Məhkəmə qərarları › İş №2(103)-361/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-361/2022

26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-361/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinov və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(007)-254/2021 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə mürаciət еdərək, Cavabdeh2 MMC-dən 200 000 (iki yüz min) manat əsas, 32 375.98 (otuz iki min üç yüz yetmiş beş manat 98 qəpik) manat müddət sonuna hesablansan faiz, 305.56 (üç yüz beş manat 56 qəpik) manat kredit müqaviləsinin müddət bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun plaraq) hesablanmış məbləğ olmaqla, cəmi 232 681.54 (iki yüz otuz iki min altı yüz səksən bir manat 54 qəpik) manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 mülkiyyətində olan ünvan 1-də yerləşən 113 kv.m yaşayış sahədən ibarət 7 otaqlı 63/64/65/67 nömrəli mənzillərə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh2 MMC-nin borcunun tam ödənilməsinə kifayət etmediyi halda qalan borc məbləğinin Cavabdeh2 MMC- dən tutularaq Ləğv prosesində olan İddiaçı ASC -nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) ilə Cavabdeh2 MMC (bundan sonra “Cavabdeh”) arasında bağlanmış 19.08.2014-cu il tarixli, 299/14 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətinə, illik 6% (altı faiz) ödənilmək şərtilə, 200.000 (iki yüz min) manat məbləğində kredit vəsaiti verilmişdi. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 ilə həmin tarixdə 229/14/1 saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Səbail nyonu, Zərilə Əliyeva küçəsi, ev 21-də yerləşən 113 kv.m yaşayış sahədən ibarət 7 otaqlı 63/64/65/67 nömrəli mənzillər ‘‘Zaminbank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin buna baxmayaraq Cavabdeh2 MMC həmin redit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəməlidir. Hazırda cavabdehlərin Banka ödənilməmiş 200 000 manat əsas, 32 375.98 (otuz iki min üç yüz yetmiş beş manat 98 qəpik) manat müddət sonuna hesablanan 305.56 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublkası MM-in 445.7-c maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 232 681.54 manat borcu mövcuddur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(0077)-254/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh2 MMC-dən 19 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 200 000 (iki yüz min) manat əsas, 32 375.98 (otuz iki min üç yüz yetmiş beş manat 98 qəpik) manat müddət sonuna hesablansan faiz, 305.56 (üç yüz beş manat 56 qəpik) manat kredit müqaviləsinin müddət bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 232 681.54 (iki yüz otuz iki min altı yüz səksən bir manat 54 qəpik) manat və 30 manat ödənilmiş dövlət rüsümunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan ünvan 1-də yerləşən 113 kv.m yaşayış sahədən ibarət 7 otaqlı 63/64/65/67 nömrəli mənzillərə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 600 000 (altı yüz min) manat müəyyən edilməsi və həmin mənzilin açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə edilən məbləğ qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutulma ipoteka predmetinə yönəldildikdə və o satıldıqdan 1 ay sonra ünvan 1-də yerləşən 113 kv.m yaşayış sahədən ibarət 7 otaqlı 63/64/65/67 nömrəli mənzil boşaldaraq, Banka təhvil verilməsi, əmlakın qiymətləndirilməsi ilə bağlı 400 manat xərc məbləği Cavabdeh2 MMCdən tutularaq "xxxx" MMC-yə (Hesablaşma hesabı: “AccessBank” Həzi Aslanov filialı, filialın kodu: 511038, VÖEN: ********** H\H AZ88ACAB********************, SWİFT: ACABAZ22, müxbir hesab AZ10NABZ********************) ödənilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-254/2021 saylı iş üzrə 05 aprel 2021-ci il tarixli qətnaməsinin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsini, bankın iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddialarını təmin edərək əmlakın ilkin satış qiymətini müəyyən edən zaman əmlakların real bazar qiymətini nəzərə almamışdır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən əmlakların qiymətini qiymətləndirilməyə dair hesabata əsasən 600000 manat müəyyən etmişdir, lakin hazırda bu məbləğ əmlakın real qiymətini əks etdirmir. Belə ki, “İpoteka Haqqında” Qanunda qeyd olunub ki, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Hesab edirlər ki, əmlakın satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında və ya müstəqil qiymətləndirici tərəfindən müəyyən edilməlidir. Bu səbəbdən ipoteka predmetinin indiki vəziyyətinin qiyməti hakim tərəfindən qəbul edilmiş qətnamədə göstərilən məbləğdən aşağı olduğunu hesab edirlər. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Azərbaycan Respublikası Mülki Məcəlləsi və Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqları pozulmuşdur. Qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir, bu səbəbdən qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh2 MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-254/2021 saylı iş üzrə 05 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Nizamı rayon məhkəməsi 2(007)-254/2021 saylı mülki iş üzrə 05 aprel 2021-ci ıl tarixli qətnaməsi ilə mübahisə ilə əlaqəsi olmayan bəzi müddəaları özündə əks etdirməklə düzgün olmayan nəticə əldə edilməsinə səbəb olaraq ciddi qanun pozulması hallarına yol vermiş, ədalətli məhkəmə araşdırması hüququnu pozmuş məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamışdır. Məhkəmə bir sıra qanuni müddəalara toxunsa da prosessual tərəf olan cavabdehlərin AR MPM-nin müvafiq maddələrində nəzərdə tutulan hüquqlardan istifadə etməsini və məhkəmə iclasında iştirakını məhdudlaşdırmış cavabdehlərə məhkəmə iclasının bildirişinin çatıb-çatmamasını araşdırmamış. AR MPM-nın 185.5-cı maddəsini əsas götürərək iş üzrə əsas tərəf olan cavabdehərın iştirakı olmadan iclas keçirərək konstitusion hüquqların pozulması ilə nəticələnən qərarını qəbul etmişdir ki, bu da qanunla yolverilməzdir. Bunun da nəticəsi olaraq Əsas Qanun olan Konstitusiyada və eləcə də AR MPM-nin müvafiq müddəalarında nəzərdə tutulan hüquqlar birinci instansiya məhkəməsi tərəfindən kobud şəkildə pozulmuşdur. Birinci instansiya zamanı mübahisə predimeti olan kredit müqaviləsi ilə bağlı yaranan hüquqi əsasın mahiyyəti ondan ibarətdir ki, bu müqavilənin əsasında iddiaçının niyyəti müqavilə üzrə öhdəliklər üzrlü səbəblərdən olsa belə gecikmələrlə icra edildikdə təminat olaraq rəsmiləşdirilmiş daşınmaz əmlakı ələ keçirilmək olmuşdur ki, işi qeyriobyektiv araşdıran birinci instansiya məhkəməsi cavabdeh tərəfin iştirakını təmin etmədiyi üçün əsl niyyəti araşdıraraq ədalətli qərar qəbul etməmişdir. Mübahisə predimeti olan 299/14 saylı, 19.08.2014-cü il tarixli kredit müqaviləsi 2014-cü il tarixdə bağlanılmış və verilmiş kredit borcundan müəyyən ödənişlər ödənilmişdir. Sonradan MMC-nin fəaliyyətində sıxıntılar yarandığından kreditin ödənilməsində gecikmə halları baş vermişdir. 2020-ci ilin fevral ayından etibarən qlobal problemə çevrilən pandemioloji vəziyyət digər sahələrə mənfi təsir etdiyi kimi "xxxx" MMC-nin də fəaliyyətinə mənfi təsir etmiş və qalıq kredit məbləğinin ödənilməsində çətinliklər yaranmışdır. Birinci instansiya məhkəməsi ədalətli qərar qəbul etmək əvəzinə yalnız iddiaçının oz möhürü ilə təsdiqlənmiş sənəd əsasında qərar qəbul etmişdir. İddiaçının tələb etdiyi borcun konkret nə qədər əsas və faiz borcdan ibarət olması tələb edilən borcun hansı dövrdən hansı dövrədək olması, ödənilən ödənişlərin nə qədər vəsait təşkil etməsi, faktiki dövrədək borc hesablanmalı olduğu halda borcun əhatə dövrünün iddia verildikdən sonrakı dövrə də şamil edilməsi və s. halların dəqiq müəyyənləşdirilməsi üçün xüsusi biliyə malik olan ekspert hesablamalar əsasında rəy verməli idi. Təəssüflər olsun ki, birinci instansiya məhkəməsi tələb edilən borcun məbləğinin dəqiqləşdirilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası keçirilməsini təyin etmək əvəzinə iddiaçının təqdim etdiyi sənəd əsasında qərar qəbul etmişdir. Həmçinin, birinci instansiya məhkəməsi kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş əmlakın real bazar qiymətinin müəyyənləşdirilməsi üçun əmtəəşunaslıq ekspertizası keçirilməsini təmin etmədən hansısa MMC-nin rəyi əsasında öz qərarını elan etmişdir. İpoteka ilə yüklü edilən əmlaklın real bazar qiyməti qətnamədə göstərilən məbləğlərdən tamamilə fərqlənir. Belə ki, təkcə onu bildirmək kifayətdir ki, qətnamədə ilkin satış qiyməti 600.000 manat qiymətində göstərilən ünvan 1 ünvanında yerləşən 113 m2 yaşayış sahəsindən ibarət 7 otaqlı mənzillərin (tam təmirli və evro şəraitli, müasir avropa standartlarına uyğun mənzillər) real bazar qiyməti ən pis halda 1.200.000 manat təşkil edir. Təəssüflər olsun ki, işə baxılmasında maraqlı olan iddiaçı və birinci instansiya məhkəməsi bu halları ört-basdır etmək üçün əmtəəşünaslıq və mühasibatlıq ekspertizalarının keçirilməsi məsələsindən yan keçmişlər. Apellyasiya instansiya məhkəməsi işə apellyasiya qaydasında baxarkən qəbul ediləcək qərarın obyektivliyini təmin etmək üçün kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakların, həmçinin, kredit müqaviləsi üzrə yaranmış borcun, eləcə də edilmiş ödənişlərinin dəqiq məbləğinin müəyyənləşdirilməsi üçün öz təşəbbüsü və EKOKAT” MMC-nin haqqlı tələbi ilə məhkəmə əmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizaları keçirəcəyinə ümid etdiklrini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək apellyasiya ikayətinin təmin olunmasını, cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəllillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə borc məbləği və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 19 avqust 2014-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, "Bank” tərəfindən “borcalan”a 60 ay müddətinə, illik 6 faiz olmaqla, 200 000 manat məbləğində pul ayrılmışdır. Cavabdeh2 MMC həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; İş materiallarında olan İddiaçı ASC ilə borcalan Cavabdeh2 MMC və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış 20 avqust 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan özünə məxsus olan ünvan 1-də yerləşən 113 kv.m yaşayış sahədən ibarət 7 otaqlı 63/64/65/67 nömrəli mənzilləri (ipotka predmetinin bazar dəyəri 280 000 manat məbləğində qiymətləndirilməklə) kredit müqaviləsi üzrə Cavabdeh2 MMCnin yaranmış öhdəliyinin təminatı kimi ipoteka qoymuşdur; İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1-də yerləşən 113 kv.m yaşayış sahədən ibarət 7 otaqlı 63/64/65/67 nömrəli mənzilləri İddiaçı ASC-nin xeyrinə yüklü edilərək 27 avqust 2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 24 sentyabr 2019-cu il tarixli malaiyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin İddiaçı ASC-yə 19 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 200 000 manat əsas borc, 32 375.98 manat faiz borcu, 305.56 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla ümumilikdə 232 681.54 manat borc vardır. İş materiallarında olan 20.05.2020-ci il tarixli qəbzin surətindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; İş materiallarında olan Məhkəmənin qərardadına əsasən "xxxx" MMC tərəfindən ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi aparılmış, 26 yanvar 2021-ci il tarixli rəylə müəyyən edilmişdir ki, ünvan 1-də yerləşən 63/64/65/67 nömrəli mənzillərə hazırkı bazar qiyməti 600 000 manat təşkil edir; İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 sentyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı 23 dekabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş 10 dekabr 2021-ci il tarixli 9/8594 saylı Ekspertiza Rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 19 avqust 2014-cü il tarixli, 299/14 saylı kredit müaviləsində qeyd olunan şərtlər və Kostitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən Cavabdeh2 MMC-nin İddiaçı ASC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir: 19 avqust 2019-cu il tarixə (müqavilə müddətinin sonuna) 233.131,41 AZN: əsas borc üzrə 199.966,67 AZN, faiz borcu üzrə 33.164,74 AZN. 30 avqust 2019-cu il tarixə (maliyyə arayışında qeyd olunan tarixə) 233.436,91 AZN: əsas borc üzrə 199.966,67 AZN, faiz borcu üzrə 33.164,74 AZN, faiz borcu (illik 5%-lə hesablanmaqla)-305,50 AZN. Həmçinin hesabdan çıxarış məlumatlarından göründüyü kimi, 18.02.2021-ci il tarixdə 10.000,00 AZN məbləğində ödəniş edilmişdir. 10.000,00 AZN məbləğində ödəniş nəzərə alındığı təqdirdə 223.436,91 AZN (233.436,91 – 10.000,00) məbləğində borcu qalacaqdır, o cümlədən: əsas borc üzrə 190.966,67 AZN, faiz borcu üzrə 32.164,74 AZN, faiz borcu (illik 5 %-lə hesablanmaqla) 305,50 AZN. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 sentyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş qiymətləndirmə ekspertizası ilə bağlı "xxxx" MMC-nin 22 dekabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş 21 dekabr 2021-ci il tarixli, UNİ/N 63-1146/21 saylı Qiymətləndirmə Rəyindən görünür ki, qiymətləndirici qarşısında qoyulmuş sualların həlli ilə bağlı aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən 21 saylı binanın 210 kv.m ümumi, 113 kv.m yaşayış sahəsindən ibarət 7 otaqlı 63/64/65/67 saylı mənzilin 21 dekabr 2021-ci il tarixinə bazar dəyəri 779.600,0 (yeddi yüz yetmiş doqquz min altı yüz) manat, likvid dəyəri 701.600,0 (yeddi yüz bir min altı yüz) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh2 MMC İddiaçı ASC ilə bağladığı 19 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh2 MMC öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin və ona dair razılaşmanın ləğv edilməsi əsasları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır; 47.4-cü maddəsinə əsasən ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Cavabdeh2 MMC-nin apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(0077)-254/2021 nömrəli qətnaməsi borc məbləği hissəsində dəyişdirilməlidir.Belə ki, qeyd edildiyi kimi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 sentyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı 23 dekabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş 10 dekabr 2021-ci il tarixli 9/8594 saylı Ekspertiza Rəyindən görünür ki, birinci instansiya məhkəməsinin hazırda mübahisələndirilən Qətnaməsi qəbul edilməzdən əvvəl, yəni 18.02.2021-ci il tarixdə Cavabdeh2 MMC-nin İddiaçı ASC-nə olan borcundan 10.000,00 AZN məbləğində ödəniş edilmişdir. 10.000,00 AZN məbləğində ödəniş nəzərə alındığı təqdirdə Cavabdeh2 MMC-nin 223.436,91 AZN (233.436,91 – 10.000,00) məbləğində borcu qalacaqdır, o cümlədən: əsas borc üzrə 190.966,67 AZN, faiz borcu üzrə 32.164,74 AZN, faiz borcu (illik 5 %-lə hesablanmaqla) 305,50 AZN. Həmçinin, Kollegiya qeyd edir ki, Cavabdeh2 MMC-nin apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(0077)-254/2021 nömrəli qətnaməsi ipoteka predmeti olan ünvan 1-də yerləşən 113 kv.m yaşayış sahədən ibarət 7 otaqlı 63/64/65/67 nömrəli mənzillərin hərracda ilkin satış qiyməti qiymətləndiricinin rəyinə uyğun olaraq 701.600,0 (yeddi yüz bir min altı yüz) manat məbləğində müəyyən edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 sentyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş qiymətləndirmə ekspertizası ilə bağlı "xxxx" MMC-nin 22 dekabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş 21 dekabr 2021-ci il tarixli, UNİ/N 63-1146/21 saylı Qiymətləndirmə Rəyindən görünür ki, qiymətləndirici qarşısında qoyulmuş sualların həlli ilə bağlı aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən 21 saylı binanın 210 kv.m ümumi, 113 kv.m yaşayış sahəsindən ibarət 7 otaqlı 63/64/65/67 saylı mənzilin 21 dekabr 2021-ci il tarixinə bazar dəyəri 779.600,0 (yeddi yüz yetmiş doqquz min altı yüz) manat, likvid dəyəri 701.600,0 (yeddi yüz bir min altı yüz) manat təşkil edir. Kollegiya qeyd edilən likvid dəyəri ilə razılaşarkən ipoteka predmeti olan mənzilin yerləşdiyi ərazinin xüsusiyyətlərini (Piyada getmək baxımından (1 km.-dən aşağı) “Sahil metrostansiyasının, Fəvvarələr Meydanının, Malakan bağının yaxınlığında), mənzilin yerləşdiyi binanın Arxitektur layihəsini, Fasad örtüyünü, həmçinin, mənzilin özünün təmirli olması və.sair baxımından xüsusiyyətlərini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehdən müqavilə müddətinin bitdiyi tarixindən illik 5 faizlə hesablanmış əldən çıxmış fayda tələbi əsaslıdır və iddia həmin hissədə də təmin edilməldir. Odur ki, Kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(007)-254/2021 nömrəli qətnaməsi borc məbləği və ipoteka predmetinin ilkin satış qiymətinin məbləği hissəsində dəyişdirilməli, borc məbləği 223, 436, 91 manat müəyyən edilməli, ünvan 1-də yerləşən 113 kv.m yaşayış sahədən ibarət 7 otaqlı 63/64/65/67 nömrəli mənzillərin ilkin satış qiyməti likvid qiymət olaraq 701.600,0 (yeddi yüz bir min altı yüz) manat müəyyən olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada alınaraq AZ. MEM, VÖEN ********** AZ41NABZ******************** X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ34CTRE******************** SWİFT BİK CTREAZ22. Büdcə təsnifatının kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3 hesaba keçirilməlidir. Həmçinin, apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada alınaraq "xxxx" MMC, VÖEN **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(007)-254/2021 nömrəli qətnaməsi tutulması qət olunan borcun məbləği və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilsin. Borc məbləği 232.681, 54 (iki yüz otuz iki min altı yüz səksən bir manat 54 qəpik) manat əvəzinə 223,436,91 (iki yüz iyirmi üç min dörd yüz otuz altı manat 91 qəpik) manat (o cümlədən: o cümlədən: əsas borc üzrə 190.966,67 AZN, faiz borcu üzrə 32.164,74 AZN, faiz borcu (illik 5 %-lə hesablanmaqla) 305,50 AZN. ) müəyyən olunsun. İpoteka predmeti olan ünvan 1-də yerləşən 113 kv.m yaşayış sahədən ibarət 7 otaqlı 63/64/65/67 nömrəli mənzillərin ilkin satış qiyməti likvid qiymət olaraq 701.600,0 (yeddi yüz bir min altı yüz) manat müəyyən olunsun. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada alınaraq AZ. MEM, VÖEN ********** AZ41NABZ******************** X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ34CTRE******************** SWİFT BİK CTREAZ22. Büdcə təsnifatının kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3 hesaba keçirilsin. Həmçinin, apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada alınaraq "xxxx" MMC, VÖEN **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX hesaba keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar