Məhkəmə qərarları › İş №2(103)-3680/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3680/2022

07.06.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3680/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" QSC-yə qarşı ipoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1057/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 QSC-yə və üçüncü şəxs Qaradağ rayon İcra Şöbəsinə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC ilə “AccessBank" QSC arasında imzalanmış xx.xx.2020-ci il tarixli 34/14 saylı protokolun və nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,təxminən iki ay əvvəl Qaradağ rayon İcra şöbəsinin icra məmurları və "Accessbank” QSC-nin nümayəndələri yaşadığı Bakı şəhəri, Sahil qəsəbəsi, Z.Qasımov küçəsində yerləşən 58 saylı evin 3 saylı mənzilin boşaldılmasını tələb etdilər. Hərracın necə və harada keçirilməsi barədə heç nə demədən bildirmişlər ki, artıq evi ipoteka predmeti olaraq bank tərəfindən alınıb və onun mülkiyyətində oluğundan evi boşaltmalıdır. Əldə etdiyi sənədlərdən müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10376/2017 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən ipoteka predmeti olan, ona məxsus Bakı şəhəri, Sahil qəsəbəsi, Z. Qasımov küçəsində yerləşən 58 saylı evin 3 saylı mənzilinin satılması barədə Qaradağ rayon İcra və Probasıya şöbəsinin 6975/10 saylı 04 06 2018 cı ıl tarixli sifariş məktubuna əsasən Respublika Xammal və Əmtəə Birjası "Daşınar və Daşınmaz Əmlakların Satışı uzrə Hərrac Mərkəzi MMC-dən (bundan sonra Təşkilatçı ) tərəfindən hərracın keçirilməsinə başlanmışdır. Təşkilatçının 14 06 2018-ci il tarixli, 01/1932 saylı məktubu ilə ipoteka qoyana və ipoteka saxlayana Açıq hərracın keçirilməsinə dair 01 №-li Bildiriş göndərilmişdir. Bildirişdə hərracın açıq auksion formada olmaqla, 16 iyul 2018- ci il tarixdə saat 11:00-da, ünvan 1 ünvanında (1-ci mərtəbədə) keçiriləcəyi qeyd edilmiş və hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri'' qəzetində dərc olunmuşdur. Bildirişdə mənzilin ilkin satış qiyməti 65000 (altmış beş min) manat, hərracda iştirak üçün 5% olmaqla 3250 manat beh məbləği, habelə ödənilmə müddəti və qaydası göstərilmişdir. Təşkilatçı 29.06 2018-ci il tarixli 01/2074 saylı məktubla ipoteka qoyanlara və ipoteka saxlayana həmin şərtlərlə Açıq hərracın keçirilməsinə dair 01/2 №-li Bildiriş yollamışdır. 16 iyul 2018-cı ıl tarixdə hərrac baş tutmadığından təşkilatçı ipoteka qoyana və ipoteka saxlayana təkrar hərracın 20 avqust 2018-ci il tarixdə saat 11:00 da, ünvan 2 ünvanında (1-ci mərtəbədə) keçiriləcəyi barədə 20.07 2018-ci ıl tarixli, 1/2367 sayı məktubla 02 №-lı Bildiriş göndərmiş vo hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri" qəzetində dərc olunmuşdur Bildirişdə mənzilin ilkin satış qiymətinin 55250 mar,at (65000-15%=55250 manat), hərracda iştirak uçun 5 % olmaqla, 2763 manat beh məbləği göstərilmişdir. Təkrar hərrac baş tutmadqdan sonra təşkilatçı xx.xx.2018-ci il tarixli, 01/2868 saylı məktubla ipoteka qoyana, ipoteka saxlayana, habelə Qaradağ rayon İcra və Probasiya şöbəsinə (sifarişçi) və "xxxx" QSC-yə (tələbkar) müraciət edərək Bakı şəhəri. Sahil qəsəbəsi, 7 Qasımov prospektində yerləşən 58 saylı evin 3 saylı mənzilinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərracların baş tutmadığı və müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 25 08 2018 ci il tarixli nömrəsində elan dərc edildiyi bildirilmiş və ipoteka saxlayana məhkəmə qərarını yekunlaşdırarkən ipoteka predmet haqda qəbul etdiyi qərarla hərrac təkilatının tanış edilməsi xahiş edilmişdir. Hərraclar baş tutmadıqdan sonra "xxxx" MMC ilə "AccessBank” QSC arasında xx.xx.2020-ci il tarixli, 34/14 saylı protokol imzalanmış və Bakı şəhəri, Sahil qəsəbəsi, Z Qasımov küçəsində yerləşən 58 saylı evin 3 saylı mənzili bankın mülkiyyətinə keçmişdir. Məlumat üçün bildirmişdir ki, həm xx.xx.2018-ci il tarixə, həm də 20 08 2018-ci il tarixə təyin edilmiş hərraclar barədə göndərilmiş 01, 01/2 və 2 №-li Bildirişlər ona çatmamış, onun və oğlu İsgəndərov Məhyəddinin adına göndərilmiş bildirişlər də digər ipoteka qoyan X2 tərəfindən alınmışdır. Aralarında olan ziddiyyətə gorə bildirişlər onlara çatdırılmamışdır. Hərracların baş tutmaması barədə təşkilatçının xx.xx.2018-ci il tarixli, 01/2868 saylı məktublar onlara ümumiyyətlə göndərilməmişdir. Bu bildirişlərin və məktubların çatdırılması barədə “Express" poçt xidmətinin xx.xx.2018-ci il tarixli 051471, 051472, 051473, 051474, 051475 saylı və 29 06.2018-ci il tarixli, 051919, 051920, 051921, 051922, 051923 saylı və xx.xx.2018-ci il tarixli, 053059 053060, 053061, 053062 saylı, xx.xx.2018-ci il tarixli 053427, 053428, 053429, 053430, 053431 saylı qəbzlərdəkı imzaların Vasili Həşimov tərəfindən icra edilməsi, xx.xx.2018-ci il tarixli, 057416. 057417. 057418 saylı qəbzlərdəki imzaların isə digər şəxs tərəfindən icra edilməsi ilə təsdiq edilir. Belə hesab edir ki, Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin hərracın təşkili proseduru qanun pozuntuları ilə keçirildiyindən və hərracların baş tutmaması barədə gəlinmiş nəticə və buna istinad edilərək onun mənzilinin bank tərəfindən mülkiyyətinə alınması əsassız olmaqla onun mülkiyyət huququnu və onu müdafiə etmək hüququnu pozmuşdur. Əgər o, hərracın keçirilməsi barədə məlumatlı olsaydı hərracda iştirak etməklə, mənzili özü alardı. Həmin mənzildən başqa digər yaşayış yeri yoxdur. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşmə təqdim edərək, cavabdehlər "xxxx" MMC ilə Cavabdeh2 QSC arasında imzalanmış xx.xx.2018-ci il tarixli, 34/14 saylı protokolun, alqı-satqı müqaviləsinin və hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 1057/2022 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərdiyi kimi bildirişlər iddiaçı tərəfindən alınmadığına və məktubların çatdırılması barədə “Express” poçt xidmətinin xx.xx.2018-ci il tarixli 051471, 051472, 051473, 051474, 051475 saylı və xx.xx.2018-ci il tarixli, 051919, 051920, 051921, 051922, 051923 saylı və xx.xx.2018-ci il tarixli, 053059, 053060, 053061, 053062 saylı, xx.xx.2018-ci il tarixli 053427, 053428, 053429, 053430, 053431 saylı qəbzlərdəki imzaların da iddiaçıya deyil, Vasili Həşimova məxsus olması və xx.xx.2018-ci il tarixli, 057416, 057417, 057418 saylı qəbzlərdəki imzaların isə digər şəxs tərəfindən icra edilməsi Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın təşkili prosedurunun qanun pozuntuları ilə keçirdiyini və hərracların baş tutmaması barədə gəlinmiş nəticənin və buna istinad edilərək iddiaçının mənzilinin bank tərəfindən mülkiyyətinə alınması onun mülkiyyət huququnu pozmuşdur. Əgər iddiaçı hərracın keçirilməsi barədə məlumatlı olsaydı, hərracda iştirak etməklə, mənzili özü alardı. Onun həmin mənzildən başqa digər yaşayış yeri yoxdur. İddiaçı öz hüququnun pozulduğunu məhkəməyə müraciət etdiyi vaxtdan təxminən iki ay əvvəl Qaradağ rayon İcra şöbəsinin məmurları və Cavabdeh2 QSC-nin nümayəndələrinin onun yaşadığı mənzili boşaltmağı tələb etdikləri zaman bildiyini və bunun sübutu kimi Cavabdeh2 QSC-nin xx.xx.2021-ci il tarixli “xəbərdalıq” məktubunu təqdim etsə də, məhkəmə buna hüquqi qiymət verməmiş və əsassız olaraq xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin bağlandığı tarixin İddiaçı həmin vaxdan bəlli olması qənaətinə gəlməklə iddiaçının hüququnun pozulmasına səbəb olan qətnamə çıxarmışdır Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ-mülkiyyət hüququ; məhdud əşya hüquqları-servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Məhkəmə hazırkı mübahisənin kredit münasibətlərindən yaranan mübahisələrə aid etməklə hüquqi nəticə etibarı ilə alqı-satqı müqaviləsinin etibarsızlığının mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 1 (bir) illik müddətin tətbiq edilməsi qənaətinə gəlməklə, iddiaçının iddia vermək hüququnu məhdudlaşdırmışdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili şikayətin məzmununa uyğun izahat verərək, bildirdi ki, cavabdehlər "xxxx" MMC ilə Cavabdeh2 QSC arasında imzalanmış xx.xx.2018-ci il tarixli, 34/14 saylı protokolun, alqı-satqı müqaviləsinin və hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Nümayəndə qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin açıq hərracın keçirilməsinə dair xx.xx.2018-ci il tarixli 01/2 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov pr, yerləşən 58 saylı evin 3 saylı mənzilinə dair hərracın keçirilməsi 16 iyul 2018-ci il tarixə saat 11:00-a təyin edilmişdir; İş materiallarında olan qəbzlərdən görünür ki, hərracın keçirilmə vaxtına dair bildirişlər İddiaçı çatdırılmışdır. İş materiallarında olan “Birja Yenilikləri” qəzetinin 29 iyun-05 iyul 2018-ci il tarixli 122 nömrəli buraxılışının müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov pr, yerləşən 58 saylı evin 3 saylı mənzilinə dair hərracın keçirilmə vaxtı və yeri barədə elan yerləşdirilmişdir. İş materiallarında olan Cavabdeh2 QSC-nin İddiaçı ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov pr, yerləşən 58 saylı evin 3 saylı mənzili hazırda Cavabdeh2 QSC-nin mülkiyyətindədir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 54/01 nömrəli 21 sentyabr 2018-ci il tarixli protokolunun surətindən və məzmunundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov pr, yerləşən 58 saylı evin 3 saylı mənzilinin tam dəyəri 65.000 (altmış beş min) manat qiymətə açıq hərraca çıxarılmış, ilkin hərrac baş tutmadığından, əmlak təkrar hərraca ilkin satış qiymətindən 15% aşağı olan qiyməti 55250 (əlli beş min iki yüz əlli) manat müəyyən edilmiş, lakin təkrar hərrac da baş tutmadığından əmlak təkrar hərrac qiymətindən 25% aşağı, yəni 41437,50 (qırx bir min dörd yüz otuz yeddi manat əlli qəpik) manat qiymətə tələbkar Cavabdeh2 QSCyə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən təklif edilmiş və müvafiq əmlak qeyd edilən qiymətə tələbkar tərəfindən qəbul edilmişdir. Buna dair xx.xx.2018-ci il tarixdə hərracın yekunları barədə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini iddia tələbinin rədd edilməsi olduğundan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə miibahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; Həmin Məcəllənin 339.3-cu maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; Həmin Məcəllənin 339.5-ci maddəsində göstərilir ki, əgər 339.1. 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir; Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; Həmin Məcəllənin 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər; Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir. Göründüyü kimi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov pr, yerləşən 58 saylı evin 3 saylı mənzil ilə bağlı hərracların təşkili və keçirilməsi barədə bildirişlər İddiaçı göndərilmiş və bunu təsdiq edən müvafiq poçt qəbzləri mövcuddur. Onlar həmin hərracların keçirilmə vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməklə məlumatlandırılmışlar. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərracın təşkili və keçirilmə qaydasının tələbləri pozulmamışdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov pr, yerləşən 58 saylı evin 3 saylı mənzilinin hərraca çıxarılmasına dair “Birja yenilikləri” qəzetinin buraxılışında müvafiq qaydada elan dərc edilmişdir. Kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının əmlakın hərraca çıxarılmasından tam olaraq xəbərdar olduğundan, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq hərrac keçirildiyindən və ipoteka predmeti qanuni olaraq tələbkara təklif edildiyindən hərrac təşkilatının hərracın yekunları barədə protokolu etibarsız hesab edilməsi üçün əsas müəyyən edilməmişdir. İddiaçının qeyd edilən bildirişləri almamasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.26-cı bəndinə görə fiziki şəxslərə ünvanlanmış “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Həmin Qaydaların 9.28-ci bəndinə görə xəbərnaməli poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Poçt göndərişini alan şəxs öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini göstərməklə xəbərnamədə imza edir. Həmin Qaydaların 9.29-cu bəndinə görə xəbərnaməli poçt göndərişi hüquqi şəxsə verilərkən xəbərnamədə alıcı barədə məlumatlar poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilir. Sadalanan əsaslardan göründüyü kimi “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Hazırki iş üzrə poçt qəbzlərində isə “Şəxsən verilmə” qeydi ilə qəbzin verilməsini məcburi edən hal hərracla bağlı qanunvericlikdə nəzərdə tutulmamışdır. Qeyd edilən əsaslardan o da görünür ki, poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Belə vəziyyətdə poçt bildirişlərini qəbul edən şəxsin imzalaması poçt rabitəsi operatorunun vəzifəsi kimi deyil, əksinə olaraq poçt göndərişini alan şəxsə öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini həmin xəbərnamədə göstərmək hüququ vermişdir. Bununla belə qanunvericlik poçt rabitəsi operatoruna belə xəbərnamələrin yalnız hüquqi şəxsə verilərkən alıcı barədə məlumatların poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilməsinin məcburiliyini şərtləndirir. Hazırki mülki iş üzrə mübahisəyə qanunun analogiya üzrə tətbiqi imkanınının itirilmədiyini nəzərə alaraq kollegiya onu da qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Kollegiyanın qənaətinə görə iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində həmin bildirişləri almamasını məhkəmədə mübahisələndirsə də hərracla bağlı bildirişlərin iddiaçının yaşayış ünvanı olan ünvan 3məsində Hərrac Mərkəzi haqlı olmuşdur. Belə ki, iddiaçının faktiki vermiş olduğu qeydiyyyat və yaşayış ünvanı iddia ərizəsindən də görünür ki, ünvan 4 ünvanıdır və iddiaçı bu ünvanı bir daha öz ünvanı kimi hazırki iddia ərizəsində də qeyd etmişdir. İddiaçının mübahisələndirdiyi kimi rəsmi qaydada bildirişi şəxsən imza etməməsi, (iddiaçı tərəfindəın imzalanıb-imzalanmadığı araşdırılmadan) lakin qəbzlərdəki imzaların Həşimov Vasiliyə məxsus olması sadalanan qanunvericliyin əsasları baxımından iddiaçının hərrac barədə məlumatlı olmaması kimi qiymətləndirilməsinə əsas vermir. Kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi əsaslar hərracın keçirilməsi haqqında protokolun və bundan irəli gələn hüquqi nəticələrin etibarsız sayılması üçün əsas deyildir. Hərracın keçirilməsi ilə bağlı göndərilmiş bildirişlərin iddiaçının şəxsən özü tərəfindən qəbul edilərək bu barədə müvafiq imzanın poçt qəbzlərinə qoyulmaması özlüyündə hərracın keçirilməsinə və bundan irəli gələn hüquqi prosedurların həyata keçirilməsinə maneə deyildir. Çünki, qanunvericilik hərracı keçirən təşkilatın üzərinə hərracın keçirilməsi barədə bildirişləri borclunun və ya daşınmaz əmlak sahibinin şəxsən özünə çatdırılması kimi bir vəzifə qoymayıb, bildirişlərin həmin şəxsin və ya şəxslərin yaşadığı və ya qeydiyyatda olduğu ünvana göndərilməsi qanunvericliyin sadalanan əsasları baxımından məlumatlandırmanın yerinə yetirilməsi kimi qiymətləndirilir. Əks halda əmlak mülkiyyətçisinə belə bildirişin şəxsən təqdim edilməsinin məcburiliyi hərracın keçirilməsi ilə bağlı məhkəmə qətnaməsinin icrasını mümkünsüz edərdi. Belə vəziyyət isə Konvensiyanın tələblərilə qeyrimüəyyənlik yaradardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997- ci il 19 mart tarixli Qərar, § 40). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir; Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə kollegiya qeyd edir ki, əqdin bağlandığı tarix (xx.xx.2018-ci il) İddiaçı bəlli olmuşdur. Lakin, buna baxmayaraq hazırki iddia tələbi ilə həmin tarixdən 5 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bununla da, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinin tələbləri baxımından hüquqi nəticə etibarı ilə alqı-satqı müqaviləsinin etibarsızlığını mübahiləndirilməsi üçün nəzərdə tutulmuş 1 (bir) illik müddətini ötürmüşdür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli Qərarına əsasən, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 377.2-ci maddələrinin mənasına görə iddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Bu səbəbdən cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizənin əsaslı hesab edilərək, iddia müddətinin tətbiq edilməsi və bu əsasla iddia tələbinin rədd edilməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 1057/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar