Məhkəmə qərarları › İş №2(103)-374/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-374/2022

20.09.2022 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-374/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi, kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair 2(006)-458/2021 saylı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 040HOME411370 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 84 ay müddətinə, illik 9% olmaqla, 106783 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. İddiaçı ASC ilə Cavabdeh1 və X4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 016HOME411370/ASİ saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən X1 rayonu Masazır kəndində yerləşən 0,0275 ha torpaq sahəsini Cavabdeh1 satmış, əmlakın satış qiyməti 10500 manat tam olaraq İddiaçı ASC tərəfindən xx.xx.2003-cü il tarixli 040HOME411370 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 verilmiş kredit vəsaiti hesabına ödənilmiş, Cavabdeh1 satılan torpaq sahəsini bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 040HOME411370 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Banka ipotekaya qoymuşdur. Tərəflər qəbul etmişlər ki, «İpoteka haqqında» Qanunun 51-52-ci maddələrinin tələblərinə əsasən ipoteka hüququ Cavabdeh1 həmin sahədə tikilən və gələcəkdə tikiləcək binalarına, tikililərinə və qurğularına şamil edilir.

3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli çıxarışa əsasən, Abşeron rayonu Masazır kəndində yerləşən 0,0275 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 mülkiyyətindədir.

4. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 411398/Z saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında xx.xx.2013-cü il tarixli, 040HOME411370 saylı kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliklər götürmüşdür.

5. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 040HOME411370 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2015-ci il tarixli razılaşmadan görünür ki, kreditin məbləği 91675,58 ABŞ dolları, kreditin son qaytarılma tarixi xx.xx.2024cü il müəyyən edilmişdir.

6. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 016HOME411370/ASİ saylı alqı-satqı və ipoteka müqaviləsinə xx.xx.2015-ci il tarixli 1 №-li Əlavədən görünür ki, kreditin məbləği 91675,58 ABŞ dolları, kreditin son qaytarılma tarixi xx.xx.2024-cü il müəyyən edilmişdir.

7. Cavabdeh2 tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2015-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli dəyişikliklərlə razıdır, dəyişikliklərlə tanışdır, öhdəlik icra edilmədikdə zaminlik müqaviləsi üzrə məsuliyyət daşıyır.

8. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 040HOME411370 saylı kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli 2 №-li Əlavədən görünür ki, borcalanın bu tarixə olan 91697,12 ABŞ dolları məbləğində borc qalığı həmin günə olan valyuta kursuna (1 ABŞ dolları=1.0517 manat) uyğun olaraq manata konvertasiya edilərək borc qalığı 96740,47 manat müəyyən edilmişdir.

a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 040HOME411370 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 73410,55 manat əsas kredit borcunun, 18967,09 manat faiz borcunun, 2582,72 manat cərimənin, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipotekaya tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 10 manat, xidmət haqqı kimi ödənilmiş 20 manat olmaqla, cəmi 95020,36 manat pulun tutulması, tutmanın ipoteka predmeti olan Abşeron rayonunun Masazır kəndində 0,0275 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına 95020,36 manat pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan torpaq sahəsinə və fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan sonra ən geci 1 ay müddətində onun boşaldılması, ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalıq məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmiş, buna görə də iddiaçı bankın kredit, zaminlik və ipoteka müqavilələrindən irəli gələrək bu iddianı qaldırmaq hüququ yaranmışdır.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-458/2021 saylı mülki iş üzrə 18 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 03 dekabr 2013-cü il tarixli 040HOME411370 saylı kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 73410,55 manat kredit borcu, 16860,55 manat faiz borcu, 300 manat cərimə, həmçinin 30 manat məbləğində dövlət rüsumu, cəmi 90601,10 manat məbləğində pul tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan, ilkin satış qiyməti 80000 manat məbləğində müəyyən edilməklə Abşeron rayonu Masazır kəndində 0,0275 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və fərdi yaşayış evinin açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən cəmi 90601,10 manat məbləğində pulun iddiaçının xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, Abşeron rayonu Masazır kəndində 0,0275 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra boşaldılması qət edilmişdir. (hakim X2)

12. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Cavabdeh1 kredit borcunu könüllü şəkildə ödəmədiyinə görə tutma həmin kreditin qaytarılmasının təminatı kimi ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə və onun üzərində inşa edilmiş yaşayış evinə yönəldilməli, kredit borcu həm əsas borcludan, həm də zamindən tutulmalıdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 449.1, 470.1, 472.1, 467, 739, 295, 269, 317, 319-cu maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdehlər apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin üzərində yerləşən yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, ipoteka predmeti kimi yalnız torpaq sahəsi qeydə alınmışdır. Buna görə də həmin yaşayış evinə tutma yönəldilə bilməzdi. Bundan əlavə, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilərkən fərdi yaşayış evinin qiyməti nəzərə alınmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

18. İştirak etdiyi məhkəmə iclaslarında Cavabdeh1 nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, ipoteka predmeti kimi yalnız torpaq sahəsi yüklü edilmiş, torpaq sahəsinin üzərində yerləşən yaşayış evi isə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığına görə ipoteka predmeti ola bilməzdi. Bundan əlavə, ipoteka predmeti dəyərindən xeyli aşağı qiymətləndirilmişdir.

19. İştirak etdiyi məhkəmə iclaslarında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin əsassız olduğunu, torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, ipoteka müqaviləsində ipotekanın həmin yaşayış evinə də şamil olunmasının qeyd olunduğunu, bu halın ipoteka haqqında qanunvericiliyin tələblərinə zidd olmadığını bildirdi və məhkəmədən şikayətin təmin olunmamasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 317.1 Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 51.1. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ipotekası zamanı ipoteka hüququ ipoteka qoyanın həmin sahədə yerləşən və ya tikilən binalarına, tikililərinə və qurğularına şamil edilmir. Maddə 51.2. Torpaq sahəsində yerləşən və ya tikilən binanın, tikilinin, qurğunun eyni ipoteka saxlayana ipoteka qoyulmasını nəzərdə tutan şərt müqavilədə öz əksini tapmadıqda torpaq sahəsinə tutma yönəldildiyi halda ipoteka qoyan həmin bina, tikili və ya qurğuya öz hüququnu saxlayır və təyinatına uyğun olaraq onlardan istifadə edilməsi üçün zəruri olan sahənin bir hissəsindən məhdud istifadə hüququ (servitut) əldə edir. Sahənin həmin hissəsindən istifadə şərtləri ipoteka qoyanla ipoteka saxlayanın sazişinə əsasən müəyyən edilir, mübahisələr isə məhkəmə qaydasında həll olunur. Maddə 51.3. İpoteka qoyanın ipoteka qoyulan torpaq sahəsində yerləşən və ya tikilən binası, tikilisi və ya qurğusu eyni ipoteka saxlayana ipoteka qoyulursa, həmin bina, tikili və ya qurğu barədə ipoteka qoyanın hüquqları, onların başqa şəxslərə keçməsinin şərtləri və nəticələri bu Qanunla müəyyən edilir. Maddə 52. İpoteka qoyan ipoteka müqaviləsi üzrə girov qoyulmuş üzərində tikinti olmayan torpaq sahəsində ipoteka saxlayanın razılığı olmadan qanunvericiliklə müəyyən edilmiş qaydada bina, tikili və ya qurğuları tikdirmək hüququna malikdir. Bu halda ipoteka hüququ həmin bina, tikili və qurğulara şamil edilir və ipoteka qoyan ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onlar barəsində ipoteka saxlayanın razılığı olmadan sərəncam vermək hüququna malik deyildir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.3 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya baxışının hədləri

20. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması xahiş olunsa da, şikayətdə faktiki olaraq tutmanın ipoteka predmeti olan torpaq sahəsinin üzərində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış fərdi yaşayış evinə tutulması və ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti mübahisələndirilmişdir. Buna görə də qətnamə yalnız həmin hissələrdə yoxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. O cümlədən məhkəmə düzgün olaraq ipoteka predmeti olan torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsini qət etmişdir.

23. Lakin məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti düzgün müəyyən edilməmişdir. Buna görə də qətnamə həmin hissədə dəyişdirilməlidir.

24. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 və X4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 016HOME411370/ASİ saylı alqı-satqı və ipoteka müqaviləsinin 1.5-ci bəndinə əsasən, tərəflər qəbul etmişlər ki, «İpoteka haqqında» Qanunun 51-52-ci maddələrinin tələblərinə əsasən ipoteka hüququ Cavabdeh1 həmin sahədə tikilən və gələcəkdə tikiləcək binalarına, tikililərinə və qurğularına şamil edilir. (1-ci cild i.v.16) Göründüyü kimi, torpaq sahəsinin üzərində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış Cavabdeh1 məxsus fərdi yaşayış evinə bankın ipoteka hüququnun şamil olunması bilavasitə həmin müqavilədə nəzərdə tutulmuşdur və bu hal «İpoteka haqqında» Qanunun 51-ci maddəsinin tələblərinə uyğundur. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 016HOME411370/ASİ saylı alqısatqı və ipoteka müqaviləsinin 1.8-ci bəndində əmlakın həmin dövrdə dəyəri 15000 manat müəyyən edilmişdir. (1-ci cild i.v.17) Birinci instansiya məhkəməsində işə baxılarkən alınmış "xxxx" MMC-nin rəyinə əsasən Abşeron rayonu Masazır kəndində 0,0275 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin hazırkı bazar qiyməti 83000 manat, ilkin likvid satış qiyməti isə 72000 manat müəyyən edilmişdir. Cavabdehlərin apellyasiya şikayətinə əlavə etdikləri “Məhkəmə Ekspertizası Xidmətləri” MMC-nin rəyinə əsasən isə, Abşeron rayonu Masazır kəndində 0,0275 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 281000 manat, likvid dəyəri isə 267000 manat müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qərardadına əsasən keçirilmiş qiymətləndirmənin nəticələrinə əsasən “X5 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 03 dekabr 2021-ci il tarixli rəydən görünür ki, Abşeron rayonu Masazır kəndində 0,0275 ha torpaq sahəsinin likvid dəyəri 33000 manat, həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 245000 manat və 0,0275 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin birlikdə likvid dəyəri 278000 manat müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qərardadına əsasən keçirilmiş qiymətləndirmənin nəticələrinə əsasən “MBA konsaltinq və qiymətləndirmə” şirkəti tərəfindən verilmiş 24 yanvar 2022-ci il tarixli rəydən görünür ki, Abşeron rayonu Masazır kəndində 0,0275 ha torpaq sahəsinin likvid dəyəri 33590 manat, həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 211120 manat və 0,0275 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin birlikdə likvid dəyəri 244700 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki ekspertizasının 10 iyun 2022-ci il tarixli 10/2047-9/2272 saylı rəyinə əsasən, Abşeron rayonu Masazır kəndində yerləşən 0,0275 ha torpaq sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 13800 manat məbləğində, 5% azalma əmsalı tətbiq edilməklə həmin torpaq sahəsinin likvid dəyəri təqribən 13110 manat və onun üzərində yerləşən fərdi yaşayış evinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 266705 manat məbləğində, 5% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 253370 manat, birlikdə isə 266480 manat (13110+253370) likvid dəyəri və hazırkı orta bazar dəyəri 280505 manat (266705+13800) təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini qətnamədə göstərərkən torpaq sahəsinin üzərində olan, bankın ipoteka hüququnun şamil olunduğu fərdi yaşayış evini nəzərə almamaqla düzgün nəticəyə gəlməmişdir.

25. Məhkəmə kollegiyası hesab edir ki, tikinti-texniki ekspertizasının 10 iyun 2022-ci il tarixli 10/2047-9/2272 saylı rəyində göstərilən torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə likvid dəyərinin 266480 manat olması ədalətli, ağlabatan və iş materiallarına uyğun olduğundan, ipoteka predmetinin ilkin satış qiyməti 266480 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən rəy verilərkən əmlakın qiymətləndirilməsi zamanı hüquqi sənədlərə istinad edildiyindən, alqısatqı sahəsində fəaliyyət göstərən internet resurslarından və digər etimad doğuran açıq mənbələrdən alınan məlumatlardan istifadə edildiyindən, həmin rəy daha dolğun və əsaslandırılmış rəydir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

26. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilərək 266480 manat müəyyən edilməlidir.

27. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.3, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-458/2021 saylı mülki iş üzrə 18 may 2021-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilsin. İpoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində 0,0275 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 266480 (iki yüz altmış altı min dörd yüz səksən) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Apellyasiya icraatı zamanı məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf olunmuş 100 manat pul cavabdehlərdən müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar