Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3705/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «mənzildən çıxarılma») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1140/2023 saylı, 09 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 76a, 32 nömrəli mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.1996-cı il tarixdə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin tam boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiada göstərilir ki, ünvan 2 ünvanında yerləşən faktiki olaraq 4 otaqlı, 120 m sahəyə malik 32 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil binanın birinci mərtəbəsində yerləşməklə ayrıca girişi və maşın saxlamaq üçün həyətyanı sahəsi mövcuddur. İddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi İddiaçı Cavabdeh 2001-ci ilin iyun ayında yaşayış üçün tam yararlı və öz dövrünə görə çox müasir və yüksək keyfiyyətlə təmir edilmiş mənzil təhvil verərək ölkəni tərk etmişdir. Cavabdeh İddiaçı məxsus mənzildə 20 ildən artıqdır kirayə qalır, lakin xx.xx.2017-ci il tarixdən kirayə haqqını ödəmir, mənzilə ziyan vurur və edilmiş çoxsaylı xəbərdarlıqlara baxmayaraq mənzili boşaldıb təhvil vermir. İddiaçı və həyat yoldaşı İlqar Cəfərov (həm də nümayəndəsi) ölkəyə qayıtmış, lakin yaşamağa bu evindən başqa yeri olmadığından Cavabdeh əvvəlcədən mənzili boşaltmağı tələb etmiş, hətta bu barədə yazılı xəbərdarlıqbildirişlər təqdim etməsinə baxmayaraq sonuncu isə bu tələbi işin məhkəmə icraatında olmasını bəhanə gətirərək rədd etmişdir. Bu səbəbdən də mənzilin Cavabdeh tərəfindən mənzilin boşaldılması məhkəmə qaydasında tələb edilir. Hazırda mənzil Cavabdeh qanunsuz sahibliyindədir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1140/2023 saylı, 09 mart 2023-cü il tarixli qətnaməsi (hakim Solmaz Ədilova) ilə iddia tələbinin təmin edilərək Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 76a ünvanında yerləşən 32 saylı mənzilin boşaldılması və Cavabdeh mənzildən çıxarılması; ödənilmiş dövlət rüsumunun isə iddiaçıya aid edilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmədə müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 76a, 32 nömrəli mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 30/19559 nömrəsi ilə xx.xx.1996-cı il tarixdə qeydiyyata alınmışdır. Hazırda iddiaçı cavabdehin ona mülkiyyət hüququ ilə məxsus mübahisəli yaşayış sahəsindən çıxmasını xahiş edir. Hazırda ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Həmin mənzil hər hansı hüquqi əsas olmadan cavabdeh tərəfindən istifadə edilir. İddiaçı mülkiyyətçi olmaqla, həmin mənzildən istifadə edə bilmir, bu məsələdə iddiaçı maneə ilə üzləşmişdir. O, həm faktiki olaraq, həm də hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir. Məhkəmə habelə, işə baxarkən iddiaçının və digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi vəsatəti ilə bağlı qeyd edir ki, araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən hallar, dəlillər əsassızdır və qeyd olunan hallar mülki xarakterli mübahisədir, bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilir ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Solmaz Ədilova qanunsuz müvəqqəti təminat tədbiri barədə qərardad qəbul etdikdən sonra, tez-tələsik və heç bir araşdırma aparmadan qətnamə qəbul etmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdə sadəcə mənzilin qeydiyyat vəsiqəsi olduğu halda, iddiaçı iddia ərizəsində mənzilin 120 kv.metr olmasını qeyd etmiş, hakim Solmaz Ədilova da bu halları araşdırmadan onun mənzildən çıxarılması barədə tələbi təmin etmişdir. Mənzilin ona məxsus olmasına dair Nərimanov rayonu Nərimanov Bələdiyyəsi tərəfindən tərtib edilmiş sənədi təqdim etsə də, hakim buna əhəmiyyət verməmiş və qətnamədə mənzilə dair heç bir hüququnun olmadığını qeyd etmişdir. Halbuki, həmin sənəddə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 76a ünvanında yerləşən özünəməxsus yaşayış sahəsinin uzun illərdir ki, onun istifadəsi və sahibliyində olması qeyd edilmişdir. Hazırkı vəziyyətdə məhkəmə mənzilin iddiaçıya məxsus olduğunu bildirsə də, burada olan bütün halları araşdırmamışdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş qeydiyyat vəsiqəsində göstərilən mənzilin iddiaçıya məxsus olmasını mübahisələndirmir və cavabdeh həmin mənzili onsuz da boşaltmışdır. Lakin iddiaçı iddia ərizəsində yanlış məlumat verərək və məhkəməni aldadaraq mənzilin 120 kv.metr olmasını qeyd etmişdir. Hakim isə iddiaçının subyektiv hüququ olmamasına baxmayaraq qanunsuz şəkildə işə baxaraq qətnamə qəbul etmişdir. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Onun sahibliyində olan əmlakın məhkəmənin qanunsuz qətnaməsinə əsasən əlindən alınması, özbaşınalıqdır və qanunsuz edilmiş hərəkətlərin legitimləşdirilməsidir. İddiaçı iddia ərizəsində qeyd edilmiş bütün sahənin həqiqətən də ona məxsus olduğunu və həmin sahəyə tam şəkildə subyektiv hüququ olduğunu sübut etməli olduğu halda, bunu etməmişdir. Məhkəmə isə buna əhəmiyyət vermədən cavabdehin özünə məxsus mənzildən çıxarılması tələbini təmin etmişdir. Məhkəmə mənzilin boşaldılması və mənzildən çıxarılma barədə qətnamə qəbul edərkən qanunsuzluğa yol vermiş və onun özünəməxsus evdən də çıxarılması barədə qətnamə qəbul etmişdir. Halbuki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən də görünür ki, ünvan 3 ünvanında yerləşən 32 saylı mənzilin texniki pasportu yoxdur. Həmin mənzil çoxmənzilli binada yerləşir və mənzilin sahəsi bütün digər mənzillər kimidir. Cavabdeh məxsus ev (mənzil) isə onun istifadəsində və sahibliyində olan qanunsuz tikili idi. Lakin məhkəmə bu hallara əhəmiyyət verməyərək iddia ərizəsində göstərilənləri əsas götürərək onun mənzildən çıxarılması barədə qanunsuz qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Konstitusiyası və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 13, hissə 1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ, İİ, İV hissə; Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. (30 mart 2009-cu il tarixli Qanunla “və ya ictimai ehtiyaclar” sözləri çıxarılıb). Maddə 33. İ hissə; Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
14. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
Maddə 5.1.Hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Maddə 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimi yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
22. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları Konstitusiyanın, Mülki Məcəllənin və Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılır.
23. Cavabdehin boşaltmaq istəmədiyi mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla iddiaçının mülkiyyətindədir, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin mənzilə və ona bitişik inşa olunmuş tikiliyə cavabdehin hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır.
24. Cavabdehin mübahisəli mənzilə dair iddiaçı yaxud hər hansı şəxslə müqavilə bağlaması, mübahisəli mənzilə hər hansı bir formada aidiyyəti, yəni həmin mənzilin hansısa hüquqla ona məxsusluğu təsdiq olunmamışdır. Qeyd olunan mənzildə uzun müddət kirayəçi kimi faktiki yaşamış olsa belə, bu hallar cavabdehin həmin mənzilə hansısa subyektiv hüquqlarının yaranması demək deyildir.
25. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, cavabdehin İddiaçı məxsus mənzildə müvəqqəti yaşaması iddianın əsaslı olmadığına dəlalət etmir. Belə ki, cavabdehin qeyd olunan mənzilin mülkiyyətçisi olan İddiaçı ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki, cavabdehin bu istəyi iddiaçının bilavasitə razılığı ilə şərtləndirildiyindən sonuncunun isə belə razılığı olmadığından məhkəmənin yekun qənaəti mahiyyət etibarilə düzgün olmuşdur.
26. Şikayətin dəlilləri ilə bağlı qeyd olunur ki, iddia ərizəsində mənzilin sahəsinin 120 kv. metr olmasının qeyd olunması iddianın əsassızlığına dəlalət etmir. Çünki, iddia mənzilin mülkiyyət hüququ ilə iddiaçıya məxsus olduğu üçün irəli sürülmüşdür. Bakı şəhəri Nərimanov Bələdiyyəsinin cavabdehə 30 sentyabr 2022-ci ildə verdiyi Arayışda Nərimanov rayonu A.Nemətulla 76A ünvanında yerləşən özünəməxsus yaşayış sahəsinin uzun illərdir onun istifadəsində olduğu və vergi ödəyicisi kimi Bələdiyyədə qeydiyyata alındığı, həmin arayışın həmin ünvana "xxxx" ASC tərəfindən yeni işıq xəttinin çəkilməsi və yeni sayğacın quraşdırılmasına görə Asan Kommunal Xidmətə təqdim etmək üçün verildiyi göstərilmişdir(bax.i.v.43;90).Lakin həmin Bələdiyyənin məhkəmə sorğusuna 13 fevral 2023-cü il tarixli cavab məktubunda qeyd olunan ünvanda yerləşən həmin tikilinin Cavabdeh məxsus olmasının müəyyən edilmədiyi də göstərilmişdir(bax.i.v.31). Ona görə də Bələdiyyənin cavabdehə verdiyi 30 sentyabr 2022-ci il tarixli arayışın hazırki iddianın əsassızlığı baxımından hansısa hüquqi əhəmiyyəti və təsiri ola bilməzdi.
27. Cavabdeh iddia ərizəsinə əlavə edilmiş qeydiyyat vəsiqəsində göstərilən mənzilin iddiaçıya məxsus olmasını mübahisələndirmədiyini və həmin mənzili onsuzda boşaltdığını, lakin iddiaçının iddia ərizəsində yanlış məlumat verərək və məhkəməni aldadaraq mənzilin 120 kv.metr olmasını qeyd etdiyini, hakim isə iddiaçının subyektiv hüququ olmamasına baxmayaraq qanunsuz şəkildə işə baxaraq qətnamə qəbul etdiyini göstərsə də həm iddia ərizəsində, həm də qətnamənin nəticə hissəsində cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 76a ünvanında yerləşən 32 saylı mənzili boşaltması və mənzildən çıxarılması qeyd olunmuşdur. Ona görə həm tələb üzrə, həm də qət olunan nəticə üzrə iddiaçının subyektiv hüququ olmuşdur. Cavabdeh onun sahibliyində olan əmlakın bu qətnaməyə əsasən əlindən alınmasını özbaşınalıq və qanunsuz edilmiş hərəkətlərin legitimləşdirilməsi kimi qiymətləndirsə də qətnamədə iddiaçının mülkiyyətində olan mənzilin boşaldılması və həmin mənzildən çıxarılması qət edilmiş, cavabdehin qanuni sahibliyində olan hansısa əmlakın onun əlindən alınması qət edilməmişdir. Cavabdeh hansısa sahənin ona məxsus olduğunu bəyan edirsə bu halı sübut etmə yükü artıq onun üzərinə düşür, o, isə bu barədə məhkəməyə hansısa mötəbər sübut təqdim etməmişdir.
28. İddiaçıya məxsus mənzilin texniki pasportunun olmaması,mənzilin çoxmənzilli binada yerləşməsi və bütün digər mənzillər kimi sahəsinin eyni olması da da iddianın əsassızlığına dəlalət etmir. Bir daha qeyd olunur ki, cavabdehin iddiaçıya məxsus mənzilə bitişik istifadəsində və sahibliyində qanunsuz tikilinin olması həqiqi olsa belə bu hal hazırki iddianın təmin edilməməsi üçün əsas ola bilməzdi. Çünki,hazırki iddianın predmeti və əsası konkret göstərilmiş, qət olunan nəticədə də dəqiq və aydın qeyd olunmuşdur. Ona görə də bu qətnaməni qanunsuz hesab etmək əsaslı olmamışdır.
29. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1140/2023 saylı, 09 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1140/2023 saylı, 09 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.