahibi həmin kitabın şərik müəllifləri məhz Cavabdeh2 və Cavabdeh1dur. 3. 2014-cü ildə “Elm” nəşriyyatı tərəfindən nəşr edilmiş “Azərbaycan fəlsəfə tarixi İİ cild” adlı kitabın 193215-ci səhifələrində olan İddiaçı müəllifi olduğu “Əsirəddin Mufaddal bin Ömər Əbhəri” adlı hissə cüzi dəyişikliklər edilməklə (mahiyyətinə təsir göstərməyən şəkildə) 2019-cu ildə “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzində nəşr edilmiş “İslam fəlsəfəsi (orta əsrlər-müasir dövr)” adlı kitabın 274-295-ci səhifələrində verilmiş və müəllifin adı göstərilməmiş və müəllifə istinad edilməmişdir ki, bununla da Qanunun 14-cü və 19-cu maddələrinin tələbləri pozulmuşdur. 4. 2014-cü ildə Bakı, “Elm” nəşriyyatı tərəfindən nəşr edilmiş “Azərbaycan fəlsəfə tarixi İİ cild” adlı kitabın 193-215-ci səhifələrində olan İddiaçı müəllifi olduğu “Əsirəddin Mufaddal bin Ömər Əbhəri” adlı hissənin 2019-cu il Bakı, “Nurlar” Nəşriyyat- Poliqrafiya Mərkəzində nəşr edilmiş “İslam fəlsəfəsi (orta əsrlər-müasir dövr)” adlı kitabda istifadə edilməsinə görə müəllifdən icazə alınmamış və ona qonorar ödənilməmişdir. Bu isə Qanunun 15-ci maddəsinin pozulması deməkdir. Qanunun 47-ci maddəsinə əsasən müəlliflik hüquqlarının pozulması qanunvericiliklə müəyyən edilmiş qaydada mülki, inzibati və cinayət məsuliyyəti yaradır.

7. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etmiş, Cavabdeh2 isə iddianı qismən etiraf edərək “İslam fəlsəfəsi (orta əsrlər-müasir dövr)” adlı kitabın yalnız Əsirəddin Mufaddal bin ömər Əbhəri (1200-1265)” adlı hissəsi ilə bağlı müəlliflik hüququnun təmin edilməsi istisna olmaqla, digər iddia tələblərinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi isə iddia tələbini etiraf etməmiş və iddianın Cavabdeh1 aid hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Üçüncü şəxs Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi iddianın əsaslı olduğunu, müəlliflik hüquqlarının məhkəmədə müdafiəsinin vacib əhəmiyyətə malik olmasını, qərar qəbul edərkən qeyd olunan halların nəzərə alınmasını xahiş etmişdir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-219/2022 saylı, 27 may 2022ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova) iddia tələbi qismən təmin olunaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən İddiaçı “Əsirəddin Əbhərinin fəlsəfi görüşləri” elmi əsəri və Əsirəddin Əbhərinin “Hidayət əl-hikmət” əsərindən ərəb dilindən Azərbaycan dilinə etdiyi tərcümələr üzərində müəlliflik hüquqlarının pozulması faktı təsdiq edilmiş və müəllifləri Cavabdeh1 və Cavabdeh2 olan 10 fəsildən, 415 səhifədən ibarət “İslam fəlsəfəsi (orta əsrlər – müasir dövr)” kitabının (Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2019) “4. Əsrəddin Müfəzzəl bin Ömər Əbhəri (********)” başlıqlı 274-296-cı səhifələri pirat məhsul sayılmışdır.

10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlmişdir ki, iddiaçının Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu tərəfindən “Elm” nəşriyyatında dərc edilmiş “Azərbaycan fəlsəfə tarixi” adlı çoxcildliyin 2-ci cildinin 193-215-ci səhifələrində dərc olunmuş “Əsirəddin Əbhəri” adlı elmi məqaləsi müəllifləri Cavabdeh1 və Cavabdeh2 olan 10 fəsildən ibarət “İslam fəlsəfəsi (orta əsrlər – müasir dövr)” kitabının (Bakı, “Nurlar” NəşriyyatPoliqrafiya Mərkəzi, 2019) 274-296-cı səhifələrində “4. Əsrəddin Müfəzzəl bin Ömər Əbhəri (1200-1265)” başlığı altında iddiaçının razılığı olmadan və müəllifinə istinad edilmədən eynilə köçürülərək nəşr edilmişdir. Məhkəmə bunu nəzərə alaraq iddia tələbini iddiaçının “Əsirəddin Əbhərinin fəlsəfi görüşləri” elmi əsəri və Əsirəddin Əbhərinin “Hidayət əl-hikmət” əsərindən ərəb dilindən Azərbaycan dilinə etdiyi tərcümələr üzərində müəlliflik hüquqlarının pozulması faktlarının təsdiq edilməsi hissəsində və cavabdehlərin müəllifliyi ilə 1000 nüsxə tirajla “Nurlar” X3 tərəfindən nəşr edilmiş “İslam Fəlsəfəsi (orta əsrlər-müasir dövr)” adlı kitabın 274-296-cı səhifələrinin müəlliflik hüququnu pozan pirat məhsul hesab edilməsi hissəsində əsaslı saymışdır.

11. Məhkəmə öz mövqeyini “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 5, 6, 8, 44, 45, 47-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd olunan hissəsində ləğv edilməsini və iddiasının tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətəbiq olunmaması və məhkəmənin həmin hissədə gəldiyi nəticənin işin həqiqi hallarına uyğun olmaması ilə əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh2 apellyasiya şikayətinə qarşı etiraz göndərmiş və həmin etirazda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını və Cavabdeh1 cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

16. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. Digər Cavabdeh1 nümayəndəsi də apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etmişdir.

18. Üçüncü şəxs Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi apellyasiya şikayətinin əsaslı olduğunu bildirərək təmin olunmasını xahiş etdi. Tətbiq edilən hüquq

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunu:

19. Maddə 4. “Pirat məhsul” - hüquq sahibinin razılığı olmadan hazırlanan (istehsal edilən) və yayılan əsər və fonoqram nüsxələri hesab olunur.

20. Maddə 5, 1-ci hissə. Müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir.

21. Maddə 6, 1-ci hissə. Ədəbi əsərlər (kitablar, broşüralar, məqalələr, mühazirələr və çıxışlar, kompüter proqramları və s.) müəlliflik hüququnun obyektləridir.

22. Maddə 8, 1-ci hissə. Əsəri yaradan şəxs onun müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur.

23. Maddə 44, 1-ci hissə. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər.

24. Maddə 45, 1-ci hissə. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər.

25. Maddə 45, 2-ci hissə. Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər: 1) zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; 2) zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi.

26. Maddə 47. Bu Qanunla nəzərdə tutulmuş müəlliflik hüququnun və əlaqəli hüquqların pozulmasına görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.2. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Hazırda birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında iş üzrə İddiaçı tərəfindən qismən, yəni iddianın rədd olunan hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. İşin müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, İddiaçı Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu tərəfindən “Elm” nəşriyyatında dərc edilmiş “Azərbaycan fəlsəfə tarixi” adlı çoxcildliyin 2-ci cildinin 193-215-ci səhifələrində dərc olunmuş “Əsirəddin Əbhəri” adlı elmi məqaləsi müəllifləri Cavabdeh1 və Cavabdeh2 olan 10 fəsildən ibarət “İslam fəlsəfəsi (orta əsrlər – müasir dövr)” kitabının (Bakı, “Nurlar” X3, 2019) 274-296-cı səhifələrində “4. Əsirəddin Müfəzzəl bin Ömər Əbhəri (1200-1265)” başlığı altında iddiaçının razılığı olmadan və müəllifinə istinad edilmədən eynilə köçürülərək nəşr edilmişdir.

34. İddiaçı müəlliflik hüququnun pozulduğunu bildirərək cavabdehlərə qarşı bir neçə tələb irəli sürmüşdür.

35. Həmin tələblərdən yalnız ikisi – müəlliflik hüququnun pozulması faktının təsdiq olunması və kitabın 274-296-cı səhifələrinin pirat məhsul hesab edilməsi təmin olunmuş, qalan hissədə iddia rədd olunmuşdur.

36. Qətnamə iddianın təmin olunan hissəsində apellyasiya qaydasında mübahisələndirilmədiyindən məhkəmə kollegiyası həmin hissənin qanuniliyini və əsaslılığını yoxlamadı.

37. Apellyasiya baxışının predmetini iddianın rədd olunan hissəsi təşkil etdiyindən məhkəmə kollegiyası yalnız həmin hissədə iddianın əsaslılığına münasibət bildirir.

38. İddianın rədd olunan hissələri isə aşağıdakılardır: - müəlliflik hüququnu pozan pirat məhsul olan həmin kitabın ölkə ərazisindəki kitab satışı müəssisələrindən və kitabxanalardan müəlliflik hüququnu pozan tərəfə heç bir kompensasiya ödənilmədən müsadirə olunaraq məhv edilməsi; - müəlliflik hüququnu pozan pirat məhsul olan həmin kitabın elektron variantının internet resurslarından silinməsi; - müəlliflik hüquqlarını pozmalarına görə kütləvi informasiya vasitələrində ondan yazılı üzr istəmələri öhdəliyinin cavabdehlərin üzərinə qoyulması və cavabdehlərdən müştərək qaydada 20.000 (iyirmi min) manat kompensasiyanın tutularaq ona ödənilməsi.

39. Məhkəmə kollegiyası ilk iki tələbi əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissələrdə tələbi təmin etməməklə səhvə yol vermişdir. Məhkəmənin həmin hissələrdə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, maddi və prosessual hüquq normaları pozulmuşdur.

40. Belə ki, işdən göründüyü kimi, mübahisələndirilən kitab 1000 nüsxə tirajla nəşr olunmuşdur. Cavabdeh tərəf birinci instansiya məhkəməsində kitabın kitabxanalardan yığışdırıldığını və elektron variantının internet resurslarından silindiyini bildirsə də, iddiaçının nümayəndəsi apellyasiya baxışı zamanı bununla razılaşmayaraq kitabın tam yığışdırılmadığını və internet resurslarından elektron variantın hələ də silinmədiyini göstərmişdir.

41. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müəlliflik hüququnun pozulması və mübahisələndirilən kitabın (onun bir hissəsinin) pirat məhsul olması işin mübahisəsiz halı olduğundan iddia tələbi bu hissələrdə də təmin olunmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı cavabdehlərə qarşı belə bir tələblə müraciət etməkdə haqlı olmuşdur və bu, qüvvədə olan qanunvericliyin tələblərinə tam uyğundur.

42. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 44-cü maddəsinin 1-ci hissəsinin tələbinə əsasən müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər.

43. Həmin Qanunun 45-ci maddəsinin 1-ci və 2-ci hissələrinə görə müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər və məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən iddiaçının tələbi ilə digər məsələlərlə yanaşı pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi barədə də qərar qəbul edə bilər.

44. “Əqli Mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun 7-ci maddəsinin tələbinə əsasən məhkəmə hüquqpozmaya səbəb olan malların kompensasiya ödənilmədən ticarət şəbəkəsindən çıxarılması, malların hazırlanmasında (istehsalında) istifadə olunan materialların və avadanlıqların istifadəçidən götürülməsi, müsadirə və ya məhv edilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Belə məsələlərə baxılarkən üçüncü şəxslərin qanuni maraqları nəzərə alınmalıdır.

45. Göründüyü kimi, sadalanan normalar müəlliflik hüququnu pozan pirat məhsul olan həmin kitabın ölkə ərazisindəki kitab satışı müəssisələrindən və kitabxanalardan müəlliflik hüququnu pozan tərəfə heç bir kompensasiya ödənilmədən müsadirə olunaraq məhv edilməsi və kitabın elektron variantının internet resurslarından silinməsi hissəsində iddianın təmin təmin olunması üçün hüquqi əsas verir və ona görə də iddia tələbi qeyd olunan hissədə əsaslı sayılmaqla təmin olunmalıdır.

46. Məhkəmə kollegiyası müəlliflik hüququnun pozulmasına görə kütləvi informasiya vasitələrində yazılı üzr istənilmə öhdəliyinin cavabdehlərin üzərinə qoyulması və cavabdehlərdən müştərək qaydada 20.000 (iyirmi min) manat kompensasiyanın tutularaq ona ödənilməsi hissəsində isə iddianı aşağıdakılara görə əsaslı saymır.

47. Əvvəla, apellyasiya baxışı zamanı Cavabdeh2 bildirdi ki, o, həm şəxsən, həm də kütləvi informasiya vasitəsində iddiaçıdan üzr istəmişdir.

48. Apellyasiya baxışı zamanı “Türküstan” qəzetinin 20 iyun-3 iyul 2023-cü il tarixli (№21 (759) nüsxəsi nəzərdən keçirilərkən həqiqətən də müəyyən olundu ki, qəzetdə Cavabdeh2 adından aşağıdakı məzmunda üzrxahlıq yazısı verilmişdir: “İslam fəlsəfəsi (orta əsrlər – müasir dövr)” kitabının (Bakı, “Nurlar” X3, 2019) 274-296-cı səhifələri arasında yer alan “ Əsirəddin Müfəzzəl bin Ömər Əbhəri” adlı məqalənin müəllifi olan İddiaçı adı kitab nəşrə getdiyi zaman üzrlü səbəbdən irəli gələn diqqətsizlik səbəbilə texniki bir səhv olaraq həmin hissənin müəllifi kimi qeyd edilmədiyi üçün birbaşa cavabdeh şəxs olaraq şəxsim adından İddiaçı dərin üzrxahlığımı bildirirəm”.

49. Digər tərəfdən, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən müəlliflik hüququnun müdafiəsi ilə bağlı digər tədbirlərin tətbiqi, yəni iddia tələbinin digər hissələrinin təmin olunması da özlüyündə üzr istənilməsini kompensasiya edir və qətnamədə bunun ayrıca vurğulanmasına ehtiyac yoxdur.

50. İddianın cavabdehlərdən müştərək qaydada 20.000 (iyirmi min) manat kompensasiyanın tutulub iddiaçıya ödənilməsi hissəsinə gəldikdə məhkəmə kollegiyası tələbi bu hissədə əsaslı saymır və qeyd edir ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 45-ci maddəsində məhkəmənin müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən qəbul etdiyi qərarlar sırasında zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması, yaxud zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55000 manatadək kompensasiyanın ödənilməsi nəzərdə tutulsa da, “Əqli Mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun 6-cı maddəsi zərər müəyyən edilərkən hüquq sahibinə məxsus olan əqli mülkiyyətdən qeyriqanuni istifadə nəticəsində hüquqpozmaya yol vermiş şəxsin əldə etdiyi gəlirlərin nəzərə alınmasını tələb edir.

51. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hissədə iddianın əsaslılığı sübutetmədən asılıdır. Hazırkı işə nə birinci instansiya məhkəməsində baxılarkən, nə də apellyasiya baxışı zamanı “İslam fəlsəfəsi (orta əsrlər – müasir dövr)” kitabının satışı və ondan gəlir əldə edilməsi müəyyən olunmamışdır. Cavabdeh tərəf kitabın satış üçün nəzərdə tutulmadığını, yalnız dərs vəsaiti kimi istifadə olunduğunu göstərmişdir. Buna görə də, iddia tələbi bu hissədə sübut olunmadığından təmin oluna bilməz.

52. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

53. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

55. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

57. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 25 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın rədd olunan hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunsun. İddiaçı “Əsirəddin Əbhərinin fəlsəfi görüşləri” elmi məqaləsi üzərində müəlliflik hüququnu pozan “İslam fəlsəfəsi” adlı kitab ölkə ərazisindəki kitab satış məssisələrindən və kitabxanalardan cavabdehlərə heç bir kompensasiya ödənilmədən yığışdırılsın və məhv edilsin. “İslam fəlsəfəsi” kitabının elektron variantı internet resurslarından silinsin. İddia tələbi mübahisələndirilən qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar