Məhkəmə qərarları › İş №2(103)-358/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-358/2022

05.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-358/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(008)-2585/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 4141 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq, iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019cu il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən, sonuncu 3 aylıq sınaq müddəti tətbiq edilməklə, satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “tam maddi məsuliyyət” haqqında müqavilə imzalanmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli, 552-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixli, 233-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə İddiaçı MMC-nin “Oba-Bakıxanov 6” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması aşkar edilmiş, xx.xx.2020-ci il tarixli “İnventarizasiya nəticələrinə” dair akta əsasən, yekun ziyan məbləği 4852,38 manat məbləğində müəyyən edilmişdir. Maliyyə arayışından məlum olur ki, 4852,38 manat borcdan 711,38 manat cəmiyyət tərəfindən güzəşt edilmiş, qalıq borc 4141 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikası Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(008)-2585/2021 nömrəli qətnaməsi ilə iddia tələbi əsassız olduğu üçün təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2585/2021 saylı 28 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi, Cavabdeh tərəfindən ödənilməmiş 4141 (dörd min bir yüz qırx bir) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) və 15 (on beş) manatın cavabdehdən alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh tam maddi məsul şəxs kimi İddiaçı MMC-də çalışdığı müddət ərzində “Tam maddi məsuliyyət haqqında müqavilə” ilə üzərinə götürdüyü öhdəliklərinə qeyri-ciddi və məsuliyyətsiz yanaşaraq, bir neçə dəfə işində intizamsızlığa yol vermişdir. Bununla bağlı, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərində Cavabdeh tərəfindən verilmiş izahatlardan da görünür ki, cavabdeh işində intizamsızlığa yol vermiş və izahatında bildirmişdir: “etdiyim əməli diqqətsizlik ucbatından etmişəm, belə halların bir daha baş verməyəcəyinə söz verirəm, izahatı özüm yazdım və özüm də təsdiq edirəm”. Nəticə etibarilə bu cür halların baş verməsi cavabdeh barəsində əsaslı şübhələrin yaranmasına səbəb olmuşdur. Cavabdehlə rəsmiləşdirilmiş “Tam maddi məsuliyyət haqqında” müqavilədə deyilir ki, maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. Həmin müqavilənin 2.2-ci bəndində deyilir ki, işəgötürən qəbul edilmiş qaydalar əsasında inventarizasiyanı həyata keçirməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndində göstərilmişdir ki, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi tam maddi məsuliyyət daşıyır. Cavabdehin iş fəaliyyətində əsaslı şübhələr yarandığından onun barəsində xx.xx.2020-ci il tarixində inventarizasiya yoxlaması həyata keçirilmişdir. xx.xx.2020-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 4852 (dörd min səkkiz yüz əlli iki) manat 38 (otuz səkkiz) qəpik məbləğində zərər vurması məlum olmuşdur. İş materiallarında olan “İltizamnamə”dən də görünür ki, cavabdeh izahatında bildirmişdir ki, “araşdırmanın çıxarılan nəticəsinə heç bir etirazım olmayacaq”. İş materiallarında olan və cavabdeh tərəfindən imzalanmış “Vəzifə təlimatı”nın “vəzifə məsuliyyətləri” adlanan 3-cü bəndində göstərilmişdir ki, administrator tabeçiliyində olan satış məhsullarının sayımı zamanı əksik gəldikdə məsuliyyət daşıyır. Bundan başqa ehtiyatsızlıq ucbatından və ya qəsdən hər hansı məhsulu satışa yararsız hala saldığına görə məsuliyyət daşıyır. Belə ki, işə baxan məhkəmə işin əhəmiyyətli olan həqiqi hallarını müəyyən etməmiş, iş materialları tam və ətraflı əsaslandırılmamış və məhkəmə tərəfindən qeyri-obyektiv qətnamə qəbul edilmişdir. Proses iştirakçılarının izahatları: İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və iddiaçının nümayəndəsi işə onun iştirak olmadan baxılmasını xahiş etdiyindən, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, iddiaçı tərəfin apellyasiya şikayəti qətnamənin tamamilə ləğv edilməsinə və iddianın təmin edilməsinə yönəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli, 386-K saylı “İşə qəbul etmə haqqında” əmrindən çıxarışın surətindən görünür ki, Cavabdeh cəmiyyətin satış departamentinin satış 4 şöbəsinə xx.xx.2019-cu il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə, satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh cəmiyyətin satış departamentinin satış 4 şöbəsinə xx.xx.2019-cu il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə, satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinə əsasən, işçinin əmək funksiyası, işçinin Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməli olmasından ibarətdir. İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli, 552-K saylı “Vəzifə dəyişikliyi haqqında” əmrindən çıxarışın surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən cəmiyyətin satış departamentinə administartor vəzifəsinə keçirilmişdir. Əmək müqaviləsinə xx.xx.2019-cu il tarixli əlavənin surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən cəmiyyətin satış departamentinin satış 4 şöbəsinə administartor vəzifəsinə keçirilmişdir. Əmək müqaviləsinə əlavə xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin tərkib hissəsini təşkil edir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli "tam maddi məsuliyyət” haqqında müqavilələrin surətlərindən görünür ki, Cavabdeh həmin müqavilələrin şərtlərinə əsasən, maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür və aşağıdakı vəzifələri icra etməyə borcludur: ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalıdır, eyni zamanda, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübarizə aparmalıdır; işəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verilməli və lazım gəldikdə qorxulu vəziyyətin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir; ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir; inzibati hüquqpozmalar, cinayət, yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan və işəgötürənə mənəvi ziyan vurma hallarına yol verilməməlidir. Cavabdeh “X3” MMC-nin rəhbərliyinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsində xx.xx.2020-ci il tarixdən əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli, 233-K saylı “İşdən azad edilmə haqqında” əmrindən çıxarışın surətindən görünür ki, Cavabdeh - cəmiyyətin satış departamentinin satış 4 şöbəsinin administratorunun əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmiş, son haqq-hesab: istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilməli olmuşdur. İddiaçı MMC-nin “Oba-Bakıxanov 6” mağazasında aparılmış “Aktivlər üzrə inventarizasiya nəticələrinə” dair xx.xx.2020-ci il tarixli yekun akta əsasən, xx.xx.2020-ci il tarixli inventarizasiya siyahısı ilə növbədənkənar yoxlama tarixinə siyahıya alınmış mal material qiymətlərinə dair faktiki məlumatlarla uçot məlumatlarının üzləşdirilməsi aparılmış və yekun ziyan məbləği 4852,38 manat məbləğində müəyyən edilmişdir. İddiaçı MMC-nin “Oba-Bakıxanov 6” mağazasında aparılmış “Növbədənkənar inventarizasiya nəticələrinə” dair xx.xx.2020-ci il tarixli yekun akta əsasən, yekun ziyan məbləği 4852,38 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli İmtina aktında qeyd edilmişdir ki, İddiaçı MMC-nin “Oba-Bakıxanov 6” mağazasında həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə xx.xx.2020-ci il tarixdə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanmışdır. Cavabdeh inventarizasiyanın aparılmasında və nəticələrin araşdırılmasında iştirak etsə də, yoxlamanın nəticələrinə dair tərtib edilmiş həmin sənədlərlə tanış olsa da, sonda heç bir irad və səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. xx.xx.2020-ci il tarixli İmtina aktında qeyd edilmişdir ki, İddiaçı MMC-nin “Oba-Bakıxanov 6” mağazasında xx.xx.2020-ci il tarixdə maddi-məsul şəxs Cavabdeh öhdəsində olan ticari malların yoxlanılması məqsədi ilə, şifahi müraciətlər edilməsinə, şirkətə məxsus xidməti telefonuna zənglər edilməsinə baxmayaraq, o, çağırışlara məhəl qoymadan mağazaya gəlməmiş və bununla da, malların inventarizasiyasında iştirak etməkdən imtina etmişdir. Bu səbəbdən də, maddi-məsul şəxs Cavabdeh iştirakı olmadan, inventarizasiya aparıb nəticəsi qanuna uyğun müvafiq qaydada aktlaşdırılmışdır. xx.xx.2020-ci il tarixli “X3” MMC-nin inventarizasiya komissiyasına iltizamnamədə Cavabdeh qeyd etmişdir ki, sayım qaydalara uyğun şəkildə aparılmış, mağazada sayılmayan mal qalmamışdır, verilən çəki kodlarına cavabdehdir. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq, hesabında 4852,38 manat məbləğində çatışmazlıq müəyyən edilmişdir. 711,38 manat cəmiyyət tərəfindən güzəşt edilərək, Cavabdeh cəmiyyətə 4141 manat məbləğində borcu qalmışdır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubu ilə sonuncudan 4141 manat qalıq borcunun ödənilməsi tələb edilmiş, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlərin həyata keçirililəcəyi barədə xəbərdarlıq edilmişdir. Həmin xəbərdarlıq məktubunun tarixi və nömrəsi qeyd olunmamışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, hazırki işdə ziyanın həqiqətən vurulduğu aşkar edilmir. Bununla bağlı iddiaçının təqdim etdiyi sübut qeyri-mötəbər olmaqla, həm də ziddiyyətlidir. Belə ki, iddiaçının istinad etdiyi yeganə sübut xx.xx.2020-ci il tarixli “Aktivlər üzrə inventarizasiya nəticələrinə” dair yekun aktdır. Həmin akt yalnız cəmiyyətin əməkdaşları tərəfindən imzalanmış, maddi məsul şəxs hesab edilən Cavabdeh həmin aktı imzalamamışdır. xx.xx.2020-ci il tarixli İmtina aktının məzmunundan görünür ki, xx.xx.2020-ci il tarixdə inventarizasiya Cavabdeh iştirakı ilə keçirilmiş, o, inventarizasiyanın aparılmasında və nəticələrin araşdırılmasında iştirak etmiş, lakin heç bir irad və səbəb bildirmədən sənədləri imzalamaqdan və izahat verməkdən imtina etmişdir. Elə həmin tarixli, yəni xx.xx.2020-ci il tarixli İmtina aktında isə qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh öhdəsində olan ticari malların yoxlanılması məqsədi ilə, şifahi müraciətlər edilməsinə, şirkətə məxsus xidməti telefonuna zənglər edilməsinə baxmayaraq, o, çağırışlara məhəl qoymadan mağazaya gəlməmiş və bununla da, malların inventarizasiyasında iştirak etməkdən imtina etmişdir. Bu səbəbdən də, maddi-məsul şəxs Cavabdeh iştirakı olmadan, inventarizasiya aparıb nəticəsi qanuna uyğun müvafiq qaydada aktlaşdırılmışdır. Göründüyü kimi, iddiaçı cəmiyyətin əməkdaşları tərəfindən tərtib edilmiş eyni tarixli iki imtina aktı bir-birini inkar edir. Aktların birində Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etdiyi qeyd olunsa da, digər akt onun inventarizasiyada iştirak etməkdən imtina etməsi ilə bağlı tərtib edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində həmçinin qeyd etmişdir ki, maddi ziyanın məbləğini və onun vurulduğunu iddia edən tərəf həmin halları, ziyanın onun təqsiri olmadan dəydiyini iddia edən şəxs isə təqsiri olmadığını sübuta yetirməyə borcludur. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdeh tərəfindən ona maddi ziyan vurulduğunu sübuta yetirə bilməmiş, hətta məhkəmə tərəfindən ona mötəbər sübutlar təqdim etməsi təklif edilsə də, iddiaçı tərəf heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh isə, öz izahatı və məhkəməyə təqdim etdiyi şahid ifadəsi ilə təqsiri olmadığını sübuta yetirə bilmiş, mülki işin digər materialları ilə yanaşı araşdıraraq, məhkəmə həmin izahat və ifadəni mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1-ci maddəsinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 191.2.-ci maddəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır:a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda;b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəlləsinin 199.1.-ci maddəsinə əsasən işçi qanuna zidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Hazırkı iş üzrə isə cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması halı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası, iddiaçının apellyasiya baxışında təqdim etdiyi vəsatət əsasında mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Auditorlar Palatasının auditorlarına həvalə edilmişdir. Lakin, iddiaçı tərəfindən audit tədqiqatının aparılması məqsədilə lazımi sübutlar təqdim edilmədiyindən audit-mühasibatlıq ekspertizasının keçirilməsi baş tutmamışdır. Auditorlar Palatası tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbi üzrə apellyasiya şikayətinə dair mülki iş 2(103)-7623/2021 saylı 24 avqust 2021ci il tarixli qərardadı ilə iş üzrə mühasibatlıq ekspertizasının həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Auditorlar Palatası Sədrinin 17 sentyabr 2021 tarixli 132 SDO saylı, müddəti uzadılmaqla Sərəncamının icrası aşağıdakı səbəbdən mümkün deyil. Tərəflərindən audit araşdırmasının (yoxlamasının) həyata keçirilməsi məqsədilə zəruri audit sübutlarına dair müvafiq sənədlərin əldə edilməsi üçün (əlaqə nömrəsi alınmış) özünü MMC-nin hüquqşünası kimi təqdim edən Nicat müəllim və vəkili Gülnar xanimla telefon əlaqəsi yaradılaraq "xxxx" MMC-nin Bakı şəhərindəki əsas ofisində aidiyyətli şöbənin əməkdaşları və vəzifəli şəxsləri ilə görüş keçirildi. Onlara auditə təqdim olunan iş və materiallarda (cədvəllərdə iltizam, akt və digər sənədlərdə) cavabdeh tərəfin iddia üzrə maliyyə-pul öhdəliklərini (borclarını) təsdiq edən imzalı sənədlərin və sübutların yetərli olmadığı bildirilərək Nicat adlı şəxsə auditə dair əlavə sənədlərin siyahısı verildi. Lakin audit yoxlaması üçün müəyyən edilmiş bir ay müddət bitdikdən sonra, yoxlama müddəti uzadılmış, bununla belə dəfələrlə tərəfimizdən telefon zəngi ilə müraciətlər edilsə də tələb olunan sənədlər auditə təqdim olunmadı. Xüsusi olaraq məhkəmənin diqqətinə çatdırılmışdır ki, mövcud olan əsas sənədlərdə cavabdehin imzası yoxdur. İş üzrə iddia edilən əskik gəlmələrin cavabdehin hərəkət və hərəkətsizliyi səbəbindən yaranmasına dair tutarlı sübutlar müəyyən edilmədi. Ümumiyyətlə mövcud sənədlər və sübutlar rəy vermək üçün yetərli deyil. Sənədlərin təqdim edilməsinə cavabdeh tərəf deyil, iddiaçı tərəfin loyal münasibət göstərdiyi üçün tərəflərindən vəsatət verilmədi. Auditə dair tələb olunan əlavə zəruri sənədlərin və sübutların təqdim edilməməsi, müraciətlərin cavabsız qoyulması, sərəncam müddətinin təkrar uzadılmasının əhəmiyyətsiz olduğunu şərtləndirdiyi üçün tərəflərindən rəy verməkdən imtina edilir. Belə olan halda kollegiya qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyanın vurulması halı iş materialları ilə sübuta yetirilə bilməmişdir. İddiaçının maddi ziyanın hesablanmasına dair əsas gətirdiyi dəlillər bir-biri ilə ziddiyyət təşkil etdiyindən, apellyasiya məhkəməsi tərəfindən işin həqiqi halının aydınlaşdırılması məqsədilə ekspertiza təyin edilsə də, iddiaçı lazımi sənədləri ekspertlərə-auditorlara təqdim etməmiş, işin həqiqi halını məyyən etməməklə iddiasının əsasını sübuta yetirə bilməmişdir. Bundan başqa, cavabdeh öz əmək funksiyalarını icra edərkən işəgötürənə ziyan vurmuş olsaydı belə, işəgötürən tərəfindən ilkin olaraq işçi barəsində müəssisədaxili intizam tədbirləri görülə bilərdi. Lakin, buna baxmayaraq tərəflər arasında bağlanmış əmək müqaviləsinə mübahisəli aktlar (xx.xx.2020-ci il tarixli) tərtib edildikdən 30 gündən çox müddətdən sonra xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68 maddəsinin İİ hissəsinin “a” bəndi ilə (öz xahişi ilə) xitam verilmişdir. Belə olduğu təqdirdə isə işəgötürənin, hazırki iddiaçının işçiyə, yəni cavabdehə qarşı belə bir davranışı anlaşılan deyil. Bununla bağlı kollegiya qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Bundan başqa Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması və bunun nəticəsində ona maddi ziyan dəyməsinə dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi ziyanın vurulmamasını müəyyən etməklə iddia tələbini rədd etmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, şikayətin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir və qətnamənin ləğv edilməsinə yönəlmiş dəlillər apellyasiya baxışında öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən, kollegiya hesab edirki, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin məhkəmə məsrəfləri ilə bağlı gəldiyi nəticə düzgündür. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 382, 384-386, 388, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(008)-2585/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar