Məhkəmə qərarları › İş №2(103)-3713/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3713/2021

21.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3713/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı Emin Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 9 nömrəli Xüsusi İnternat Məktəbinin nümayəndəsi (direktoru) X1, Cavabdeh Balabəy qızının iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-636/2020 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadından Cavabdeh Balabəy qızı tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-636/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə Emin Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 9 nömrəli Xüsusi İnternat Məktəbinin balansında olan, Cavabdeh Balabəy qızı tərəfindən zəbt olunmuş yeməkxana anbarının (F anbar binası) Cavabdeh Balabəy qızı tərəfindən əvvəlki vəziyyətə gətirilməklə (binanın sökülmüş hissəsi bərpa edilməklə) və məktəbin həyətinə düşən hissəsində qapı açılmaqla Emin Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 9 nömrəli Xüsusi İnternat Məktəbinin istifadəsinə qaytarılması qət edilmişdir. Cavabdeh Balabəy qızı həmin qətnamədən apellyasiya şikayəti vermiş və qətnamədən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-636/2020 saylı, xx xxxxxx 2021ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh Balabəy qızı şikayət verərək qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-636/2020 saylı, xx xxxxxx 2021ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Cavabdeh Balabəy qızının Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-636/2020 saylı, xx.xx.2021-ci il tarixli qərardadından vermiş olduğu şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Balabəy qızı şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı Emin Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 9 nömrəli Xüsusi İnternat Məktəbinin nümayəndəsi (direktoru) X2 şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-636/2020 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi xx xxxx 2020-ci il tarixdə rəsmi qaydada cavabdehin ünvanına sifarişli poçt vasitəsi ilə göndərilmiş, poçt xəbərnaməsinə əsasən Cavabdeh Balabəy qızı həmin qətnamənin surətini xx xxxx 2020-ci il tarixdə rəsmi qaydada almış və qətnamədən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermişdir. Lakin xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək apellyasiya şikayətindən imtina etmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(103)-6725/2020 saylı qərardadı ilə Cavabdeh Balabəy qızının apellyasiya şikayətindən imtinasının qəbul edilməsi və apellyasiya icraatına xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsinin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçi ərizədə apellyasiya şikayətindən imtinanın səbəbi kimi göstərilən hallar barədə hər hansı sübut təqdim edilmədiyindən, habelə qanunda qətnamədən iki dəfə apellyasiya şikayəti vermək hüququ nəzərdə tutulmadığından, cavabdehin yenidən apellyasiya şikayəti vermək üçün müddətin bərpasını tələb etməsi prosessual hüquqlardan sui-istifadə kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 47.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni qüvvəyə minməsindən uzun müddət keçdikdən sonra onun yenidən mübahisələndirilməsinə şərait yaradılması hüquqi müəyyənlik prinsipinə də ziddir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Brumaresku Rumıniyaya qarşı» xx xxxxxxx 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı, tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Həmin Məhkəmənin başqa bir qərarında isə qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» xx xxxx 2003-cü il tarixli işi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli “C.N.İsmayılzadənin şikayəti üzrə Qərarı”nda da vurğulanır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyriməhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq, onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, müddətin bərpasına dair ərizə əsassız hesab olunaraq təmin edilməməlidir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə göstərilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Belə olan halda kollegiya hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-636/2020 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Balabəy qızınən şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-636/2020 saylı, xx xxxxxx 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar