Məhkəmə qərarları › İş №2(103)-3687/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3687/2022

24.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3687/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Abbaslı Əsgər Əbülfət oğlunun katibliyi, İddiaçı/cavabdeh İddiaçı1 nümayəndəsi Nümayəndə1, Cavabdeh/iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “payların naturada ayrılması tələbinə dair” ilkin, Cavabdehlər İddiaçı1, İddiaçı2 və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair çıxarışın ləğv edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 2(002)-938/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: 019988 saylı 17 avqust 1991-ci il tarixli order əsasında Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Oktyabrın 50 illiyi küçəsi, ev 6, 35 saylı mənzil X9 dörd nəfər ailə tərkibi ilə birlikdə verilmişdir (arvadı X4, uşaqları İddiaçı1, Ağayeva (hazırda Zərbəliyeva) Natavan Rizvan qızı və Ağayev (hazırda Mirağayev) Ramin Rizvan oğlu). 45 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 31.07.2019-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X10 həmin vəsiyyətnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək ona məxsus olan bütün əmlakını xx.xx.2008-ci il təvəllüdlü nəvəsi İddiaçı2 vəsiyyət etmiş və digər vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir. 30.09.2019-cu il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatına daxil olmuş iddia ərizəsinin surətindən görünür ki, iddiaçı X10 Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsində iddiaçı mübahisəli mənzili nəvəsi Mirsadiqə vəsiyyət etdiyini, oğlu Raminin isə onun son iradəsinə mane olduğunu, onun bu davranışının qanuna və əxlaqa zidd olduğunu qeyd etməklə Raminin mənzildən istifadə hüququna xitam verilməsini xahiş etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2626/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə icraata iddiaçının vəfat etməsi səbəbindən xitam verilmişdir. Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən 29 oktyabr 2019-cu il tarixdə verilmiş 1345/69 nömrəli ölüm haqqında arayışdan görünür ki, X4 11 iyun 2019-cu ildə ölmüşdür. Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən 29 oktyabr 2019-cu il tarixdə verilmiş 1344/69 nömrəli ölüm haqqında arayışdan görünür ki, X10 01 oktyabr 2019-cu ildə ölmüşdür. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı 04.11.2019-cu il tarixli 1999 saylı məktubun surətindən görünür ki, 01.10.2019-cu il tarixdə ölmüş mərhum X5 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı 2019-cu ildə onun vərəsələrindən İddiaçı1, X6 Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət etmiş və 234/2019 nömrəli vərəsəlik işi açılmışdır. Bakı şəhəri 8 saylı notariat ofisi həmin məktubla Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular (Oktyabrın 50 illiyi) küçəsi, ev 6, 35 saylı mənzildə yerləşən X8 adına olan mənzilə hüquqmüəyyənedici sənəd (çıxarış) verilməsini xahiş etmiş, hüququmüəyyənedici sənəd (çıxarış) verildikdən sonra vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamənin veriləcəyini bildirmişdir. DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 01.11.2019-cu il tarixli ******* saylı arayışa görə İddiaçı1 Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, 6, 35 saylı mənzildə qeydiyyatdadır, həmin mənzildə ondan başqa Mirağayev Rizvan, Zərbəliyeva Natavan qeydiyyatdadırlar. 3 saylı Bakı ASAN Xidmət mərkəzinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş İddiaçı1 və X1 ərizələrinin surətlərindən görünür ki, onlar qeydiyyatda olduqları və ünvan 2 ünvanında yerləşən 35 saylı mənzilin X8 adına özəlləşdirilməsinə və dövlət reyestrindən çıxarış verilməsinə heç bir etirazlarının olmadığını bildirmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, 6, 35 saylı mənzil X8 xüsusi mülkiyyətindədir və bu barədə reyestr kitabında ********** nömrəsi ilə 29.12.2019-cu il tarixində qeydiyyat aparılmışdır Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş 02.06.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 01.10.2019-cu il tarixdə ölmüş X8 qanun üzrə vərəsələri İddiaçı1 və X7 miras əmlakdan hər biri 1/6 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ********** qeydiyyat nömrəli, 02.06.2020-ci il tarixli real vaxt rejimində sorğu əsasında alınmış, yüklülüyün olub olmaması barədə arayışa və ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********31-05101-093035 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 75,79 kvadrat metr olan mənzildən ibarətdir. 4/6 hissə üzrə pay açıq saxlanılmışdır. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş 02.06.2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 45 saylı NK tərəfindən 31.07.2019-cu ildə təsdiq edilən və reyestrdə 2V-62 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən, 01.10.2019-cu il tarixdə ölmüş X8 vəsiyyətnamədə göstərilən vərəsəsi İddiaçı2 miras əmlakdan 3/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ********** qeydiyyat nömrəli, 02.06.2020-ci il tarixli real vaxt rejimində sorğu əsasında alınmış, yüklülüyün olub-olmaması barədə arayışa və ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********31-05101-093035 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 75,79 kvadrat metr olan mənzildən ibarətdir. Azyaşlının payının qeydiyyata alınması üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin bir nüsxəsi qəyyumluq və himayəçilik orqanına göndərilmişdir. 2/6 hissəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, 1/6 hissədə pay açıq saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən 6 saylı evin 35 saylı mənzilinin 4/6 hissəsinin İddiaçı2, 1/6 hissəsinin İddiaçı1 paylı mülkiyyətində saxlanılmaqla, həmin mənzilin 5/6 hissəsinin naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən 6 saylı evin 35 saylı mənzili vərəsəlik qaydasında paylara bölünərək, həmin mənzilin 3/6 hissəsi birgə iddiaçılardan yetkinlik yaşına çatmayan İddiaçı2, 1/6 hissəsi İddiaçı1, 1/6 hissəsi digər vərəsə X1 mülkiyyətinə verilmiş, X6 özünə məxsus payı sonradan İddiaçı2 bağışlamışdır. Buna görə də hazırda mübahisəli mənzilin 4/6 hissəsi birgə iddiaçılardan yetkinlik yaşına çatmayan İddiaçı2, 1/6 hissəsi İddiaçı1 məxsusdur. Mənzilin qalan 1/6 hissəsinə mülkiyyət hüququ isə digər vərəsənin, yəni Cavabdeh maraqları nəzərə alınaraq açıq saxlanılmışdır. Cavabdeh mübahisəli mənzildə yaşamasa da həmin mənzildə qeydiyyatdadır. Eyni zamanda Cavabdehlər İddiaçı1, İddiaçı2 və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2, 35 saylı mənzilə dair İddiaçı1, İddiaçı2 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin ünvana verilmiş 30.07.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil növbəlilik qaydasında 17 avqust 1991-ci il tarixdə 019988 nömrəli order əsasında ataları X8 adına 5 nəfər ailə üzvü ilə, yəni X9, X2, Mirİddiaçı1, X3 və Cavabdeh verilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05.02.2020-ci il tarixli, 2(002)- 248/2020 saylı qətnaməsi ilə onun ailə üzvləri ilə birlikdə mübahisəli ünvana köçürülməsi barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamədən qarşı tərəf apelyasiya və kassasiya şikayətləri versə də, şikayətləri təmin olunmamışdır. İşə kassasiya qaydasında baxılarkən qarşı tərəf bildirmişdir ki, artıq mənzil özəlləşdirilmiş və vərəsələrin payları müəyyən edilmişdir, onun payı kimi miras əmlakın 1/6 hissəsi açıq saxlanılmışdır. Cavabdeh tərəf onun xəbəri və razılığı olmadan mənzili özəlləşdirmiş, birinci növbəli vərəsələr sağ olduğu halda ikinci növbəli vərəsənin adına pay müəyyən edilməklə əmlaka dair 4/6 hissədə pay ayrılmaqla çıxarış verilmişdir. Cavabdehlər tərəfindən qanunvericiliyin tələbləri pozulmuş, mənzil onun razılığı olmadan özəlləşdirilmiş, notariat kontoru qanunsuz olaraq 2-ci növbəli vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(002)-938/2021 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, mübahisəli mənzil 019988 saylı 17 avqust 1991-ci il tarixli orderə əsasən X9 verilmiş, X10 31.07.2019-cu il tarixdə notarial qaydada vəsiyyətnamə tərtib edərək bütün əmlakını xx.xx.2008-ci il təvəllüdlü nəvəsi İddiaçı2 vəsiyyət etmiş, 30.09.2019-cu il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək mənzili nəvəsi Mirsadiqə vəsiyyət etdiyini, oğlu Raminin isə onun son iradəsinə mane olduğunu qeyd etməklə Raminin mənzildən istifadə hüququna xitam verilməsini xahiş etmiş, lakin 01 oktyabr 2019cu ildə vəfat etmişdir. O, vəfat etdikdən sonra notarius tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət olunaraq mərhumun adına çıxarışın verilməsi tələb edilmiş, daha sonra mirası qəbul etmək üçün müraciət etmiş oğlu Zaura, qızı Natavana qanun üzrə, nəvəsi Mirsadiqə isə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş, həmin şəhadətnamələr əsasında 1/6 hissə açıq saxlanılmaqla iddiaçılara paylı mülkiyyət hüququ haqqında çıxarış verilmişdir. İlk iddia üzrə iddiaçılar 1/6 hissə üzrə paylı mülkiyyətçisi müəyyən edilməmiş daşınmaz əmlakın naturada bölünməsini tələb etməkdədirlər, bununla da onlar tərəfindən paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunması şərti nəzərə alınmamışdır. Cavabdeh isə hal-hazıradək mərhumun vəsiyyətnaməsini və onun adına verilmiş çıxarışı mübahisələndirməmiş, həmçinin miras əmlakı nə faktiki qəbul etməmiş, nə də mirasın qəbulu üçün qanunla müəyyən edilmiş qaydada notariat orqanına müraciət etməmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddiaya aid hissədə ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzildə qeydiyyatda olmuş, mənzil özəlləşdirilərkən onun razılığı da alınmalı olduğu halda, razılığı olmadan cavabdehlər qanunsuz olaraq mənzili mərhum atasının özəlləşdirmişlər. Həmin mənzil orderlə atasına məxsus olmuş, mənzil dövlət mülkiyyəti olduğu üçün atasının həmin mənzilə dair vəsiyyətnamə vermək hüququ olmamışdır, vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən mənzil dövlət mülkiyyətində olmuşdur. Birinci növbəli vərəsə kimi o, bacısı və qardaşı olduğu halda, nəvənin vərəsə kimi tanınması və ona payın müəyyən edilməsi qanunsuz və əsassız olmuşdur. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin edilməməsi hissəsində qismən ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilməklə qarşılıqlı iddia qismən təmin edilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən 6 saylı evin 35 saylı mənzilinə dair İddiaçı2 adına verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında onun adına aparılmış dövlət qeydiyyatının (30.07.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli) ləğv edilməsi qət olunmuş, qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə İddiaçı2 vəsiyyətnaməyə əsasən miras əmlakdan 3/6 hissədə payı müəyyən edilmişdir. Lakin işin müəyyən edilmiş hallarından görünür ki, miras açıldığı vaxt həmin əmlak (mənzil) mirasın kütləsinə daxil olmamışdır, buna görə də mənzilin vəsiyyət üzrə vəsiyyatnamənin predmeti olması mümkün olmamışdır. Mülki Məcəllənin 1152-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Artıq qeyd olunduğu kimi, nə vəsiyyətnamə konkret mübahisəli mənzil barəsində olmamışdır, nə də həmin mənzil mirasın açıldığı vaxt (Rizvan Mirağayevin öldüyü vaxt) onun mülkiyyətində olmamışdır. Mübahisəli mənzil barəsində vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericiliyin tələbləri pozulmaqla verilmişdir, buna görə də etibarsız hesab edilməlidir. Rizvan Mirağayev öldüyü vaxt mübahisəli mənzil mirasın kütləsini təşkil etməmişdir, ona görə də onun qəbulundan söhbət gedə bilməzdi. Mənzil order əsasında bütün ailə üzvlərinin istifadəsinə və sahibliyinə verilmişdir, həmin şəxslər mənzil barəsində eyni hüquqlara malik olmuş və eyni həcmdə vəzifə daşımışlar, orderin kimin adına verilməsi mənzilə olan hüquq və vəzifələrin həcminə təsir etməmişdir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26.01.2021-ci il tarixli 2(102)-151/2021 saylı Qərarından görünür ki, həmin Qərarla Cavabdeh və ailə üzvlərinin mübahisəli mənzilə köçürülməsini qət edən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05.02.2020-ci il tarixli 2(002)-248/2020 saylı qətnaməsini qüvvədə saxlayan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4419/2020 nömrəli iş üzrə 03 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan müəyyən edilir ki, Cavabdeh atasının ölümündən sonra ailəsi ilə birlikdə mübahisəli mənzilə köçürülməsi barədə iddia qaldırmış, eyni zamanda da İddiaçı1 onların mənzildən istifadə hüququna xitam verilməsi barədə qarşılıqlı iddia qaldırmışdır, məhkəmə tərəfindən Cavabdeh ailəsi ilə birlikdə mənzilə köçürülmə barədə iddiası təmin edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, Cavabdeh və digər iddiaçıların həmin mənzilə istifadə hüquqları vardır. Kassasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1243/2022 nömrəli, 05 mart 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9244/2021 nömrəli iş üzrə 18 oktyabr 2021-ci il tarixli qətnaməsi arşılıqlı iddia tələbinin təmin olunan hissədə, yəni Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən 6 saylı evin 35 saylı mənzilinə dair İddiaçı2 adına verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında onun adına aparılmış dövlət qeydiyyatının (30.07.2020- ci il tarixli, ********** qeydiyyat nömrəli) ləğv edilməsi hissədə ləğv edilmiş və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiya məhkəməsinin mövqeyinə görə, Rizvan Mirağayev nəvəsi Mirsadıq Ağayevin adına vəsiyyətnamə tərtib edərkən onda olmayan əmlakı deyil, uzun müddət daimi istifadəsindəki, heç bir maneə olmadan mülkiyyətinə keçirmək imkanı olan mənzili nəzərdə tutmuş, qanun üzrə vərəsəsi olan oğlu Cavabdeh həmin mənzildən istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia qaldırmaqla və vəstyyətnamə ilə digər vərəsələri vərəsəlik hüququndan məhrum etməklə həmin mənzilin İddiaçı2 mülkiyyətinə keçməsini arzulamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Rizvan Mirağayevin vəsiyyətnaməsi tərtib edilərkən mübahisənin predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Oktyabrın 50 illiyi küçəsi, ev 6, 35 saylı 4 otaqlı mənzilin ona məxsus olmaması barədə düzgün olmayan nəticəyə gəlmiş, müvafiq olaraq tərəflər arasındakı münasibətlərə Mülki Məcəllənin 1152-ci maddəsini səhv tətbiq etmişdir. Yuxarıda göstərildiyi kimi həmin mənzilə miras qoyanın əmlak hüquqları olmuşdur. Miras açılandan sonra mənzilə miras qoyanın mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bunun qanun üzrə vərəsələrin razılığı ilə həyata keçirilməsi və razılığı alınmayan Cavabdeh də həmin qeydiyyatı mübahisələndirməməsi də həmin halın mövcudluğunu bir daha təsdiq edir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, vəsiyyətnamədə konkret olaraq mübahisənin predmeti olan mənizilin miras əmlak kimi göstərilməməsi həmin mənizilə hüquqların miras kütləsinə aid olmamasına anlamına gəlmir, vəsiyyətnamədə miras qoyan Rizvan Mirağayev özünə məxsus olan bütün əmlakını vəsiyyət etməsi, həmin əmlaka mübahisəli mənzilin də aid olması şübhə doğurmur. Apellyasiya instansiyası məhkəməsində təkrar baxış (hazırki icraat) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh/iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı/cavabdeh İddiaçı1 nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının “qarşılıqlı iddianın rədd edilməsi” hissəsində yoxlanılması təşkil edir. İddiaçı iddia tələblərinin təmin edilməməsindən apellyasiya şikayəti vermədiyindən, qətnamə bu hissələrdə yoxlanılmır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. - 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. - 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Mülki Məcəllənin: - 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. - 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. - 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. - 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar. - 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. - 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. - 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri və kassasiya instansiya məhkəməsinin göstərişləri əsasında yenidən yoxlayaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qanunverici qanun üzrə vərəsəliyin subsidiarlığı prinsipini qəbul edərək vəsiyyətnamə üzrə vərəsəliyin qanun üzrə vərəsəlikdən üstün qüvvəyə malik olduğunu müəyyən etmişdir. Qanunverici tərəfindən vərəsəliyin qanun və vəsiyyət üzrə vərəsəlik formasında təsnif edilməsi məhz vərəsəlik institutu üçün səciyyəvi olan fərdilik və ailə-təminat prinsiplərindən irəli gəlir. Fərdilik prinsipi mülkiyyətçinin mənafeyini üstün tutur və vərəsəliyin tam olaraq miras qoyanın iradəsindən asılı olduğunu nəzərdə tutur. Bu prinsip fərdin yaşadığı dövrdə, eləcə də ölümündən sonra mülkiyyətinin (əmlak nemətlərinin) aqibətini müəyyən etmək səlahiyyətinə malik olmasını ehtiva edir. Hazırki mübahisənin həqiqi halları isə ondan ibarətdir ki, miras qoyan Rizvan Mirağayev Bakı şəhəri 45 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 31.07.2019-cu il tarixli 8i- 2040 nömrəli reyestrdə qeydə alınmış vəsiyyətnamə ilə “harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək ona məxsus olan bütün əmlakını xx.xx.2008-ci il təvəllüdlü nəvəsi İddiaçı2 vəsiyyət etmiş və digər vərəsələri isə vərəsəlik hüququndan məhrum etmişdir”. Rizvan Mirağayev 01 oktyabr 2019-cu il tarixdə ölmüş və həmin vaxt, yəni miras açlıan zaman onun adına daşınar və daşınmaz əmlakın dövlət qeydiyyatına alınması müəyyən edilməsə də, 019988 saylı 17 avqust 1991-ci il tarixli order əsasında Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Oktyabrın 50 illiyi küçəsi, ev 6, 35 saylı 4 otaqlı mənzil X8 və arvadı X4, uşaqları İddiaçı1, Ağayeva (hazırda Zərbəliyeva) Natavan Rizvan qızı və Ağayev (hazırda Mirağayev) Ramin Rizvan oğlundan ibarət dörd nəfər ailə üzvünün daimi istifadəsinə verilmişdir. Elmira Mirağayeva əri Rizvan Mirağayevadan əvvəl vəfat etmişdir. Həmin mənzil dövlət mülkiyyətində olsa da, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən Rizvan Mirağayevin orderdə adı olan ailə üzvləri ilə birlikdə əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək hüququ olmuşdur. Bu hüquq xəyali deyil, real “gözlənilən mülkiyyət hüququ” olmuş, dövlət qarşısında hər hansı bir öhdəliklə şərtləndirilməmişdir. Göründüyü kimi, qanunvericiliyinin Rizvan Mirağayevə verdiyi hüquqlar sayəsində, o, nəvəsi Mirsadıq Ağayevin adına vəsiyyətnamə tərtib edərkən onda olmayan əmlakı deyil, uzun müddət daimi istifadəsində olan və heç bir maneə olmadan mülkiyyətinə keçirməyə hüququ olduğu mənzili nəzərdə tutmuş, qanun üzrə vərəsəsi olan oğlu Cavabdeh həmin mənzildən istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia qaldırmaqla və vəsiyyətnamə ilə digər vərəsələri vərəsəlik hüququndan məhrum etməklə həmin mənzilin İddiaçı2 mülkiyyətinə keçməsini arzulamışdır. İşdən isə aydın olur ki, həmin mənzilə miras qoyanın əmlak hüquqları olmuşdur və əmlak hüquqlarından istifadə etməklə miras açılandan sonra mənzilə miras qoyanın mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bunun qanun üzrə vərəsələrin razılığı ilə həyata keçirilməsi və razılığı alınmayan Cavabdeh də həmin qeydiyyatı mübahisələndirməməsi də həmin halın mövcudluğunu bir daha təsdiq edir. Vəsiyyətnamədə konkret olaraq mübahisənin predmeti olan mənzilin miras əmlak kimi göstərilməməsi həmin mənzilə hüquqların miras kütləsinə aid olmaması anlamına gəlmir və vəsiyyətnamədə miras qoyan Rizvan Mirağayev özünə məxsus olan bütün əmlakını vəsiyyət etməsi, həmin əmlaka mübahisəli mənzilin də aid olması şübhə doğurmur. Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Lakin Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu idda edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (§103). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almaqla, mübahisəni tam, hərtərəfli və obyektiv araşdıraraq qarşılıqlı iddia tələbinin təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun şikayəti təmin edilmədiyindən ödədiyi dövlət rüsumu da onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 2(002)-938/2021 saylı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar