Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-350/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi K.X2 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-44/2020 saylı, 07 yanvar 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1ndan ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə 50 000.00 manat əsas borc, müqavilə müddətinin bitmə tarixinə hesablanmış 19372.37 manat faiz borcu, 25055.56 manat müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış cərimə, müqavilənin bitdiyi tarixdən 26.04.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 5690.8 manat borc, cəmi 100118.73 manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun hesablanaraq ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahə-81.1 kv.m, yaşayış sahəsi-64.5 kv.m, yardımçı sahə 16.6 kv.m., otaqların sayı 4 olan mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan «xxxx» ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, həmin mənzilə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh2həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və ləğv prosesində olan “xxxx” ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-44/2020 saylı, 07 yanvar 2020ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Ləğv prosesində olan “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 16.01.2015-ci il tarixli, N-1659/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1ndan 50000 manat əsas, 19372,37 manat faiz, 1000 manat cərimə, 5690,8 manat 5 %-lik cərimə, cəmi 76063,17 manatın və 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsumunun və 20 manat xidmət haqqının ləğv prosesində olan “xxxx” ASCnin xeyrinə tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektiində yerləşən, 95/2 nömrəli evin 4 nömrəli mənzilinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 130.000 manat müəyyən ediməklə açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borcun ləğv prosesində olan “xxxx” ASC-nə ödənilməsi, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektiində yerləşən, 95/2 nömrəli evin 4 nömrəli mənzili satıldıqdan 1 ay sonra Cavabdeh2 qeyd edilən mənzildən çıxarılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun Cavabdeh2 tutularaq “X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************” hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun qismən ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi və əsassız olaraq cərimə borcunun azaldılması arqumentləri ilə əsaslandırmışdır. Qətnamədən həmçinin cavabdehlər birgə apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətlərini onunla əsaslandırmışlar ki, onlar krediti kənd təsərrüfatı mallarının istehsal edilməsi məqsədilə alsalar da sonradan Vergi orqanı tərəfindən onlara əsassız vergi borcları hesablanmış və onlar kredit müqaviləsi üzrə borclarını ödəyə bilməmişlər. Bu hal fors major kimi qəbul edilməli və buna əsasən də iddia tələbi rədd edilməlidir. Həmçinin Cavabdeh1 nümayəndəsinin məhkəmə iclaslarında iştirakı təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi bank tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər iclasa gəlmədiklərindən, kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya iddiaçı tərəfin izahatını dinləyib, şikayətlərin dəlillərini və iş materiallarını araşdıraraq hеsаb еdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və cərimə borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehlərin verdiyi apellyasiya şikayəti isə təmin edilməməlidir. Kollegiya ilk növbədə cavabdehlərin şikayətinə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 16-cı bəndində qarşısıalınmaz qüvvənin yaratdığı hallar (təbii fəlakətlər, hərbi əməliyyatlar, dövlət orqanalının aktları və hərəkətləri) nəticəsində müqavilə öhdəliklərini yerinə yetirmək mümkün olmadıqda, bu Müqavilədən irə gələn öhdəliklərinin (kredit öhdəliyinin yerinə yetirilməsi istisna olmaqla) yerinə yetirilməməsinə görə məsuliyyət daşımiyacaqları nəzərdə tutulmuşdur. Kollegiya cavabdehlərin apellyasiya şikayətində irəli sürülən “Vergi orqanının əsassız vergi borcu hesablaması səbəbindən ödənşlərin edilə bilməməsi” dəlillərini əsassız sayaraq qeyd edir ki, o, bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmçinin koillegiya qeyd edir ki, müqavilədə fors major halı baş verərsə kredit öhdəliyinin yerinə yetirilməməsinə görə məsuliyyət daşımayacaqları nəzərdə tutulmamışdır. Kollegiya Cavabdeh1 nümyəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməməsi arqumentini də əsassız hesab edir; belə ki, iş materiallarından onun məhkəmə tərəfindən lazımi qaydada məlumatlandırıldığı, lakin məhkəmə iclaslarına gəlmədiyi aydın olur - məlumatlı olduğu məhkəmə iclaslarına getməməsinin məsuliyyətini isə cavabdeh daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, digər Cavabdeh2 Cavabdeh1 direktorudur və onun ünvanınada məhkəmə bildirişləri göndərilmişdir. Kollegiya iddiaçı bankın apellyasiya şikayətinin cərimə borcuna aid hissədə olan arqumentlərinə dair qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; bu isə o deməkdir ki, dəbbə pulunun (cərimənin) müqavilə müddətinin bitdiyi tarixə qədər hesablanmalı olması qənaətinin hüquqi əsası mövcud deyildir. Əksinə, qanunun mənasından göründüyu kimi cərimə, məhz öhdəliyin icra olunmaması halında (olunmadığı dövr üçün) tətbiq oluna bilən maliyyə sanksiyasıdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə isə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, kredit borclusunun 50 000 manat olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı bank 25 055,56 manat cərimə hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olsa da, məhkəmə bu tənasübsüzliyin nisbətini müəyyənləşdirdiyi zaman səhvə yol vermişdir. Kollegiya hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 3000 (üç min) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Kolelgiya iddiaçının apellyasiya şikayətinin ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi barədə dəlillərini də əsaslı hesab edir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Apellyasiya baxışı zamanı qiymətləndirmə ekspertizası təyin olunmuş və qiymətləndirici rəyi ilə ipoteka predmetinin likvid qiymətinin 127 000 (yüz iyirmi yeddi min) manat olması müəyyən edilmişdir. Kollegiya hesab edir ki, qiymətləndiricinin hazırda müəyyənləşdirdiyi qiymətin ilkin satış kimi əsas götürülməsi daha məqsədəuyğundur. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətlərininin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxslərin özlərinə aid olunmalı, iş üzrə keçirilmiş ekspertiza xərci isə tərəflərdən alınaraq müvafiq hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-44/2020 saylı, 07 yanvar 2020ci il tarixli qətnaməsi “ləğv prosesində olan “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 16.01.2015-ci il tarixli, N-1659/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1ndan 1000 manat cərimə və cəmi 76063,17 manatın ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulması, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektiində yerləşən, 95/2 nömrəli evin 4 nömrəli mənzilin ilkin satış qiymətinin 130.000 manat müəyyən edilməsi” hissələrində dəyişdirilsin. Cavabdeh1ndan ləğv prosesində olan “xxxx” ASCnin xeyrinə tutulmalı olan cərimə borcunun məbləği 3000 (üç min) manat, ümumi borcun məbləği isə 78063,17 (yetmiş səkkiz min altmış üç manat, 17 qəpik) müəyyən edilsin. Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektiində yerləşən, 95/2 nömrəli evin 4 nömrəli mənzilin ilkin satış qiyməti 127 000 (yüz iyirmi yeddi min) manat müəyyən edilsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxslərin özlərinə aid edilsin. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə aparılmış tədqiqatın dəyəri olan 200 (iki yüz) manatın 100 (yüz) manatı ləğv prosesində olan “xxxx” ASC-dən, 100 (yüz) manatı isə Cavabdeh1ndan alınaraq “xxxx” MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-350/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-350/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver