Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3492/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(011)-185/21 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərində (yuxarı hissəsində) cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin (hasar, talvar) cavabdehin hesabına sökülməsi, qeyri-yaşayış sahəsinin arxa tərəfində açılan qapının cavabdehin hesabına və həmin qapıdan, qapının açıldığı yolun 6 kv.metrdən ibarət hissəsindən istifadəyə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia verərək qeyri-yaşayış sahəsinə çəkilmiş işıq enerjisi kabellərinin iddiaçının hesabına sökülməsi, iddiaçıya məxsus tikilinin önündə yerləşən taxtadan qanunsuz tikilmiş uzunluğu 2.76 m, eni 2.20 m olan köskun iddiaçının hesabına sökülməsi, qeyri-yaşayış sahəsinin qəzalı vəziyyətdə olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı eyni zamanda iddianı təmin etmə tədbiri görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyri-yaşayış sahəsinin arxa və yan tərəfindən hər hansı tikinti işlərinin aparılmasının cavabdeh və digər şəxslərə qadağan edilməsini xahiş etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3262/2020 nömrəli 19.05.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3262/2020 saylı, 19.05.2020-ci il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, iddianı təmin etmə tədbiri qismən ləğv olunmuş, qeyri-yaşayış sahəsinin arxa və yan tərəfində tikinti işlərinin aparılmasına dair cavabdehə və üçüncü şəxslərə qoyulmuş qadağanın qismən götürülməsi, qeyri-yaşayış sahəsinin arxa tərəfində 6 kv.metr və yan tərəfində 6 kv.metr ərazini əhatə edən hissədə tikinti işlərinin aparılmasının cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, qeyri-yaşayış sahəsinin arxa divarının üzərinə düşən hissədə cavabdeh tərəfindən inşa edilmiş tikilinin (hasar, talvar) cavabdehin hesabına sökülməsi qət edilmiş, ilkin iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmişdir. İddiaçı şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasında mübahisə hələ də davam edir. İş üzrə yekun məhkəmə qətnaməsi qəbul edilsə belə, həmin qətnamə qanuni qüvvəyə minməmişdir. Məhkəmə 19.05.2020-ci il tarixli qərardaddan cavabdeh tərəfindən daha əvvəl, 16.06.2020-ci il tarixdə verilmiş şikayətin təmin edilməməsini və qərardadın dəyişdirilmədən saxlanılmasını da nəzərə almayıb, maddi hüquq normasını pozmuşdur. İddianı təmin tədbiri ləğv edilərkən tərəflərin fikri nəzərə alınmayıb. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir (maddə 157.1 və 157.2). İddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə və başqa şəxslərə qadağan etmək növlərində müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər (maddə 158.1.2, 158.1.3). Prosessual qanunvericiliyin bu müddəalarının mənasına görə iddiaçı onun tələbinin təmin ediləcəyi halda gələcək qətnamənin icrasını təmin etmək məqsədilə cavabdehin mülkiyyətində olan müəyyən əmlakların üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını müvəqqəti məhdudlaşdıran tədbirlərin tətbiq olunmasını məhkəmədən xahiş edə bilər. Bu baxımdan ərizədə ilk növbədə görüləcək tədbirlərin məhz cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını alacağı əsaslandırılmalı, onun nəticəsində tətbiq edilən tədbirlər tərəfin mülkiyyət (əmlak) hüququnun qeyrimütənasib məhdudlaşdırılması ilə nəticələnməməlidir. Baxılan iş üzrə iddiaçı qeyri-yaşayış sahəsinin arxa tərəfində açılan qapının açıldığı yolun 6 kv.metrdən ibarət hissəsindən istifadəyə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını xahiş edir. Bu mənada birinci instansiya məhkəməsi işin halları, mübahisənin mahiyyəti və tərəflərin münasibətləri baxımından qeyri-yaşayış sahəsinin arxa tərəfində 6 kv.metr və yan tərəfində 6 kv.metr ərazini əhatə edən hissədə tikinti işlərinin aparılmasını cavabdehə və üçüncü şəxslərə qadağan etməklə əsaslı nəticəyə gəlmişdir. Mülki iş üzrə gələcəkdə qəbul ediləcək qətnamənin icrasını təmin etmək məqsədi ilə müvəqqəti xarakterli və işi qabaqcadan mahiyyəti üzrə həll etməyən məhkəmə aktı ilə cavabdehə müəyyən hərəkətlərin qadağan edilməsi qanunun tələbinə uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə yekun qərar qəbul edərkən iddianı təmin tədbiri kimi qoyulmuş qadağanın həddini dəqiqləşdirməkdə də haqlı olmuşdur. Ona görə də şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(011)-185/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3492/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3492/2022
26.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver