Məhkəmə qərarları › İş №2-2(113)-4370/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-4370/2022

12.10.2022 · İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-4370/2022 12.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X2, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “torpaq sahəsi üzrə icarə haqqının ödənilməsi” barədə iddia tələbinə, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarəyə verilmiş torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və ödənilmiş icarə haqqlarının torpaq sahəsi təhvil verildikdən sonrakı müddətə hesablanması” barədə qarşılıqlı iddia tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “torpaq sahəsinə dair icarə haqqı borcunun ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 162 nömrəli icarə müqaviləsi üzrə 848 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 162 nömrəli icarə müqaviləsinə əsasən Ağsu şəhəri, X9, 2C ünvanında yerləşən dövlət mülkiyyətində olan 3240.3 kv.m torpaq sahəsi Cavabdeh oğİunun icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icareə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 23-cü maddəsinin tələbləri pozulmuşdur. Müqavilə İəğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə ödənilməli olan 848 manat icarə haqqı borcu mövcuddur. Cavabdehə xx.xx.2021-ci il tarixli, **********73 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, cavabdeh icarə haqqı borcunu ödəməkdən imtina etmişdir. Eyni zamanda Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Ağsu şəhəri, X10 küçəsi, 2C ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 0.48 (3240.3 kv.metr sahə daxil olmaqla) torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi və tərəfindən ödənilmiş cəmi 1.116 manat icarə haqqlarının torpaq sahəsi ona təhvil verildiyi gündən sonrakı müddətə hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(001)- 7214/2021 saylı qərardadı ilə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsi iddia icraatına keçirilmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 3191 saylı, 18 iyul 2014-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən qeyd olunan 3240.3 kv.metr torpaq sahəsi onun istifadəsinə verilmişdir. 1981-ci ildə həmin ünvanda yerləşən köhnə kolxoz bazarı ərazisində yerləşən sənaye, ərzaq mağazalarında müdir işləmiş, kooperasiyanın üzvü olmuşdur. Həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binası onun adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçirilmişdir və 23 oktyabr 2013-cü il tarixdə çıxarış verilmişdir. Üstünlük hüququ nəzərə alınaraq həmin əmlaklar dəyəri ödənildikdən sonra ona satılmışdır. Həmin sahələr ona satıldığı zaman 0.48 ha torpaq sahəsində 3 tikili olmuşdur. Ərazidə tikintisi yarımçıq qalmış tikili ona satılmalı olduğu halda X1. Ona icarə müqaviləsi ilə istifadəsinə ayrılmış torpaq sahəsi qanunsuz olaraq X8 və qeyriləri tərəfindən zəbt edilmiş və onun istifadəsinə icarə müqaviləsi ilə verilmiş torpaq sahəsindən istifadə etməyi mümünsüz olmuşdur. İcarə müqaviləsi ilə onun istifadəsinə verilmiş torpaq sahəsində yerləşən və onun direktoru olduğu "xxxx" Firma mağzasının balansında olan tikililər Rza Quliyev tərəfindən özbaşına sökülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə Ağsu Rayon Məhkəməsinin xx.xx.2010cu il tarixli qətnaməsi ləğv edilmişdir və onun iddia tələbi qismən təmin edilmiş, X5 adına verilmiş 0,48 ha torpaq sahəsinə mülkiyyət hüququna dair JN-0001 saylı Dövlət Aktı, həmin hissədəki tikililərə dair texniki pasport və digər sənədlər etibarsız hesab edilmiş, onun tərəfindən zəbt edilmiş 33 saylı inventar nömrəli 1996-cı ildə qeydə alınmış texniki pasporta əsasən Əlisabir Qənbərovun direktoru olduğu "xxxx" firmasına məxsus olmuş və 69,5 kv.m tikili sahəsi olan karamel və tikiş sexləri binasının boşaldılması, Rza Quliyev tərəfindən özbaşına sökülərək ləğv edilmiş "xxxx" firmasına məxsus inventar nömrəsi 31 olan, 1996-cı ildə qeydə alınmış texniki pasporta əsasən 20x2,7 metr ölçülərdə olmuş 56 kv.metr sahəsi olan idarə binası və anbar, həmçinin 1996-cı il texniki pasporta əsasən 16,2 kv.metr sahəsi olan 4,5x3,6 metr ölçülərdə olan mağaza binası da onun hesabına bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərardadı ilə qətnaməyə düzəliş edilmişdir, X5 adına verilmiş 0,48 ha torpaq sahəsinə mülkiyyət hüququna dair JN0001 saylı Dövlət Aktı həmin torpaq sahəsi ilə bağlı şəhadətnamə etibarsız hesab edildiyindən və cavabdehin həmin torpaq sahəsi ilə bağlı hər hansı bir hüququ bağlılığı qalmadığından o, həmin ərazidə "xxxx" firmasına məxsus olan obyektlərin yerləşdiyi torpaq sahəsindən çıxarılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. Lakin icra edilməmişdir. Həmçinin, onun X8 və qeyrilərinə qarşı "torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılması" tələbinə dair iddiası Ağsu Rayon Məhkəməsinin 06 iyun 2016-cı il tarixli, 2(016)-39/2016 saylı qətnaməsi ilə təmin edilmiş, cavabdehlərin Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 2C ünvanda yerləşən (köhnə kolxoz bazarı ərazisi) qeyri-yaşayış binasının yerləşdiyi 3240.3 kv.m torpaq sahəsindən çıxarılmaları, 0.48 ha torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi və torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. 2016-cı ildə Ukraynada yaşayan oğlu və gəlini avtoqəzada vəfat etmişlər və 3 azyaşlı uşaqları qalmışdır. O, uşaqları qəyyumluğa götürməklə bağlı Ukraynaya getmiş, Ukrayna Respublikasında olarkən icarə müqaviləsinə onun məlumatı olmadan 2016-ci il tarixdə xitam verilmişdir. İcarə müqaviləsinə xitam verilməsi səbəbindən Ağsu Rayon Məhkəməsinin 06 iyun 2016-cı il tarixli qətnaməsi ləğv edilmişdir. Onunla İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında həmin torpaq sahəsi ilə bağlı 162 saylı, 25 dekabr 2020-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsi bağlanarkən cavabdeh tərəf icarəyə verilən torpaq sahəsinin boşaldılacağına və onun istifadə etməyinə imkan yaradılacağına söz vermiş, lakin bu günə kimi həll etməmişdir. Xidmət müvafiq orqanlara bildiriş göndərməklə kifayətlənmiş, torpaq sahəsini zəbt etmiş şəxslərin oradan çıxarılması üçün ciddi tədbirlər görməmişdir. Hal-hazırda isə ondan icarə haqqının istənilməsi əsassızdır. Məhkəmə tərəfindən çıxarılmış qətnamə bir neçə dəfə icra edilsə də, torpaq sahəsini zəbt etmiş şəxslər tərəfindən qapılar sındırılaraq əraziyə daxil olmuş, həmçinin, 21 ferval 2018-ci il tarixdə icra məmurları və polis işçilərinin iştirakı ilə ona təhvil verilmiş, lakin yenidən qapıların qıfılları sındırılaraq əraziyə daxil olmuşlar və bu günə kimi həmin ərazidə qanunsuz fəaliyyətlərini davam etdirirlər. Göründüyü kimi, o, istifadəsinə icarə müqaviləsi əsasında verilmiş torpaq sahəsindən istifadə edə bilməmiş və bu gün də istifadə edə bilmir. Buna baxmayaraq, 18 iyul 2014-cü il tarixdən 02 noyabr 2016-cı il tarixədək və 25 dekabr 2020-ci il tarixdən 01 aprel 2021-ci il tarixədək icarə müqaviləsində nəzərdə tutulmuş haqqları ödəmişdir. Yəni, icarə müqaviləsində nəzərdə tutulan sahədən istifadə etmədiyi halda ondan icarə haqqları tutulmuşdur. Qeyd olunmalıdır ki, tərəfindən dəfələrlə Əmlak Məsələləri Dövlət Komitəsinə ərizə ilə müraciət edərək torpaq sahəsini zəbt edərək qanunsuz fəaliyyət göstərən şəxslərin çıxarılmaları üçün tədbir görülməsini xahiş etmiş, lakin müraciətləri nəticəsiz qalmışdır. Həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinə də ərizələrlə müraciət etmiş, yalnız müvafiq orqanlara göndərilməsi barədə ona cavablar verilmiş, heç bir əməli tədbir görülməmişdir. 10 iyul 2015-ci il tarixdə tərtib edilmiş aktla da onun torpaq sahəsindən istifadə etməməyi öz təsdiqini tapır. Halbuki, icarə müqaviləsi ilə onun istifadəsinə verilmiş torpaq sahəsinin zəbt etmiş şəxslər tərəfindən boşaldılaraq ona təhvil verilməsi üçün heç bir iş görülməmişdir. Həmin sahəni zəbt etmiş şəxslərin 0.48 ha torpaq sahəsinə heç bir aidiyyatı yoxdur, Rza Quliyevin 0,48 ha torpaq sahəsinə hüququ bağlılığı olmadığı halda hal-hazırda da həmin sahə onun istifadəsindədir və o, torpaq sahəsinə, şəxsi mülkiyyətində olan əmlaklara daxil ola bilmir. Hətta qəyyumluğunda olan uşaqların sosial təminatlarının təmin edilməsi məqsədi ilə ona mebel sexi avadanlıqları verilmiş, lakin o, həmin sahəyə daxil ola bilmədiyimdən həmin avadanlıqlardan da istifadə edə bilmir. Təqdim edilən surətlərdən də aydın olur ki, cavabdeh tərəf bu torpaq sahəsinin zəbt edilməsi və onun icarəyə verilmiş sahədən bir icarəyə götürən kimi istifadə edə bilməməyi barədə məlumatlıdır. O, icarəyə götürdüyü torpaqda olan əşyaların, o cümlədən yaşayış və təsərrüfat binalarının, yolların, arxların, drenaj sistemlərinin və hasarların adi təmirini öz hesabına aparmalıdır. 25 dekabr 2020-ci il tarixli icarə müqaviləsinin İİ bəndində İcarəyə verilən torpaq sahəsinin icarəçiyə təhvil verilməsi barədə öhdəlik götürülmüşdür, lakin bu öhdəliyə əməl edilməmişdir. Belə ki, cavabdeh tərəf torpaq sahəsini boşaldılmış və qanunsuz tikililər sökülmüş vəziyyətdə ona təhvil verməli idi. Göründüyü kimi, o, bir icarəçi kimi icarəyə götürülən torpaq sahəsindən məlum səbəblərə görə istifadə edə bilmir və icarəyə verən tərəfindən də torpaq sahəsinə olan müdaxilələr aradan qaldırılmamış, belə olan halda isə ondan icarə haqqının tələb edilməsi tamamilə əsassızdır. Cavabdeh tərəfindən 0.48 ha sahəsi olan torpaq sahəsi boşaldılmalı, ona təhvil verilməlidir. Həmçinin, onun tərəfindən ödənilmiş icarə haqqları torpaq sahəsi ona təhvil verildiyi gündən sonrakı aylara hesablanmalıdır. Belə ki, istifadə etmədiyi halda 2014- 2016-cı illərdə 604 manat icarə haqqı ödəmiş və 2020-ci ilin dekabr ayından 2021-ci ilin aprel ayının 1-dək 512 manat ödəniş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə verərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanılmış Ağsu şəhəri, X10, 2 C ünvanında yerləşən dövlət mülkiyyətində olan 3240.3 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2020-ci il tarixli, 162 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehdən 848 (səkkiz yüz qırx səkkiz) manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X4 İdarəsindəki hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, icarə müqaviləsi ilə aylıq icarə haqqı məbləği 637,15 manat müəyyən edilsə də icarəçi tərəfindən icarə müqaviləsi üzrə ödənişlər həyata keçirilmir. İcarə müqaviləsinin 7.2-ci bəndinə əsasən icarəçi 2 ardıcıl müddət üçün icarə haqqı borcunu ödəmədikdə, icarə müqaviləsinə xitam verilir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə izahatında qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, qarşı tərəfin ucbatından 11 ildir ki, məhkəmə qətnamələri icra olunmur. Qarşı tərəf bir torpaq sahəsini 4 nəfərə satır, məhkəmə mübahisəsi olduğu vaxta hakimin torpaq sahəsinə çıxarışın verilməsinə qadağa qoymasına baxmayaraq, həmin torpaq sahəsinə çıxarış vermişlər. 2014-cü ildən 2017-ci ilə kimi 2 il 8 ay müddətinə hər ay icarə haqqını ödəmişdir. Hal-hazırda da ödənişləri etməyə hazırdır. Lakin torpaq sahəsi zəbt olunmuş və boşaldılmır. Bununla bağlı Ağsu Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi iddia tələbi qüvvədə qalmışdır. Ailə vəziyyəti ilə əlaqədar Ukraynada olduğu zaman məlumatı olmadan müqaviləyə xitam verilmişdir. Qarşı tərəfin əməkdaşları tərəfindən monitorinq aparılmış torpaq sahəsinin zəbt olunması öz təsdiqini tapmışdır. Cavabdeh ilkin iddanın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia rədd, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İcarəyəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti icarəçi Cavabdeh olmaqla imzalanmış 25 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən, icarəyəverən icarəyə verdiyi Ağsu şəhəri, X10 küçəsi, 2C ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 3240.3 kv.metr torpaq sahəsini icarəçi tərəfindən icarə şərtləri əsasında müvvəqəti istifadəyə qəbul edir. Həmin müqavilənin 3.1ci bəndinə əsasən torpaq sahəsinin illik icarə haqqı 1.945,2 manat, aylıq icarə haqqı 162,1 manat təşkil edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən icarəyə verilən torpaq sahəsinin icarəçiyə təhvil vermək icarəyəverənin vəzifəsidir. Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavininə İqtisadiyyat Nazirliyinin nümayəndəsi tərəfindən ünvanlanmış və Xidmətin Şamaxı Ərazi Şöbəsinə 05 aprel 2021ci il tarixdə daxil olmuş “xidməti məlumat”dan görünür ki, icarəçi Cavabdeh bir neçə dəfə Əmlak Məsələləri Dövlət Xidmətinə yazılı və şifahi qaydada şikayətlə müraciət edərək, Xidmət tərəfindən onun icarəsinə verilmiş torpaq sahəsinin digər şəxs tərəfindən zəbt edilərək orada müxtəlif tikinti işlərinin aparıldığını və onun həmin torpaq sahəsindən istifadəsinə imkan vermədiyini bildirmiş və bununla əlaqədar olaraq icarəyəverən kimi Xidmətdən ona müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən icarəyə verilmiş torpaq sahəsinin zəbt olunması və bununla bağlı yol verilmiş qanunvericiliyin pozulması hallarının aradan qaldırılması üçün aidiyyəti dövlət orqanlarına (Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti orqanı və s.) müraciət olunması üçün göstəriş verilməsi xahiş edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Daxili İşlər Nazirliyinə ünvanlanmış məktubun surətində qeyd olunur ki, Xidmətin işçiləri tərəfindən ünvan 5 ünvanında yerləşən vətəndaş Cavabdeh istifadəsində olan dövlət mülkiyyətinə aid 3240,3 kv.metr torpaq sahəsinin bir hissəsində qanunvericilikdə nəzərdə tutulan qaydada mülkiyyət, istifadə və ya icarə hüququ olmayan X8 tərəfindən yüngül konstruksiyadan ibarət çardaq quraşdırılması faktı müəyyən edilmişdir ki, bu da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin tərkibi əlamətlərinə uyğun gəlir. Göstərilənləri nəzərə alaraq həmin şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə tədbirlərin görülməsi və nəticəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verilməsi xahiş edilmişdir. Cavabdeh məxsus şəxsi hesab vərəqəsindən məlum olur ki, 162 nömrəli icarə müqaviləsi üzrə 09 ferval 2021-ci il tarixdə 161,6 manat, 29 mart 2021-ci il tarixdə 161,6 manat, 28 aprel 2021-ci il tarixdə 162,6 manat icarə haqqı ödənilmişdir. xx.xx.2021-ci il tarixli ödəniş qəbzinə əsasən Cavabdeh tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin bank hesabına 35 manat ödənilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh ünvanlanmış 23 iyun 2021-ci il tarixli məktubda 162 nömrəli, 25 dekabr 2020-ci il tarixli icarə müqaviləsi üzrə yaranmış borcunun 7 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə müqavilənin ləğv edilməsi və yaranmış borcun ödənilməsi tələbinə dair qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Ağsu Rayon Məhkəməsinin 06 iyun 2016-cı il tarixli, 2(016)-39/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh X8 və digərlərinə qarşı torpaq sahəsinin boşaldılması, əvvəlki vəziyyətə gətirilməsi, dəymiş zərərin ödənilməsi, qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər X8 və qeyrilərinin ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 3240.3 kv.metr torpaq sahəsindən çıxarılması, cavabdehlər tərəfindən həmin torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi və həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 11 avqust 2011-ci il tarixli, 2(106)-529/2011 saylı qətnaməsi ilə Ağsu Rayon Məhkəməsinin 03 avqust 2010-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, X5 adına verilmiş 0,48 hektar torpaq sahəsinə mülkiyyət hüququna dair JN-0001 saylı Dövlət Aktı, həmin hissədəki tikililərə dair texniki pasport və digər sənədlərin etibarsız hesab edilməsi, onun tərəfindən zəbt edilmiş 33 saylı inventar nömrəli 1996-cı ildə qeydə alınmış texniki pasporta əsasən Əlisabir Qənbərovun direktoru olduğu "xxxx" firmasına məxsus olmuş və 69,5 kv.metr tikinti sahəsi olan karamel və tikiş sexləri binasının boşaldılması, Rza Quliyev tərəfindən özbaşına sökülərək ləğv edilmiş "xxxx" firmasına məxsus inventar nömrəsi 31 olan, 1996-cı ildə qeydə alınmış texniki pasporta əsasən 20x2,7 metr ölçülərdə olmuş 56 kv.metr sahəsi olan idarə binasının və anbarın, həmçinin 1996-cı il tarixli texniki pasporta əsasən 16,2 kv.metr sahəsi olan 4,5x3,6 metr ölçülərdə olan mağaza binasının da onun hesabına bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməsi hissəsində təmin, avadanlıqlar və avtomaşının, vurulmuş 100.000 manat maddi və 50.000 manat mənəvi ziyanın cavabdehlərdən alınıb ona verilməsi və təqsirli şəxslər barəsində xüsusi qərardadın çıxarılması tələbi hissəsində təmin edilməməsi qət edilmişdir. xx.xx.2021-ci il tarixli ödəniş qəbzinə əsasən Cavabdeh tərəfindən 100 manat Binəqədi Rayon Məhkəməsinə dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 25 dekabr 2020-ci il tarixli, 162 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçının icarəyə verdiyi Ağsu şəhəri, X10 küçəsi, 2C ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 3240.3 kv.metr torpaq sahəsi Cavabdeh müvvəqəti istifadəsinə verilmişdir. Cavabdeh tərəfindən icarə haqqı ödənişləri olmuş, lakin daha sonra icarə haqqı ödənişləri dayandırılmışdır. Hazırda qarşılıqlı iddia üzrə iddiaçı cavabdehdən müqavilə üzrə icarə haqqlarının ödənilməsini, cavabdeh isə torpaq sahəsinin ona təhvil verilməsini və ödənilmiş icarə haqqlarının torpaq sahəsi təhvil verilən gündən sonrakı müddətə hesablanmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır Həmin Məcəllənin 421.1 və 421.2-ci maddələrinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 675-ci maddəsin əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür, Həmin Məcəllənin 676.0.1 və 676.0.3-cü maddələrinə əsasən bütün kirayə müddəti ərzində kirayəyə verən aşağıdakılar üçün məsuliyyət daşıyır: kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır, üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməlidir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 708.3-cü maddəsinə əsasən icarəyə verilən torpağın qüsurları və üçüncü şəxslərin torpağa iddialarının və hüquqlarının olması üçün icarəyə verənin məsuliyyətinə, habelə icarəçinin həmin qüsurlar nəticəsində əmələ gələn hüquq və vəzifələrinə bu Məcəllənin 676 və 677-ci maddələrinin göstərişləri müvafiq surətdə tətbiq edilir. AR Mülki Məcəlləsinin 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Məhkəmə ilkin iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Tərəflər arasında imzalanmış müqavilədən müəyyən olunur ki, ilkin iddia üzrə iddiaçı icarəyə verilmiş torpaq sahəsini icarəçiyə təhvil verilməsi ilə bağlı birbaşa öhdəlik götürsə də bu öhdəliyinə əməl etməmiş, müqavilənin şərtlərini pozmuşdur. Belə ki, iş materiallarında olan məhkəmə qətnamələrindən, eləcə də Cavabdeh iddiaçıya müraciətlərinə və həmin müraciətlərə verilmiş cavablarından müəyyən olunur ki, icarə müqaviləsində nəzərdə tutulmuş torpaq sahəsi hazırda Cavabdeh təhvil verilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, icarə müqaviləsində nəzərdə tutulmuş torpaq sahəsi Cavabdeh müvəqqəti istifadəsinə verilmədiyindən ilkin iddia üzrə iddiaçının icarə haqqını tələb etməsinə dair hazırki iddia tələbi əsassızdır və təmin edilməməlidir. Eyni zamanda iddiaçı tərəflər arasında imzalanmış müqaviləyə xitam verilməsini xahiş etmiş, iddia tələbini qeyd olunan hissədə tərəflər arasında imzalanmış müqavilənin 7.2-ci bəndində göstərilmiş icarəçi tərəfindən 2 ardıcıl icarə haqqının ödənilməməsi ilə əsaslandırmşdır. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı icarə haqqının ödənilməməsi cavabdehin təqsiri ucbatından olmadığı, iddiaçı tərəfindən icarəyə verilmiş əmlakın cavabdehə təhvil verilməyərək, müqaviə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməməsi öz təsdiqini tapdığından iddia tələbi əsassız hesab olunmalı və təmin edilməməlidir. İlkin iddia tələbi üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 küçəsi, 2C ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 0.48 (3240.3 kv.metr sahə daxil olmaqla) torpaq sahəsinin boşaldılaraq əhvil verilməsini və ödənilmiş cəmi 1.116 manat icarə haqqlarının torpaq sahəsi təhvil verildiyi gündən sonrakı müddətə hesablanmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilədə 3240.3 kv.metr torpaq sahəsinin icarəyə verilməsi razılaşdırılmasına baxmayaraq, Cavabdeh X10 küçəsi, 2C ünvanında yerləşən qeyriyaşayış binasının yerləşdiyi 0.48 (3240.3 kv.metr sahə daxil olmaqla) torpaq sahəsinin boşaldılaraq təhvil verilməsini xahiş etmişdir. Bununla belə məhkəmə bir tərəfdən icarəyə verilən torpaq sahəsinin icarəçiyə təhvil verilməsinin iddiaçının vəzifəsi olmasını əsas götürərək qeyd edir ki, qarşılıqlı iddia tələbi qeyd olunan hissədə qismən təmin edilməli və X10 küçəsi, 2C ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 3240,3 kv.m torpaq sahəsi boşaldılaraq Cavabdeh təhvil verilməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının 1.116 manat icarə haqqlarının torpaq sahəsi təhvil verildiyi gündən sonrakı müddətə hesablanması tələbinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən ümumilikdə 520,8 manat məbləğində icarə haqqı ödənişinin olması öz təsdiqni tapdığından qarşılıqlı iddia tələbi qeyd olunan hissədə qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilməmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə mütənasib olaraq dövlət mədaxilinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.14-cü maddələrinə əsasən büdcə təşkilatları məhkəmələrə verilən iddia ərizələri üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia ərizəsi qismən təmin edildiyindən, Cavabdeh tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun yarısı, yəni 50 manatı onun özünə qaytarılmalıdır. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən X10 küçəsi, 2C ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 3240,3 kv.m torpaq sahəsi boşaldılaraq Cavabdeh təhvil verilməli, Cavabdeh tərəfindən ödənilmiş ümumilikdə 520,8 manat məbləğində icarə haqqı torpaq sahəsi ona təhvil verildiyi gündən sonrakı müddətə hesablanmalı, Cavabdeh tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 50 manatı onun özünə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən X10 küçəsi, 2C ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 3240,3 kv.m torpaq sahəsi boşaldılaraq Cavabdeh təhvil verilsin, Cavabdeh tərəfindən ödənilmiş ümumilikdə 520,8 (beş yüz iyirmi manat, səksən qəpik) manat məbləğində icarə haqqı torpaq sahəsi ona təhvil verildiyi gündən sonrakı müddətə hesablansın. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Cavabdeh tərəfindən qarşılıqlı iddianın qaldırılması üçün dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun 50 (əlli) manatı onun özünə qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar