Məhkəmə qərarları › İş №2(103)-3537/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3537/2023

08.08.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3537/2023 08.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar X6 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə üzrə ödənilmiş pul vəsaitinin qaytarılması, mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddialarına dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayev Əsgər Vəli oğlunun katibliyi ilə, hazırki iş üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 dekabr 2021-ci il tarixli qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə əsasən işə, özü iddiaçı olmaqla, həmçinin iddiaçı X3 nümayəndəsi (qardaşı) olan İddiaçı2, Cavabdeh2, Cavabdeh1, iş üzrə üçüncü şəxs olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT a) iddia tələbi barədə məlumat

1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə birgə müraciət etmiş iddiaçılar, “GMC Terrain” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 adından iddiaçı Tural Nuriyevin adına rəsmiləşdirilməsinə dair tərtib olunmuş “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi, həmin müqavilə üzrə iddiaçılar tərəfindən ödənilmiş 20.000 manat, avtomobilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 5.000 manat, iddiaçılara vurulmuş mənəvi zərərin əvəzi olaraq 10.000 manat, ümumilikdə isə 35.000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli avtomobil daha öncə (hazırki iş üzrə tərəf olmayan) X4 mülkiyyətində olmuşdur. Avtomobil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü olduğundan və Namiq Qafarov həmin Banka olan kredit borcunu ödəmədiyindən, Bank, Namiq Qafarova və başqalarına qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi tələbi barədə” iddia ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddiaya dair mülki işə baxmış Nizami Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli, 2(007)-394/2016 saylı qətnamə ilə iddianın qismən təmin edilməsini, Namiq Qafarov ilə "xxxx" ASC arasında bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış kredit borcunun ödənilməsi məqsədi ilə 32.006 ABŞ dolları məbləğində pulun Namiq Qafarovdan və başqalarından müştərək qaydada Bankın xeyrinə tutulmasını, tutmanın ipoteka predmeti olan və Namiq Qafarova məxsus avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılmasını, satışdan əldə oluna biləcək pul məbləğinin yuxarıda qeyd edilən borcun ödənilməsinə yönəldilməsini və sair qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, qətnamə əsasında verilmiş “İcra vərəqəsi” icra edilməsi üçün Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə göndərilmiş, icra hərəkətləri həmin İcra Şöbəsi tərəfindən həyata keçirilmiş, son nəticədə avtomobil hərracı təşkil etmiş “X2” MMC tərəfindən Cavabdeh1 satılmış, bununla bağlı xx.xx.2018-ci il tarixdə “Hərracın yekunları barədə” 353 saylı protokol tərtib edilmişdir. Lakin, Namiq Qafarov qeyd olunan hərracla razılaşmamış, 2019-cu ildə cavabdehlər "xxxx" MMC, “X2” MMC, "xxxx" ASC-yə (Cavabdeh1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən İİİ şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə” iddia ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və həmin mülki iş birinci və apellyasiya məhkəmələrin baxışı predmeti olmuşdur. Həmin işə baxmış Bakı Apellyasiya Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli, 2(103)-497/2020 saylı qətnamə ilə avtomobilin satılmasına dair hərracın nəticələrinin etibarsız hesab edilməsini, avtomobilin təkrar qiymətləndirilməsini və hərracın keçirilməsinin yenidən təşkil edilməsini və sair məsələləri qət etmişdir. Bu kimi mülki işə məhkəmələrdə baxılmasına baxmayaraq cavabdehlər bu halı iddiaçılardan gizlətmiş və avtomobili iddiaçılara satmışlar. Belə ki, Cavabdeh1 adından nümayəndə kimi çıxış etmiş Cavabdeh2 avtomobilə dair iddiaçı Hüseynağa İbrahimova xx.xx.2020-ci il tarixdə geniş səlahiyyətli etibarnamə verməklə avtomobili 20.000 manata satmışdır. Bundan sonra isə Hüseynağa İbrahimov həmin etibarnamədən istifadə edərək xx.xx.2020-ci il tarixli “Alğı-satqı müqaviləsi” əsasında avtomobili öz qardaşının – hazırki iş üzrə digər iddiaçı Tural Nuriyevin adına keçirmişdir. X10 yuxarıda qeyd edilən iş üzrə tələbkar olaraq ərizə ilə Nizami Rayon İcra Şöbəsinə müraciət etmiş və avtomobilin üzərinə həbs qoyulması və avtomobilin axtarışa verilməsini xahiş etmişdir. Həmin ərizə əsasında Nizami Rayon İcra Şöbəsinin verdiyi təqdimata baxmış Nizami Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadla təqdimatın qismən təmin edilməsini, artıq iddiaçı Tural Nuriyevin mülkiyyətində olan həmin avtomobilin üzərinə həbsin qoyulmasını qərara almışdır. Həmin qərardad Tural Nuriyev şikayət versə də, Nizami Rayon Məhkəməsi və sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası şikayətin təmin edilməməsini qərara almışlar. Qeyd edilən məhkəmə baxışları zamanı iddiaçılara məlum olmuşdur ki, hazırki iş üzrə cavabdehlər onları aldatmış, barəsində məhkəmə mübahisələri olan avtomobili onlara satmışlar. Qeyd edilənlərə əsasən iddiaçılar hesab edirlər ki, həmin avtomobilin Cavabdeh1 adından iddiaçı Tural Nuriyevin adına rəsmiləşdirilməsinə dair tərtib olunmuş “Alğı-satqı müqaviləsi” etibarsız hesab edilməli və həmin müqavilə üzrə onların cavabdehlərə ödədikləri 20.000 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq onlara ödənilməlidir. Bundan başqa iddiaçılar bildirirlər ki, onlar həmin avtomobili cavabdehlərdən aldıqdan sonra avtomobili əsaslı təmir etdirmişlər və bunu üçün onlar tərəfindən 5.000 manat məbləğində vəsait xərclənmişdir. Yuxarıda qeyd edilən əsasla həmin pul məbləği də cavabdehlərdən müştərək qaydada tutularaq onlara ödənilməlidir. Daha sonra iddiaçılar bildirirlər ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onlara mənəvi zərər dəymiş, onlarda stress və əsəb gərginliyi keçirmişlər. İddiaçılar hesab edirlər ki, onlara dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehlərdən onların xeyrinə müştərək qaydada 10.000 manat məbləğində pul tutulmalıdır. b) iddia tələbinə dair cavabdehlərin münasibəti barədə məlumat

3. Cavabdeh1 işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman iş üzrə verdiyi izahatında bildirmişdir ki, ona qarşı yönəlmiş tələb əsassızdır. Belə ki, o, pul verib mübahisəli avtomobili almış, təmir etdirərək 20.000 manata Cavabdeh2 etibarnamə əsasında satmışdır. O, iddiaçıları aldatmamışdır. Buna görə də, ona qarşı yönəlmiş tələb rədd edilməlidir.

4. Cavabdeh2 işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman iş üzrə verdiyi izahatında bildirmişdir ki, ona qarşı yönəlmiş tələb əsassızdır. Belə ki, o, mübahisəli avtomobili etibarnamə əsasında iş üzrə Cavabdeh1 satın almış, sonradan həmin avtomobili İddiaçı2 etibarnamə əsasında 20.000 manata satmışdır. O, iddiaçıları aldatmamışdır. Buna görə də, ona qarşı yönəlmiş tələb rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə (yanlışlığın aradan qaldırılması barədə xx.xx.2022-ci il tarixli qərardad nəzərə alınmaqla) iddianın qismən təmin edilməsi, Cavabdeh2 20.000 manat məbləğində pul vəsaitinin tutularaq, 10.000 manatın İddiaçı1, 10.000 manatın isə İddiaçı2 verilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin “avtomobilə dair Cavabdeh1 ilə iddiaçı Tural Nuriyev arasında bağlanmış “Alğısatqı müqaviləsinin” etibarsız hesab edilməsi barədə” hissəsi əsaslı hesab edilə bilməz, çünki həmin müqavilə məhkəməyə təqdim edilməmişdir. İddia tələbinin “iddiaçılar tərəfindən ödənilmiş 20.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçılara ödənilməsi barədə” hissəsi isə qismən, yəni yalnız Cavabdeh2 aid olan hissədə əsaslıdır. Çünki 20.000 manat pulu iddiaçılardan Cavabdeh1 deyil, Cavabdeh2 almışdır və həmin vaxt o, Cavabdeh1 adından çıxış etməmişdir. Cavabdeh2 həmin pul vəsaitini, bunun üçün heç bir hüquqi əsas olmadan, aldığından hesab edilməlidir ki, o, iddiaçılara münasibətdə əsassız olaraq varlanmışdır. Əsassız varlanmış şəxs isə əldə etdiklərini qaytarmalıdır. İddia tələbinin “avtomobilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 5.000 manat, iddiaçılara vurulmuş mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi barədə” hissəsi təmin edilə bilməz, çünki həmin tələblərin əsaslı olması ilə bağlı iddiaçılar sübutları məhkəməyə təqdim etməmişlər. d) apellyasiya şikayəti barədə məlumat

7. Cavabdeh2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iddiaçını ona münasibətdə qismən də olsa təmin etməklə iş üzrə əsassız nəticəyə gəlmişdir. Belə ki, o, mübahisəli avtomobili etibarnamə əsasında iş üzrə Cavabdeh1 satın almış, sonradan həmin avtomobili İddiaçı2 etibarnamə əsasında 20.000 manata satmışdır. O, iddiaçıları aldatmamışdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamışdır. İİ. APELLYASİYA VƏ KASSASİYA İNSTANSİYA MƏHKƏMƏLƏRİNDƏ İCRAAT e) apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

9. Cavabdeh2 verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə (İş № 2(103)-6128/2022) ilə apellyasiya şikayəti təmin edilməməsini, Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. f) kassasiya instansiyasında icraat barədə məlumat

10. Cavabdeh2 verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərar (İş № 2(102)-1179/2023) ilə kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün işin apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara almışdır.

11. Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli avtomobilin satılmasına dair hərracın nəticələrinin, o cümlədən hərracın yekunları barədə xx.xx.2018ci il tarixli, 353 nömrəli protokolun etibarsız hesab edildiyindən mübahisəli avtomobilin yenidən hərraca çıxarılmalı olmasına əsaslansa da nəzərə almamışdır ki, mübahisəli avtomobil iddiaçı Tural Nuriyevin mülkiyyətinə hərrac vasitəsi ilə deyil, xx.xx.2020-ci il tarixli “Alğı-satqı müqaviləsi” əsasında keçmişdir. Belə ki, Cavabdeh1 mübahisəli avtomobili hərrac vasitəsi ilə əldə etdikdən sonra xx.xx.2020-ci il tarixdə Cavabdeh2 geniş səlahiyyətli, o cümlədən avtomobilə dair sərəncam verilməsini özündə ehtiva edən ƏN-Vİİ seriyalı, 103512 saylı etibarnamə vermiş, sonuncu da öz növbəsində, həmin etibarnamə üzrə ona verilmiş səlahiyyətlərinin başqasına etibar edilməsi barədə xx.xx.2021-ci il tarixdə İddiaçı2 ƏN-Vİİ seriyalı, 143120 saylı etibarnamə vermişdir. Bundan sonra İddiaçı2 sonuncu etibarnamə əsasında çıxış edərək avtomobilə dair öz qardaşı – digər iddiaçı Tural Nuriyev ilə xx.xx.2020-ci il tarixli “Alğı-satqı müqaviləsi” bağlamış və nəticədə avtomobil sonuncunun mülkiyyətinə keçmişdir. Həmçinin iş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixli “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi ilə bağlı məhkəmələrə hər hansı bir sübut təqdim edilməmişdir. Göründüyü kimi mübahisəli avtomobil iddiaçı Tural Nuriyevin mülkiyyətinə xx.xx.2020-ci il tarixli müqaviləsi ilə keçdiyindən və həmin müqavilə hal-hazırda qüvvədə olduğundan mübahisəli avtomobilin yenidən hərraca çıxarılması qeyri-mümkündür. Bundan başqa apellyasiya instansiyası məhkəməsi əsasız varlanma ilə Cavabdeh2 pulun tutulması qənaətinə gələrkən nəzərə almamışdır ki, mübahisəli avtomobil hərrac vasitəsi ilə hazırki iş üzrə Cavabdeh1 satılmış və avtomobil iddiaçı Tural Nuriyevdən əvvəl Cavabdeh1 mülkiyyətində olmuşdur. Cavabdeh2 isə heç vaxt həmin avtomobilin mülkiyyətçisi olmamış və o, yalnız etibarnamə əsasında mülkiyyətçi Cavabdeh1 adından çıxış etmişdir. İİİ. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNDƏ YENİ İCRAAT g) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

12. Cavabdeh2 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

13. Özü iddiaçı olmaqla, həmçinin iddiaçı Tural Nuriyevin nümayəndəsi (qardaşı) olan İddiaçı2 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına və məzmununa uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilmiş və avtomobil hazırda da Tural Nuriyevin mülkiyyətindədir. Lakin məhkəmə qətnaməsinə əsasən avtomobilə "xxxx" ASC-nin tələbi yönəlmişdir. Buna görə də hesab edir ki, apellyasiya şikayəti rədd edilməlidir.

14. Cavabdeh1 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi.

15. İş üzrə üçüncü şəxs olan "xxxx" ASC-nin nümayəndəsi Ruslan İsmayılov apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, təmsil etdiyi Bankın tələbi qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən həmin avtomobilə yönəlmişdir. Buna görə də o hesab edir ki, apellyasiya şikayəti rədd edilməlidir. h) apellyasiya baxışının hədləri barədə məlumat

16. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia qismən təmin edilsə də, iddiaçılar, Rayon Məhkəməsinin iddianın bir qisminin təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişlər.

17. Rayon Məhkəməsi iddianın Cavabdeh1 qarşı yönəlmiş hissəsini təmin etmədiyindən Cavabdeh1 da qətnamədən apellyasiya şikayəti verməmişdir.

18. Qətnamədən apellyasiya şikayətini Cavabdeh2 vermişdir. O, qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, o, Rayon Məhkəməsinin iddianın bir qisminin təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticəni mübahisələndirmir. O, yalnız iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirir.

19. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. i) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi barədə məlumat

20. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qəbul edilməklə həmin hissədə iddia təmin edilməməlidir.

21. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərindən bəlli olur ki, mübahisəli avtomobil əvvəllər (hazırki iş üzrə tərəf olmayan) X4 mülkiyyətində olmuşdur. Namiq Qafarov, onunla "xxxx" ASC arasında bağlanmış “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq həmin avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Buna baxmayaraq o, “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmiş, Banka olan kredit borcunu ödəməmişdir. Bu səbəbdən də, Bank, Namiq Qafarova və başqalarına qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi tələbi barədə” iddia ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir.

22. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-394/2016 saylı iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə "xxxx" ASC-nin iddiasının qismən təmin edilməsi, Namiq Qafarov ilə "xxxx" ASC arasında bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış kredit borcunun ödənilməsi məqsədi ilə 32.006 ABŞ dolları məbləğində pulun Namiq Qafarovdan və başqalarından müştərək qaydada Bankın xeyrinə tutulmasını, tutmanın ipoteka predmeti olan və Namiq Qafarova məxsus avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılmasını, satışdan əldə oluna biləcək pul məbləğinin yuxarıda qeyd edilən borcun ödənilməsinə yönəldilməsini və sair qət edilmişdir.

23. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərindən görünür ki, həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, qətnamə əsasında verilmiş “İcra vərəqəsi” icra edilməsi üçün Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə göndərilmiş, icra hərəkətləri həmin İcra Şöbəsi tərəfindən həyata keçirilmiş, son nəticədə avtomobil hərracı təşkil etmiş “X2” MMC tərəfindən Cavabdeh1 satılmış, bununla bağlı xx.xx.2018-ci il tarixdə “Hərracın yekunları barədə” 353 saylı protokol tərtib edilmişdir. Lakin, Namiq Qafarov qeyd olunan hərracla razılaşmamış, "xxxx" MMC, “X2” MMC, "xxxx" ASC-yə (Cavabdeh1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən İİİ şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə” iddia ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir.

24. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1617/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə Namiq Qafarovun iddiasının təmin edilməsi, avtomobilin satılmasına dair hərracın nəticələrinin, o cümlədən Nizami Rayon İcra Şöbəsi, “X2” MMC və Cavabdeh1 arasında bağlanmış “Hərracın yekunları barədə” xx.xx.2018-ci il tarixli, 353 nömrəli protokolun, "xxxx" MMC tərəfindən verilmiş QR-1697 saylı, xx.xx.2018-ci il tarixli “Qiymətləndirmə rəyinin” etibarsız hesab edilməsi qət edilmişdir.

25. Həmin qətnamədən "xxxx" ASC-nin verdiyi apellyasiya şikayətinə baxmış Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyanın iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamədən (İş № 2(103)-497/2020) görünür ki, həmin qətnamə ilə "xxxx" ASC-nin apellyasiya şikayətinin təmin edilməməsi, lakin Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək, Namiq Qafarovun iddiasının təmin edilməsi, avtomobilin satılmasına dair hərracın nəticələrinin, o cümlədən Nizami Rayon İcra Şöbəsi, “X2” MMC və Cavabdeh1 arasında bağlanmış “Hərracın yekunları barədə” xx.xx.2018-ci il tarixli, 353 nömrəli protokolun, "xxxx" MMC tərəfindən verilmiş QR-1697 saylı, xx.xx.2018-ci il tarixli “Qiymətləndirmə rəyinin” etibarsız hesab edilməsi, avtomobilin təkrar qiymətləndirilməsini və avtomobil ilə bağlı hərracın keçirilməsinin yenidən təşkil olunması qət edilmişdir.

26. “Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, ƏN- Vİİ seriyalı, 103512 saylı etibarnamədən görünür ki, hazırki iş üzrə Cavabdeh1, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən avtomobilə dair onun adına xx.xx.2019cu il tarixdə verilmiş AD seriyalı, 389867 nömrəli, xx.xx.2019-cu il tarixli “Qeydiyyat şəhadətnaməsi” əsasında onun mülkiyyəti sayılan həmin avtomobilə dair geniş səlahiyyətləri, o cümlədən avtomobili istənilən qaydada özgəninkiləşdirmək səlahiyyətini hazırki iş üzrə digər cavabdeh olan Cavabdeh2 1 il müddətinə, yəni xx.xx.2021-ci il tarixədək etibar etmişdir.

27. “Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, ƏN- Vİİ seriyalı, 143120 saylı etibarnamədən görünür ki, Cavabdeh2 yuxarıda qeyd edilən etibarnamə əsasında Cavabdeh1 adından çıxış edərək, həmin avtomobilə dair sonuncunun ona etibar etdiyi geniş səlahiyyətləri, o cümlədən avtomobili istənilən qaydada özgəninkiləşdirmək səlahiyyətini hazırki iş üzrə İddiaçı2 xx.xx.2021-ci il tarixədək etibar etmişdir.

28. Həmçinin iş materiallarından görünür ki, İddiaçı2 həmin etibarnamə əsasında öz qardaşı – hazırki iş üzrə digər iddiaçı Tural Nuriyev ilə xx.xx.2020-ci il tarixli “Alğı-satqı müqaviləsi” bağlamaqla avtomobilin sonuncunun adına qeydiyyata alınmasına nail olmuşdur

29. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən avtomobilə dair xx.xx.2020-ci il tarixdə verilmiş AD seriyalı, 794441 nömrəli “Qeydiyyat şəhadətnaməsindən” görünür ki, avtomobil xüsusi mülkiyyətdə olan və reyestrdə qeydə alınmalı olan daşınar əmlak kimi Tural Nuriyevin adına qeydiyyata alınmışdır.

30. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyanın xx.xx.2020-ci il tarixli qətnaməsinə (İş № 2(103)-497/2020) əsasən verilmiş “İcra vərəqəsi” üzrə tələbkar hesab edilən Namiq Qafarov, “İcra vərəqəsinin” icrası ilə bağlı Nizami Rayon İcra Şöbəsinə müraciət edərək, avtomobilin üzərinə həbsin qoyulmasını və avtomobilin axtarışa verilməsini xahiş etmişdir.

31. Həmin ərizə əsasında Nizami Rayon İcra Şöbəsinin verdiyi təqdimata baxmış Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-34/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 497/2020 saylı iş üzrə verilmiş “İcra vərəqəsinin” icrasını təmin etmək məqsədi ilə avtomobilin üzərinə həbsin qoyulması qərara alınmışdır.

32. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyanın xx.xx.2021-ci il tarixli qərardadından (İş № 8(103)-160/2021) görünür ki, həmin qərardadla X7 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından verdiyi şikayətin təmin edilməməsi, barəsində şikayət verilmiş qərardadın isə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

33. Göstərilənlərə əsasən apellyasiya baxışının predmeti olan hissədə müəyyən edilir ki, mübahisəli avtomobil iddiaçı Tural Nuriyevin mülkiyyətinə hərrac vasitəsi ilə deyil, xx.xx.2020-ci il tarixli “Alğı-satqı müqaviləsi” əsasında keçmişdir. Belə ki, Cavabdeh1 mübahisəli avtomobili hərrac vasitəsi ilə əldə etdikdən sonra xx.xx.2020-ci il tarixdə Cavabdeh2 geniş səlahiyyətli, o cümlədən avtomobilə dair sərəncam verilməsini özündə ehtiva edən ƏN-Vİİ seriyalı, 103512 saylı etibarnamə vermiş, sonuncu da öz növbəsində, həmin etibarnamə üzrə ona verilmiş səlahiyyətlərinin başqasına etibar edilməsi barədə xx.xx.2020-ci il tarixdə İddiaçı2 ƏN-Vİİ seriyalı, 143120 saylı etibarnamə vermişdir. Bundan sonra İddiaçı2 sonuncu etibarnamə əsasında çıxış edərək avtomobilə dair öz qardaşı – digər iddiaçı Tural Nuriyev ilə xx.xx.2020-ci il tarixli “Alğı-satqı müqaviləsi” bağlamış və nəticədə avtomobil sonuncunun mülkiyyətinə keçmişdir. xx.xx.2020-ci il tarixli “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi ilə bağlı məhkəmələrə hər hansı bir sübut təqdim edilməmişdir. Mübahisəli avtomobil hərrac vasitəsi ilə hazırki iş üzrə Cavabdeh1 satılmış və avtomobil iddiaçı Tural Nuriyevdən əvvəl Cavabdeh1 mülkiyyətində olmuşdur. Cavabdeh2 isə heç vaxt həmin avtomobilin mülkiyyətçisi olmamış və o, öz adından deyil, etibarnamə əsasında mülkiyyətçi Cavabdeh1 adından çıxış etmişdir.

34. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iş üzrə iddiaçılar apellyasiya baxışının predmetini təşkil edən tələbi Cavabdeh2 onlara münasibətdə əsassız varlanması və onlara maddi zərər vurması (onlara münasibətdə delikt törətməsi) ilə əsaslandırırlar.

35. Buna görə də Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur (maddə 1091.1.). Əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1-ci maddəsi). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1.).

36. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin müəyyən edilmiş hallarına yanaşdıqda müəyyən edilir ki, Cavabdeh2 iddiaçılara münasibətdə əsassız varlanmış şəxs deyil, o, iddiaçılara münasibətdə varlanmamışdır. Bundan başqa Cavabdeh2 iddiaçılara münasibətdə delikt də törətməmişdir. Çünki: birincisi, əsassız varlanma nəticəsində öhdəlik o halda yaranır ki, şəxs əmlak əldə etsin, həmin əldə etmə başqa şəxsin hesabına olsun və əldə etmənin hər hansı bir qanuni və ya müqavilə əsası olmasın; ikincisi, delikt nəticəsində öhdəlik isə o halda yaranır ki, şəxs istər qəsdən və ya ehtiyatsızlıqdan hər hansı bir fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna zərər vurmuş olsun. Hazırki işin faktiki halları ilə isə müəyyən edilir ki, mübahisəli avtomobil hərrac vasitəsi ilə Cavabdeh1 satılmış və onun mülkiyyətinə keçmişdir. Cavabdeh2 isə avtomobilin mülkiyyətçisi olmamış və Cavabdeh1 ona verdiyi etibarnamə əsasında hərəkət edərək, avtomobilə dair səlahiyyətləri digər etibarnamə əsasında İddiaçı2 ötürmüşdür. Cavabdeh2 bu kimi hərəkət etməsi, onun iddiaçıların hesabına əsassız varlanması və ya iddiaçılara zərər vurması kimi qiymətləndirilə bilməz. j) apellyasiya baxışının nəticəsi

37. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia tələbi apellyasiya baxışının predmeti olan hissədə əsassız olmuşdur. Lakin işə baxmış Rayon Məhkəməsi apellyasiya baxışının predmetini təşkil edən tələbi təmin etməklə işin hallarına və iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətlərinə uyğun olmayan səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır və formal mülahizə xarakteri daşımır.

38. MPM-nin 385-ci maddəsinin tələbinə görə isə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.

39. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 119, 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh2 verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhər Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 dekabr 2021-ci il tarixli qətnamə (yanlışlığın aradan qaldırılması barədə xx.xx.2022-ci il tarixli qərardad nəzərə alınmaqla) apellyasiya baxışının predmeti olan hissədə, yəni Cavabdeh2 20.000 manat məbləğində pul vəsaitinin tutularaq, 10.000 manatın İddiaçı1, 10.000 manatın isə İddiaçı2 verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, həmin tələb təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar