Məhkəmə qərarları › İş №2(103)-3664/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3664/2021

12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3664/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli qərardadından Cavabdeh2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Mərkəzi Bankın cavabdehlərə qarşı irəli sürmüş “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsi qət edilmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Eyni zamanda o, Rayon Məhkəməsinə ərizə verərək qətnamədən apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməmiş hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizənin baxılması nəticəsi ilə Rayon Məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixli qərardad qəbul edilmişdir. Qərardadın nəticə hissəsində Rayon Məhkəməsi qeyd etmişdir ki, “ötürülmüş prosessual müddətin bərpası barədə” Cavabdeh2 ərizəsi təmin edilmir. Cavabdeh2 həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və “qətnamədən apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməmiş hesab edilməsi barədə” ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və mülki iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və Cavabdeh2 tərəfindən verilmiş “qətnamədən apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməmiş hesab edilməsi barədə” ərizəsinə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Cavabdeh2 Rayon Məhkəməsinə təqdim etdiyi ərizə onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə bugünədək ona təqdim edilməmiş və bu səbəbdən o, qətnamədən apellyasiya şikayəti verə bilməmişdir. Qeyd edilən hala əsaslanaraq K.Hacıyevə xahiş etmişdir ki, qətnamədən apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülməmiş hesab edilsin. Göründüyü kimi, Cavabdeh2 müraciət “ötürülmüş prosessual müddətin bərpası” barədə deyil, “qətnamədən apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməmiş hesab edilməsi” barədədir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) buraxılmış prosessual müddətin bərpa edilməsini o halda nəzərdə tutur ki, müddət buraxılmış olsun və bu hal üzürlü səbəbdən baş versin. Lakin hazırki iş üzrə cavabdeh hesab edir ki, o, prosessual müddəti ümumiyyətlə ötürməmişdir. Lakin ərizəyə baxmış Rayon Məhkəməsi qeyd edilənlərə diqqət yetirməmiş, Cavabdeh2 ərizəsinə “ötürülmüş prosessual müddətin bərpası” barədə ərizə kimi yanaşmışdır. MPM-nin tələblərinə görə isə, məhkəmələr iş üzrə tərəflərin onlara verdikləri tələblər, ərizələr, vəsatətlər və sair müraciətlər çərçivəsində baxır. Göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə qərardadın qəbul edilməsinə əsas olmuş ərizə ilə qarşısında qoyulmuş tələbi düzgün müəyyən etməmiş, ərizədə qeyd edilən məsələni deyil, qeyd edilməyən məsələni müzakirə etmişdir. Halbuki, qeyd edilən məsələlərin hüquqi nəticələri müxtəlifdir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə Azərbaycan Respublikası MPM-nin 397 və 398-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh2 şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli qərardadı ləğv edilsin və Cavabdeh2 “qətnamədən apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməmiş hesab edilməsi barədə” ərizəsinə yenidən baxılması üçün iş Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar