Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3662/2024 24.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: “mənzildən çıxarılma və s.”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4159/2023 saylı, 25 dekabr 2023cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbasqulubəy Şadlinski küçəsində yerləşən, ümumi sahəsi 147,3 kv.m olan, 35 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, AN-İ seriyalı ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə Cavabdeh1 ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbasqulubəy Şadlinski küçəsində yerləşən, ümumi sahəsi 147,3 kv.m olan, 35 saylı fərdi yaşayış evini İddiaçı satmışdır. Müqavilənin 13-cü bəndinə əsasən satıcı müqavilə notariat qaydada təsdiq olunduğu tarixdən 3 ay müddətində qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Müqavilə qanunvericiliyin tələbləri gözlənilməklə notarial qaydada bağlanılmış, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 fərdi yaşayış evinin satılmasına razı olduqlarına dair ərizələr təqdim etmişlər.
3. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbasqulubəy Şadlinski küçəsində yerləşən, ümumi sahəsi 147,3 kv.m olan, 35 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarılma və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 onun xüsusi mülkiyyətində olan, Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbasqulubəy Şadlinski küçəsində, ümumi sahəsi 147,3 kv.m olan, 35 saylı fərdi yaşayış evinindən çıxarılması, cavabdehlərə məxsus əşyaların və əmlakların həmin mənzildən çıxarmaqla mənzilin tam şəkildə boşaldılaraq ona təhvil verilməsi və onun həmin mənzilə köçürülməyinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Tələbdə göstərilir ki, hazırda evin mülkiyyətçisidir və cavabdehlərin həmin mənzildən çıxarılmasını tələb edir. Cavabdeh1 əvvəlki məhkəmə iclasında evdən çıxmaq üçün 1 ay vaxt istəsə də, həmin müddətin keçməsinə baxmayaraq, hələ də mənzili təhvil verməmişdir.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4159/2023 saylı, 25 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Təranə Mahmudova) iddia tələbinin təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbasqulubəy Şadlinski küçəsində yerləşən, ümumi sahəsi 147,3 kv.m olan, 35 saylı fərdi yaşayış evindən özlərinə məxsus əşya və əmlakları ilə birlikdə çıxarılmaları və fərdi yaşayış evinin boşaldılması; Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbasqulubəy Şadlinski küçəsində yerləşən, ümumi sahəsi 147,3 kv.m olan, 35 saylı fərdi yaşayış evinin İddiaçı təhvil verilməsi; İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbasqulubəy Şadlinski küçəsində yerləşən, ümumi sahəsi 147,3 kv.m olan, 35 saylı fərdi yaşayış evinə köçürülməsi; iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 İddiaçı xeyrinə tutulması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbasqulubəy Şadlinski küçəsində yerləşən, ümumi sahəsi 147,3 kv.m olan, 35 saylı fərdi yaşayış evi Cavabdeh1 adına xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, xx.xx.2013-cü il tarixdə isə Cavabdeh1 ilə İddiaçı nümayəndəsi X1 arasında “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanmış və həmin fərdi yaşayış evi İddiaçı satmışdır. Müqavilənin 13-cü bəndinə əsasən Cavabdeh1 müqavilə notariat qaydada təsdiq olunduğu tarixdən 3 ay müddətində qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Mülki işin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə tərəflər arasında müqavilənin bağlandığı notariat ofisinə sorğu göndərilmiş və məhkəmə tərəfindən notariat işinə nəzər saldıqda Cavabdeh1 və onun həmin mənzildə yaşayan ailə üzvləri Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 da fərdi yaşayış evinin satılmasına etiraz etmədikləri, müqavilədə müəyyənləşdirilmiş müddətdə mənzildən və qeydiyyatdan çıxmağı öhdələrinə götürdükləri barədə ərizələrinin olduğu müəyyən olunmuşdur. Hazırda həmin evin mülkiyyətçisi İddiaçıdur. Mübahisələndirilən fərdi yaşayış evi iddiaçının mülkiyyəti olduğundan cavabdehlərin həmin mənzildə yaşaması və mənzildən çıxmaması iddiaçının sahiblik, istifadə və sərəncam hüquqlarını qanunsuz məhdudlaşdırmaqla, dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur və cavabdehlər həmin mənzildən çıxmadıqları üçün o, mülkiyyətçi olaraq həmin mənzil üzərində olan mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Buna görə də, iddia əsaslı olduğundan cavabdehlər fərdi yaşayış evindən özlərinə məxsus əşya və əmlakları ilə birlikdə çıxarılmalı və fərdi yaşayış evi boşaldılmalı, fərdi yaşayış evi İddiaçı təhvil verilməli və iddiaçı öz mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, xx.xx.2007-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbasqulubəy Şadlinski küçəsində yerləşən, ümumi sahəsi 147,3 kv.m olan, 35 saylı fərdi yaşayış evi mülkiyyətindədir. Bu haqda Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* №-li çıxarış var. İddiaçıdan müəyyən qədər borca pul almış, aldığı borcun müqabilində pulunu qaytarana kimi evini iddiaçının adına alqı-satqı etməklə girov qoymuşdur. Lakin iddiaçı bundan istifadə edərək onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbasqulubəy Şadlinski küçəsində yerləşən, ümumi sahəsi 147,3 kv.m olan, 35 saylı fərdi yaşayış evini ələ keçirmək üçün Bakı şəhəri 34 saylı notariat ofisində onu və ailə üzvləri olan Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 aldatmış və hazırda onları yaşadıqları evdən çıxartmaq üçün məhkəməyə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsində iştirakları təmin olunmadan xx.xx.2023-cü il tarixində 2(010)-4159/2023 №-li mülki işə baxaraq iddia təmin edilmiş, o və ailə üzvlərinin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbasqulubəy Şadlinski küçəsində yerləşən, ümumi sahəsi 147,3 kv.m olan, 35 saylı fərdi yaşayış evindən özlərinə məxsus əşya və əmlakları ilə birlikdə çıxarılması və fərdi yaşayış evin boşaldılması qət edilmişdir. Hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə mülki işi tam araşdırmadan tələmtələsik qətnamə qəbul etmişdir. xx.xx.2023-cü il tarixində keçirilən məhkəmənin hazırlıq iclasında izahatı təhrif olunmuşdur. Əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.
9. İddiaçı İddiaçı vəkili Vəkil məhkəməyə təqdim etdiyi etirazda apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edib etirazının bununla əsaslandırmışdır ki, apellyasiya şikayəti bir sıra qanun pozuntuları ilə tərtib edilməsinə və apellyasiya şikayəti vermə müddətinin ötürülməsinə baxmayaraq məhkəmə tərəfindən apellyasiya baxışının mümkünlüyü barədə qərardad qəbul edilmişdir. Bundan başqa, apellyasiya şikayətində cavabdeh tərəfindən Suraxanı Rayon Məhkəməsinin qeyd edilən qətnaməsinin ləğv edilməsi xahiş edilsə də, iddianın rədd edilməsi barədə hər hansı xahiş qeyd edilməmişdir. Həmçinin, apellyasiya şikayətində qətnamənin ləğv edilməsinin əsası kimi hər hansı məhkəmə tərəfindən tətbiq edilmiş maddi və prosessual hüquq normaları əsaslandırılmamışdır. Cavabdeh özü də etiraf etmişdir ki, həmin evi boşaltmaq öhdəliyi götürsə də, ona bir-iki ay bunun üçün vaxt lazımdır. Həmçinin, apellyasiya şikayətində guya qeyd edilən ona satmadığını, götürmüş olduğu borcun müqabilində alqı-satqı etməklə girov qoyduğunu bildirmişdir. Halbuki, alqısatqı müqaviləsi bağlanılarkən evin dəyəri kimi 57000 manat pul vəsaiti onun tərəfindən cavabdehin hesabına köçürülmüş, alqı-satqının rəsmiləşdirilməsindən ötən 11 il müddət ərzində alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı hər hansı iddia cavabdeh tərəfindən qaldırılmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. Cavabdeh1 məhkəməyə ünvanladığı teleqramda səhhəti ilə əlaqədar hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmədən işə baxılmasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, lakin iştirak etməməsinin səbəbini təsdiq edən sübut təqdim etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1 və 139-1.1.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 8.0. və 8.0.3. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
21. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
22. Əvvəla ona görə ki, iddiaçı cavabdehlərin çıxarılmasını istədiyi fərdi yaşayış evinin mülkiyyətçisidir və mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Sadalanan hüquq normalarından göründüyü kimi, iddiaçı qeyd olunan mənzilin mülkiyyətçisi olduğundan cavabdehlərə qarşı hazırki tələbi irəli sürməkdə haqsız olmamışdır.
23. Apellyasiya şikayətinin dəlilləri isə alqı-satqı müqaviləsinin etibarlılığı ilə bağlı məsələlərə aiddir. Başqa sözlə, şikayətin məzmunu sırf alqı-satqı müqaviləsinin etibarlı olmadığı ilə bağlıdır. Lakin mübahisəli mənzilin cavabdeh tərəfindən iddiaçıya satılması və hazırda mülkiyyət hüququ əsasında sonuncuya məxsus olmasının qanuniliyinin yoxlanılması hazırki işin və apellyasiya icraatının predmeti olmasa da bu bir fakt olaraq qalır. Ona görə də, qətnamənin yoxlanılması məhz hazırki mövcud vəziyyətə uyğun həyata keçirilməlidir.
24. Demək ki, hazırki iddianın təmin olunmaması Mülki Məcəllənin 140, 148.2 və 149.2-ci maddələrinin tələblərinə açıq-aşkar zidd sayılardı. Çünki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir(MM.m.140). Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir(MM.m.148.2.). Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır(MM.m.149.2). Göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mübahisəli mənzilə mülkiyyət hüququ əldə etmiş iddiaçının bu hüquqları müdafiə edilməli olduğundan məhkəmə də iddianı təmin etmişdir.
25. Göstərilənlərlə yanaşı, Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli qərardadının 54, 55, 56-cı bəndlərində qeyd olunur ki,...o da vurğulanmalıdır ki, əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı. Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir.
26. Göründüyü kimi, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Ona görə də əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs, hazırki iş üzrə cavabdeh tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin, yəni alqı-satqı müqaviləsinin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı. Əksinə, cavabdeh iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, hazırki tələbə uyğun qeydin hüquqi səbəbini təşkil edən alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda alqı-satqı müqaviləsinin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir.
27. Apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd olunur ki, cavabdeh məhkəmənin 29 noyabr 2023-cü il tarixli hazırlıq iclasında(bax.i.v.82-84;87) iştirak edib və məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qəbzə imza etməklə məlumatlanıdırılıb, lakin üzrlü səbəb olmadan məhkəmə baxışı iclasında iştirak etməmişdir. Demək ki, iştirakının təmin olunmaması məhkəmənin səhvinə görə olmamışdır. Bundan əlavə, 29 noyabr 2023-cü il tarixli məhkəmə iclasında izahatı təhrif olunmuşdursa buna dair protokola qeyd verə bilərdi, ancaq verməyib, üstəlik təhrif olunmanın nədən ibarət olduğunu da açıqlamır. Bu cür vəziyyətdə, şikayətin bu dəlilləri də təsdiq olunmadığından əsaslı olduğunu da aradan qaldırmış olur.
28. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4159/2023 saylı, 25 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4159/2023 saylı, 25 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.