Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3622/2024 31.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Xətai Rayon Məhkəməsinin 2(011)-4280/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1994-cü il tarixdə anadan olmuş X1 xx.xx.1995-ci il tarixdə ölməsi barədə hüquqi faktının müəyyən edilməsi və müvafiq şəhadətnamənin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir
2. Xətai Rayon Məhkəməsinin 2(011)-4280/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə geri qaytarılmışdır.
3. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
6. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları həmin məhkəməsinə göndərilməlidir.
7. Belə ki, ərizəsi geri qaytaran rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, ərizəçi “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müvafiq tibb müəssisəsinə müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə etməli olduğu halda, qeyd edilən sübutları ərizəyə əlavə etmədiyindən, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddəsinin tələblərinə riayət edilmədən verilmişdir.
8. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 4-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.
9. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər (bənd 4.1.).
10. Kollegiya rayon məhkəməsinin yuxarıda qeyd edilən mövqeyi ilə razılaşmır və göstərir ki, ərizəyə əlavə edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024cü il tarixli məlumatda ona X2 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi bildirilmişdir (i/v 11).
11. Belə olan halda məlum olur ki, ərizəçi həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar təqdim etmişdir, odur ki, rayon məhkəməsi qeyd edilən əsasla ərizəni geri qaytarmaqda haqlı olmamışdır.
12. Bununla belə, Kollegiya qeyd edir ki, MPM-in 310.1-ci maddəsinin tələbinə görə, ərizəçi ölüm faktının müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğunu göstərilməlidir.
13. Hazırkı ərizədən isə məlum olur ki, ərizəçi həmin faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğunu göstərməmiş, bunu əsaslandırmamışdır. Nəzərdən qaçırmaq olmaz ki, bu halın özü hüquqi faktın müəyyən olunmasına dair ərizənin icraata qəbulundan imtinanın müstəqil əsasını təşkil edir. Çünki məhkəmə qaydasında istənilən hüquqi faktın deyil, yalnız ərizəçinin bu və ya digər hüquqlarının həyata keçirilməsinə əsas verən (məsələn, mirasın qəbul edilməsi, vərəsəliyin açılma yerinin müəyyən olunması, şəxslərin qohumluq münasibətlərinin müəyyən olunmasında şəxsin miras əmlaka yiyələnmək kimi, başqa halda sosial güzəştlərdən istifadə olunması kimi hüquqların həyata keçirilməsi) hüquqi fakt müəyyən oluna bilər. Bu baxımdan, rayon məhkəməsinə lazım gəlir ki, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün (güzəştli şərtlərlə pensiyanın təyin olunması, sosial müavinətin alınması, vərəsəliyin açılması və s.) lazım olduğunu MPM-in 151.2-ci maddəsinin tələblərinə əsasən ərizəçinin iştirakı ilə aydınlaşdırmalı, bundan sonra hazırkı ərizənin icraata qəbulunun mümkünlüyünü həll etməlidir.
14. Yuxarıda qeyd edilənlərə əsasən, şikayət təmin edilməli, qərardad ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları həmin məhkəməyə göndərilməlidir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
16. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
17. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
18. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilsin. Xətai Rayon Məhkəməsinin 2(011)-4280/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları həmin məhkəməyə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.