Məhkəmə qərarları › İş №2(103)-3503/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3503/2022

25.05.2022 · İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3503/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi eyni zamanda vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1, Maraqlı şəxs X2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (X4 maraqlı şəxs qismində cəlb edilməklə) “icarə müqaviləsinin etibarsızlığı” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-572/2022 saylı, 01 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (X4 maraqlı şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların iştirakı olmadan cavabdehin rəsmiləşdirdiyi 11 avqust 2021-ci il tarixdə ünvan 1 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 306.1 kv.metr torpaq sahəsinə dair 708 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ümumi sahəsi 519,2 kv.metr və tikintialtı sahəsi 306.1 kv.metr olan qeyri-yaşayış binası Qeyri-yaşayış sahəsi 10 yanvar 2015-ci il tarixdən etibarən 1/3 hissədə İddiaçı1, 2/3 hissədə isə İddiaçı2 xüsusi mülkiyyətindədir. Dövlət Reyestrində 10 yanvar 2015-ci il tarixdə verilmiş ******* nömrəli çıxarışdan məlum olur ki, **********18-06301 reyestr nömrəsi əsasında onlara məxsus olan əmlakın yerləşdiyi 0,03061 ha ölçüdə torpaq sahəsi onların daimi istifadələrindədir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 30 may 1994-cü il tarixli, 801 nömrəli Sərəncamı əsasında ünvan 2 ünvanda torpaq sahəsi ayrılmışdır. Xüsusi mülkiyyətlərində olan əmlakın yerləşdiyi 306,1 kv.metr torpaq sahəsi, hüquq münasibətlərin yarandığı zaman qüvvədə olmuş Torpaq Məcəlləsinə əsasən İcra Hakimiyyətinin Sərəncamına uyğun olaraq daimi istifadələrinə ayrılmışdır. Torpaq sahəsinin istifadələrində olması qanunvericiliyə uyğun qaydada 10 yanvar 2015-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə verilmiş ******* nömrəli Çıxarışda qeyd edilmişdir. Qeyri-yaşayış sahəsinin altındakı 306,1 kv.metr torpaq sahəsinin özəlləşdirilməsi üçün, avqust 2021-ci il tarixdə nə qədər məbləğdə pul vəsaitin ödənilməli olmasını öyrənmək məqsədilə, Dövlət orqanına müraciətlər edilmişdir. 11 avqust 2021-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Nümayəndə ilə İddiaçı2 və İddiaçı1 arasında 708 nömrəli “icarə müqaviləsi” rəsmiləşdirilmişdir. Qeyd olunan "icarə müqaviləsi” qanunsuzdur. Bu “icarə müqaviləsindəki imzalar onlara məxsus deyildir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-572/2022 saylı, 01 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı1 və İddiaçı2 arasında bağlanmış 11.08.2021-ci il tarixli qeyri-yaşayış sahəsinin icarə müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti vermiş, şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən 306.1 kv. m torpaq sahəsi dövlət mülkiyyətində, həmin torpaq sahəsində yerləşən tikili isə iddiaçıların mülkiyyətindədir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 11-ci bəndinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsini satın alınması üçün həmin sahənin üstündə yerləşən müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Eyni zamanda, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin altıncı hissəsinə və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycan Respublikasında icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18ci maddəsinin ikinci hissəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli, 116 nömrəli “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərmanın 2.4-cü bəndinə əsasən həmin Qanunun 10-cu maddəsinin beşinci hissəsində və 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti), həmin Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş qalan torpaqlara münasibətdə isə rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir. Beləliklə, yuxarıda qeyd edilən qanunvericilik aktlarından göründüyü kimi, fiziki və ya hüquqi şəxslərə məxsus müəssisə və ya obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələri kommersiya məqsədləri üçün yalnız icarə müqaviləsi əsasında istifadə edilə bilər və belə torpaq sahələrini icarəyə vermək səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur. Məhkəmə icarə müqaviləsinin iddiaçılar tərəfindən deyil, digər bir şəxs tərəfindən (iddiaçılardan biri olan İddiaçı1 atası X4) imzalandığını əsas gətirərək müqaviləni etibarsız hesab etmişdir. Halbuki, məhkəmə nəzərə almamışdır ki, bu işdə təqsirkar Əmlak Məsələləri Dövlət Xidməti deyil, iddiaçılar olmuşdur. Belə ki, məhkəmə qətnaməsində qeyd etmişdir ki, üçüncü şəxs X4 izahatında bildirmişdir ki, oğlu ona qeyd edilən torpaq sahəsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə getməsini xahiş etmiş və o da, Xidmətə getmiş, orda ona təqdim edilmiş sənədlə evdə tanış olarkən torpaq sahəsinin icarəyə verildiyini bilmişdir. Beləliklə, iddiaçılardan birinin atası olmuş X4 iddiaçıların adından Xidmətə gəlmiş, özünü onların nümayəndəsi kimi təqdim etmiş və onların adından icarə müqaviləsini imzalamışdır. Eyni zamanda məhkəmə qətnaməsində yanlış olaraq, iddianın təmin edilməsinin səbəblərindən biri kimi, torpaq sahəsi iddiaçıların istifadəsində olduğu halda onlarla icarə müqaviləsinin bağlanılmasının hansı zərurətdən irəli gəlməsinin cavabdeh tərəfindən əsaslandırılmadığını qeyd etmişdir. Yuxarıda istinad olunan torpaq qanunvericiliyinin müddəalarına əsasən dövlət mülkiyyətində olan torpaq sahələri yalnız icarə müqaviləsi əsasında kommersiya məqsədləri üçün istifadə oluna bilər. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, əlavə olaraq bildirdi ki, tərəflər özləri müraciət edərək, ünvan 1 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 306.1 kv.metr torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması xahi edilmiş, bundan sonra təmsil etdiyi Xidmət tərəfindən bu barədə sərəncam verilməklə icarə müqaviləsinin bağlanmasına razılıq verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi eyni zamanda vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, əlavə olaraq bildirdi ki, iddiaçılar tərəfindən ünvan 1 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 306.1 kv.metr torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması və ya hər hansı müqavilənin bağlanması barədə müraciət olmamışdır. Cavabdehin istinad etdiyi sərəncam isə iddiaçılarla cavabdeh arasında olan münasibətlərin təsdiq edilməsi demək deyil, çünki hazırki vəziyyətdə icarə müqaviləsi tərəflər arasında münasiətlərin yaranmasına səbəb ola bilərdi ki, icarə müqaviləsindəki imza iddiaçılara aid olmamışdır. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X4 apellyasiya şikayətinə etiraz edərək, əlavə olaraq bildirdi ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə icarə müqaviləsi bağlanması barədə müraciət etməmiş, lakin onu Xidmətdən dəfələrlə zəng edərək dəvət etmişlər və sözügedən torpaq sahəsinin özəlləşdirilməsi barədə yüksək qiymətlər təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (bundan sonra Qeyri-yaşayış sahəsi) 1/3 hissədə İddiaçı1, 2/3 hissədə isə İddiaçı2 paylı mülkiyyətindədir. Qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,03061 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, iddiaçıların istifadəsinə verilmişdir. İş materiallarında olan 11.08.2021-ci il tarixdə 306,1 kv.m (0,03061 ha) torpaq sahəsinin iddiaçıların müvəqqəti istifadələrinə verilməsi barədə onlarla cavabdeh arasında “özəlləşdirilən dövlət müəssisə və obyektlərinin habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” 708 saylı müqavilə bağlanmşdır. İddiaçıların adından müqaviləni üçüncü şəxs, X4 imzalamışdır. Kərim Səfərov İddiaçı1 atasıdır. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab edir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsində isə deyilir ki, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Qeyd edilən maddəalarda əqdlərin etibarsızlığının əsasları və qaydası göstərilmişdir. Qanunun etibarsız əqdlərə verdiyi ümumi anlayışdan isə görünür ki, etibarsızlıq üçün əsas şərt əqdin məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılmasıdır. Bu şərtlər əsasən subyektlə bağlı olan, habelə əqdin forma və məzmununa aid olan şərtlərdir. Əqdlərin etibarlı olması üçün onu bağlayan şəxsin səlahiyyətinin olub-olmaması isə vacib əlamətdir. Çünki lazımı səlahiyyətə malik olmayan şəxs tərəfindən bağlanmış əqd əhəmiyyətsizdir və belə əqd hər hansı hüquqi nəticə yaratmaq qabiliyyətinə malik deyil. Əhəmiyyətsiz əqdin etibasızlığı anını isə qanun (MMnin 337-cü maddəsi) onun bağlanması ilə eyni vaxtda baş verməsini müəyyən etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli Qərarında da qeyd edilir ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. İş araşdırılmış halları ilə müəyyən edilir ki, qeyri-yaşayış sahəsinə dair müqaviləni imzalamış X2 bu müqaviləni imzalamaq üçün lazımı səlahiyyəti olmamışdır. Belə ki, iddiaçılar icarə müqaviləsindəki imzaların onlara məxsus olmadığını əsas gətirərək müqavilənin etibarsız hesab edilməsini tələb edirlər. İş materiallarında olan 11.08.2021-ci il tarixli, 708 saylı “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin surətindən müəyyən olunur ki, müqavilənin icarəyəverən qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Nümayəndə, icarəçi qismində isə iddiaçılar tərəfindən bağlanması qeyd olunmuş, müqavilənin son bölməsində icarəçi qismində iddiaçıların adları qeyd olunsa da, Kərim Səfərov tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsi baxışı zamanı isə cavabdehin nümayəndəsi etibarnaməni təqdim etmədən Kərim Səfərovun sözügedən müqaviləni imzaladığını bildirmişdir. Cavabdehin nümayəndəsi bunu onunla izah etmişdir ki, Kərim Səfərovun iddiaçılar tərəfindən ona etibarnamə verildiyini bildirdiyi üçün və sərt pandemiya şəraiti ilə əlaqədar olaraq müəyyən məhdudiyyətlər mövcud olduğu üçün müqavilənin iddiaçıların adından onun tərəfindən imzalanmışdır. Sonradan belə bir etibarnamənin mövcud olmaması müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalı olduğundan, hazırki iş üzrə isə qeyri-yaşayış sahəsinə dair müqaviləni imzalamış X2 bu müqaviləni imzalamaq üçün lazımı səlahiyyəti olmadığından birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı1 və İddiaçı2 arasında bağlanmış 11.08.2021-ci il tarixli qeyri-yaşayış sahəsinin icarə müqaviləsi etibarsız hesab edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, 11.08.2021-ci il tarixli qeyri-yaşayış sahəsinin icarə müqaviləsi bağlanarkən K.Səfərovun səlahiyyətli olmaması cavabdehə məlum olmuş, bununla belə müqavilə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Bu isə əqdlərin etibarlılığı üçün mülki qanunvericilikdə müəyyən edilmiş qaydalara zidd olmuşdur. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla öz təsdiqini tapmamışdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-572/2022 saylı, 01 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar