Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3638/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdehin qanun üzrə vərəsəsi X2 nümayəndəsi və vəkili X3 iştirakları ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5043/2018 saylı, 23 noyabr 2018ci il tarixli qətnaməsindən cavabdehin qanun üzrə vərəsəsi tərəfindən verilən apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC (bundan sonra iddiaçı) cavabdeh “xxxx” MMC-yə (bundan sonra cavabdeh) qarşı “kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi və sair” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5043/2018 saylı, 23 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh “xxxx” MMC tərəfindən həmin qətnamədən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-210/2020 saylı, 30 iyul 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin həmin qətnamədən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5825/2020 saylı, 25 noyabr 2020-ci il tarxili qərarı ilə təmin edilməmiş, Apellyasiya Məhkəməsinin 30 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanunla müəyyən edilmiş qaydada və müddətdə icra edilməsi üçün Binəqədi İcra və Probasiya şöbəsinə göndərilmişdir. Cavabdeh2 qanun üzrə vərəsəsi X4 rayon məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək ləğv edilməsini xahiş etmişdir. Cavabdehin hüquqi varisi Cavabdeh2nın apellyasiya şikayətinin mümkünlüyünə baxılması məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2nın nümayəndəsi və vəkili E.Nuriyev izahat verərək bildirdi ki, onların rayon məhkəməsinin qətnaməsindən mülki iş kassasiya icraatında olduğu zaman, 23 noyabr 2020-ci il tarixdə Ali Məhkəməyə təqdimat verilməsinə dair müraciət etdikləri zaman xəbərləri olmuşdur. Göstərilənlərə əsasən, şikayətin mümkün hesab edilərək baxılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi F.Hüseynov izahat verərək qeyd etdi ki, onlar 2017-ci ildə iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə rayon məhkəməsinə müraciət edərək Cavabdeh2 münasibətdə iddiadan imtina etmiş, məhkəmə də iddianı yalnız cavabdeh MMC-yə münasibətdə təmin etmişdir. Əlavə olaraq o göstərdi ki, cavabdehin hüquqi varisi Cavabdeh2nın nümayəndəsi və vəkili E.Nuriyev 23 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsinə Apellyasiya Məhkəməsinin 30 iyul 2020-ci il tarixli qətnaməsindən təqdimat verilməsinə dair müraciət etmiş, beləliklə, rayon və apellyasiya instansiyasının qətnamələrindən həmin tarixdə xəbərdar olmuş, lakin yenə də qanunla müəyyən olunmuş müddəti ötürdükdən sonra apellyasiya şikayəti vermişdir. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin qeyri-mükün hesab edilməsini xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının fikirlərini dinləyib, apellyasiya şikayətini nəzərdən keçirərək belə hesab edir ki, apellyasiya şikayəti qeyri-mümükün hesab edilməli, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, mülki iş materiallarından görünür ki, iddiaçı Binəqədi Rayon Məhkəməsinə 04 oktyabr 2017-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət etmiş və cavabdeh qismində yalnız “xxxx” MMC-nin cəlb edilməsini göstərmiş, hazırda Cavabdeh2nın hüquqi varisi olduğu Cavabdeh2 münasibətdə iddiadan imtina etmişdir (i/v 211-215). Belə olan halda, Binəqədi Rayon Məhkəməsinin 2(001)-5043/2018 saylı, 23 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının “kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi və sair” tələblərinə dair iddiası yalnız cavabdeh “xxxx” MMC-yə münasibətdə təmin olunmuşdur. Bununla da müəyyən olunur ki, rayon məhkəməsinin qətnaməsi ilə Cavabdeh2 maraqlarına hər hansı şəkildə toxunulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsində birinci instansiya məhkəmələrinin qətnamələrindən tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslərin apellyasiya şikayəti vermək hüququnun olduğu göstərilmişdir. Bununla yanaşı, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul olunmuş məhkəmə aktı ilə hüquq və vəzifələrin toxunduğu hallarda digər şəxslərin də malik olduğu nəzərdə tutulmuşdur (maddə 357.2). Hazırkı işin hallarından isə görünür ki, Cavabdeh2 ilkin olaraq cavabdeh qismində göstərilsə də, sonradan iddiaçı ərizəsini dəqiqləşdirərək iddianı yalnız cavabdeh MMC-yə qarşı qaldırmış, Cavabdeh2 qarşı iddiadan imtina etmiş, rayon məhkəməsi də 23 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddianı məhz MMC-yə münasibətdə təmin etmişdir. Bundan başqa, iş materiallardan görünür ki, cavabdehin hüquqi varisinin nümayəndəsi və vəkili E.Nuriyev 23 noyabr 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 30 iyul 2020-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə təqdimat verilməsinə dair ərizə ilə müraciət etmişdir (i/v 111-113). Beləliklə də, görünür ki, cavabdehin hüquq varisinin artıq həmin tarixdə, yəni 23 noyabr 2020-ci il tarixində birinci və apellyasiya instansiya məhkəmələrinin qətnamələrindən xəbərdar olmuş, lakin apellyasiya şikayətini qanunla müəyyən olunmuş müddəti ötürməklə vermiş, eləcə də müddətin bərpasına dair ərizə ilə də məhkəməyə müraciət etməmişdir. Belə ki, cavabdehin hüquqi varisi tərəfindən məhkəməyə göndərilən apellyasiya şikayətinin üzərinə vurulan “daxil olma” ştampından bəlli olur ki, şikayət 18.02.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bununla da müəyyən olunur ki, iddiaçının Cavabdeh2 münaisbətdə iddiadan imtina etməsi və rayon məhkəməsi tərəfindən qəbul olunan 23 noyabr 2018-ci il tarixli qətnamə ilə iddianın yalnız cavabdeh MMC-yə münasibətdə təmin edilməsinə, eləcə də hüquqi varisin nümayəndəsi və vəkili E.Nuriyevin 23 noyabr 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 30 iyul 2020-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə təqdimat verilməsinə dair ərizə ilə müraciət etməsindən, beləliklə, rayon məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsindən xəbərdar olmasına baxmayaraq, onlar tərəfindən apellyasiya şikayəti 18 fevral 2021-ci il tarixdə verilmiş və şikayətin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasina dair ərizə təqdim edilməmiş, nəticədə qanunla müəyyən olunmuş 1 aylıq şikayət vermə müddəti ötürülmüş, eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən hallar (iddiaçının Cavabdeh2 münasibətdə iddiadan imtina etməsi və müddətin ötürülməsi) araşdırılmadan iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 366.2-ci maddəsində isə qeyd edilir ki, apellyasiya şikayətinin qaytarılmasına əsas olan hallardan biri də apellyasiya şikayətinin müəyyən edilmiş müddət keçdikdən sonra verilməsidir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə görə apellyasiya instansiyası iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prossessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yaranmış bu hallar işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir, bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilən apellyasiya şikayəti qanunverciliyin tələblərinə uyğun olmadığından (iddiaçının Cavabdeh2 münasibətdə iddiadan imtina etdiyinə və müddət ötürüldüyünə görə) qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılması üçün mülki işlə birlikdə Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, və 400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh2 qanun üzrə vərəsəsi X2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5043/2018 saylı, 23 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya qeyri-mümkün hesab edilsin, sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3638/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3638/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver