Məhkəmə qərarları › İş №2(103)-3616/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3616/2022

20.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3616/2022 20.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MMC-nin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 870/2022 saylı, 24.02.2022-ci il qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin onun barəsində qəbul etdiyi 30.12.2020-ci il tarixli, **********1 nömrəli əmrinin etibarsız hesab edilməsi və onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Reabilitasiya Mərkəzində sosial agent vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxma dövrü üçün əmək haqqının və mənəvi ziyana görə 2000 manat ödənilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01.08.2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xüsusi qayğıya ehtiyacı olan uşaqların X3 təlimatçı vəzifəsində işləmişdir. 07.12.2019-cu il tarixdə Əlilliyi olan şəxslər Pansionatında fəhlə yardımçısı vəzifəsinə keçirilmişdir. 07.12.2020-ci il tarixdə ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Reabilitasiya Mərkəzində sosial agent vəzifəsinə təhkim edilmişdir. COVİD-19 pandemiyası ilə əlaqədar Mərkəzdə xəstələrin qəbulu olmadığından Mərkəzin baş həkimi ona bildirmişdir ki, fəaliyyətləri bərpa olunandan sonra ona nə vaxt işə çıxmalı olduğunu bildirəcəkdir. Müəyyən müddət sonra isə, ona məlum olmuşdur ki, onu heç bir əsas olmadan qanunsuz olaraq işdən azad ediblər. Ondan sonra o 19.02.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 saylı Qaynar xəttinə zəng edərək qanunsuz olaraq işdən çıxarılmasına görə şikayət etmişdir. Oradan isə, ona onu 2021-ci ilin may ayında Mərdəkan qəsəbəsində açılacaq Reabilitasiya Mərkəzində işlə təmin edəcəklərini bildirmişlər. Lakin 2021-ci ilin may ayında onu işlə təmin etməmişlər. Bununla bağlı o, ƏƏSMN yanında Əmək müfəttişliyi Xidmətinə şikayət etmiş, həmin qurumdan ona guya öz ərizəsilə işdən azad edildiyini bildirmişlər. Lakin o, işdən azad edilməsi ilə bağlı ərizə yazmamış və belə bir ərizəyə imza etməmişdir. O, dəfələrlə işdən azad edilməsinə dair əmrin surətini istəsə də əmrin surəti indiyədək ona verilməmişdir. Belə ki, onlarla əmək müqaviləsi hər dəfə 3 ay müddətinə bağlanıb və hər dəfə müddət bitdikdən sonra müddət eyni müddətə - 3 ay müddətinə uzadılıb. Belə ki, onunla Cavabdeh MMC arasında əmək müqaviləsi bağalanarkən hansı müddətə bağlanması barədə məlumatı olmamışdır. Belə ki, o 1-ci dərəcə gözdən əlil olduğundan əmək müqaviləsini oxumaq imkanı olmamış və ona əmək müqaviləsi imzaladılarkən onun məzmunu barəsində ona məlumat verilməmişdir. Yalnızca, əmək müqaviləsi imzalanarkən ona bildirmişlər ki, bu, müqavilənin növbəti müddətə uzadılmasıdır və onu imzalamaq lazımdır. Həmçinin əmək müqaviləsinin nüsxəsi belə ona verilməmişdir. Onun işdən azad edildiyini bildiyi vaxtdan sonra etdiyi şikayətdən sonra ona onunla bağlandığı bildirilən imzasız və möhürsüz 17.12.2021-ci il tarixli əmək müqaviləsinin surəti göndərilmiş, həmin müqaviləyə etirazını bildirdikdən sonra isə əvvəl ona göndərilən əmək müqaviləsindən məzmunca nisbətən fərqli olan, 07.12.2021-ci il olan imzalı və möhürlü müqavilə göndərilmişdir. Bunlardan başqa, onun şikayətləri ilə bağlı ƏƏSMN tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 31 avqust 2021-ci il tarixli, **********1 saylı cavab məktubunda onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar işdən azad edildiyini, Cavabdeh MMC-nin isə, 24 avqust 2021-ci il tarixli, **********6 saylı cavab məktubunda isə onun öz ərizəsi ilə işdən azad edildiyini bildirmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-870/2022 saylı, 24.02.2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh MMC-nin İddiaçı barədə “əmək müqaviləsinə xitam verilməsi” haqqında **********1 saylı, 30.12.2020-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı işə (Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2 Reabilitasiya Mərkəzində sosial agent vəzifəsinə) bərpa olunması, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı və 500 (beş yüz) manat mənəvi ziyanın İddiaçı xeyrinə Cavabdeh MMC tərəfindən ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Orxan Məmmədli). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-870/2022 saylı, 24.02.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müddətli əməkmüqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Əmək Məcəlləsinin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İddiaçı isə öz iradə ifadəsini ifadə edərək işdən çıxma ərizəsi ilə işlədiyi yerə müraciət etmişdir. Belə olduqda, işəgötürənin əmək münasibətlərini davam etdirməsi mümkün deyildi. Məhkəmə qətnaməni qəbul edərkən Mülki-Prosessual Məcəllənin 88-ci maddəsini düzgün tətbiq etməmişdir. Həmin maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş materiallarından aydın olur ki, iddiaçının iş yeri X6muşdur. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (“Xidmət”), Əlilliyi olan şəxslər üçün X9 (“İcraçı”) və X18 (“Mərkəz”) arasında bağlanan 03.06.2019-cu il tarixli “İşçi qüvvəsinin təmin edilməsinə dair” üçtərəfli Saziş bağlanmışdır. Haqqı ödənilən ictimai işlərə qəbul olunan işçilərlə əmək münasibətlərində tərəflərin hüquqları, məsuliyyəti, səlahiyyət və vəzifə bölgüsü həmin “Saziş”lə müəyyən edilmiş qayda və prinsiplərə əsasən tənzimlənir. “Saziş”in 3.2-ci bəndinə əsasən ictimai işlərə cəlb olunacaq işçi qüvvəsinə dair məlumatlar X18nə təqdim edilir və Mərkəz əmək müqaviləsi bağladığı işçi Qüvvəsini İcraçının tabeçiliyinə təhkim edir. Əmək müqaviləsi bağladığı işçi Qüvvəsini İcraçının tabeçiliyinə təhkim edir. İddiaçı ilə DOST İş Mərkəazri asında 07.12.2020-ci il tarixində əmək müqaviləsi bağlanılaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Reabilitasiya Mərkəzində sosial agent vəzifəsinə təhkim olunmuşdur. Qeyd edilən “Saziş”in 4.2-ci bəndinə əsasən İcraçı işçi qüvvəsini ictimai işlərə cəlb edərkən iş yerində əmək şəraitişərtlərini (əmək haqqı ödənişi istisna olmaqla) əmək qanunvericiliyi normalarına uyğun təmin edir, qanunvericiliyə uyğun olaraq işçi qüvvəsinin peşə vərdişlərini, təcrübəsini, yaşını, eləcə də iş rejimini (iş və istrahət vaxtını) və digər zəruri əmək şəraitini (əməyin təhlükəsizliyi, təlimatlandırma və sair) nəzərə alır.“Saziş”in 4.4-cü bəndinə əsasən işçi qüvvəsi Mərkəzin rəsmi işçiləri hesab olunmasına baxmayaraq, onların iş yerlərinin təşkilinə, əmək nizam intizamına və gündəlik fəaliyyətinə İcraçı qurum birbaşa cavabdehdir. Bütün işçilər İcraçının tapşırığı və onun birbaşa nəzarəti altında fəaliyyət göstərirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 30 dekabr 2020-ci il tarixli **********6 nömrəli məktubu ilə İddiaçı işdən azad olunması barədə 30 dekabr 2020-ci il tarixli ərizəsinin skan olunmuş surəti Cavabdeh MMC-yə daxil olmuşdur. İddiaçı işdən azad olunması ilə bağlı ərizəsi nəzərə alınaraq, onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” (tərəflərdən birinin təşəbbüsü əsasında) bəndinə uyğun olaraq 30.12.2020-ci il tarixində xitam verilmişdir. Məhkəmənin nəzərinə çatdırırılır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Lakin iddiaçı iddia ərizəsində də qeyd etdiyi kimi 19.02.2021ci il tarixində qanunsuz olaraq işdən çıxarılması barədə 142 “Çağrı Mərkəzi”nə müraciət etmişdir. Bundan əlavə, idddiaçının X18nə ünvanladığı müraciətlər onun hüquqlarının pozulması faktını bildiyinə dəlalət edir. Belə ki, İddiaçı 19.02.2021-ci il tarixli 142 “Çağrı Mərkəzi”nə və 21.05.2021-ci il, 26.07.2021-ci il, 30.07.2021-ci il tarixli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi müraciətlərə və 16.09.2021-ci il tarixli, 27.10.2021-ci il tarixli mediasiya prosesinin tətbiqi barədə etdiyi təkliflərə tərəfimizdən 19.03.2021-ci il tarixli **********3, 14.06.2021-ci il tarixli **********9,10.08.2021-ci il tarixli **********7, 12.10.2021-ci il tarixli **********5 və 11.11.2021-ci il tarixli **********4 nömrəli cavab məktubları onun ünvanına göndərilmişdir (qeyd olunan sənədlər Yasamal Rayon Məhkəməsinə təqdim edilmişdir). “E.S. Həkimovun şikayəti ilə əlaqədarAzərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 oktyabr 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Lakin iddiaçı hüququnun pozulduğunu bildiyi halda 2021- ci ilin dekabr ayında məhkəməyə müraciət etmiş, qanunvericiliklə nəzərdə tutulan prosessual müddəti ötürmüşdür. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən olunur ki, məhkəmə işdən çıxma ərizəsini nəzərdən keçirərək sənədin iddiaçı tərəfindən imzalanmadığı qənaətinə gəlsə də, bu nəticəyə yalnız “vizual olaraq baxdıqda” gəlmişdir. Halbuki, məhkəmə bu kimi hallarda müvafiq araşdırmanın aparılması üçün ekspertiza təyin etməli idi. Digər tərəfdən, məhkəmə iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması üçün onun iş yerinin, yəni X5 mövqeyi nəzərə alınmamışdır. Belə ki, X18, X9 və Dövlət tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında bağlanan üçtərəfli Sazişin 1-ci maddəsində qeyd edilmişdir ki, “İş yeri” dedikdə, İcraçı (X9) tərəfindən müəyyən olunan və İşçi Qüvvəsi tərəfindən İctimai İşlərin icra edilməli olduğu açıq və ya qapalı sahə və ya yer başa düşülür. Mərkəz əmək müqaviləsi bağladığı işçi qüvvəsini İcraçının tabeçiliyinə təhkim edir. İş materiallarından da aydın olur ki, iddiaçı X18nə müraciət edərək ona əvvəlki vəzifəsinə bərpa edilməsində yardımçı olunmasını xahiş etmiş, buna uyğun olaraq onunla görüş təşkil olunmuş və görüş zamanı iddiaçıya X18ndə ictimai işçi vəzifəsində çalışmaq təklif olunmuşdur. İddiaçı isə bu təklifdən imtina etmiş və sosial agent vəzifəsinə bərpa olunmaq istəyini ərizəsində qeyd etmişdir (ərizənin surəti Yasamal Rayon Məhkəməsinə təqdim edilmişdir). Birinci instansiya məhkəməsi iddiçıya 500 (beş yüz) manat məbləğində mənəvi zərərin ödənilməsini qət etmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” AzərbaycanRespublikası Alı Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarının 8-ci bəndində qeyd olunur ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Lakin zərərçəkənin hansı mənəvi sarsıntı və iztirablara məruz qalması, qət olunan məbləğin hansı formada qiymətləndirilməsi barədə əsaslandırma aparılmamışdır. Digər tərəfdən, işçi və işəgötürən arasında mənəvi zərərlə bağlı məsələlərin həllində xüsusi norma olaraq Əmək Məcəlləsinin müddəaları da nəzərə alınmalıdır. Belə ki, Əmək Məcəlləsinin 290.3-cü maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Burada işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Hazırki iş üzrə isə cavabdehin iddiaçının şərəf və ləyaqətini alçaldan, ümumilikdə, maddədə sadalanan hər hansı bir hərəkət etməsi halı müəyyən edilmədiyi üçün iddiaçıya mənəvi zərərə görə kompensasiyanın təyin edilməsi qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə gətirib çıxarır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili H.Hacıyev apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan 07.12.2020-ci il tarixli, xxxxxxx000300 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə işəgötürən Cavabdeh MMC arasında 07.12.2020-ci il tarixli müddətli əmək müqaviləsi bağlanmışdır. Müddətli əmək müqaviləsinin müddətinin bitdiyi vaxt kimi 30.12.2020-ci il tarixi qeyd olunmuşdur. İş materiallarında olan 30.12.2020-ci il tarixli, xxxxxxx0003X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə işəgötürən Cavabdeh MMC arasında bağlanmış 07.12.2020-ci il tarixli əmək müqaviləsinə 30.12.2020-ci il tarixli, **********1 nömrəli əmrlə , AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndi ilə (tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir. İş materiallarında olan Əmək müqaviləsinin surətindən görünür ki, həmin əmək müqaviləsi İddiaçı Əlinağı qızı ilə Cavabdeh MMC-nin işəgötürəni – direktor vəzifəsini icra edən X11 arasında 07.12.2020-ci il tarixdə bağlanmışdır, həmin əmək müqaviləsinin qüvvədə olma müddəti 30.12.2020-ci il tarixinədəkdir. Tərəflər həmin əmək müqaviləsini imzalamışdır. İş materiallarında olan 31 avqust 2021-ci il tarixli, **********1 nömrəli Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 X14 ünvanladığı məktubda qeyd edilmişdir ki, İddiaçı 2020-ci il 28 avqust tarixində **********0 nömrəli əmr ilə öz xahişinə əsasən Agentliyin tabeliyində olan Əlilliyi olan şəxslər üçün X10 Texniki Xidmət şöbəsində yardımçı fəhlə vəzifəsindən azad edilmişdir. Həmin ilin 07 dekabr tarixində Cavabdeh MMC vasitəsilə sosial agent olaraq işlə təmin olunmuşdur. Və əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar Əmək müqqaviləsinə xitam verilmişdir. İş materiallarında olan 19.03.2021-ci il tarixli, 14 iyun 2021-ci il tarixli, 10 avqust 2021-ci il tarixli, 12 oktyabr 2021-ci il tarixli, 11 noyabr 2021-ci il tarixli Cavabdeh MMC-nin İddiaçı ünvanladığı məktublarda qeyd edilmişdir ki, 07.12.2020-ci il tarixdə İddiaçı ilə Cavabdeh MMC arasında əmək müqaviləsi bağlanaraq, ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Reabilitasiya Mərkəzində sosial agent vəzifəsinə təhkim edilmişdir. İşdən azad olunmaqla bağlı Cavabdehnə təqdim etdiyi ərizəsi nəzərə alınaraq, onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “a” (tərəflərin birinin təşəbbüsü əsasında) bəndinə uyğun olaraq 30.12.2020- ci il tarixində xitam verilmişdir. İş materiallarında olan İddiaçı Əlinağı qızı Cavabdeh MMC-nin direktoru Firudin Cəbrayılova ünvanladığı 11.10.2021-ci il tarixli ərizəsində qeyd etmişdir ki, 30.12.2020-ci il tarixinədək Cavabdeh MMC-də əmək münasibətlərində olmuşdur. 30.12.2020-ci il tarixində ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. Lakin işdən azad olunmağı ilə bağlı ərizə onun tərəfindən yazılmamış və imzalanmamışdır. Cavabdeh MMC-yə müraciəti ilə bağlı oraya dəvət olunmuş və görüş zamanı ona Cavabdeh MMC-də ictimai işçi vəzifəsində çalışmaq təklif olunmuşdur. Lakin əmək haqqı az olduğundan həmin təklifdən imtina etmiş və sosial agent vəzifəsinə işə bərpa olumasını xahiş etmişdir. İş materiallarında olan İddiaçı Əlinağı qızı Cavabdeh MMC-nin direktoru Firudin Cəbrayılova ünvanladığı 25.10.2021-ci il tarixli ərizəsində qeyd etmişdir ki, o 2018-2019-cu illərdə qayğıya xüsusi ehtiyacı olan uşaqların reabilitasiya mərkəzində idman təlimatçısı vəzifəsində çalışmışdır. 2019-2020-ci illərdə X7 keçirilmişdir, 2020-ci il avqust ayında 1-ci qrup əlil olmasına baxmayaraq ixtisar olunmuşdur. 07.12.2020-ci il tarxiində Cavabdeh MMCdə sosial agent vəzifəsinə təyin olunmuşdur və 30.12.2020-ci il tarxidə işdən azad olunmuşdur. O, DTSREA-ya masajçı vəzifəsinə bərpa olunmasına köməklik göstərilməsini xahiş etmiş və DTSREA-da digər vəzifələrə qəbul edilməsinə etiraz etməmişdir. İş materiallarında olan 25 avqust 2017-ci il tarixli, 003154 nömrəli Əlillik vəsiqəsindən görünür ki, İddiaçı Əlinağı qızı 1-ci qrup gözdən əlildir və müddətsiz olaraq verilmişdir. İş materiallarında olan jpg formatında olan ərizənin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-nin direktoru vəzifəsini icra edən Ülvi Hüseynova ərizə ilə müraciət edərək onu müddət gözləmədən öz arzusu ilə işdən azad etməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 30 dekabr 2020-ci il tarixli, **********1 saylı əmrindən Çıxarışa əsasən, Cavabdeh MMC-də müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş Bakı şəhəri üzrə sosial agent vəzifəsində çalışan İddiaçı (FİN:xxxxxxx) ilə 07.12.2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “a” (tərəflərin birinin təşəbbüsü əsasında) bəndinə əsasən 30.12.2020-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan 30 dekabr 2020-ci il tarixli, **********1 saylı əmrdən görünür ki, Cavabdeh MMC-də müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş sosial agent vəzifəsində işləyən, əlavədə adları qeyd edilmiş işçilərin əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “a” (tərəflərin birinin təşəbbüsü əsasında) bəndinə əsasən 30.12.2020-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan 27.10.2021-ci il tarxili “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərara əsasən, İddiaçı Əlinağı qızının müraciəti əsasında rayon prokurorluğunda toplanmış C-494/21 nömrəli araşdırma material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 12.01.2022-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Əlinağı qızı ilə Cavabdeh arasında 07.12.2020-ci il tarixində əmək müqaviləsi bağlanılaraq ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Reabilitasiya Mərkəzində sosial agent vəzifəsinə təhkim olunmuşdur. ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 30.12.2020-ci il tarxili **********6 nömrəli məktubu ilə S.Amirovanın işdən azad olunması barədə 30 dekabr 2020-ci il tarixli ərizəsinin skan olunmuş surəti Cavabdeh MMC-yə daxil olmuşdur. İddiaçı işdən azad olunması barədə 30.12.2020-ci il tarixli ərizəsi nəzərə alınaraq, onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 68.2-ci maddəsinin “a” (tərəflərin birinin təşəbbüsü əsasında) bəndinə uyğun olaraq 30 dekabr 2020-ci il tarixində xitam verilmişdir. Belə ki, ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 29.11.2021-ci il tarxili, **********8 nömrəli məktubu ilə 2020- ci il 14 dekabr tarixindən 2021-ci il 18 yanvar tarixinədək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edildiyindən S.Amirovanın işdən azad olunması barədə müraciətinin Cavabdeh MMC-yə çatdırılması üçün (əlaqə nömrələrinin olmaması səbəbindən) qızının nömrəsindən “whatsapp” proqramı vasitəsilə jpg formatında X5 əməkdaşı X8 göndərildiyi, H.Məmmədovanın öz növbəsində həmin ərizənin Cavabdeh MMC-yə çatdırılmasını təmin etdiyi və İddiaçı işdən azad olunması barədə 30 dekabr 2020ci il tarixli ərizəsinin əslinin kağız versiyasının olmadığı bildirilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinə 12.01.2022-ci il tarixli etiraz ərizəsində qeyd edilmişdir ki, İddiaçı Əlinağı qızı ilə Cavabdeh arasında 07.12.2020-ci il tarixində əmək müqaviləsi bağlanılaraq ƏƏSMN tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2 Reabilitasiya Mərkəzində sosial agent vəzifəsinə təhkim olunmuşdur. ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 30.12.2020-ci il tarxili **********6 nömrəli məktubu ilə S.Amirovanın işdən azad olunması barədə 30 dekabr 2020-ci il tarixli ərizəsinin skan olunmuş surəti Cavabdeh MMC-yə daxil olmuş, İddiaçı işdən azad olunması barədə 30.12.2020-ci il tarixli ərizəsi nəzərə alınaraq, onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 68.2-ci maddəsinin “a” (tərəflərin birinin təşəbbüsü əsasında) bəndinə uyğun olaraq 30 dekabr 2020-ci il tarixində xitam verilmişdir. Habelə əlavə olaraq göstərilmişdir ki, AR ƏM-nin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən “Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.” Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsində qeyd olunmuşdur ki, “Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.” Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq işə bərpa olunmaq üçün məhkəməyə iddia qaldırmaq müddətini İddiaçı ötürdüyündən İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Hüquqi dəyərləndirmə: Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin iddianın təmin olunan hissəsinin deyil, tam ləğv olunması xahiş olunmuşdur. Lakin şikayətin məzmunundan aydın olur ki, cavabdeh tərəf məhkəmə qətnaməsini yalnız iddia tələbinin təmin olunmuş hissəsində mübahisələndirmişdir. Bu səbəbdən də, kollegiya hesab edir ki, qətnamə yalnız mübahisələndirilən hissədə, yəni iddia tələbinin təmin olunmuş hissəsində yoxlanılmalıdır. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı Əlinağı qızı 07.12.2020-ci il tarixdə ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Reabilitasiya Mərkəzində sosial agent vəzifəsinə təhkim edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 30 dekabr 2020-ci il tarixli, **********1 saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh MMC-də müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş Bakı şəhəri üzrə sosial agent vəzifəsində çalışan İddiaçı (FİN:xxxxxxx) ilə 07.12.2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “a” (tərəflərin birinin təşəbbüsü əsasında) bəndinə əsasən 30.12.2020-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 30 dekabr 2020-ci il tarixli, **********1 saylı əmrindən Çıxarışa əsasən, Cavabdeh MMC-də müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş Bakı şəhəri üzrə sosial agent vəzifəsində çalışan İddiaçı (FİN:xxxxxxx) ilə 07.12.2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “a” (tərəflərin birinin təşəbbüsü əsasında) bəndinə əsasən 30.12.2020-ci il tarixdən xitam verilmişdir. Lakin, işəgötürən tərəf işçinin öz imzası ilə təsdiq etdiyi əmək müqaviləsinə xitam verilməsi barəsində ərizəsini məhkəməyə təqdim edə bilməmiş və iş materiallarında aşkar edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilən jpg (fotoşəkil) formatında olan ərizənin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-nin direktoru vəzifəsini icra edən Ülvi Hüseynova ərizə ilə müraciət edərək onu müddət gözləmədən öz arzusu ilə işdən azad etməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, həmin ərizə İddiaçı özü deyil, qızı tərəfindən yazılmış və “whatsapp” proqramı vasitəsilə mesaj şəklində göndərilmişdir. Habelə həmin ərizədəki imza ilə 07.12.2020-ci il tarixində bağlanmış əmək müqaviləsindəki İddiaçı Əlinağı qızının imzasına vizual olaraq baxdıqda ərizədəki imzanın İddiaçı Əlinağı qızına aid olmadığı açıq aşkar görünür. Belə olan halda jpg formatında olan ərizənin işçi İddiaçı Əlinağı qızının iradəsini ifadə etməsi təsdiq edilmədiyindən həmin sənədin surəti əmək müqaviləsinə xitam verilməsinin əsası kimi çıxış edə bilməz. Belə ki işəgötürənin əlil olan şəxs barəsində onun özünə məlumat vermədən “whatsapp” proqramı vasitəsilə kimin tərəfindən göndərildiyi məlum olmayan ərizə surəti əsasında və ərizənin kimin tərəfindən göndərildiyini dəqiqləşdirmədən əmək müqaviləsinə xitam verilməsi tamamilə qanuna ziddir. Ona görə də kollegiya belə hesab edir ki, Cavabdeh MMC-nin **********1 saylı, 30.12.2020-ci il tarixli əmri qanunsuzdur və həmin əmrin ləğv edilməsi, İddiaçı işə (Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Reabilitasiya Mərkəzində sosial agent vəzifəsinə) bərpa olunması, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının İddiaçı cavabdeh tərəfindən ödənilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Kollegiya bu mövqeyinin hüquqi əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad edilməsini zəruri sayır: Azərbaycan Respublikası Əmək Məcəllənin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 69.7-ci maddəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Azərbaycan Respublikası ƏM-nin 79.3-cü maddəsinə əsasən müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. Həmin məcəllənin 12-ci maddəsinin “i” bəndinə əsasən əmək müansibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biri də “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etməkdir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir. Belə ki, qadınlara, əlilliyi olan şəxslərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir (AR ƏM 16.2). Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən əmək münasibətləri prosesində işçilər arasında bu maddənin birinci hissəsində göstərilən ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır və ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər (AR ƏM 16.4). “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018-ci il tarxili Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən dövlət əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyə səbəb olan risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. Kollegiya eyni zamanda iddia müddətinin tətbiqi ilə bağlı məsələyə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İş materiallarından görünür ki, iddiaçıya işdən azad olma barədə əmrin, əmək kitabçasının və digər sənədlərin əsli və ya surəti ümumiyyətlə təqdim olunmamış, iddiaçı yalnız məhkəməyə müraciət etdikdən sonra həmin sənədlər cavabdeh tərəfindən məhkəməyə ünvanlanmışdır. Belə olduğu halda kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürməmişdir. Cavabdeh apellyasiya şikayətində ərizədəki imzanın iddiaçıya aid olub-olmaması ilə bağlı məhkəmənin ekspertiza təyin etməməsini və araşdırma aparmamasını bildirmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, iş materialında iddiaçı tərəfindən verilməsi iddia edilən işdən çıxma barədə ərizənin əsli mövcud olmadığından həmin sənəd üzrə xəttşünaslıq ekspertizasının keçirilməsi mümkün deyil. Belə ki, imzanın bu və ya digər şəxsə aid olub-olmamasının müəyyən edilməsi üçün ekspertə həm həqiqiliyi mübahisələndirilən sənəd, həm də iddiaçının sərbəst xətt nümunələri təqdim edilməlidir. Lakin, hazırki iş üzrə əmək müqaviləsinə xitam verilməsinə səbəb olan ərizə sənədin əsli deyil surəti olduğundan ekspert tədqiqatının aparılması mümkün deyildir. Bu səbəbdən də məhkəmə tərəfindən işin tam və hərtərəfli araşdırılmamasına dair cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı iddia tələbində 2000 manat məbləğində mənəvi zərərin ödənilməsini xahiş etmişdir. Bununla bağlı kollegiya “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarına istinad edilməsini zəruri sayır. Həmin Qərarda göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Kollegiya qeyd edilənlərə əsasən iddiaçının (işçi) işdən qanunsuz olaraq çıxarılmasını, bunun nəticəsində maddi sıxıntıya məruz qalmasını və digər diqqətəlayiq halların olmasını nəzərə alaraq hesab edir ki, mənəvi zərərin vurulmasına görə iddiaçıya cavabdeh tərəfindən 500 manat məbləğində mənəvi zərərin ödənilməsi işin hallarına, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, iddia tələbinin qismən - Cavabdeh MMC-nin İddiaçı barədə “əmək müqaviləsinə xitam verilməsi” haqqında əmrin ləğv edilməsi, iddiaçının işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı və 500 manat mənəvi ziyanın iddiaçının xeyrinə cavabdeh tərəfindən ödənilməsinə dair məhkəmənin qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-870/2022 saylı, 24.02.2022-ci il qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar