Məhkəmə qərarları › İş №2(103)-3504/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3504/2025

23.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3504/2025 23.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (“birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-705/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(001)- 333/2024 saylı qərardadına əsasən ərizə qismən təmin edilərək, 1 ay müddətinə ünvan 1 ünvanında yerləşən mənzilin, “Nissan Micra” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilin, “Kia Sportage” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi Cavabdeh qadağan edilmişdir.

2. Satıcı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 2B-9-2 saylı müqavilədən müəyyən olunur ki, ünvan 2 ünvanında inşa edilən “MetroPark” yaşayış kompleksində binanın 2-ci blokunun, 9-cu mərtəbəsində, 2 otaqlı mənzili Cavabdeh "xxxx" ASC-dən 113.925 manata almışdır.

3. Aylıq ödəniş qrafikindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2027-ci il tarixədək hər ay 1350 manat olmaqla, ümumilikdə 48925 manat ödəməyi öhdəsinə götürmüşdür.

4. "xxxx" ASC-nin mədaxil qəbzlərindən müəyyən olunur ki, Cavabdeh tərəfindən "xxxx" ASC-nin hesabına 55084,75 manat, 9915,25 manat, 1144,07 manat və 205,93 manat ödənişlər edilmişdir.

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan və məktuba əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, buraxılış ili 2011-ci il olan, ağ rəngli “Nissan Micra” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək İddiaçı, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Cavabdeh nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququ barədə etibarnamələr verilmişdir.

6. xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı satqı müqaviləsindən müəyyən olunur ki, X5 buraxılış ili 2011-ci il olan, ağ rəngli “Nissan Micra” markalı **-NZ- *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh 10000 manata satmışdır.

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan və məktuba əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, buraxılış ili 2023-cü il olan, mavi metallik rəngli “Kia Sportage” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək İddiaçı nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququ barədə etibarnamə verilmişdir.

8. 19.08.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən müəyyən olunur ki, X11 buraxılış ili 2023-cü il olan, mavi metallik rəngli “Kia Sportage” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh 20000 manata satmışdır.

9. İcra məmuru Şaiq Heydərli tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktdan müəyən olunur ki, ünvan 3 ünvanında yerləşən mənzilə baxış keçirilmiş və aşağıdakı əmlaklar siyahıya alınmışdır: 1. Böyük yataq otağı və uşaq yataq otaqı mebel dəsti; 2. İkili, ortopedik böyük yataq matrası; 3. İki ədəd, təkli, ortopedik yataq matrası; 4. Kompüter masası dəsti: stul, kompüter stolu və rəfləri; 5. Mətbəx mebeli; 6. “Franke” markalı tok sobası; 7. Mərmər qab yuyan və smesitel; 8. “Samsung” markalı paltaryuyan maşın; 9. Mətbəx-bar stulu; 10. “Mitsubishi” markalı, 60 kv kondisioner; 11. “Bosch” markalı kombi; 12. Kombi radiatorları 28 hissədən ibarət; 13. 6 ədəd radiator kranı; 14. Açılıb-yığılan künc divanı; 15. Açılıb-yığılan jurnal masası; 16. İki ədəd pərdə və karniz dəsti.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş bütün əmlakların naturada bölgüsü, naturada bölgüsü mümkün olmadığı halda həmin əmlakların hərrac yolu ilə satışı, habelə birgə nikah dövründə çəkilmiş xərcin yarısının pul şəklində alınması barədə, **-VS-*** dövlət qeydiyyat nişanlı, 2023-cü il istehsallı, U5YPV81GBRL132443 ban nömrəli avtomobilin alqısatqısının ləğv olunması, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, “Metropark Residence”, Bina 2, mənzil 2B-9-2 saylı mənzilin, Nissan Micra markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı, MDHFBUK13Z0005723 ban nömrəli avtomobil və Kia Sportage markalı, 2023-cü il istehsallı, U5YPV81GBRL132443 ban nömrəli avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir.

11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 12 yanvar 2018-ci il tarixdə 2 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsində rəsmi nikahları qeydiyyata alınmışdır. Rəsmi nikah bağlanandan 2024-cü ilin iyun ayınadək cavabdehlə bir yerdə yaşamaqla birgə təsərrüfat aparmışlar. Birgə nikahdan 28 iyul 2014-cü il təvəllüdlü X12 anadan olmuşdur. Əvvəllər birgə yaşadıqları müddətdə cavabdehlə münasibətləri normal olsa da, son dövrlərdə kəskin pisləşdiyindən Xətai Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli 2(011)-5302/2024 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikah dövründə "xxxx" ASC ilə cavabdeh arasında mənzilin alqısatqısı haqqında bağlanmış müqaviləyə əsasən, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, “Metropark Residence”, Bina 2, mənzil 2B-9-2 saylı mənzilin 113925 manat alış dəyərində (47576 manat qalıq borc), Nissan Micra markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı, MDHFBUK13Z0005723 ban nömrəli avtomobil (hazırda 20000 manat miqdarında icarədədir, aylıq 500 manat) və Kia Sportage markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı, 2023-cü il istehsallı, U5YPV81GBRL132443 ban nömrəli 53500 manat alış dəyərində avtomobil əldə olunmuşdur. Həmin ev və avtomobillər Cavabdeh adına qeydə alınmışdır. Cavabdehin adına rəsmiləşdirilən əmlaklardan başqa, birgə istifadələrində olan digər əmlaklar da alınmışdır. Həmin əmlakların siyahısı və dəyərləri aşağıdaki kimidir: 1. Böyük yataq otağı və uşaq yataq otaqı mebel dəsti ikisi birlikdə cəmi 6700 manat dəyərində; 2. İkili, ortopedik böyük yataq matrası 2300 manat dəyərində; 3. İki ədəd, təkli, ortopedik yataq matrası. Hər biri 450 manat olmaqla, cəmi 900 manat; 3. Kompüter masası dəsti: stul, kompüter stolu və rəfləri. Cəmi 700 manat dəyərində; 4. Mətbəx mebeli (sifarişlə, cəmi dəyəri 4500 manat dəyərində; 5. “Franke” markalı tok sobası, 600 manat dəyərində;

6. “Frankie” markalı Aspirator, 450 manat dəyərində; 7. Mərmər qab yuyan və smesitel 450 manat dəyərində; 8. “Samsung” markalı paltar yuyan maşın 1700 manat dəyərində; 9. “Bosch” markalı soyuducu 1400 manat dəyərində; 10. Mətbəx-bar stulu 230 manat dəyərində; 11. “Bosch” markalı toster 320 manat dəyərində; 12. “Gorenje” markalı blender 400 manat dəyərində; 13. “Bosch” markalı fritur 650 manat dəyərində; 14. “Samsung” markalı 42 düymdiaqonallı televizor 1800 manat dəyərində; 15. Tozsoran maşın 1350 manat dəyərində; 16. “Mitsubishi” markalı, 60 kv kondisioner 2200 manat dəyərində; 17. “Apple” markalı Mac Book 3500 manat dəyərində; 18. “Bosch” markalı kombi 1700 manat dəyərində; 19. Kombi radiatorları 28 hissədən ibarət biri – 17 manat olmaqla, cəmi 476 manat dəyərində; 20. 6 ədəd radiator kranı, hər biri 20 manat olmaqla, cəmi 120 manat dəyərində; 21. Açılıb-yığılan künc divanı 1000 manat dəyərində; 22. Açılıb-yığılan jurnal masası 270 manat dəyərində; 23. İki ədəd pərdə və karniz dəsti hər biri 400 manat olmaqla, cəmi 800 manat; 24. “Dyson” markalı fen 1450 manat dəyərində; 25. “Philips” markalı üz qırxan maşın 209 manat dəyərində; 26. “Tefal” markalı buxar ütüsü 600 manat dəyərində; 27. **-VS-*** dövlət qeydiyyat nişanının əldə olunması üçün ödənilmiş rəsmi dövlət rüsumu; Bundan əlavə cavabdehlə münasibətləri pisləşdikdən sonra cavabdeh Kia Sportage markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı, 2023-cü il istehsallı, U5YPV81GBRL132443 ban nömrəli avtomobili razılığı və icazəsi olmadan özgəninkiləşdirmişdir. Bu səbəbdən də birgə nikah dövründə əldə olunmuş əmlaka dair hüquqlarının tanınmasını, qanuna müvafiq olaraq bölünməsini və **-VS-*** dövlət qeydiyyat nişanlı, 2023-cü il istehsallı, U5YPV81GBRL132443 ban nömrəli avtomobilin alqı-satqısının ləğv olunmasını istəyir. Həmçinin **-VS-*** dövlət qeydiyyat nişanlı, 2023cü il istehsallı, U5YPV81GBRL132443 ban nömrəli avtomobilin özgəninkiləşməsini nəzərə alaraq iddia ərizəsində qeyd olunan əmlakların özgəninkiləşdirilməsi və ya həmin əmlaklar üzərində hər hansı hərəkətlərin aparılmasına dair qadağa qoyulması üçün məhkəmə müdaxiləsi zərurəti yaranmışdır. Belə ki, həmin əmlakların özgəninkiləşdirilməsi barədə əsaslı şübhələr var, bu da öz növbəsində cavabdehin hərəkətləri nəticəsində hüquqlarının qorunmasını əhəmiyyətli dərəcədə çətinləştirəcək və işin hallarından aslı olaraq bəzən mümkünsüz edəcəkdir.

12. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində texniki səhv buraxdığını, dövlət qeydiyyat nişanı **-VS-*** kimi qeyd olunan avtomobilin **- VS-*** kimi qəbul edilməsini xahiş etmiş, həmçinin Kia Sportage markalı, 2023-cü il istehsallı, U5YPV81GBRL132443 ban nömrəli **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısını ləğv edərək Cavabdeh mülkiyyətinə geri qaytarılmasını, iddia ərizəsində qeyd olunan əmlakların yəni, **-VS-*** dövlət qeydiyyat nişanlı, 2023-cü il istehsallı, U5YPV81GBRL132443 ban nömrəli avtomobilin 1/2 hissəsini, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, “Metropark Bakıxanov” Residence, Bina 2, mənzil 2B-9-2 saylı mənzilin 1/2 hissəsini, Nissan Micra markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı, MDHFBUK13Z0005723 ban nömrəli avtomobilin 1/2 hissəsini və iddia ərizəsində qeyd olunan digər əmlakların (ev əşyaları və inventarlar) 1/2 hissələrinin müvafiq qaydada bölgüsünü müəyyən edərək iddiaçıya aid edilməsi xahiş edilmişdir.

13. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-705/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Səidə Məmmədova) iddia tələbinin qismən təmin edilməsi, tərəflərin birgə nikah dövründə əldə etdikləri "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 2B-9-2 saylı müqaviləyə əsasən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, “Metropark Bakıxanov” yaşayış kompleksində binanın 2B blokunun, 9-cu mərtəbəsində, 2 otaqlı (2B-9-2) mənzil üzrə müqavilədən əmələ gəlmiş hüququn 1/2 hissəsi üzərində İddiaçı, 1/2 hissəsi üzərində Cavabdeh payının tanınması, Nissan Micra markalı, 77- NL-501 dövlət qeydiyyat nişanlı, MDHFBUK13Z0005723 ban nömrəli avtomobilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə Cavabdeh mülkiyyət hüquqlarının tanınması, “Kia Sportage” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı, 2023-cü il istehsallı, U5YPV81GBRL132443 ban nömrəli avtomobil üzrə X11 ilə Cavabdeh arasında bağlanmış 19 avqust 2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə Cavabdeh mülkiyyət hüquqlarının tanınması, tərəflərin birgə nikah dövründə əldə etdikləri əşyaların aşağıdakı qaydada bölünməsi: 1. Böyük yataq otağı mebel dəsti, ikili, ortopedik böyük yataq matrası; Kompüter masası dəsti: stul, kompüter stolu və rəfləri; “Franke” markalı tok sobası; Açılıb-yığılan jurnal masası; “Samsung” markalı paltaryuyan maşın; bir ədəd pərdə və karniz dəstinin iddiaçıya

2. Uşaq yataq otaqı mebel dəsti; iki ədəd, təkli, ortopedik yataq matrası; mətbəx mebeli; mərmər qab yuyan və smesitel; Mətbəx-bar stulu; “Mitsubishi” markalı, 60 kv kondisioner; “Bosch” markalı kombi; kombi radiatorları 28 hissədən ibarət; 6 ədəd radiator kranı; Açılıbyığılan künc divanı; bir ədəd pərdə və karniz dəstinin isə cavabdehə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 34.1, 36.1, 36.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 225.1, 337.2, 337.3, 337.4, 337.5, 340.1-ci maddələrinə, İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı”, Sporronq və Lonnrot İsveçə qarşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli Qərarına, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarının 3.2, 3.7, 4.15, 6.16, 6.18, 6.25, 6.26, 6.38, 7.1, 7.13, 7.14, 7.16, 7.17-ci bəndlərinə, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə xx.xx.2018-ci ildə nikaha daxil olmuşlar və birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü bir övladı var – X12. Həmçinin İddiaçı cavabdehin əvvəlki nikahından olan övladı – xx.xx.2009-cu il təvəllüdlü X13 atalıq vermişdir və onun soyadını daşıyır. Belə ki, İddiaçı ilə aralarında bağlanan xx.xx.2018-ci il tarixli nikah Xətai Rayon Məhkəməsinin 2(011)-5302/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuş və həm X12, həm də X16 onun himayəsinə verilmişdir. Azərbaycan RespublikasıAilə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Bildirir ki, sözügedən mənzilin alınması üçün o ilkin ödəniş olaraq 65 000 manat birdəfəlik ödəniş etmişdir. "xxxx" ASC-yə müraciət edərkən hər ikisi getsə də ödənən vəsait onun büdcəsindən olmuşdur. Və iddiaçı Binəqədi Rayon Məhkəməsinin e2(001)-705/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə qəbul olan kimi "xxxx" ASC-yə mənzilin ilkin ödənişi üçün cavabdehin ödədiyi 65 000 manatın geri qaytarılması ilə bağlı müraciət etmişdir. Daha sonra isə "xxxx" ASC tərəfindən həmin pul geri qaytarılmış və həm ona, həm də İddiaçı eyni məbləğdə - 28.114 manat ödəniş edilmişdir. Qeyd edir ki, 12 il əvvəl atası onun öz adına alqı-satqı yolu ilə mənzil almışdı və evin çıxarışı da var idi. Belə ki, o həmin evi satıb başqa bir ev almışdır. Daha sonra isə 5 dəfə ev alqı-satqısı etmişdir. Aldığı hər ev üçün ödədiyi pul əvvəlki evin alqı-satqısından əldə edilmişdir. Burada İddiaçı heç bir maddi dəstəyi və rolu olmamışdır. Həmçinin onuda qeyd edir ki, evlərin bəzilərinin alqı-satqısı nikahdan əvvəl, bəziləri isə nikah dövrünə təsadüf etmişdir. Lakin yuxarıda da qeyd etdiyi kimi evin sonuncu alqı-satqını "xxxx" ASC ilə etmiş və bu da xx.xx.2024-cü ildə "xxxx" ASC ilə aralarında bağlanan müqavilə əsasında həyata keçirilmişdir. 2024-cü ilin 29 fevral tarixində isə nikahda idilər. Lakin nikah dövrünə təsadüf etsə belə xərclənən vəsaitin mənbəyi atasının ona aldığı evin alqı-satqısından əldə olunan puldur. İddiaçı aylıq qazancı 500 manat təşkil edir və digər xərclərini də nəzərə alsaq bu 500 manatlıq gəlirlə də 65 000 manatın yarsını ödəməsi mümkün deyildir. Bu səbəbdən də mənzilin ilkin ödəniş məbləğindən 28.114 manatın ona ödənilməsi ədalətli deyildir və cavadehin mənafeyinin pozulması deməkdir. Həmçinin Binəqədi Rayon Məhkəməsinin e-2(001)-705/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi evin ödənişini yarıya bölərkən uşaqların onun himayəsində olmasını nəzərə almamış və onların diqqətəlayiq mənafeyini görməzdən gəlmişdir. Daha sonra isə qeyd edir ki, İddiaçı iddiasında qeyd etdiyi Nissan Micra markalı **-NL-*** dövlət qeydiyyat nişanlı MDHFBUK13Z0005723 ban nömrəli avtomobil üçün ödənilmiş olan 8000 manatı da o öz büdcəsi ilə ödəmiş və hal-hazırda icarədədir. Həmin icarədən gələn pulun üzərinə əlavə pul da qoyub kirayə pulunu ödəyir. Qazanc yeri icrənin puludur. Həmçinin İddiaçı tələb etdiyi həm Nissan Micra markalı **-NL-*** dövlət qeydiyyat nişanlı MDHFBUK13Z0005723 ban nömrəli avtomobil , həm də Kia Sportage markalı **- VS-*** dövlət qeydiyyat nişanlı, 2023-cü il istehsalı U5YPV81GBRL132443 ban nömrəli və alış dəyəri 53 500 manat olan avtomobili də atasının ona aldığı həmin evin satışında əldə edilən pulla alınmışdır. Binəqədi Rayon Məhkəməsinin e-2(001)-705/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsində qeyd olunur ki, mənə məxsus Kia Sportage markalı **- VS-*** dövlət qeydiyyat nişanlı avtomobili X2 və alqı-satqıda pul götürməmişdir. Halbuki maşını satdıqdan sonra X6 aldığı pulu nağd yolla əldə etmiş və rəsmi sənədlə göstərə bilmir. Bildirir ki, Binəqədi Rayon Məhkəməsinin e-2(001)-705-2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçının iddiası qismən təmin edilmiş və böyük yataq otağı mebel dəsti, ikili ortopedik böyük yataq matrası, komputer masası dəsti, stul, komputer stolu, rəflər, “ Frenke “ markalı tok sobası, açılıb-yığılan jurnal masası, Samsung markalı paltaryuyan maşın, bir ədəd pərdə və karniz dəsti iddiaçıya, həmçinin uşaq yataq otağı mebel dəsti, iki ədəd təkli , ortopedik yataq matrası, mətbəx mebeli, mərmər qabyuyan və smesitel, mətbəx bar stolu, Mitsubishi markalı, 60 kv kondisioner, 2 Bosch” markalı kombi, kombi radiatorları 28 hissədən ibarət, 6 ədəd radiator kranı, açılıb-yığılan künc divanı, bir ədəd pərdə və karniz dəsti də cavabdehə verilmişdir. Uşaqlar himayəsində olduğu halda onların istifadəsində olan əşyaların iddiaçıya verilməsi qətnamənin işin bütün hallarını nəzərə almadan qəbul edilməsini göstərir. Belə ki, Binəqədi Rayon Məhkəməsinin e- 2(001)-705/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə məhkəmə iş üçün bütün halları araşdırmamış ve iddiaçının iddiasını təmin etmişdir. İstər evin ödənişi, istərsə də avtomobillər, həmçinin iddiaçıya verilməsi nəzərdə tutulan böyük yataq otağı mebel dəsti, ikili ortopedik böyük yataq matrası, komputer masası dəsti, stul, komputer stolu, rəflər, “Frenke “ markalı tok sobası, açılıb-yığılan jurnal masası, Samsung markalı paltaryuyan maşın, bir ədəd pərdə və karniz dəstini cavabdeh kreditlə almışdır. Əşyaların hamsının ödənişini tək etmiş və bitirmişdir. Belə ki, məhkəmənin iddiaçının iddiasını təmin edərkən qəbul etdiyi qətnaməsi işin bütün mahiyyətini tam aydınlaşdırmadan qəbul edilmişdir. Bu əsasla da bildirir ki, Binəqədi Rayon Məhkəməsinin e-2(001)-705/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. Çünki qətnamə qəbul edilərkən sadəcə iddiaçının mənafeyi nəzərə alınmış və uşaqların cavabdehin himayəsində olmasına əhəmiyyət verilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

18. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

19. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq məhkəməyə ərizə ünvanlayaraq Binəqədi rayon məhkəməsinin e-2(001)-705/2025 nömrəli,xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ona aid edilən uşaq kompüter masası dəsti: stul, kompüter stolu və rəfləri, həmçinin “Franke” markalı tok sobası və bir ədəd pərdə və karniz dəstindən Cavabdeh xeyrinə imtina etdiyini bildirmişdir.

20. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

21. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsinin

22. 32.1.-ci maddəsində nəzərdə tutulduğu kimi, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

23. 32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

24. 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

25. 36.1.-ci maddəsinə görə, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

26. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

27. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. 225.1-ci maddəsinə əsasən ərlə-arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

29. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

32. Maddə 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

38. Hazırki halda cavabdeh tərəf qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdiyindən və qətnamə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, yalnız iddia tələbinin təmin olunan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-705/2025 nömrəli qətnaməsi iddia tələbinin “Kia Sportage” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı, 2023cü il istehsallı, U5YPV81GBRL132443 ban nömrəli avtomobil üzrə X11 ilə Cavabdeh arasında bağlanmış 19 avqust 2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə Cavabdeh mülkiyyət hüquqlarının tanınmasının təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş bütün əmlakların naturada bölgüsü, naturada bölgüsü mümkün olmadığı halda həmin əmlakların hərrac yolu ilə satışı, habelə birgə nikah dövründə çəkilmiş xərcin yarısının pul şəklində alınması barədə, **-VS-*** dövlət qeydiyyat nişanlı, 2023-cü il istehsallı, U5YPV81GBRL132443 ban nömrəli avtomobilin alqısatqısının ləğv olunması, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, “Metropark Residence”, Bina 2, mənzil 2B-9-2 saylı mənzilin, Nissan Micra markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı, MDHFBUK13Z0005723 ban nömrəli avtomobilvə Kia Sportage markalı, 2023-cü il istehsallı, U5YPV81GBRL132443 ban nömrəli avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. İş materiallarından görünür ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri “Kia Sportage” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı, 2023-cü il istehsallı, U5YPV81GBRL132443 ban nömrəli avtomobil iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X1. Birinci instansiya məhkəməsi X9 cavabdeh qismində cəlb etməməklə tələbə mahiyyəti üzrə baxaraq iddianı qismən təmin etmişdir.

41. Məhkəmə kollegiyası iddia tələbinin “Kia Sportage” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı, 2023-cü il istehsallı, U5YPV81GBRL132443 ban nömrəli avtomobil üzrə X11 ilə Cavabdeh arasında bağlanmış 19 avqust 2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə hesab edir ki, hazırki iş üzrə iş üzrə iddiaya cavab verməli digər şəxs (cavabdeh) etibarsızlığı mübahisələndirilən əqdin tərəfi olan X10r.

42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

43. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

44. İşə birinci instansiya məhkəməsində baxılarkən X7 əlavə cavabdeh qismində cəlb olunması barədə ərizə verilməmiş, bu məsələ müzakirə predmeti olmamışdır. X11 yalnız mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir.

45. Kollegiya hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən birinci instansiya məkhəməsi tərəfindən şəxsin cavabdeh qismində cəlb edilməsi məsələsinin hazırkı icraat çərçivəsində müzakirəsi və həlli aparılmamışdır. Əks yanaşma işə yeni qoşulan cavabdehi bir sıra mühüm prosessual hüquqlardan, o cümlədən üçpilləli məhkəmə müdafiəsi hüququnda məhrum etmiş olmaqla, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsiplərinə zidd olardı. Bu, həmçinin apellyasiya instansiya məhkəməsinin əsas təyinatı olan birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslığının yoxlanılması baxımından da yolverilməzdir.

46. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2 və 217.3-cü maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Kollegiya qətnamənin mübahisələndirilən digər hissələrinə münasibətdə hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, mübahisənin predmeti olan, tərəflərin birgə nikah dövründə əldə etdikləri "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024- cü il tarixli, 2B-9-2 saylı müqaviləyə əsasən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, “Metropark Bakıxanov” yaşayış kompleksində binanın 2B blokunun, 9-cu mərtəbəsində, 2 otaqlı (2B9-2) mənzil üzrə müqavilədən əmələ gəlmiş hüququn 1/2 hissəsi üzərində İddiaçı, 1/2 hissəsi üzərində Cavabdeh payı tanınmalı, eyni zamanda Nissan Micra markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı, MDHFBUK13Z0005723 ban nömrəli avtomobilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə Cavabdeh mülkiyyət hüquqları tanınmalı, birgə nikah dövründə əldə edilmiş əşyalar hesab edilən böyük yataq otağı mebel dəsti, ikili, ortopedik böyük yataq matrası; Kompüter masası dəsti: stul, kompüter stolu və rəfləri; “Franke” markalı tok sobası; Açılıb-yığılan jurnal masası; “Samsung” markalı paltaryuyan maşın; bir ədəd pərdə və karniz dəsti iddiaçıya, uşaq yataq otaqı mebel dəsti; iki ədəd, təkli, ortopedik yataq matrası; mətbəx mebeli; mərmər qab yuyan və smesitel; Mətbəx-bar stulu; “Mitsubishi” markalı, 60 kv kondisioner; “Bosch” markalı kombi; kombi radiatorları 28 hissədən ibarət; 6 ədəd radiator kranı; Açılıb-yığılan künc divanı; bir ədəd pərdə və karniz dəsti isə cavabdehə verilməlidir.

49. Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində “mübahisələndirilən əmlakların dəyərini öz vəsaiti hesabına ödədiyini” qeyd etsə də, bu halla bağlı heç bir sübut təqdim etməmişdir.

50. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

51. Kollegiya apellyasiya şikayətinin “uşaqlar cavabdehin himayəsində olduğu halda onların istifadəsində olan əşyaların iddiaçıya verilməsi” dəlilinə münasibətdə hesab edir ki, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq Binəqədi rayon məhkəməsinin e-2(001)- 705/2025 nömrəli,xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ona aid edilən uşaq kompüter masası dəsti: stul, kompüter stolu və rəfləri, həmçinin “Franke” markalı tok sobası və bir ədəd pərdə və karniz dəstindən Cavabdeh xeyrinə imtina etdiyini və icra qaydasında həmin əşyaları tələb etməməsini bildirmişdir. Belə olan halda kollegiya bu ərizəni iddiadan imtina kimi qəbul etmir. Həmçinin, məhkəmə iclasında tərəflər qeyd olunan məsələnin icra qaydasında həll edilməsini mübahisələndirməmişdirlər. Kollegiya qeyd edilən məsələnin icra qaydasında həll edilməli olduğunu hesab edərək həmin hissədə qətnamənin dəyişdirilmədən saxlanılmalı olduğunu hesab edir. Həmçinin, uşaqların himayəsində olduğunu bildirərək digər əşyaların ona verilməsini qeyd etsə də, qeyd olunan əşyalar birgə nikah dövründə əldə edildiyindən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin birgə nikah dövründə əldə edilmiş əşyalara dair apardığı bölgü düzgün hesab edilir.

52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmədiyindən birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin “Kia Sportage” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı, 2023-cü il istehsallı, U5YPV81GBRL132443 ban nömrəli avtomobil üzrə X11 ilə Cavabdeh arasında bağlanmış 19 avqust 2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə Cavabdeh mülkiyyət hüquqlarının tanınmasının təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 705/2025 nömrəli qətnaməsi iddia tələbinin “Kia Sportage” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı, 2023-cü il istehsallı, U5YPV81GBRL132443 ban nömrəli avtomobil üzrə X11 ilə Cavabdeh arasında bağlanmış 19 avqust 2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə Cavabdeh mülkiyyət hüquqlarının tanınmasının təmin edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar