Məhkəmə qərarları › İş №2(103)-3561/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3561/2025

18.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3561/2025 18.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı X1 cavabdeh "xxxx" MMC-yə qarşı (üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X9) iş üzrə (Açar sözlər: işə bərpa, əmrin ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), X3 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil3 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil4 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 18 avqust 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı X2 (bundan sonra “iddiaçı”) ilə Cavabdeh MMC (bundan sonra “cavabdeh”) arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən iddiaçı həmin tarixdən cavabdeh müəssisədə “anbardar” vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixdə iddiaçı ərizə ilə cavabdehə müraciət edərək, oz xahişi ilə xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli, 004/X/2024 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xx.xx.2024-cü il tarixdən xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı "xxxx" MMC-nin onun işdən azad olunması barədə verdiyi xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi iş buraxmağa görə əmək haqqının və əmək haqqının ödənilməsi, mediasiya xərclərinə görə ödədiyi 60 manat, hüquqi xidmət göstərilməsi üçün ödədiyi 300 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, işlədiyi müddətdə vəzifə təlimatlarını layiqincə, vicdanla yerinə yetirmiş, işində hər hansı nöqsana yol verməmişdir. xx.xx.2024cü ildə (qeyri-iş günündə) cavabdeh hüquqi şəxsin direktoru Qanuni nümayəndə onu və MMC-də hüquqşünas işləyən X6 çağırıb bildirmişdir ki, hazırkı MMC-nin digər təsisçisi ilə aralarında olan razılaşmaya əsasən ayrılacaqlar. Özü isə "xxxx" Şirkəti açır. Buna görə də onların xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə kimi tutduqları vəzifədən azad olunmalarına dair ərizə yazmalarını istəmiş və onları xx.xx.2024-cü ildən yeni açılacaq "xxxx" Şirkətinə işə götürəcəklərini demişdir. Onlar direktorun sözlərinə inandıqları üçün onun dediyi formada ərizələrini yazmışlar. Lakin bir qədər sonra digər təsisçi ilə əlaqə yaradan zaman məlum olmuşdur ki, təsisçilər arasında ayrılma ilə bağlı heç bir sözləşmə yoxdur. Onlar direktor tərəfindən aldadıqlarını başa düşüb dərhal, elə həmin gün xx.xx.2024-cü ildən işdən azad olmaları ilə bağlı ərizələrinin etibarsız hesab edilməsi barədə ərizə yazıb MMCnin HR işləri ilə məşğul olan Hilalə xanımın işçisi Lamiyə xanıma təqdim etmişlər. Lamiyə xanım ərizəni onlardan alsa da, qəbul etməsinə dair rəsmi sənəd vermədiyinə görə onlar xx.xx.2024-cü ildə ərizənin bir nüsxəsini Express xüsusi sürətli poçt vasitəsi ilə Qanuni nümayəndə özünə göndərmişlər. Lakin Qanuni nümayəndə məktubların mətnindən məlumatlı olduğu üçün qəbul etməmiş, məktubun alınmasından imtina edilmişdir. Hətta cavabdehə kollektiv müraciət ünvanlayaraq işdən çıxarılmağının Əmək Qanunvericiliyinə zidd olduğunu bildirərək, işə bərpa olunmalarını xahiş etmişlər. Qanuni nümayəndə xx.xx.2024-cü il tarixli əmri ilə o, işdən azad edilmişdir. Həmin əmr bu günədək ona təqdim edilməmişdir. Baxmayaraq ki, cavabdehin nümayəndəsi mediasiya prosesində iştirak etmişdir, danışıqlar aparmaq əvəzinə sanki onun şəxsiyyətini alçaltmağa çalışmışdır. Həmin müddətdə də işdən çıxma əmrinin ona təqdim edilməsi təmin edilməmişdir. Göstərilənlərə əsasən işdən çıxarılmağını qanunsuz hesab edir.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6228/24 saylı iş üzrə 27 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Paşayeva) iddia qismən təmin edilmiş, əmrin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi, iddiaçıya xx.xx.2024-cü il tarixdən məhkəmə qətnaməsi qanuni qüvvəsini alan günədək məcburi iş buraxmağa görə əmək haqqının hesablanaraq ödənilməsi, mediasiya xərci üçün ödənilmiş 50 manat, hüquqi xidmətin göstərilməsi üçün 300 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, cavabdehdən 100 manat məbləğində dövlət rüsumunun alınaraq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, iddiaçı xx.xx.2024-cü ildə işdən azad edilməsi barədə ərizə ilə müraciət etmiş, xx.xx.2024cü ildə ərizənin geri götürülməsi barədə ərizə göndərmişdir. Lakin ərizəsinin etibarsız hesab edilməsi barədə ərizənin qəbul edilməsindən qərəzli şəkildə imtina edilmiş, xx.xx.2024-cü il tarixdə işdən çıxarılma barədə əmr qəbul edilmişdir. Hazırkı işdə də cavabdeh tərəfindən 1 aylıq müddəti tamam olmadan, işçini ərizənin etibarsız sayılması barədə ərizəni qəbul etmədən əmək müqaviləsilə ləğv edilmiş işəgötürən göstərilən müddət bitməmiş yalnız işçinin vəzifəsinə yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etmiş olsun. Cavabdeh hazırki işdə bu faktı təsdiq edən sübut təqdim etməmişdir. "xxxx" MMC tərəfindən əmək qanunvericiliyin pozulması faktı həmçinin X10 Xidmətinin "inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar"ı ilə də təsdiq olunur.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69, 172-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, işdən çıxma barədə verilmiş ərizənin etibarsız hesab edilməsi barədə verilmiş ərizə AzəriExpress vasitəsilə ilk dəfə cavabdeh Kerama Trade MMC-nin hüquqi ünvanına göndərilməmişdir, ikinci dəfə isə E&R Express vasitəsilə 01 iyul 2024-cü il tarixdə MMC-yə daxil olmuşdur. İlk dəfə verilmiş ərizənin etibarsız hesab edilməsinə dair ərizə AR Əmək Məcəlləsinin 69-cu maddəsində nəzərdə tutulmuş qaydada elektron informasiya sistemi vasitəsilə də MMC-nin ünvanına daxil edilməmişdir və buna görə də vaxtında MMC-yə daxil olmamışdır. Bununla bağlı iddiaçı tərəfindən sübut təqdim olunmamışdır. Bu səbəbdən də 01 iyul 2024-cü il tarixdə iddiacının əmək müqaviləsinə ərizəsi üzrə əmək qanunvericiliyinə uyğun olaraq xitam verilmişdir. Xitamdan sonra ərizənin etibarsız hesab edilməsi barədə iddiaçının ikinci ərizəsi MMC-yə daxil olmuşdur. Yəni işəgötürən iddiaçı ilə əmək münasinətlərində qanunsuz hallara yol verməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi ərizənin etibarsız hesab edilməsinə dair ərizələrin iki ədəd qəbzi var. İlk qəbz 28 iyun 2024-cü il tarixə aid olsa da, işəgötürən MMC-nin hüquqi ünvanına göndərilməmişdir və buna görə də MMC tərəfindən ərizə nəzərə alına bilməmişdir. İkinci qəbz isə əmək müqaviləsinə qanunamüvafiq qaydada xitam verildikdən sonra 01 iyul 2024-cü il tarixdə MMC-yə daxil olmuşdur. Buna görə də ərizə vaxtında təqdim olunmadığı üçün əmək müqaviləsinə xitam verilmişdir. Habelə, iddiaçı tərəf ərizənin vaxtında təqdim edilməsi üçün elektron informasiya vasitəsindən istifadə etməmişdir. Buna baxmayaraq, məhkəmə təqdim olunmuş qəbzlərin hansı ünvana təqdim edilməsini araşdırmamışdır. İddiaçı tərəfindən onun bildirdiyinə əsasən, ərizələrinin etibarsız hesab edilməsi barədə ərizəni Lamiyə adlı xanıma təqdim etmişdir. Lamiyə adlı şəxsin cavabdeh Kerama Trade MMC-də hansı məsul vəzifədə olması, iş statusu, ümumiyyətlə MMC-də səlahiyyətli şəxs olub-olmaması məhkəmə tərəfindən araşdırılmayıb və bu hala münasibət bildirilməyib. Lamiyə adlı şəxs məhkəmə iclasına şahid qismində cəlb olunmamışdır. Cavabdeh tərəfindən vəsatət verərək qeyd etmişdir ki, iddiaçının iddia tələbi üzrə məhkəmə iclasında X7, X4 şahid qismində iştirakları zəruridir. Belə ki, həmin şəxslər iddiaçının irəli sürdüyü halların, ərizələrin ünvana çatdırılmamasının şahidi olmuşlar. Lakin məhkəmə vəsatəti əsassız olaraq rədd etmişdir, işin hərtərəfli araşdırılmasında maraqlı olmamışdır. Məhkəmə iclasında yalnız şahid qismində iddiaçının qohumu X8 dindirilmişdir. Lakin onun verdiyi ifadənin zəruriliyinin nədən ibarət olması, mübahisə ilə əlaqəsi məhkəmə tərəfindən müəyyən edilməmişdir.

9. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Cavabdehin nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

12. İddiaçının nümayəndəsi (vəkili) isə məhkəmə kollegiyasının iclasında iştirak edərkən apellyasiya şikayətinin rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 68-ci maddənin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər; 69-cu maddənin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər; 69-cu maddənin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur; 69-cu maddənin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər; 69-cu maddənin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur; 69-cu maddənin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır; 300-cü maddənin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Hazırkı işdə iddia qismən təmin olunduğundan və qətnaməni apellyasiya qaydasında yalnız cavabdeh mübahisələndirdiyindən, qətnamənin əsaslılığı iddianın təmin olunan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində ləğv olunmalı və iddia tələbi həmin hissədə rədd edilməlidir.

18. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən apellyasiya baxışının predmeti olan hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır.

19. İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə ərizəni aldadılma nəticəsində (yeni açılmış şirkətə işə qəbul etmək vədi ilə) yazdığını, bunu bilən kimi, xx.xx.2024-cü il tarixdə həmin ərizənin etibarsız hesab edilməsi barədə ərizə ilə cavabdehə müraciət etdiyini, lakin ərizənin qərəzli şəkildə qəbul edilmədiyini, bu səbəbdən xx.xx.2024-cü il tarixdə yenidən müraciət etdiyini, lakin bu dəfə ərizənin onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra qəbul edildiyini bildirir və əmrin ləğv edilməsini, işə bərpa olunmasını və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulmasını tələb edir.

20. Cavabdeh iddianı qəbul etmir, iddiaçının aldadılmadığını, cəmiyyətin iki təsisçisindən birinin iddiaçının qohumu olduğunu və şirkətin bölünməsi barədə razılıq əldə edildiyindən iddiaçı qohumunun tövsiyəsi ilə işdən çıxma barədə ərizə yazdığını, lakin sonradan təsisçilər arasında əmlakın bölünməsi ilə bağlı mübahisə yarandığından iddiaçının bu məsələlərə nəzarət etmək üçün həmin şəxslərdən işə qayıtmaq tapşırığı aldığını və bununla bağlı xx.xx.2024-cü il tarixdə həmin ərizənin etibarsız hesab edilməsi barədə ərizə ilə cəmiyyətə müraciət etdiyini, lakin həmin vaxt artıq onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini, iddiaçının bu tarixdən əvvəl, o cümlədən xx.xx.2024-cü il tarixdə qeyd edilən məsələ ilə bağlı müraciət etmədiyini bildirir və iddianın rədd olunmasını xahiş edir.

21. Məhkəmə kollegiyası bu münasibətləri tənzimləyən Əmək Məcəlləsinin 69-cu maddəsinə istinadən qeyd edir ki, bu maddə əməyin və əmək müqaviləsinin azadlığı prinsipini əks etdirməklə, əmək müqaviləsinin növündən, işçinin əmək funksiyasından və işəgötürənin hüquqi statusundan asılı olmayaraq, işçiyə bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizə ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv etmək və bununla da əmək münasibətinə xitam vermək hüququ verir. Xəbərdarlıq müddətinin müəyyən edilməsi hüquqi əhəmiyyətə malik olmaqla işəgötürənə işdən çıxacaq işçinin yerinə yeni işçi tapmaq və onunla əmək müqaviləsi bağlamaq imkanı yaratmaq məqsədi daşıyır. İşəgötürən ərizənin verildiyi gündən yeni işçi axtarışına başlamağa tam haqlıdır. Eyni zamanda, əmək qanunvericiliyində xəbərdarlıq müddətinin qısaldılmasının, o cümlədən ümumiyyətlə müəyyən edilməməsinin mümkünlüyü təsbit edilmiş və bu vəziyyətin yaranmasına əsas olan ümumi hallarla yanaşı konkret hallar da göstərilmişdir. Başqa sözlə, 1 aydan daha qısa müddətin müəyyən edilməsi, o cümlədən işçinin ərizə verilən tarixdə işdən çıxmaq niyyətində olması ilk növbədə işçinin iradəsindən asılıdır.

22. Hazırkı iş üzrə iddiaçı da Əmək Məcəlləsinin 69-cu maddəsinin yaratdığı hüquqi imkanlardan istifadə edərək, xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, xx.xx.2024-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İddiaçı bu ərizəni aldadılma nəticəsində yazdığını bildirsə də, bu halı sübuta yetirə bilmir. Araşdırma zamanı isə iddiaçının mövqeyinin tam əksi öz təsdiqini tapır.

23. Belə ki, ərizə yazılan tarixdən əvvəl iddiaçı ilə cavabdeh arasında nəinki hər hansı problemin, ümumiyyətlə elementar anlaşılmazlığın olması belə müəyyən edilmir. İddiaçı ərizəsində ərizənin yazıldığı gün, yəni xx.xx.2024-cü il tarixdə deyil, 5 gündən sonra, yəni xx.xx.2024-cü il tarixdə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Halbuki, məcburetmə və ya aldadılma, yəni bu məsələyə cavabdehin hər hansı formada müdaxiləsi olsa idi, geriyə dönüş imkanlarının məhdudlaşdırılması baxımından iddiaçıdan ərizə yazılan günü tutduğu vəzifədən azad olunması tələb olunardı. İddiaçı bu ərizənin onun yeni yaradılan şirkətə işə götürülməsi vədi qarşılığında yazdığını və bununla da aldadıldığını bildirsə də, ona cavabdeh tərəfindən hər hansı digər müəssisədə işə götürülməsini, ümumiyyətlə cavabdehin belə bir vəd verməsini təsdiq edən sübut mövcud deyil. Digər tərəfdən, iddiaçı bu mövqedən çıxış etsə də, cavabdehin qanuni təmsilçisi ilə bu barədə hər hansı söhbətin aparılmadığı bir halda 1 gün ərzində aldadılmasını hansı qaydada müəyyən etdiyini açıqlaya bilmir.

24. İddiaçının xx.xx.2024-cü il tarixdə işdən çıxma barədə ərizə yazdıqdan sonra onun etibarsız hesab edilməsi barədə ərizələrlə müraciət etməsi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı ilk dəfə xx.xx.2024-cü il tarixdə belə bir ərizə yazaraq, Lamiyə adlı əməkdaşa təqdim etdiyini, lakin qəbul edilmədiyini bildirir. Lakin cavabdeh tərəf bunu qəbul etmir, ümumiyyətlə şirkətdə belə bir əməkdaşın çalışmadığını bildirir. Nəticə etibarı ilə cavabdehin belə bir əməkdaşının olması müəyyən edilmir.

25. xx.xx.2024-cü il tarixli ərizənin cavabdehə surətli poçt vasitəsi ilə göndərilməsini təsdiq edən “AzeriExpress”in qaiməsində göstərilən qeydə əsasən isə cavabdehin müəssisənin Qanuni nümayəndə bu ərizəni qəbul etməkdən imtina etmişdir. Halbuki, həmin ərizənin çatdırılmasını həyata keçirən şirkətin əməkdaşı (kuryer) bununla bağlı hər hansı akt tərtib etməmiş, cavabdehin ünvanı belə göstərilməyən qaimənin üzərinə “məktubu almaqdan imtina etdi” qeydi yazmaqla kifayətlənmişdir.

26. Cavabdeh isə belə bir ərizənin xx.xx.2024-cü il tarixdə surətli poçtla gətirilmədiyini və bu baxımdan onun qəbul edilməsindən imtinanın mümkün olmadığını bildirir. Nəticə etibarı ilə xx.xx.2024-cü il tarixdə ərizənin cavabdehə çatdırılması və cavabdehin bu ərizəni qəbul etməkdən imtina edilməsi də öz təsdiqini tapmır.

27. İddiaçı 27 iyun – 01 iyul tarixlərində işə çıxmamasının səbəbini iş yerinə buraxılmaması ilə izah etsə də, onun bu dəlili işin müəyyən edilmiş halları ilə öz təsdiqini tapmır. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2024-cü il tarixli ərizənin məzmununa əsasən iddiaçı xx.xx.2024-cü il tarixədək işdə sayılırdı və əmək qanunvericiliyinin tələblərinə əsasən işə çıxaraq, öz əmək funksiyalarını yerinə yetirməli idi. Lakin iddiaçının 27 iyun – 01 iyul tarixlərində əmək funksiyalarını yerinə yetirmək üçün iş yerində olmaması (işə çıxmaması) məhz onun bu cəmiyyətdə əmək funksiyalarını icra etmək niyyətində olmadığını, xx.xx.2024-cü il tarixli ərizənin onun həqiqi niyyətini və iradəsini əks etdirdiyini təsdiq edir.

28. İddiaçının xx.xx.2024-cü il tarixdə yazdığı eyni məzmunlu ərizə isə cavabdehə xx.xx.2024-cü il tarixdə, saat 17:25-də təqdim edilmişdir (i.v.18). Lakin bu hal onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini istisna edə bilməzdi. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə həmin vaxtadək artıq xitam verilmişdi. Bu hal iş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə də öz təsdiqini tapır. Başqa sözlə, iddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsi ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edilmiş və iddiaçının həmin tarixdə saat 17:25-də əvvəlki ərizəsinin etibarsız hesab edilməsi barədə müraciətinin hüquqi qüvvəsi yoxdur. Nəzərə alınmalıdır ki, həmin ərizənin cavabdeh tərəfindən yaradılan maneə nəticəsində daha əvvəl deyil, məhz saat 17:25-də təqdim edilmiş olması da öz təsdiqini tapmır. Hər bir halda, surətli poçt xidmətinin belə bir halları təsdiq edən hər hansı aktı mövcud deyil. Qeyd edilənlər öz növbəsində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 004/x/2024 saylı əmrin qanuni və əsaslı olmasını, iddia tələbinin isə əsassız olduğunu təsdiq edir.

29. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı qərarın da bu mövqeyə hər hansı hüquqi təsiri ola bilməz.

30. Məhkəmə kollegiyası, iddia üzrə "əmrin ləğv edilməsi" tələbinin əsas tələb olduğunu, həmin tələbin əsassız olması qənaətinə gəlindiyini, iddia tələbinin "işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının, ödənilən mediasiya və hüquqi xidmət xərcinin əvəzinin tutulması" hissəsinin isə törəmə tələb olduğunu və bu hissənin təminolunub olunmamasının bilavasitə "əmrin ləğv edilməsi" hissəsinin təmin olunubolunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi bu tələblərə aid hissədə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbləri həmin hissələrdə rədd edilməlidir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

32. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (390).

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində, yəni "xxxx" MMC-nin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, iddiaçının "xxxx" MMC-də anbardar vəzifəsinə işə bərpa olunması, iddiaçıya xx.xx.2024-cü il tarixdən məhkəmə qətnaməsi qanuni qüvvəsini alan günədək məcburi iş buraxmağa görə əmək haqqının hesablanaraq ödənilməsi, mediasiya xərci üçün ödənilmiş 50 manat, hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 300 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, eləcə də cavabdehdən 100 manat məbləğində dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi hissələrində ləğv edilsin və iddia tələbi həmin hissələrdə təmin olunmasın. İddiaçı X2 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar