Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3702/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), x3 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi x2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada K1956 saylı kredit üzrə 24.094,47 manat əsas, 285,12 manat faiz, 712,80 manat cərimə olmaqla, cəmi 25.092,39 manat borcun; Cavabdeh1 MMC-dən 40060AZNHK********** saylı kredit kartı üzrə 3.278,79 manat faiz, 2,82 manat cərimə olmaqla, cəmi 3.281,61 manat kredit borcunun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının onun xeyrinə tutulması, K1956 saylı kredit üzrə tələbin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağasadıx Qəraybəyli küçəsi, 67/71 nömrəli evdə yerləşən 114 nömrəli mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsaitin İddiaçı ASC qarşısında olan borcların ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan məbləğ cavabdehlərin K1956 saylı kredit üzrə öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, ipoteka predmetinə tutma yönəldikdən və açıq hərracdan satılmasından sonra 1 ay ərzində Cavabdeh2 istifadə hüququna xitam verilməsi və əmlakın boşaldılaraq yeni mülkiyyətçisinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə K1956 saylı kredit üzrə 24,094.47 manat əsas, 285.12 manat faiz, 712.80 manat cərimə olmaqla, cəmi 25,092.39 manat borcun, Cavabdeh1 MMC-dən İddiaçı ASC-nin xeyrinə 40060AZNHK********** saylı kredit kartı üzrə 3100,99 manat, 0,82 manat faiz borcu olmaqla, cəmi 3101,81 manat kredit borcunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 40 manat xidmət haqqının tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağasadıx Qəraybəyli küçəsi, 67/71 nömrəli evdə yerləşən 114 nömrəli mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, mənzilin açıq hərracda ilkin satış qiymətinin 110.000 manat müəyyən edilməsi, satışından əldə ediləcək vəsaitin Cavabdeh1 MMC-nin K1956 saylı kredit üzrə banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğin Cavabdeh2 qaytarılması, əmlakın satışından əldə edilən vəsait iddiaçının pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, mənzil hərracda satıldıqdan sonra bir ay ərzində Cavabdeh2 mənzili tərk etməsi, iddianın qalan hissədə təmin edilməməsi, mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 150 manatın cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh1 MMC, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki,məhkəmə işi hərtərəfli, obyektiv araşdırmamış, tərəflərin çəkişmə prinsipini pozmuşdur. Cavabdeh1 MMC-nin vəkili və nümayəndəsi məhkəmə ekspertizasından sonra 09.01.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, məhkəmə bunu nəzərə almamışdır. Eyni zamanda, 20.11.2019-cu il tarixdə MMC tərəfindən kredit borcu üzrə 5000 manat ödəniş edilsə də, nə ekspert rəyində, nə də qətnamədə həmin ödəniş öz əksini tapmamışdır. Buna görə də, mühasibatlıq ekspertizasının rəyi ilə razı deyillər, məhkəmə tərəfindən çəkişmə və bərabərlik prinsipi pozulduğundan bu məsələni prosesdə müzakirə etmək imkanları olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, şikayətə etiraz edərək, təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni apellyatorun mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 18.06.2014-cü il tarixdə PB/GTC-248/2014 №-li bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu imzalanmış və bu müqavilədə müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), plastik kartların verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən, qeyd olunan xidmətlərdən hər birinin Bank tərəfindən müştəriyə təqdim olunması üçün bu müqavilədən başqa, müvafiq ərizə formalarının da müştərinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq, Banka təqdim olunması tələb olunmuşdur. Cavabdeh1 MMC-nin 14.10.2015-ci il tarixli Ödəniş kartları üzrə xidmətlərin göstərilməsi üçün ərizəsinə əsasən, kredit kartı vasitəsi ilə illik faiz dərəcəsi 20%, cərimə faiz dərəcəsi 29% olmaqla 5000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh1 MMC-nin 26.07.2016-cı il tarixli, K1956 saylı Maliyyələşdirmə üçün ərizəsinə (kredit əməliyyatı üzrə) əsasən isə, ona 24 ay müddətinə illik faiz dərəcəsi 6%, cərimə faizi dərcəsi isə 21% olmaqla, 70.000,00 manat məbləğində kredit verilmişdir. 20.07.2016-cı il tarixdə bağlanmış sonrakı ipoteka müqaviləsi ilə Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili bank qarşısında ipoteka ilə yüklü edərək, habelə, həmin tarixdə bağlanmış zaminlik müqavilələri ilə Cavabdeh2 və Cavabdeh3, 09.06.2017-ci il tarixli zaminlik müqaviləsi ilə isə Cavabdeh4 zamin durmaqla, İddiaçı ASC-nin tələb hüququna təminat vermişlər. İddiaçı ASC, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək, müqavilə üzrə nəzərdə tutulmuş məbləği Cavabdeh1 MMC-yə vermiş və tərəflər arasında 04.08.2016-cı il tarixli ödəniş qrafiki razılaşdırılmışdır. Buna baxmayaraq, Cavabdeh1 MMC, öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmamışdır. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehlərə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişləri daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. 15.04.2019-cu il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 MMC-nin İddiaçı ASCyə olan borcu 10.04.2019-cu il tarixə 26.07.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 24.094,47 manat əsas, 285,12 manat faiz, 712,80 manat cərimə olmaqla, cəmi 25.092,39 manat; 40060AZNHK********** saylı kart hesabına dair kredit kartına əsasən isə, 3.278,79 manat faiz, 2,82 manat cərimə olmaqla, cəmi 3.281,61 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 02.12.2019-cu il tarixli, 20651 №-li rəyinə əsasən, Cavabdeh1 MMC-nin 26.07.2016-cı il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 26.07.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 25,884,57 manat, faiz borcu üzrə 1.517,21 manat: 26.01.2019-cu il tarixə (iddia tarixinə) əsas borc üzrə 25,884,57 manat, faiz borcu üzrə 2.293,74 manat müəyyən edilmiş və qeyd edilmişdir ki, 30.01.2019-cu il tarixdə Cavabdeh1 MMC tərəfindən banka 4.600 manat ödəniş edilmiş, bu məbləğin 2.791,10 manatı cərimə, 18,80 manatı faiz, 1.790,10 manatı isə əsas borca silinib. 14.10.2015-ci il tarixli, 40060AZNHK********** saylı kredit kart müqaviləsi üzrə isə, Cavabdeh1 MMC-nin 26.01.2019-cu il tarixə (iddia ərizəsində qeyd edilən tarixə) İddiaçı ASC-yə olan borcu ümumilikdə 3.101,81 manat (əsas borc 3.100,99 manat, faiz borcu 0,82 manat) müəyyən edilmişdir. Belə olan halda, Kollegiya, hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci, 319.1-ci, 462-ci, 472.1-ci, 739.1-ci və 741-ci maddələrinə əsasən, cavabdehlərdən qətnamədə göstərilən məbləğlərdə borcun iddiaçının xeyrinə tutulması və 26.07.2016-cı il tarixli müqavilədən irəli gələn öhdəliklər üzrə tutmanın ipoteka predmetinə yonəldilməsi əsaslıdır. Çünki, Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. MM-in 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh1 MMC, apellyasiya şikayətində vəkilinin qətnamənin çıxarıldığı 09.01.2020-ci il tarixli məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyi, buna görə də iclasın təxirə salınması barədə teleqram ünvanlanmasına baxmayaraq, məhkəmə tərəfindən əsassız olaraq bu halın nəzərə alınmadığını və onun iştirakı olmadan qətnamə qəbul edildiyini bildirsə də, işdən görünür ki, vəkilin həmin tarixdə Gəncə Apellyasiya Məhkəməsində məhkəmə prosesinin olması barədə sübutları məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmənin həmin səbəbi üzrlü səbəb kimi qəbul etməməsi əsaslı olmuşdur. Apellyasiya şikayətinin digər dəlili borc məbləğləri hesablanarkən cavabdehin 20.11.2019-cu il tarixdə ödədiyi 5000 manat vəsaitin nə ekspert, nə də məhkəmə tərəfindən nəzərə alınmaması ilə bağlıdır. Kollegiya buna münasibətdə qeyd edir ki, iş materiallarında olan hesabdan çıxarışlardan cavabdeh tərəfindən həmin tarixdə 5000 manat ödəniş edilməsi görünmür. Cavbadeh isə, məhkəməyə bu faktı təsdiq edən hər hansı mötəbər sübut (ödəniş qəbzi və s.) təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin x1rşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Qeyd edilənləri nəzərə alaraq, Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-68/2020 saylı iş üzrə 09 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 MMC-yə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Ziya Şirinov
Məhkəmə qərarları › İş №2(103)-3702/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3702/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver