Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3522/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” kiçik iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 fevral 2022-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin səlahiyyətli şəxsi cavabdehə qarşı kiçik iddia ilə Rayon Məhkəməsinə müraciət edərək, MMC ilə cavabdeh arasında bağlanmış 04.02.2020-ci il tarixli “Alğı-satqı müqaviləsi” üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 872 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 88 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, onunla iddiaçı MMC arasında 04.02.2020-ci il tarixdə bağlanmış “Alğı-satqı müqaviləsinə” əsasən cəmi dəyəri 1.181 manat olan “Samsung A505 Black” mobil telefonu və “ARCELİK S7540 X1” tozsoranı, dəyərini 12 ay ərzində hissə-hissə, ayda 90 manat ödəmək şərti ilə almış, bu zaman o, 104 manat məbləğində ilkin ödəniş etmişdir. Cavabdeh, müqavilə üzrə MMC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, MMC-yə olan borcun az bir hissəsini ödəmiş, 872 manatı isə, MMC tərəfindən ona edilmiş xəbərdarlıqlara baxmayaraq ödəməmişdir. Bu səbəbdən də, MMC, onunla cavabdeh arasında bağlanmış 04.02.2020-ci il tarixli “Alğı-satqı müqaviləsinin” 5.4-cü bəndinə əsasən cavabdehə 88 manat məbləğində cərimə (dəbbə) hesablanmışdır. Cavabdeh qeyd edilən məbləğləri ödəmədiyindən, MMC, hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 18.02.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, MMC ilə cavabdeh arasında 04.02.2020-ci il tarixdə bağlanmış “Alğı-satqı müqaviləsi” üzrə yaranmış və cavabdeh tərəfindən ödənilməmiş əsas borcun ödənilməsi məqsədi ilə 872 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 88 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən MMC-nin xeyrinə tutulmasını qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin cərimə məbləğinin tutulması hissəsində ləğv edilməsini və cərimə ilə bağlı tələbin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh maddi imkanı olmadığı üçün aylıq ödənişləri gecikdirmişdir. Bunun nəticəsi olaraq iddiaçı MMC ona 235 manat məbləğində cərimə hesablamışdır. Cərimənin silinməsi ilə bağlı o, MMC-yə müraciət etsə də MMC cəriməni silməmişdir. Hesab edir ki, maddi imkanın olmaması nəzərə alınmalı və hesablanmış cərimə məbləği silinməlidir. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Məhkəmə apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq qeyd edir ki, cavabdeh, qətnamədən verdiyi apellyasiya şikayətində ondan iddiaçı MMC-nin xeyrinə tutulmalı olan əsas borca aid Rayon Məhkəməsinin nəticəsini mübahisələndirmir. Cavabdeh ondan iddiaçı MMC-nin xeyrinə tutulmalı olan dəbbə puluna aid Rayon Məhkəməsinin nəticəsini mübahisələndirir və dəbbənin silinməsini xahiş edir. Buna görə də, Məhkəmə, qətnamənin cavabdeh tərəfindən mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04.02.2020-ci il tarixli “Alğısatqı müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, Cavabdeh həmin müqaviləyə əsasən cəmi dəyəri 1.181 manat olan 1 ədəd “Samsung A505 Black” mobil telefonu və 1 ədəd “ARCELİK S7540 X1” tozsoranı, dəyərini 12 ay ərzində hissə-hissə, ayda 90 manat ödəmək şərti ilə almış, bu zaman o, 104 manat məbləğində ilkin ödəniş etmişdir. Həmin əşyalar MMC tərəfindən cavabdehə təhvil verilmiş və işin bu halı cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdeh tərəfindən həmçinin mübahisələndirilmir ki, o, yuxarıda qeyd edilən müqavilə üzrə MMC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, MMC-yə olan borcun az bir hissəsini ödəmiş, 872 manatı isə, MMC tərəfindən ona edilmiş xəbərdarlıqlara baxmayaraq ödəməmişdir. Apellyasiya baxışının predmetini təşkil edən hissədə MMC-nin tələbi və bu tələbin təmin edilməsi barədə Rayon Məhkəməsinin mövqeyi onunla əsaslandırılmışdır. cavabdeh, yuxarıda qeyd edilən müqavilə üzrə MMC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyindən, MMC, müqavilənin 5.4-cü bəndinə əsaslanaraq cavabdehə 88 manat məbləğində cərimə (dəbbə) hesablamışdır ki, bu tələb əsaslıdır. Cavabdeh, apellyasiya şikayətində 235 manat məbləğində cərimə hesablandığını bildirsə də, iddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçı MMC 88 manat məbləğində cərimənin tutulmasını tələb edir. Məhkəmə bu fərqi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində yol verilmiş texniki səhv kimi qəbul edir və hesab edir ki, apellyasiya şikayəti 88 manat məbləği çərçivəsində araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 463-ci maddəsinə görə, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır (maddə 463.1.). Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur (maddə 463.2.). Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. MMC ilə cavabdeh arasında bağlanmış müqavilənin 5.4-cü bəndindən görünür ki, müştəri olan cavabdeh, müqavilənin tərkib hissəsi sayılan “Ödəniş cədvəli” üzrə ödəniş şərtlərini pozduqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faiz həcmdə mübahisəsiz olaraq penya (cərimə) ödəməlidir. Göründüyü kimi, dəbbənin tutulması iş üzrə tərəflər arasında yazılı formada bağlanmış müqavilə ilə şərtləşdirilib. Alıcı olan cavabdehin maddi imkanının olmaması əsası dəbbənin silinməsi Mülki Məcəllədə nəzərdə tutulmamışdır. Mülki Məcəllədə dəbbə məbləğinin azaldılması nəzərdə tutulsa da, apellyasiya baxışı zamanı bu kimi əsasların mövcudluğu müəyyən edilməmişdir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3522/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3522/2022
06.05.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver