Məhkəmə qərarları › İş №2(103)-3588/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3588/2020

19.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3588/2020 19.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2254/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il tarixli, 160/02/326/15 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 96311,10 ABŞ dolları əsas borc, 52062,43 ABŞ dolları faiz borcu, 10996,29 ABŞ dolları məbləğində cərimə, 7666,74 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış məbləğ olmaqla, cəmi 167036,56 ABŞ dolları məbləğində borcun, 30 manat məhkəmə üçün və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumunun tutulması, ipoteka predmetinin tutmanın ipoteka ilə yüklü edilmiş Masallı rayonu, Seybətin yaşayış massivində mülkiyyətində olan 0.28 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilərək ilkin satış qiyməti 168000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan sonra ipoteka qoyan Cavabdeh3 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh1 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 160/02/326/15 saylı müqaviləyə əsasən bank tərəfindən Cavabdeh3 illik 18 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 110000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 tam mülkiyyət hüququ ilə ona məxsus olan Masallı rayonu, Seybətin yaşayış massivində yerləşən fərdi yaşayış evini, mülkiyyətində olan 0.28 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2015-ci il tarixli 160/02/326/15 saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü etmişdir. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə QSC “Bank Standard” KB arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu Cavabdeh3 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində xx.xx.2018-ci il tarixinə banka 96311.10 ABŞ dolları əsas borc, 52062.43 ABŞ dolları faiz borcu, 10996.29 ABŞ dolları cərimə, 7666.74 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış məbləğ, ümumilikdə 167036.56 ABŞ dolları məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh3 xəbərdarlıq edilmişdir, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2- 1(81)4498/2016 saylı qərarı ilə X1 banka ləğvedici təyin edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2254/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada xx.xx.2015-ci il tarixli, 160/02/326/15 saylı kredit müqaviləsi üzrə 96311,10 ABŞ dolları əsas borc, 24.923,15 ABŞ dolları faiz borcu, 996,29 ABŞ dolları məbləğində cərimə, 7666,74 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış məbləğ olmaqla, cəmi 129896,30 (bir yüz iyirmi doqquz min səkkiz yüz doxsan altı dollar otuz sent) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc və məhkəmə xərclərinin 46,20 (qırx altı manat iyirmi qəpik) manat hissəsinin tutularaq iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan, tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus, Masallı rayonu, Seybətin yaşayış massivində 0.28 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 254,6 m2 ümumi, 50,4 m2 yaşayış, 204,2 m2 yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi və ilkin satış qiyməti 70000 (yetmiş min) manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaitinin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, Masallı rayonu, Seybətin yaşayış massivində 0.28 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 254,6 m2 ümumi, 50,4 m2 yaşayış, 204,2 m2 yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 (bir) ay ərzində cavabdehlər Cavabdeh3 və X2 həmin mənzildən məcburi qaydada çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 154 (bir yüz əlli dörd) manat hissəsi cavabdehlər Cavabdeh3 və Cavabdeh2, 46 (qırx altı) manat hissəsi iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-dən tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı QSC “Bank Standard” KB apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-(011)-2254/2019 saylı qətnaməsinin banka ödənilməli əsas məbləğə hesablanmış faiz borcu və cərimə hissəsində ləğv edilməsi, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında kredit müqaviləsi üzrə bankın tələbinin əsas məbləğə hesablanmış faiz borcu və cərimə borcu hissəsində tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. xx.xx.2019-cu il tarixli 1447 saylı ekspert rəyi ilə kredit müqaviləsi üzrə əsas məbləğə hesablanan faiz borcunun 52062.43 ABŞ dolları olmasına baxmayaraq, məlum ekspert rəyində 24.923.15 ABŞ dolları olması qeyd edilmişdir. Məhkəmə həmin məbləğlər arasında olan kəskin fərqə müvafiq qiymət verməmişdir. İddiaçı hesab edirik ki iş üzrə əlavə mühasibatlıq ekspertizası təyin olunmalıdır. Belə ki, AR MPM-nin 97.1-ci maddəsinə görə “İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər”. AR MPM-nin 88-ci maddəsinə əsasən “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur“. Göründüyü kimi, məhkəmənin yalnız ekspertiza rəyinə əsaslanması qanunvericiliyin tələbinə ziddir. Məhkəmənin yalnız ekspert rəyinə istinad etməklə iddianı bu hissədə qismən təmin etməsi, işdə olan digər sübutları nəzərə almaması (hesabdan çıxarış, maliyyə arayışı və s.) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsinə əsas verir (birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi). Həmin Məcəllənin 389-cu maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Məhkəmə qətnaməsi əsas məbləğə hesablanmış faiz məbləği hissəsində ləğv edilməlidir. Kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərini lazımınca icra etməməsi nəticəsində yaranan cərimə üzrə borc qeyri-mütanasib olaraq azaldılmışdır. Belə ki, Bank 10996.29 ABŞ dolları tələb etdiyi halda, cəmi 996.29 ABŞ dolları təmin edilmişdir. AR MM-nin 462.1ci maddəsinə əsasən “Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.’’ İş materiallarından göründüyü kimi cavabdeh müqavilə üzrə icranı əhəmiyyətli dərəcədə gecikdirmişdir. Bu baxımdan məhkəmə qətnaməsi cərimə hissəsində ləğv edilərək, həmin hissədə bankın tələbi tam təmin edilməlidir. İddiaçı apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Mülki Məcəllənin 425.1, 739.1, 739.2, 385.1, 442, 445.2, 445.1, 448.1, 448.2-ci maddələrinə istinad etmişdir. İşə baxılması vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır.» Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan QSC “Bank Standard” KB ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 160/02/326/15 saylı kredit müqaviləsinin surətindən görünür ki, borc a!ana illik 18 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 110000 ABŞ dolları məbləğində kredit verilmişdir. QSC “Bank Standard” KB ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 160/02/326/15 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi tam mülkiyyət hüququ üzrə ipoteka qoyana məxsus, Masallı rayonu, Seybətin yaşayış massivində yerləşən fərdi yaşayış evi, mülkiyyətində olan 0.28 ha torpaq sahəsi ilə birlikdə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Masallı rayonu, Seybətin yaşayış massivində yerləşən fərdi yaşayış evinin, mülkiyyətində olan 0.28 ha torpaq sahəsi ilə birlikdə bank qarşısında ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır. QSC “Bank Standard” KB ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 160/02/326/15 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin borcalanın bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür və bank qarşısında birgə məsuliyyət daşıyır. xx.xx.2015-ci il tarixli notariat qaydasında təsdiqlənmiş ərizənin surətindən görünür ki, Cavabdeh1 əri Cavabdeh3 məxsus olan Masallı şəhəri, Seybətin yaşayış massivi ünvanda yerləşən 0.28 ha torpaq sahəsi və onun üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evinin Bank Standartda ipotekaya (girov) qoyulmasına etiraz etmədiyini bildirmiş, ipotekaya qoyulmuş əmlaka ödəniş yönəldiyi təqdirdə onu heç bir məhkəmş qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən, qeyd-şərtsiz tərk edəcəyinə dair öhdəlik götürmüşdür. İş materiallarından müəyyən olunur ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2018-ci il tarixdə ipotekaqoyana göndərilmiş, qeydə alınması haqqında ərizə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nə təqdim olunmuş və qeydiyyata alınmışdır. Bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2018-ci il tarixə Cavabdeh3 xx.xx.2015-ci il tarixli, 160/02/326/15 saylı kredit müqaviləsi üzrə banka olan borcu 96311,10 ABŞ dolları əsas borc, 52062,43 ABŞ dolları faiz borcu, 10996,29 ABŞ dolları məbləğində cərimə, 7666,74 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış məbləğ olmaqla, cəmi 167036,56 ABŞ dolları təşkil edir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə QSC “Bank Standard” KB ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 160/02/326/15saylı kredit müqaviləsi üzrə borcunun məbləğinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. xx.xx.2019-cu il tarixli, 14447 saylı ekspert rəyinə əsasən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2015-ci il tarixli, 160/02/326/15 saylı kredit müqaviləsi şətləri əsas götürülməklə Cavabdeh3 xx.xx.2018-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) banka olan borcu 130.137,98 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 97.546,58 ABŞ dolları, faiz borcu üzrə 24.923,15 ABŞ dolları, 5%-lə (cərimə) 7.668,25 ABŞ dolları. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə ipoteka predmeti olan Masallı rayonu, Seybətin yaşayış massivində mülkiyyətində olan 0.28 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədi ilə qiymətləndirilməsi “xxxxxxxxxxxxxxx” MMC-yə həvalə edilmişdir. “xxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 0832/19/BS saylı hesabatına əsasən ipoteka predmeti olan Masallı rayonu, Seybətin yaşayış massivində mülkiyyətində olan 0.28 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 254,6 m2 ümumi, 50,4 m2 yaşayış, 204,2 m2 yardımçı sahədən ibarət fərdi yaşayış evi 70000 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-ci maddəsinə uyğun olaraq əgər öhdəlik onun icrası gününü və ya icra edilməli vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə görə zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.4-cü maddəsinə görə isə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”, kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə Mülki Məcəllənin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə əlavə hüququ yaranır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi xx xxxxxx 2019-cu il tarixli 2(011)-2254/2019 saylı qərardadla iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Həmin qərardada əsasən, 14447 saylı, xx.xx.2019-cu il tarixli ekspert rəyi verilmişdir. Həmin ekspert rəyinə əsasən, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2015-ci il tarixli, 160/02/326/15 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh3 xx.xx.2018-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) banka olan faiz borcu 24.923,15 ABŞ dolları, 5%-lə (cərimə) 7.668,25 ABŞ dolları müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya iddiaçının birinci instansiya məhkəməsinin yalnız ekspertiza rəyinə əsaslanmasının qanunvericiliyə zidd olmasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, qeyd olunan ekspert rəyinin əsassızlığına dair hər hansı sübut məhkəməyə təqdim olunmadığından və iddiaçı ekspert rəyinin əsassızlığını təsdiq edən hər hansı sübut təqdim etmədiyindən birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd olunan hissədə ləğvinə səbəb ola bilməz. Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 97.1-ci maddəsinə görə, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Kollegiya iddiaçının əlavə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi tələbinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan ekspert rəyində hər hansı natamamlıq və ya qeyri-dəqiqlik aşkar olunmadığından və bu barədə birinci instansiya məhkəməsinə tərəflərin vəsatəti daxil olmadığından əsaslı hesab edilə bilməz. Kollegiya borcun vaxtında ödənilməməsinə görə dəbbə pulunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbləri baxımından 996.29 ABŞ dolları məbləğində müəyyən etməsinə dair mövqeyini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı tərəfin apellyasiya şikyəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2254/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: imza Hakimlər: imzalar Əsli ilə düzdür Sədrlik edən hakim: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar