Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3593/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07dekabr 2021-ci il tarixli, 2(005)-2671/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə, eləcə də onunla Cavabdeh1 MMC arasında şifahi formada bağlanmış müqavilə şərtlərinə əməl edilməklə ona Nərimanov rayonu Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yerləşən 0,45 ha torpaq sahəsində Cavabdeh2 MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli, çoxmənzilli yaşayış binasından ümumi sahəsi 58 kv.m olan mənzilin verilməsi öhdəliyinin, 2020-ci ilin may ayından günü bugünədək hər ay 300 manat kirayə haqqı olmaqla, cəmi 4500 manat pul cavabdehlərdən alınıb ona ödənilməsi öhdəliyinin Cavabdeh2 MMC-nin üzərinə qoyulması, həmçinin cavabdehlərin ona qarşı hərəkətlərinin pis rəftara məruz qalmaq, mülkiyyət və mənzil hüquqlarının pozulması hesab edilməklə, cavabdehlərdən onun xeyrinə 10000 (on min) mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 53 ünvanda yerləşən 8 saylı mənzili paylı mülkiyyət hüququ əsasında - İddiaçı 1 otaq (15,0 kv.m), dəhliz, 8,0 kv.m, mətbəx 3,0 kv.m və 1.5 kv.m sanitar qovşağı); X4 - 1 otaq; X2 - 1 otaq (15,0 kv.m), dəhliz 8,0 kv.m, mətbəx 3,0 kv.m və 1.5 kv.m sanitar qovşağı) məxsus olmaqla, Daşınmaz əmlak üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində 723 nömrəli reyestr kitabının 67800 nömrəli vərəqində qeydiyyata alınmışdır. 15 oktyabr 2016-cı il tarixdə onunla Cavabdeh1 MMC arasında T42 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin predmeti ondan ibarət olmuşdur ki, Cavabdeh1 MMC ünvan 1 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binadamülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı, 29.9 kv.m mənzilin Dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-25% əlavə etməklə tam təmirli 1 otaqlı, 38 kv.m mənzili mülkiyyətçini mülkiyyətinə verməyi öhdəsinə götürür. Eləcə də, həmin müqaviləni İİ bəndinin 2.1.2-ci hissəsinə əsasən “Mülkiyyətçi”nin yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 1 otaqlı mənzil üçün aylıq 300 manat kirayə almaq hüququ vardır. Bundan əlavə, həmin müqavilənin İİ bəndinin 2.2.4-cü hissəsinə əsasən Yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “Mülkiyyətçiyə mənzili təmir edib təhvil vermək MMC-nin vəzifəsi olaraq müəyyən edilmişdir. İlk olaraq, iddiaçı mülkiyyətində olan mənzilə dair müqaviləni Cavabdeh1 MMC ilə bağlamış olsa da, hazırda Bakı şəhər Nərimanov Rayon İHB-nın xx.xx.2017ci il tarixli, 181 saylı Sərancamını əldə etdikdən sonra ona məlum olmuşdur ki, Cavabdeh2 MMC xx.xx.2017-ci il tarixli, 03 nömrəli məktubla Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edərək, Nərimanov RİH başçısının xx.xx.2016-cı il tarixli, 65 nömrəli Sərancamım dəyişdirilərək “RNQ GROUP" MMC-nin adına keçirilməsini xahiş etmişdir. Bu Sərancamda “Araz-2011 A" MMC-yə rayonun Qarabağ və Tələt Şıxəliyev- küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının, orada yaşaysakinlərin hər ay kirayə haqqı ödənilməklə, kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərtilə, sökülməsini və həmin binaların yerində yeni hüdürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikinti işlərinin aparılması üçün layihələndirilmə işlərinin aparılmasına icazə verilmişdir. Sərancamın “RNQ GROUP" MMC-nın adına sənədləşdirilməsi üçün “Araz-2011 A" MMC-nin xx.xx.2017-ci il tarixli, 78 nömrəli məktubu ilə öz razılığını bildirmişdir. X8 RİH başçısının xx.xx.2016-cı il tarixli, 65 nömrəli Sərancamı qüvvəsindən düşmüş hesab edilmiş, rayonun Qarabağ və Tələt Şıxəliyev - küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə, rayonun Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində 0.45 ha torpaq sahəsi “RNQ GROUP" MMC-nin daimi istifadəsinə verilmişdir. Göründüyü kimi, Nərimanov rayonunun Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının, orada yaşayan sakinlərin hər ay kirayə haqqı ödənilməklə, kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərtilə, sökülməsini və həmin binaların yerində yeni hüdürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikinti işlərinin aparılması üçün layihələndirilmə işlərinin aparılması Nərimanov RİH başçısının xx.xx.2016-cı il tarixli, 65 nömrəli Sərancamına əsasən "xxxx" MMC-yə həvalə edilmişdir. Buna uyğun olaraq, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 53 ünvanında yerləşən 8 saylı mənzilin mülkiyyətçisi olaraq onunla “Araz-2011 A" MMC arasında xx.xx.2016-cı il tarixli müqavilə bağlanmış və həmin müqavilənin şərtlərinə görə MMC mülkiyyət hüququ əsasında ona məxsus olmuş 1 otaqlı, 29.9 kv.m mənzilin Dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-25 % əlavə etməklə tam təmirli 1 otaqlı, 38 kv.m mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürməklə yanaşı, MMC ilə aralarında olan şifahi razılaşmaya əsasən MMC ona əlavə olaraq 20 kv.m artıq olmaqla təmirli mənzil verməyi öhdəsinə götürmüşdür. Lakin, hazırda onlara məxsus həmin binanın yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikinti işlərinin aparılması üçün layihələndirilmə işlərinin aparılması Bakı Şəhər Nərimanov Rayon İHB-nın xx.xx.2017-cı ıl tarixli, 181 saylı Sərancamına əsasən Cavabdeh2 MMC-yə həvalə edildikdən sonra, hazırda “RNQ GROUP" MMC-yə müraciət edərək, onunla “Araz-2011A" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin şərtlərinə əməl edilməsi tələb olunsa da, “RNQ GROUP" MMC-nin rəhbərləri iddiaçıya yalnız 15 oktyabr 2016-cı il tarixli müqavilədə müəyyən edilmiş, yəni 1 otaqdan ibarət 38 kv.m, özüdə təmirsiz vəziyyət olan mənzillə təmin edəcəklərini bildirirlər. O, isə buna etiraz edərək və “Araz-2011A" MMC-nin rəhbərləri ilə aralarında həm yazılı, eləcə də şifahi formada olan razılaşmanın yerinə yetirilməsini tələb etsə də, “RNQ GROUP" MMC-nin rəhbərləri, onunla “Araz- 2011 A" MMC arasında bağlanmış həm yazılı müqavilənin, eləcə də şifahi razılaşmaların onlara heç bır aidiyyətlərinin olmadığını bildirmişlər. Halbuki, həmin ərazidə tikilmiş bina sakinləri ilə də eyni formada müqavilə bağlanmış olsa da, müqavilədə nəzərdə tutulduğundan artıq, yəni müqavilədə nəzərdə tutulduğundan əlavə olaraq 20 kv.m mənzil təhvil verilmələrinə dair şifahi razılığı yerinə yetirmişlər. Bundan əlavə müqavilə şərtlərinə uyğun olaraq mənzil onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədi ilə 1 otaqlı mənzil üçün aylıq 300manat kirayə almaq hüququları vardır. Lakin cavabdehlər müqavilənin bu şərtlərini də pozaraq 2020-ci ilin may ayından günü bugünədək həmin 300 manat kirayə pulunu ona verməkdən imtina etmişlər. Odur ki, 2020-ci ilin may ayından günü bügunə kimi hər ay 300 manat kirayə haqqı olmaqla, cəmi 4500 manat cavabdehlərdən alınıb ona ödənilməlidir. Bundan başqa, qanunsuzluq və özbaşınalıq edən Cavabdeh2 MMC tərəfindən onlara dəfələrlə psixoloji təzyiqlər olmuş, nəticədə ağır iztirab və sarsıntı keçirməyi ilə nəticələnmişdir. Bütün bunların nəticəsində mənəvi zərərə, təzyiqlərə, sarsıntılara məruz qalmışdır, bununla da, iddiaçıya 10.000 (on min) manat məbləğində mənəvi ziyan dəymişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(005)-2671/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə şərtlərinə əsasən Nərimanov rayonu Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yerləşən 0,45 ha torpaq sahəsində Cavabdeh2 MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli, çoxmənzilli yaşayış binasından ümumi sahəsi 38 kv.m olan mənzilin verilməsi öhdəliyinin Cavabdeh2 MMC-nin üzərinə qoyulması, 2020-ci ilin may ayından günü 31 mart 2021-ci il tarixədək (iddia ərizəsi verildiyi tarixədək) hər ay 300 manat kirayə haqqı olmaqla, cəmi 3300 (üç min üç yüz) manat pulun Cavabdeh2 MMC-dən alınıb İddiaçı verilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 MMC-yə qarşı müqavilə öhdəliyinin yerinə yetirilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunmuşdur ki, onlar arasında 38 kv.m mənzilin verilməsi barədə yazılı müqavilə olsa da, əlavə 20 kv.m mənzilin verilməsi barədə şifahi razılaşma olub. Hazırki iddia tələbi üzrə işə baxılarkən iddiaçı digər mülkiyyətçilərin şahid qismində dindirilməsini xahiş etsə də, məhkəmə həmin şahidləri dindirməmiş və öz xidməti vəzifəsinə uyğun olaraq bu halın olub-olmamasını aydınlaşdırmağa belə təşəbbüs göstərməmişdir. Odur ki, hazırki işə apelyasiya qaydasında baxılarkən iddiaçı halların araşdırılmasını və digər mülkiyyətçilərin şahid qismində dindirilməsini xahiş edir. Bundan əlavə, iddiaçı iddia tələbində “müqavilə bağlandığı tarixdən, yəni xx.xx.2016-cı il tarixdən mənzil ona təhvil verilənədək müddət üçün hər ay 300 manat kirayə haqqının cavabdehlərdən alınıb ona ödənilməsi öhdəliyinin Cavabdeh2 MMC-nin üzərinə qoyulması” barədə qətnamə qəbul edilməsinixahiş etsə də, məhkəmə yalnız 2020-ci ilin may ayından günü bugünədək (iddia ərizəsi verildiyi tarixədək) hər ay 300 manat kirayə haqqı olmaqla, (11x300) cəmi 3300 manatın Cavabdeh2 MMC-dən alınıb iddiaçıya ödənilməli olduğu qənaətinə gəlmişdir. İddiaçı tələbində hər hansı dəqiqləşdirmə aparmamış və qeyd etdiyi kimi, müqavilə bağlandığı, yəni xx.xx.2016-cı il tarixdən ona hər ay üçün ödənilməli olan 300 manat kirayə haqqı ödənilməmiş, eləcə də cavabdeh tərəfindən iddiaçıya mənzil təhvil verilməmişdir. Məhkəmə mənəvi zərərlə bağlı hissədə iddianı əsassız olaraq rədd etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində qeyd olunan məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(005)-2671/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında ona verilən suallara cavab olaraq bildirdi ki, Cavabdeh2 MMC tərəfindən iddiaçıya 40 kv.m olan mənzil təklif olunsa da, iddiaçı mənzili istəməmişdir. Onlarda 38 kv.m yox, 40 kv.m mənzil vardır ki, onlar həmin mənzili təklif edirlər. 2016-cı ildə binanın bünövrəsi qoyulub, mənzilin verilməsini 2018-ci ilin may ayına kimi çatdıra bilməyiblər. 2020-ci ildə mənzili götürmək iddiaçıya təklif olunub. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan: Mülkiyyətçi İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, T42 saylı müqaviləyə əsasən ünvan 2 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalardan Mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”-nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan ümumi sahəsi 29.9 kv.m və 1 otaqlı mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsi 15-25% əlavə etməklə 1 (bir) ədəd təmirli, 1 (bir) otaqlı, 38 kv.m. sahəsi olan mənzili “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi, yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə mənzili təhvil vermək şərti ilə, mənzil təhvil verildiyi gündən etibarən 1 (bir) otaqlı mənzil üçün aylıq 300 AZN (üç yüz) manat kirayə haqqı verməyi, Yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “Mülkiyyətçi”-yə mənzili təhvil verməyi, “Mülkiyyətçi” isə bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdeh1 MMC-yə təhvil verməyibu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi, Söküntüsü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəmək şərti ilə mənzildə qeydiyyatda olan və 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini Cavabdeh1 MMC-yə təhvil verilməsini təmin etməyi, mənzildə qeydiyyatda olan və 18 yaşı tamam olmuş şəxslərin bu müqaviləyə dair etirazlarının olduğu halda məsuliyyəti özü üzərinə götürməyi öhdəsinə götümüşlər; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 53, 8 nömrəli ümumi sahəsi 85,5 kv.m, yaşayış sahəsi 48.0 kv.m, yardımçı sahəsi 37.5 kv.m olan 3 otaqlı mənzili xüsusi mülkiyyət hüququ kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 723 nömrəli reyestr kitabının 67800 nömrəli vərəqində qeydiyyata alınmış, İddiaçı 1 otaq (15.0 kv.m), dəhliz 8.0 kv.m, mətbəx 3.0 kv.m və 1.5 kv.m sanitar qovşağı xx.xx.2012-ci il tarixdə, X5 1 otaq xx.xx.2012-ci il tarixdə, X3 1 otaq (y\s 15.0 kv.m), dəhliz 8.0 kv.m, mətbəx 3.0 kv.m və 1.5 kv.m sanitar qovşağı xx.xx.2012-ci il tarixdə payı ayrılmışdır. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətinheç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; “İnsan hüquqlarının və X6 haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrinivicdanla həyata keçirməyə borcludurlar. MM-nin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraqmülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqlarımüdafiə edilməlidir. MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövləttərəfindən tanınan və qorunan hüququdur. MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geritələb edə bilər; MM-nin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə,dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlərgöstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsininicrasını tələb etmək hüququ vardır. MM-nin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi vəya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. MM-nin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçünməcburi olur. MM-nin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunanformada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, buMəcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelətərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. MM-nin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkəntərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımişəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblərolmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkətetməlidir. MM-nin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinəzəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədəbiləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdənçəkinməlidirlər. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımıncaicra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və yaöhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qaydamüəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncüşəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlikhansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunumüəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. MM-nin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulanişi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 53 ünvanda yerləşən 8 saylı mənzili paylı mülkiyyət hüququ əsasında - İddiaçı 1 otaq (15,0 kv.m), dəhliz, 8,0 kv.m,mətbəx 3,0 kv.m və 1.5 kv.m sanitar qovşağı); X5 - 1 otaq; X2 - 1 otaq (15,0 kv.m), dəhliz 8,0 kv.m, mətbəx 3,0 kv.m və 1.5 kv.m sanitar qovşağı) məxsus olmaqla, Daşınmaz əmlak üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində 723 nömrəli reyestr kitabının 67800 nömrəli vərəqində qeydiyyata alınmışdır. 15 oktyabr 2016-cı il tarixdə onunla Cavabdeh1 MMC arasında T42 saylı müqavilə bağlanmış, Cavabdeh1 MMC ünvan 1 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olanbinalarda mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı, 29.9 kv.m mənzilin Dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-25% əlavə etməklə tam təmirli 1 otaqlı, 38 kv.m mənzili mülkiyyətçini mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.2-ci hissəsinə əsasən aylıq 300 manat kirayə almaq hüququ vardır. 2.2.4-cü hissəsinə əsasən 18 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “Mülkiyyətçiyə mənzili təmir edib təhvil vermək MMC-nin vəzifəsi müəyyən edilmişdir. Lakin müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirilməmişdir. İddiaçı hazırda müqavilə öhdəliklərinin yerinə yetirilməsini tələb edir. Lakin cavabdehlər verilmiş iddiaya qarşı hər hansı etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, təşkilati hüquqi formasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq tərəflər arasında bağlanmış müqavilələr öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Məhkəmə iddia tələbinin “çoxmənzilli yaşayış binasından ümumi sahəsi 58 kv.m olan mənzilin verilməsi öhdəliyinin, 2020-ci ilin may ayından günü bugünədək hər ay 300 manat kirayə haqqı olmaqla, cəmi 4500 manat pul cavabdehlərdən alınıb ona ödənilməsi” hissəsində qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, T42 saylı müqaviləyə əsasən Cavabdeh1 MMC mülkiyyətçiyə ümumi sahəsi 38 kv.m sahəsi olan mənzili “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürdüyü üçün iddia tələbi buhissədə qismən təmin edilməli, eyni zamanda 2020-ci ilin may ayından günü bu günədək (iddia ərizəsi verildiyi tarixədək) hər ay 300 manat kirayə haqqı olmaqla, (11 ay x 300 ) cəmi 3300 manat Cavabdeh2 MMC alınıb iddiaçıya ödənilməlidir. İddiaçının müqavilədə nəzərdə tutulmadığı halda cavabdehdən ümumi sahəsi 58 kv.m olan mənzilin verilməsi öhdəliyinin qoyulmasını tələb etməsi əsassızdır, iddia həmin hissədə qismən 38 kv.m. sahəsi olan mənzilin təhvil verilməsi hissəsində təmin olunmalıdır. Kollegiya qeyd edir ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədə müqavilə tərəfləri iradə ifadəsi olaraq 38 kv.m mənzilin verilməsi barədə razılığa gəlmiş, 20 kv.m mənzilin verilməsi ilə bağlı şifahi razılaşmanın olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəmə iclasında binada 38 kv.m mənzil olmadığını, 40 kv.m mənzil verməyə razı olduqlarını bildirdiyi üçün, kollegiya hesab edir ki, qətnamə mənzilin sahəsi ilə bağlı hissədə dəyişdirilməli, mənzilin sahəsi 40 kv.m müəyyən olunmalıdır. Kollegiya apellyatorun kirayə haqqının 2016-cı ildən ona ödənilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, iddiaçının belə tələbi olmamış, məhkəmə MPM-nin 218.3-cü maddəsinə əsasən verilmiş tələb daxilində işə baxaraq, 2020-ci ilin may ayından günü bu günədək (iddia ərizəsi verildiyi tarixədək) hər ay 300 manat kirayə haqqı olmaqla, (11 ay x 300 ) cəmi 3300 manat kirayə haqqının tutulması hissəsində düzgün nəticəyə gəlmişdir. Kollegiya mənəvi zərərlə bağlı hissədə məhkəmənin iddianı təmin etməməsi ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, mənəvi zərərlə bağlı hissədə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. Kollegiya iddia tələbinin cavabdehdən mənəvi zərərin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bununla yanaşı, kollegiya qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Kollegiya, iddiaçının mənəvi zərərin ödənilməsi tələbinə bu baxımdan yanaşaraq hesab edir ki, iddiaçıya müqavilədə göstərilən müddətdə mənzilin verilməməsi, nəticədə onun kirayələrdə yaşaması faktları özü-özlüyündə iddiaçının psixoloji sarsıntı və iztirab keçirməsi və buna müvafiq olaraq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. Məhkəmədə cavabdehin nümayəndəsi qeyd etmişdir ki, 2016-cı ildə binanın bünövrəsi qoyulub, mənzilin verilməsini 2018-ci ilin may ayına kimi çatdıra bilməyiblər. 2020-ci ildə mənzili götürmək iddiaçıya təklif olunub. Kollegiya, mənəvi zərərin hansı miqdarda tutulması ilə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.” Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə” dair 31 may 2002-ci il tarixli Qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Kollegiya mənzilin vaxtında verilməməsinə görə iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıları, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb, hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pul tutulması ədalətli və məqsədə müvafiqdir. Buna görə də, qətnamə iddianın mənəvi zərərlə bağlı təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(005)- 2671/2021 saylı qətnaməsi mənzilin sahəsi ilə bağlı hissədə dəyişdirilsin, mənzilin sahəsi 40 kv.m müəyyən olunsun. Qətnamə iddianın mənəvi zərərlə bağlı təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia mənəvi zərərlə bağlı hissədə qismən təmin edilsin. Cavabdeh2 MMC-dən İddiaçı xeyrinə 1000 (min) manat mənəvi zərər tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-3593/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3593/2022
29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver