Məhkəmə qərarları › İş №2(103)-3742/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3742/2020

25.08.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3742/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil və cavabdeh X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-328/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyini cəlb etməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 35 ünvanda qanunsuz olaraq heç bir icazə almadan girişdə qurulmuş dəmir pilləkənin sökülməsi, mənzillərin əsas giriş qapısında açılmış qəlyanaltının ləğv edilməsi, orada aparılmış yüngül konstruksiyalı arakəsmələr və quraşdırılmış avadanlıqların sökülməsi, girişin əvvəlki vəziyyətinin bərpa edilməsi və giriş-çıxışa maneçiliyin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-328/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh X4 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının yeri və vaxtı barədə ona heç bir məlumat verilməmişdir. Bundan başqa mübahisəli ünvanda yerləşən mənzili o, uzun müddətdir ki, başqa şəxsə satmış və özü də həmin ünvanda yaşamır. Məhkəmə iclasında cavabdeh X4 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdi. İddiaçı2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 35 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı1, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 35 (Yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 53A) ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı2, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 35 saylı evin 9 saylı mənzili X5 mülkiyyətindədir. İddiaçılar bildirir ki, onların mənzilinə əsas giriş Azadlıq prospekti tərəfindədir və əsas girişdən onlarla bərabər cavabdeh X4 da istifadə edir. Cavabdeh 2017-ci ildə mənzillərin əsas girişini bağlayıb orada məişət obyekti düzəltmişdir. Cavabdehin 2-ci mərtəbədə yerləşən mənzilinə qalxmaq üçün həyətdən dəmir pilləkəni olsa da, cavabdeh mənzillərin girişindən 2-ci dəmir pilləkən düzəltmiş və bu hərəkəti ilə əsas girişin yarısını bağlamışdır. Bundan başqa cavabdeh əsas girişi tam bağlayaraq orada yenidən planlaşdırma işləri aparmış, girişin önünü yüngül konstruksiyalarla bağlayıb plastmas qapı qoymuş və içərisində kafe açmışdır. Cavabdehə dəfələrlə binaya girişin açılması və qanunsuz pilləkənin və digər maneələrin sökülməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, o, bu tələbə məhəl qoymamışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, o, hazırda mübahisələndirilən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 35 saylı ünvanda yerləşən 9 saylı mənzili hələ hazırki iddia qaldırılmamışdan əvvəl X1 və mənzil xx.xx.2018-ci il tarixdən sonuncunun mülkiyyətindədir. Hazırda da o, həmin mənzilə sahiblik etmir. Ona görə də, hazırkı iddia düzgün olmayan cavabdehə qarşı qaldırılmışdır. Üçüncü şəxsin nümayəndəsi mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 35 saylı evin 9 saylı mənzili xx.xx.2018-ci il tarixdən X5 mülkiyyətindədir. Lakin hazırki iddia əvvəlki mülkiyyətçi olan X3 qarşı irəli sürülmüşdür. Göründüyü kimi iddia tələbləri buna cavab verməli olmayan şəxsə qarşı irəli sürülmüşdür. Bununla bağlı kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia ərizəsində cavabdeh kimi göstərilmiş X4 iddia ərizəsində irəli sürülmüş tələblər üzrə cavabdeh (borclu) hesab edilmədiyinə görə həmin iddia tələbləri rədd edilməli və bununla bağlı apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-328/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 35 ünvanda qanunsuz olaraq heç bir icazə almadan girişdə qurulmuş dəmir pilləkənin sökülməsi, mənzillərin əsas giriş qapısında açılmış qəlyanaltının ləğv edilməsi, orada aparılmış yüngül konstruksiyalı arakəsmələr və quraşdırılmış avadanlıqların sökülməsi, girişin əvvəlki vəziyyətinin bərpa edilməsi və girişçıxışa maneçiliyin aradan qaldırılması barədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar