Məhkəmə qərarları › İş №2(103)-3490/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3490/2021

26.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3490/2021 26.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh3, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-149/20 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh2 MMC-yə və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35A ünvanında yerləşən yaşayış evinin 2-ci blok 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 50.82 kv.m olan 1 otaqlı mənzilin ona təhvil verilməsinə, həmin mənzildən istifadə etməyinə cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılmasına, həmin mənzilə dair Cavabdeh3 arasında bağlanmış müqavilənin etibarsız olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-149/20 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticəni tam qanunsuz və əsasız hesab edir. Belə ki, mülki işin materiallarından göründüyü kimi, mənzilin dəyərinin ödənilməməsinin səbəbləri məhz cavabdehlərin qeyri qanuni hərəkətləri olmuşdur. Onların barəsində cinayət işi başlanılmış və cinayət məsuliyyətinə cəlb olunmuşlar. Bu səbəbdən onun müqavilə üzrə mənzilin qalan dəyərini ödəməyə yer olmamışdır. Hara ödəniş olunacağı məlum olmamışdır. Eyni zamanda özü də əvvəldən hüquqları pozulduğundan şikayətlər etmişdir. Cinayət işləri üzrə zərərçəkən şəxs qismində tanınmışdır. İlk dəfə Daxili İşlər Nazirliyində istinataq aparılan zaman zərəçəkən şəxs qismində tanındı və sonradan mənzilin satılmadığı müəyyən edilərək zərərçəkən şəxs qismində iştirakına xitam verilmişdir. Buna baxmayaraq yenidən mənzilə buraxılmamışdır. Bu səbəbdən ikinci cinayət işi üzrə də zərərçəkən şəxs qismində tanınmışdır. İddia ərizəsində də qeyd etmişdir ki, Cavabdeh2 MMC ilə xx xxx 2009-cu il tarixdə bağlanılmış müqavilə əsasında Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 29/35A ünvanında yerləşən yaşayış evinin 2-ci blok 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 50.82 kv.m olan 1 otaqlı mənzili almışdır. Cəmiyyətdə baş vermiş qanun pozuntularına görə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılmış və xx xxxxx 2012-ci il tarixdə qəbul edilmiş qərarlarla həmin cinayət işi üzrə zərərçəkən şəxs və mülki iddiaçı kimi tanınmışdır. İstintaqın sonrakı mərhələsində müəyyən olunmuşdur ki, ona satılmış mənzil digər şəxslərə satılmamışdır. Bu səbəbdən sübutların qiymətləndirilməsi haqqında xx xxx 2013-cü il tarixdə qəbul edilmiş qərarla zərərçəkən şəxs və mülki iddiaçı qismində statusuna xitam verilmişdir. Sonradan Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində CM-nin 178.3.2 və 313-cü maddələri ilə istintaqı aparılan cinayət işı üzrə "xxxx" MMC-nin direktoru X2 cinayət məsuliyyətinə cəlb olunub məhkəməyə verilmişdir. Həmin iş üzrə xx xxxxx 2017-ci il tarixdə qəbul edilmiş qərarla zərərçəkən şəxs qismində tanınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu ıl tarixli hökmü ilə X2 CM-in 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmdə zərərçəkən şəxs olaraq ona iddia tələbləri ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ göstərilmişdir. xx.xx.2012-ci il tarixdə isə cavabdeh tərəfindən ona qeyd olunan mənzilə mülkiyyət hüququnun olması barədə 78 saylı çıxarış verilmişdir. Lakin hazırda mənzil ona təhvil verilmir. Cavabdeh tərəfindən ona mənzildən istifadə etməyinə maneçiliklər törədilir. Cavabdehin qeyri-qanuni hərəkətlərinə görə faktiki olaraq mülkiyyət hüququndan məhrum olur. Məhkəmə iclasında cavabdeh Cavabdeh3 apellyasiya şikayətinə etiraz etdi və bildirdi ki, 2012-ci ildə mənzil alınan vaxtdan orada yaşayır. Məhkəmə iclasında cavabeh Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 bildirdi ki, binanın 1-ci mərtəbəsi ofis kimi istifadə olunurdu. Sonrakı mərtəbələr 1, 2, 3 və s. olaraq nəzərdə tutulurdu. Amma binanın mərtəbələrini özbaşına dəyişirdilər. Hazırda onlara da binanın mərtəbə məsələsi qaranlıq qalıb. Onların mərtəbəsindən aşağı mərtəbədə yaşayış var. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı teleqramla müraciət edərək, özü və vəkili üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini və bununla əlaqədar məhkəmə baxışının təxirə salınmasını xahiş etsə də, üzrlü səbəbin nə olduğuna dair müraciətinə sübut əlavə etməmiş, işdə iştirak etməli olan digər şəxslər isə nümayəndələrinin iştirakını təmin etməmişlər. Apellyasiya instansiyası məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, Xətai rayonu, Gəncə prospektindəki 2935 A saylı məhəllədə 0,2 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələşdirilməsinə “xxxx” MMC-yə icazə verilmişdir və “xxxx” MMC-nin təsisçisi X1 olmuşdur. İddiaçı "Cavabdeh2" MMC-nin direktoru X1 ilə xx xxx 2009-cu il tarixdə Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 29/35A ünvanında yerləşən yaşayış evinin 2-ci blok 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 50.82 kv.m olan 1 otaqlı mənzilin tikintisinə dair müqavilə bağlamışdır. Müqavilənin şərtinə görə müqavilənin ümumi məbləği 20000 manat təşkil etmişdir. İlk ödənişin 10940 manat həcmində müqavilə imzalanan zaman ödənilməsi, ödənişin qalan hissəsinin 20 ay ərzində hər ay 453 manat məbləğində ödənilməsi razılaşdırılmışdır. Eyni zamanda Müqavilənin 7ci maddəsində nəzərdə tutulmuşdur ki, “Alıcı” bütün ödənişləri göstərilən müddətdə və həcmdə həyata keçirməyə borcludur, əks halda “Satıcı” ödənilən məbləği qaytarmaq şərtilə onu “Alıcı”lar siyahısından xaric etmək və bu müqaviləni ləğv etmək hüququna malikdir. İş materiallarında olan sübutlarla təsdiq edilir ki, İddiaçı tərəfindən qeyd edilən mənzilin dəyəri onun tərəfindən tam ödənilməmiş, müqavilə üzrə öhdəliklər tam icra edilməmiş və müqavilənin şərtləri pozulmuşdur. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(101)-63/2019 saylı hökmündə müəyyən edilmiş sübutlarla və İddiaçı ifadəsi ilə təsdiq edilmişdir ki, İddiaçı xx.xx.2009-cu il tarixdə Kazım Kazımzadə ilə müqavilə bağlayaraq 2-ci blok, 3 mərtəbə, 50.82 kv.m. sahəsi olan mənzili 20000 manata almış, 11840 manat Kazıma pul vermiş, qalan məbləği isə borclu qalmışdır. İddiaçı mənzilin qalan borcunu və ümumi yığıncağın qərarı ilə müəyyən olunmuş əlavə pulu ödəmədiyinə görə onunla bağlanmış müqavilə ləğv edilərək mənzil həmin protokol üzrə digər zərərçəkmiş Səbirə Əmiralıyevaya verilmişdir. Həmin məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, xx.xx.2009-cu ildə Cavabdeh2 MMC-nin direktoru Kazım Kazımzadə ilə 205 saylı müqavilə bağlayaraq Bakı şəhəri, Gəncə pr. 2935A ünvanda tikilən binada 2-ci blok 3-cü mərtəbədə yerləşən 50.82 kv.m. sahəsi olan 1 otaqlı mənzili 20000 manata almış, ona 11840 manat pul ödəmiş, 8160 manat borclu qalmışdır. Məhkəmə mülki işdə olan sübutları qiymətləndirərək və yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, İddiaçı tərəfindən xx.xx.2009-cu il tarixli müqavilənin şərtləri tam icra edilmədiyindən, həmin mənzilə görə pay haqqı tam verilmədiyinə görə onun həmin əmlaka sahiblik və istifadə etmək hüququ yaranmadığından, onunla bağlanmış müqavilə ləğv edildiyindən onun həmin müqavilə əsasında tələb etmə hüququ mövcud deyil. Odur ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlilləri qətnamənin ləğv və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İddiaçının apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddianın təmin edilməməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamələr mübahisələndirilən hissələrdə yoxlanılır. Hazırki iş üzrə, iddianın faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları təmin yaxud rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Çünki, məhkəmə özü də iddiaçının bu tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilərdi. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. Mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər(MM.m.447.1). Bu normadan göründüyü kimi, müqavilədən imtina, ləğvetmədən fərqli olaraq öz hüquqi nəticələrini həyata keçirilən andan etibarən deyil, müqavilənin bağlandığı andan əmələ gətirir. Müqavilənin ləğv olunması hallarında isə ləğvetmənin baş verdiyi andan sonra üçün hüquq münasibətinə xitam verilir. Buna görə də ləğvetməyə qədər əmələ gələn hüquq və vəzifələr öz qüvvəsində qalır. Lakin müqavilədən imtinada isə müqavilə üzrə öhdəliklər bağlandığı andan etibarən aradan qalxmış olur. İmtina olunan müqavilə üzrə öhdəliklər heç icra olunmamışsa, onda imtina ilə bərabər öhdəliklərə də xitam verilir. Ancaq imtina olunan müqavilə üzrə öhdəliklər birtərəfli qaydada tam və ya qismən icra olunmuşsa, yada hər iki tərəfdən qismən icra olunmuşsa onda icra edilən öhdəliklərin geriyə qaytarılması tələb olunur. Demək ki, icra olunmuş müqavilə öhdəlikləri baxımından ləğvetmədən söhbət gedə bilməz. Başqa sözlə ləğvetmənin daha öncə icra olunmuş müqavilə öhdəliklərinə təsiri ola bilməz. Lakin müqavilədən imtinada əvvəl icra olunmuş müqavilə öhdəliklərinə təsir göstərərək onların geriyə qaytarılmasının hüquqi əsasını təşkil edir. Bu hala görə də müqavilədən imtina müqavilənin etibarsızlığı ilə oxşarlıq təşkil edir. Lakin etibarsızlıqdan fərqli olaraq müqavilədən imtinada əvvəldən hüquqi əsas olur, lakin imtinadan sonra əvvəldən olan hüquqi əsas aradan qalxır. Hazırki iş üzrə də əslində iddiaçı ilə bağlanmış xx xxx 2009-cu il tarixli müqavilədən imtina olmuşdur. Çünki, iddiaçıya da məlumdur ki, o, müqavilə üzrə öhdəliklərinin bir qismini icra etmiş, yəni müqavilədə nəzərdə tutulan qiymətdən 11840 manat pul ödəmiş, 8160 manat borcu qalmışdır. Belə olan vəziyyətdə iddiaçı həmin müqaviləyə əsaslanaraq mübahisə predmeti olan mənzili tələb edə, eləcə də həmin mənzillə bağlı Cavabdeh3 ilə bağlanmış müqavilənin etibarsızlığını tələb edə bilməzdi. İşin müəyyən edilmiş hallarına podrat müqaviləsinin (MM-nin 752.1-ci və 752.2-ci maddələrini) normaları tətbiq edildikdə aydın olur ki, həm İddiaçı, həm də Cavabdeh3 münasibətdə Cavabdeh2 MMC podratçı kimi çıxış edir. Cavabdeh2 MMC kooperativ deyildir, məhdud məsuliyyətli cəmiyyətdir, müvafiq olaraq qanunvericiliyin kooperativlər haqqında normaları hazırki mübahisənin həllində tətbiq edilə bilməz, o cümlədən tərəflər arasında bağlanmış podrat müqavilələrinə əsasən şərtləşdirilmiş müzdun sifarişçilər tərəfindən qismən yaxud tam ödənilməsi 2018-ci ilin iyulun 1-dək qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsinin tələblərinə əsasən müqavilə üzrə hazırlanmış məmulatamənzilə onların mülkiyyət hüququnun əmələ gəlməsi üçün əsas sayıla bilməzdi. Həmin dövrdə qüvvədə olan o normaya görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmçinin hazırlanacaq məmulat-daşınmaz əmlak olan mənzil sahəsi əvəzedilməz əşya olduğuna görə Mülki Məcəllənin 567-ci maddəsinin tətbiq olunması həmin Məcəllənin 752.2-ci maddəsinin 2-ci hissəsinə görə(əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq olunur) istisna olunur. Podrat müqaviləsinin predmeti olan mənzil sifarişçi İddiaçı məxsus olması, onun mülkiyyəti hesab olunması üçün həmin obyekt inşa olunmalı və Mülki Məcəllənin 752.2-ci maddəsinin tələblərinə əsasən ona verilməlidir. Hazırlanmış məmulatın sifarişçiyə təhvil verilməsinin sifarişçinin həmin məmulata hüququn əmələ gəlməsini təsdiq edən haldır, bu baxımdan da həmin halın müəyyən edilməsi hazırki mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb edirdi. Lakin işdən göründüyü kimi mübahisə predmeti olan mənzil İddiaçı heç vaxt təhvil verilməmiş, əksinə Cavabdeh3 təhvil verilmiş və sonuncu da mülki dövriyyənin vicdanlı iştirakçısı kimi bu mənzili təmir edərək bugünədək həmin mənzildə yaşayır. Ona görə də Xətai Rayon Məhkəməsi iş üzrə yekun nəticəyə gəlməzdən əvvəl qeyd olunan bu halları da nəzərə almışdır. Bundan əlavə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər(MM.m.452.1, 452.2). Mübahisə predmeti olan mənzil fərdi müəyyən əşya kimi qəbul edilsə ona dair həm İddiaçıla, həm də Cavabdeh3 ilə bağlanmış müqavilələrin etibarlılığına hüquqi qiymət verilərkən yalnız tarix ardıcıllığı əsas götürülməklə daha əvvəl bağlanmış müqavilənin qanuni olması, sonrakı müqavilənin isə etibarsız hesab edilməsi qanuni yanaşma deyildir. Çünki, məhz Mülki Məcəllənin 452.1-ci maddəsinin son iki cümləsi hər iki müqavilənin etibarlı olduğunu göstərir. Belə ki, fərdi müəyyən əşyaya dair bir neçə müqavilə bağlansa da tarix ardıcıllığı ilə daha əvvəl bağlanmış müqavilə üzrə kreditora fərdi müəyyən edilmiş mənzil o vaxt verilə bilər ki, həmin mənzil digər müqavilə tərəflərindən hər hansı birinə verilməmiş olsun. Yəni, MMC mənzili əgər tarix ardıcıllığı ilə daha sonra bağlanmış müqavilə üzrə tərəfə, yəni Cavabdeh3 vermişdirsə, onda İddiaçı mübahisə predmeti olan mənzili tələb etmək hüququ yoxdur. Bu tələb yuxarıda qeyd olunan maddənin 2-ci cümləsində açıq-aşkar göstərilmişdir. Bu hal da bir daha eyni əşyaya dair bağlanmış bütün müqavilələrin etibarlı olduğunu göstərir. Buna görə də bu cür müqavilələr üzrə fərdi müəyyən əşya hansı şəxsə verilmişdirsə, yəni müqavilə artıq icra olunmuşdursa həmin icra da etibarlıdır. Lakin bu cür hallarda da əvvəl bağlanmış müqavilə tərəfi öhdəliyin predmeti olan əşyanın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzini ödənilməsini tələb edə bilər(MM.m.443,452.2, 448). Göstərilənlərdən əlavə, apellyasiya baxışı zamanı o da müəyyən edildi ki, Cavabdeh3 mübahisə predmeti olan mənzili əldə etdikdən sonra təmir etmiş və uzun illərdir ki, həmin mənzildə yaşayır. Bu cür vəziyyətdə onun qeyd olunan mənzillə bağlı bağladığı müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulan hər hansı bir şərt mövcud deyildir. Birinci instansiya məhkəməsi də qeyd olunan bu halları nəzərə almış və iş üzrə həm də ədalətliliyi təmin edən nəticəyə gəlmişdir. Çünki, hüququn ali məqsədi elə ədalətliliyi təmin etməkdir. Bundan başqa, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisələrinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(101)-63/2019 saylı hökmü ilə MMC-nin rəhbərliyi tərəfindən iddiaçıya qarşı cinayət törədildiyi, yəni cinayət işi üzrə sonuncu zərər çəkdiyi müəyyən olunmuş və buna görə dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ İddiaçı izah edilmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirdiyi hissədə ləğv olunması üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi onun hazırki iş üzrə apellyasiya şikayətində göstərdiyi dəlillərə münasibətdə, mübahisələndirilən hissədə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)- 149/20 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi alındığı tarixdən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar