Məhkəmə qərarları › İş №2(103)-3585/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3585/2021

20.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3585/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdeh1, onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzildən istifadə hüququna xitam verilməklə mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli 2(005)-1611/2020 saylı qətnaməsindən iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X12 və X7 cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 qarşı mənzilə köçürülmə, cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməklə oradan çıxarılması tələbinə dair iddia ərizələri ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev 31-də yerləşən 14 saylı mənzildən cavabdehlərin istifadə hüququna xitam verilməklə mənzildən çıxarılmaları və onların həmin mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil iddiaçının həyat yoldaşı X4 1983-cü ildən Ticarət Nazirliyinin işçisi olduğu üçün müvəqqəti yaşamaq məqsədilə verilmişdir. Mənzilin bütün kommunal və digər xərcləri onlar tərəfindən aparılmışdır. 1979-cu ildən o, ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamışdır. Həmin mənzildə uzun illər yaşadıqlarından mənzili özəlləşdirmək məqsədi ilə mənzilə dair müvafiq hüquqi sənədi yaşayış sahəsinin yararsız vəziyyətdə olması səbəbindən əldə edə bilməmişlər. O, həyat yoldaşı ilə birlikdə öz maddi vəsaiti hesabına bütün otaqları və digər yardımçı sahələri təmir etdirərək yararlı vəziyyətə gətirmişdir. Həyat yoldaşı X8 2012-ci ildə vəfat etdikdən sonra iddiaçı və iki övladı - X7 və X12 həmin mənzildə yaşamışlar. 2013-cü ildə yaxın qohumunun vasitəçiliyi və xahişi ilə Cavabdeh1 həmin mənzilə qeydiyyata düşməsinə mənzil sahibi kimi razılıq vermişdir. Hal-hazırda cavabdehlər iddiaçını və iki övladını mənzilə buraxmırlar. İddiaçı dəfələrlə onlarla bu barədə söhbətlər aparsa da, cavabdehlər nəinki iddiaçıya məxsus yaşayış sahəsindən qeydiyyatdan çıxmırlar, hətta onları mənzilə buraxmırlar. İddiaçı hal-hazırda Bakı şəhər Xətai rayonu ərazisində kirayə tutduqları mənzildə yaşayır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X12 və X2 iddiası onunla əsaslandırılmışdır ki, valideynləri 1983-cü ildən, onlar isə doğulan gündən həmin mənzildə yaşamışlar. Mənzil 4 otaqdan ibarət olmaqla 13 və 14 saylı mənzillər kimi adlandırılmış, sonradan onların xəbəri olmadan yataqxananın komendantı 13 saylı mənzili başqa şəxslərin istifadəsinə vermiş, 14 saylı iki otaqlı mənzil isə onların istifadəsində qalmışdır. Cavabdehlər yaxın qohum olduqlarından, onların mənzilə qeydiyyata düşməsinə razılıq vermişlər. 2015-ci ildə cavabdeh Aydan Əliyeva ailə quraraq başqa ünvana köçmüş, digər Cavabdeh3 isə 2017-ci ildə Rusiyaya gedərək hal-hazırda orada yaşayır. Üçüncü şəxslər isə hal-hazırda kirayədə yaşayırlar. Ona görə də hazırkı iddianı qaldırmağa məcbur olmuşlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli 2(005)- 1611/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətləri belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla, işin faktiki hallarına qeyri-obyektiv hüquqi qiymət verməklə yanlış nəticəyə gəlmiş, nəticədə qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Cavabdeh1 və onun nümayəndəsi isə şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli 2(005)-1611/2020 saylı qətnaməsi iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslərin apellyasiya şikayətləri üzrə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş nikahın bağlanması haqqında haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 01.12.1978-ci il tarixdə X8 ilə rəsmi nikaha daxil olmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 10.02.2012-ci il tarixdə ölmüşdür. Bakı şəhəri Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 26.12.2019cu il tarixli 051153 № saylı arayışından görünür ki, Cavabdeh1, X9 və Cavabdeh3 ünvan 1 ünvanında daimi qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 37 saylı mənzil kommunal istismarı sahəsinin 21.05.2020-ci il tarixli 261681 saylı arayışından görünür ki, Təbriz küçəsi 31 №-li evin 14 №-li mənzilində 1983cü ildən İddiaçı və X12, 1987-ci ildən X7, 2013-cü ildən Cavabdeh1, Cavabdeh3 və X9 qeydiyyatdadırlar. İş materiallarında olan sənədlərdən görünür ki, ünvan 1 ünvanında elektrik enerjisi, təbii qaz və sudan istifadəyə görə abunəçi kimi Cavabdeh1 qeyd olunmuşdur. İş materiallarında olan məhkəmə qərarlarının surətindən görünür ki, iddiaçılar X3 və X13 ilə cavabdehlər X12 və X7 arasında sonuncuların ünvan 3 ünvanına istifadə hüquqlarının itirilməsi ilə bağlı məhkəmə mübahisələri getmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. İddiaçı ünvan 1 ünvanında yerləşən yataqxana tipli mənzilin onlara 1983-cü ildə verildiyini göstərmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin № 09.07.1983-cü il tarixli 45 saylı qərarından da görünür ki, ünvan 4 ünvanında yerləşən “B” tikilisi ailə yataqxanası hesab edilmişdir. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 106-cı maddəsinə əsasən, fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər X12 və X2 mübahisəli mənzilə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Odur ki, iddiaçı və üçüncü şəxslərin mülkiyyətçi kimi həmin mənzil üzərində mülkiyyət hüququ mövcud deyil və mövcud olmayan hüquq məhkəmə qaydasında müdafiə edilə bilməz. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər X12 və X2 mübahisəli mənzildə qeydiyyatı yalnız həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatını əks etdirir və mülki qanunvericilikdə nəzərdə tutulmuş mülkiyyət hüququnun müdafiəçisi kimi çıxış etməyə əsas vermir. İddiaçı və üçüncü şəxslərin əvvəllər mübahisəli mənzildə yaşamaları iş materialları ilə təsdiq olunmamaqla yanaşı, özlərinin də bildirmələrinə görə 6 aydan yuxarı uzun müddətdir ki, həmin mənzildə yaşamırlar. Bundan əlavə, iddiaçı və üçüncü şəxslər öz bildirdiklərinə görə də uzun müddətdir ki, həmin mənzildə yaşamadıqlarına görə mənzilə istifadə hüququnu itirmişlər. Buna görə də onların mənzilə köçürülməsi barədə tələb də təmin edilə bilməz. İddiaçı iddia ərizəsi də ziddiyətlidir. Belə ki, o, iddia ərizəsində həmin mənzilin 1983-cü ildə müvəqqəti yaşamaq üçün onlara verildiyini və 1979-cu ildən ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşadığını göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini təhlil edərək hesab edir ki, iddianı rədd etməklə birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas yaratmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər X12 və X2 apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli 2(005)- 1611/2020 saylı qətnaməsi iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslərin apellyasiya şikayətləri üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar