Məhkəmə qərarları › İş №2(103)-3649/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3649/2023

25.07.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3649/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qeyrisinə qarşı “əmrin ləğvi və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əmrin ləğvi və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı, Cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə və AR ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X2 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-589/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və nazirliyin tabeliyində olan Sosial Xidmətlər X1rşı “əmrin ləğvi, işə bərpa, əmək haqqı və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyi X4 **********8 nömrəli, xx.xx.2022-ci il tarixli əmrinin ləğv olunması, onun xx.xx.2022-ci il tarixdən məhkəmə qərarı qanuni qüvvəsini alanadək olan dövrdə məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə tutduğu vəzifəyə bərpa olunması və vurulmuş mənəvi ziyana görə 100.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3948/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "işə bərpa, məcburi işburaxma dövrü üçün əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir.

3. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etiraz və iddia müddətinin tətbiq olunması barədə ərizə verərək iddia ərizəsi əsassız olduğundan və iddiaçı qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürdüyündən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Yasamal Rayon Məhkəməsinin 2(004)-589/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Günel Əkbərli) ilə iddia ərizəsi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. İddiaçı apellyasiya şikayətini verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, iddiaçı qeyd etmişdir ki, işdən azad olma barədə ərizəni o iradəsinə uyğun yox, məhz Nazirliyin şöbə müdiri Mahmud Məmmədəliyevin hədə-qorxu və təhdidlərinin nəticəsi olaraq məcburən imzalamalı olmuş, hətta həmin vaxt keçirdiyi stress nəticəsində sağlamlığı və hamiləliyi üçün təhlükə yarandığından Nazirliyin işçilərinin köməyi ilə xəstəxanaya aparılmalı olmuşdur, dəfələrlə hakimə ərizəni hədəqorxu altında imzaladığını bildirsə də, hakim bu halları nəzərə almamış, xəstəlik vərəqəsindən çıxarışlarda da səhhətinin pisləşməsi onun psixoloji vəziyyəti ilə əlaqələndirilməmişdir.

6. Birinci instansiya məhkəməsi yalnış olaraq iddia müddətinin ötürüldüyünü hesab edərək qeyd edilən maddi hüquq normasını səhvən mübahisəyə tətbiq etmişdir. Belə ki, o, poçt şöbəsinə müraciət edərək cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklifin poçt çekinin dublikatını əldə etdi və xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında həmin sənədi hakimə təqdim etmiş, həmin çekdən adi gözlə, açıq-aydın, mübahisəsiz, sadə şəkildə görünür ki, onun tərəfindən cavabdehə təklif məktubu xx.xx.2022-ci il tarixdə, yəni 1 aylıq iddia müddəti ərzində göndərilmişdir. Bundan 6 gün sonra, xx.xx.2022-ci il tarixdə isə mediasiya təşkilatına ərizə ilə müraciət etmişdir.

7. Məhkəmə, cavabdehdən əsas suallardan birinə aydınlıq gətirməsini tələb etməmişdir. Bu isə əmrdə göstərilən əsaslardan biri olan xidməti məruzə ilə bağlı məsələdir. Cavabdehin öz etirazının əsası kimi sübut etməli olduğu ən vacib məsələlərdən biri məhz həmin xidməti məruzənin mahiyyətidir. Məhkəmə xidməti məruzənin surətini tələb etmədən, onun mətni ilə tanış olmadan, xidməti məruzəni hazırlayan şəxslə, həmin məruzə əsasında əmr verən şəxsin eyni şəxs olmasına qiymət vermədən, cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatındakı bir cümlə ilə kifayətlənməsi hansı səviyyədə araşdırma aparıldığını bir daha əyani sübut edir.

8. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

9. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun dəlilərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi, həmçinin bildirdi ki, o, müddəti ötürməmişdir, həmçinin müddət ötürülmüşdürsə, üzrlü səbəbdən olmuşdur, belə ki, xəstə olmuş, həmçinin çoxsaylı dövlət orqanlarına müraciət etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq, iddiaçı tərəfindən bir aylıq müddətin ötürüldüyünü, bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında AR ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi O.Şamilova apellyasiya şikayəti ilə razılaşmayaraq, iddiaçı tərəfindən bir aylıq müddətin ötürüldüyünü, bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

12. Mülki iş materiallarında olan:

13. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2022-ci il tarixli, **********8 nömrəli əmrinə əsasən müəyyən edilir ki, Sosial Xidmətlər Agentliyinin Təminat və Təchizat Departamentinin müdir müavini vəzifəsində çalışan İddiaçı ilə xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə işçinin öz xahişi əsasında AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, yəni işçinin öz xahişi ilə xx.xx.2022-ci il tarixdən xitam verilmiş və işçiyə son haqq-hesabın ödənilməsi əmr edilmişdir.

14. İddiaçı tərəfindən Sosial Xidmətlər Agentliyinin İdarə heyətinin sədri Vüqar Behbudova ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəyə əsasən müəyyən edilir ki, o, xx.xx.2022-ci il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir.

15. İddiaçı məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, o, xx.xx.2022-ci il tarixli əmrə əsasən Sosial Xidmətlər Agentliyi X4 Təminat və Təchizat Departamentinin müdir müavini vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.

16. Məhkəmənin sorğusuna əsasən ƏƏSMN-dən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan müəyyən edilir ki, nazirliyin inzibati binasında olan video görüntüləri qeydə alan müşahidə kameralarının yaddaş qurğusunun saxlama müddəti 23 gün olduğundan xx.xx.2022-ci il tarixdə qeyd olunan görüntülərin məhkəməyə təqdim olunması texniki cəhətdən mümkün deyildir.

17. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən AR Dövlət Təhlükəsizlik Xidmətinin Hərb-Tibb Baş İdarəsinin “Ambulotor, stasionar xəstənin tibbi kartasından Çıxarış”dan müəyyən edilir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə saat 11:44-də xəstəxanaya müarciət etmiş və həmin tarixdə 17:30-da evə buraxılmışdır. Xəstəyə “Hamiləlik 18-19 həftəlik və düşük təhlükəsi” diaqnozu qoyulmuşdur. Həmçinin çıxarışdan görünür ki, xəstəyə stasionar şəraitdə müalicəsini davam etdirməsi təvsiyyə edilməsinə baxmayaraq maddi durumu ilə bağlı stasionar müalicədən imtina etmişdir. Müalicənin ev şəraitində yataq rejimində davam etdirməsinin vacibliyi qeyd edilmişdir.

18. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli qəbzdən müəyyən edilir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ƏƏSMN-nə müraciət etmişdir.

19. ƏƏSMN-nin xx.xx.2022-ci il tarixli **********8 saylı məktubundan müəyyən edilir ki, İddiaçı Baş Prokurorluğa ünvanlanmış müraciətinə ƏƏSMN-də baxılmışdır. Həmin məktubla izah edilmişdir ki, öz arzusu ilə işdən azad edilməsi və ona son haqq-hesabın ödənilməsi izah edilmişdir.

20. Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, MŞB/6- 5520 nömrəli arayışa əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi İddiaçı ona qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” mübahisələri üzrə xx.xx.2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etməmişdir. Tətbiq edilən maddi hüquq normaları:

21. Azərbaycan Respublikası Əmək Məcəlləsi:

22. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

23. 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:

24. tərəflərdən birinin təşəbbüsü;

25. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

26. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

27. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyrimüəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsinə görə isə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.

28. ... Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Tətbiq edilən prosessual hüquq normaları:

29. Mülki Prosessual Məcəllə

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

33. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

34. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

35. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

36. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

39. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

40. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

41. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

42. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

44. Hazırkı halda iddiaçı apellyasiya şikayətində göstərir ki, o, poçt şöbəsinə müraciət edərək cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklifin poçt çekinin dublikatını əldə etdi və xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında həmin sənədi hakimə təqdim etmiş, həmin çekdən adi gözlə, açıq-aydın, mübahisəsiz, sadə şəkildə görünür ki, onun tərəfindən cavabdehə təklif məktubu xx.xx.2022-ci il tarixdə, yəni 1 aylıq iddia müddəti ərzində göndərilmişdir. Bundan 6 gün sonra, xx.xx.2022-ci il tarixdə isə mediasiya təşkilatına ərizə ilə müraciət etmişdir.

45. Məhkəmə xüsusilə qeyd edir ki, əmək mübahisələrindən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir və bu zaman Əmək Məcəlləsinin 296.3-cü maddəsinin müddəaları mütləq nəzərə alınmalıdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.

46. Hazırkı işdə iddiaçı işdən könüllü çıxma barədə ərizənin ondan xx.xx.2022-ci il tarixdə təzyiq, basqı, hədə-qorxu ilə alındığını bildirir, belə olan halda o, xx.xx.2022-ci il iddiaçının öz hüququnun pozulduğunu bildiyi gündür. Belə olan halda, xx.xx.2022-ci il tarixdən hesablandıqda və xx.xx.2023-cü il tarixdə iddiaçının mediasiyaya müraciət etməsi nəzərə alındıqda (həmin vaxt onun məhkəməyə müraciət etmək üçün 1 aylıq iddia müddətindən cəmi iki gün vaxt qalırdı, lakin mediasiyaya müraciətlə əlaqədar müddətin axımı dayanmışdır), Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdə müvafiq arayışı almış, bundan sonra məhkəməyə müraciət etmək üçün sonuncu müddət xx.xx.2022-ci il tarixi olduğu halda, iddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmiş, nəticədə hazırkı tələblə bağlı məhkəməyə müraciət edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş bir aylıq müddəti ötürmüşdür.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsi”nə dair qeyd edilmişdir ki, ...beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər.

48. Hazırkı işdə isə iddiaçı ötürülmüş müddətin bərpasına dair ərizə təqdim etməmişdir.

49. Göstərilənlərə əsasən, kollegiya qeyd edir ki, birinci insatansiya məkəməsi iddia tələbi fərdi əmək mübahisəsindən (əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə) irəli gələn iddia olduğu üçün qeyd edilən tələbə Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş bir aylıq iddia müddəti şamil etməkdə haqlı olmuşdur.

50. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Kollegiya həmçinin qeyd edir ki, iddia tələbi bir aylıq iddia müddətinin ötürülməsi səbəbindən təmin edilmədiyindən apellyasiya şikayətinin digər dəlillərini yoxlamağa zərurət qalmır. Nəticə:

52. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

53. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-589/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar