Məhkəmə qərarları › İş №2(103)-3753/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3753/2022

23.05.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3753/2022 23.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X3 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(005)- 2298/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə artıq ödənilmiş pul məbləğinin tutulması tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən artıq ödənildiyi iddia edilən 15065 manat pul məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, tərəflər arasında 194 kv.m-lik mənzilin cəmi 223100 manat dəyərinə satılması barədə müqavilə bağlanmışdır. Daha sonra çıxarış almaq üçün dövlət qurumu BTD gəlib mənzili ölçdü və iddiaçıya verilən çıxarışdan müəyyən olundu ki? MTK 194 kv m əvəzinə 180.90 kv sahə verib. Burdan görünür ki, iddiaçı 15065 manat pul məbləğini artıq ödəmişdir. Belə ki, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqları Dövlət reyestrinə qeydiyyata alarkən iddiaçıya satılan mənzilin sahəsi ölçülmüş və məlum olmuşdur ki, mənzilin ümumi sahəsi 180.90 kv.m təşkil edir və bu qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda da öz əksini tapmışdır. Bununla da cavabdeh müqavilə üzrə götürdüyü öhtəliyi tam icra etməyərək iddiaçıya 13,1 kv.m yaşayış sahəsi az vermişdir, baxmayaraq ki, iddiaçıdan ümumi sahəsi 194 kv.m olan mənzilin məbləği alınmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən mənzili kv.m qiyməti 1150 manatdan hesablanmışdır, bununla da iddiaçıya verilməyən 13,1 kv.m yaşayış sahəsinə görə 15065 manat əlavə ödəniş etmişdir. Yaranmış vəziyyətlə bağlı cavabdehə dəfələrlə müraciət etsə də əlavə ödədiyi vəsaitin geri qaytarılması niyyətində olmadıqlarını, ümumiyyətlə mübahisənin həlli istiqamətində heç bir təklif etmədiklərindən və mübahisənin yalnız məhkəmə qaydasında mümkün ola biləcəyi qənaətində olduğu üçün hüquqlarımın müdafiəsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(005)- 2298/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2298/2022 saylı iş üzrə 23.12.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, cavabdehlə aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən əlavə ödədiyi 15065 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Cavabdeh MTK məhkəmə bitənə qədər ondan tələb olunub ki, alqı-satqı müqaviləsini gətirsin. Ancaq, axrıncı məhkəmədə hakim özü bildirdi ki, Cavabdeh MTK alqı-satqı müqaviləsini təqdim etməyib. Alqı-satqı müqaviləsi notarial qaydada təstiq olunmayıb. Halbuki, hakim özü deyirdi ki, notarial qaydada təstiqlənməyən sənədləri biz qəbul etmirik.”Pilot İnşaat”ın müqaviləsinin 5 səhifədən ibarət olduğu halda onun 1-ci səhifəsinin 3.1 bəndində yazdıqlarına görə iddiaçının mənzilinin ümümi sahəsi oxdan oxa (daxili divarların hörgü altları, balkonlar ümumi sahəyə daxil olmaqla) yazılmışdır. Halbuki, ona 1-ci alqı-satqı müqaviləsi veriləndə bu sözlər orada yazılmamışdır. Bunu onunla əsaslandırır ki, onun o səhifədə imzası yoxdur. Onlar bu səhifəni iddiaçının iştirakı ilə öz xeyirlərinə 3 dəfə dəyişdiriblər. Heç harda görsənməyib ki, alqı-satqı müqaviləsində onun imzası olmadan X4 qərar qəbul etsin.X2 isə yalandan iddiaçının imzasının orada olduğunu yazıb. Halbuki, o alqı-satqı müqaviləsinin sürəti İddiaçı var. Onun iddia ərizəsinin təmin olunmamağının əsas səbəblərindən biridə odur ki, X4nın ekspertin qabağında qoyduğu suallar onun yaşayış mənzilinin faktiki sahəsinin ölçülməsinin və tikinti sahəsinin ölçülməsi kimi sualların qoyulmasıdır. Bu suallar isə onun işinə heç bir aidiyyatı yoxdur. Hakim tərəfindən qoyulan sual isə: Tikinti sahəsi, binanın ümumi sahəsi, və mərtəbənin sahəsi ölçüləndə ölçülür. Faktiki sahənin ölçülməsi də düzgün sual deyil. Çünki bu suallar "Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04" dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı"nın 3.2 və 3.8 bəndlərinə ziddir. İddiaçı mənzilinin bu bəndlərə uyğun ölçülməli idi. Buradan belə görsənir ki, X4 və Kərimov Təhmasib və MTK Pilot İnşaat bir-biriləri ilə əlbir olub ona qarşı, MTK Pilot İnşaata sərf edən qərar çıxardıblar. Pilot İnşaat MTK tərəfindən tərtib olunmuş alqı-satqı müqaviləsinin 1-ci səhifəsində onun imzası olmadığı üçün və heç bir dövlət qurumunun təstiqi olmadığı üçün o səhifədəki yazılan sözləri MTK özünə uyğun olaraq hər dəfə dəyişə bilir. Bu dəyişiklərdən biri də müqavilənin 1-ci səhifəsinin 3.1 bəndində mənzilinin ümümi sahəsi oxdan oxa (daxili divarların hörgü altları, balkonlar ümumi sahəyə daxil olmaqla) ölçülməsi yazılmışdır. X4 isə X2ə qanunsuz suallar verməklə onun yaşayış mənzilinin faktiki sahəsinin ölçülməsini və tikinti sahəsinin ölçülməsini qarşısına qoymuşdur. Bununla o "Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04" dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı"nın 3.2 və 3.8 bəndlərini pozmuşdur. Və iddiaçının iddiasını təmin etməmişdir. Qeyd olunanlara əsasən Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin qətnaməsinin ləğv edərək cavabdehlə aralarında bağlanmış alqısatqı müqaviləsinə əsasən əlavə ödədiyi 15065 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, cavabdehlə aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən əlavə ödədiyi 15065 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçıda başqa müqavilənin, yənin onun iddia etdiyi 1-ci alqı-satqı müqaviləsinin, yaxud şərtlərinin dəyişdirilməsi iddia olunan digər müqavilənin nə əsli, nə də surəti yoxdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə bağlanan bir müqavilə olub, nə sonradan dəyişiklik, nə də əlavə olunmayıb.Əgər iddiaçıda belə müqavilə varsa təqdim etsin.O ki, qaldı müqavilənin birinci vərəqinin imzalı olmamasına, bununla bağlı digər vətəndaşlarla Pilot İnşaat” Mənzil-Tikinti Kooperativinin bağladığı müqavilələrdə də birinci vərəq imzalı deyildir.Həmçinin, digər vətəndaşlarla Pilot İnşaat” Mənzil-Tikinti Kooperativinin bağladığı müqavilələrin surətini və Tərəflər arasında bağlanmış və imza ilə təsdiq edilmiş 23 oktyabr 2017-cı il tarixli, 49 saylı həmin Müqavilənin təsdiq olunmuş surətini məhkəməyə təqdim etmişdir.(Notarius təsdiq etmədiyindən həmçinin, qeyd edilən müqavilənin əslinə baxış keçirilmişdir.) Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İş materiallarında olan birinci tərəf Cavabdeh ilə ikinci tərəf İddiaçı arasında 23 oktyabr 2017-ci il tarixli, 49 saylı müqavilə bağlanmış və müqavilələrin şərtlərindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi və S.Rəhman küçələrinin kəsişməsində inşa etdiyi çoxmənzilli yaşayış binasının B blokunun 8-ci mərtəbəsinin 4 otaqlı 124 saylı mənzilin tikilib “Sifarişçi”yə təhvil verilməsini və “sifarişçi” öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsini öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış və imza ilə təsdiq edilmiş 23 oktyabr 2017-cı il tarixli, 49 saylı həmin Müqavilənin 3.1 bəndinə görə və müqavilə üzrə ümumi sahənin oxdan-oxa (daxili divarların hörgü altları, balkonlar ümumi sahəyə daxil olmaqla) hesablanması nəzərə alınaraq mənzilin ümumi sahəsi 194,0 m2 müəyyən edilir. İşdə olan 28 fevral 2020-ci il tarixli, 363 saylı maliyyə arayışından müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. MTKnə borcu yoxdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşnmaz Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə xüsusi mülkiyyət hüququ əsasında malikdir və bu barədə 06.04.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2021-ci il tarixli, 10/3711 saylı ekspert rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən mülki iş materiallarında olan, tərəflər arasında bağlanmış və imza ilə təsdiq edilmiş 23 oktyabr 2017-cı il tarixli, 49 saylı Müqavilənin şərtlərini və müqavilə üzrə ümumi sahənin oxdan-oxa (daxili divarların hörgü altları, balkonlar ümumi sahəyə daxil olmaqla) hesablanmasını nəzərə alaraq, İddiaçı mülkiyyətində olan, AZ 1078 ünvan 1 ünvanında yerləşən mənzilin ümumi sahəsinin tərəflər arasında bağlanmış 23 oktyabr 2017-cı il tarixli, 49 saylı Müqaviləyə uyğun olaraq 194,0 m2 təşkil etdiyi müəyyən edilir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, birinci tərəf Cavabdeh ilə ikinci tərəf İddiaçı arasında 23 oktyabr 2017-ci il tarixli, 49 saylı müqavilə bağlanmış və müqavilələrin şərtlərinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi və S.Rəhman küçələrinin kəsişməsində inşa edilmiş çoxmənzilli yaşayış binasının B blokunun 8-ci mərtəbəsinin 4 otaqlı 124 saylı mənzilin tikilib “Sifarişçi”yə təhvil verilməsini və “sifarişçi” öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsini öz öhdəsinə götürmüşdür. ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına 06.04.2020-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. İddiaçı ona müqavilədə nəzərdə tutulandan daha az sahəli mənzil verildiyini və beləliklə onun tərəfindən artıq pul məbləğinin ödənildiyini iddia edir, həmin məbləğin geri qaytarılmasını xahiş edir və iddia rədd edilmişdir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, iddiaçı şikayətində göstərmişdir ki, Cavabdeh MTK məhkəmə bitənə qədər ondan tələb olunub ki, alqı-satqı müqaviləsini gətirsin.Ancaq Cavabdeh MTK alqı-satqı müqaviləsini təqdim etməyib. Alqı-satqı müqaviləsi notarial qaydada təstiq olunmayıb.”Pilot İnşaat”ın müqaviləsinin 5 səhifədən ibarət olduğu halda onun 1-ci səhifəsinin 3.1 bəndində yazdıqlarına görə iddiaçının mənzilinin ümümi sahəsi oxdan oxa (daxili divarların hörgü altları, balkonlar ümumi sahəyə daxil olmaqla) yazılmışdır. Halbuki, ona 1-ci alqı-satqı müqaviləsi veriləndə bu sözlər orada yazılmamışdır. Bunu onunla əsaslandırır ki, onun o səhifədə imzası yoxdur. Onlar bu səhifəni iddiaçının iştirakı ilə öz xeyirlərinə 3 dəfə dəyişdiriblər. Lakin iddiaçının qeyd etdikləri mötəbər sübutlarla təsdiqini tapmır.Belə ki, məhkəmə kollegiyasının iclasında İddiaçı ona verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçıda başqa müqavilənin, yənin onun iddia etdiyi 1-ci alqı-satqı müqaviləsinin, yaxud şərtlərinin dəyişdirilməsi iddia olunan digər müqavilənin nə əsli, nə də surəti yoxdur. Bundan başqa məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı ilə bağlanan bir müqavilə olub, nə sonradan dəyişiklik, nə də əlavə olunmayıb.Əgər iddiaçıda belə müqavilə varsa təqdim etsin.O ki, qaldı müqavilənin birinci vərəqinin imzalı olmamasına, bununla bağlı digər vətəndaşlarla Pilot İnşaat” Mənzil-Tikinti Kooperativinin bağladığı müqavilələrdə də birinci vərəq imzalı deyildir.Həmçinin, didər vətəndaşlarla Pilot İnşaat” Mənzil-Tikinti Kooperativinin bağladığı müqavilələrin surətini və Tərəflər arasında bağlanmış və imza ilə təsdiq edilmiş 23 oktyabr 2017-cı il tarixli, 49 saylı həmin Müqavilənin təsdiq olunmuş surətini məhkəməyə təqdim etmişdir. Notarius təsdiq etmədiyindən həmçinin, məhkəmə kollegiyası qeyd edilən müqavilənin əslinə baxış keçirilmişdir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçının apellyasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin ekspertin qabağında qoyduğu suallar onun yaşayış mənzilinin faktiki sahəsinin ölçülməsinin və tikinti sahəsinin ölçülməsi kimi sualların qoyulmasıdır. Bu suallar isə onun işinə heç bir aidiyyatı yoxdur. Hakim tərəfindən qoyulan sual isə: Tikinti sahəsi, binanın ümumi sahəsi, və mərtəbənin sahəsi ölçüləndə ölçülür. Faktiki sahənin ölçülməsi də düzgün sual deyil. Çünki bu suallar "Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04" dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı"nın 3.2 və 3.8 bəndlərinə ziddir. İddiaçı mənzilinin bu bəndlərə uyğun ölçülməli idi. Məhkəmə kollegiyası şikayətin bu dəlilinə münasibətdə isə qeyd edir ki, iddiaçının mənzilinin sahəsinin hesablanma qaydası Tərəflər arasında bağlanmış və imza ilə təsdiq edilmiş 23 oktyabr 2017-cı il tarixli, 49 saylı həmin Müqavilənin 3.1 bəndinə görə və müqavilə üzrə ümumi sahənin oxdan-oxa (daxili divarların hörgü altları, balkonlar ümumi sahəyə daxil olmaqla) hesablanması nəzərə alınaraq mənzilin ümumi sahəsi 194,0 m2 müəyyən edilir. Məhkəmə kollegiyası şikayətin qeyd edilən dəlilinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar, şərtlərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur; 422.2-ci maddəsinə əsasən 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda müqavilə dəyişdirilə bilər; 422.4-cü maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox oİan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir; 424.1-ci maddəsinə əsasən müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır; 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə isə müqavilənin dəyişdirilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 nömrəli Protokulunun 1-ci maddəsinin tələblərini pozuntusu: Həmin maddəyə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri nəzərdə tutulmuş sərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Dövlət təkcə dövlət orqanı tərəfindən mülkiyyət hüququnun pozulmasının qarşısını almaq yox mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradan bütün halları aradan qaldırmaq vəzifəsi daşıyır (bax: Akimova Azərbaycan qarşı 27 oktyabr 2007-ci il tarixli qərar). Qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərindən də göründüyü kimi, tərəflər (fiziki və hüquq şəxslər) azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Eyni zamanda, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir və tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Qeyd edilməlidir ki, müqavilə azadlığı tərəflərin öz iradə ifadələrini əks etdirməklə bağlanılır və heç kimi hər hansı bir öhdəlik vəzifəsi kimi müqavilə bağlanılmasına məcbur edilə bilməz. Hazırki işdə tərəflər şərtlərlə razılaşdıqdan sonra öz iradə ifadələrini bildirməklə müqavilə imzalamışlar. Mülki işin mübahisəsiz tərəfi ondan ibarətdir ki, Cavabdeh müqavilə şərtlərinə əsasən iddiaçıya ünvan 1 ünvanında yerləşən mənzili verməyi öhdəsinə götürüb və bu öhdəliyi yerinə yetirib. Eyni zamanda iddiaçı müqavilə üzrə nəzərdə tutulmuş pul məbləğini cavabdehə ödəmişdir və iş materiallarında olan arayış da bunu sübut edir. İddiaçı isə ona təhvil veriən mənzilin müqavilədə nəzərdə tutulandan daha az olduğunu iddia edir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin olunmuş, rəyə əsasən müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış və imza ilə təsdiq edilmiş 23 oktyabr 2017-cı il tarixli, 49 saylı Müqavilənin şərtlərini və müqavilə üzrə ümumi sahənin oxdan-oxa (daxili divarların hörgü altları, balkonlar ümumi sahəyə daxil olmaqla) hesablanmasını nəzərə alaraq, İddiaçı mülkiyyətində olan, AZ 1078 ünvan 1 ünvanında yerləşən mənzilin ümumi sahəsinin tərəflər arasında bağlanmış 23 oktyabr 2017-cı il tarixli, 49 saylı Müqaviləyə uyğun olaraq 194,0 m2 təşkil etdiyi müəyyən edilir. Beləliklə, iddiaçının iddia tələbində və apellyasiya şikayətində qeyd etdikləri mötəbər sübutlarla təsdiqini tapmır.Belə ki, məhkəmə kollegiyasının iclasında İddiaçı ona verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçıda başqa müqavilənin, yənin onun iddia etdiyi 1-ci alqı-satqı müqaviləsinin, yaxud şərtlərinin dəyişdirilməsi iddia olunan digər müqavilənin nə əsli, nə də surəti yoxdur. Məhkəmə kollegiyası iclasda Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən təqdim olunmuş digər vətəndaşlarla Cavabdeh bağladığı müqavilələrdə də birinci vərəq imzalı olmamasını müəyyən etmişdir. Həmçinin, notarius təsdiq etmədiyindən məhkəmə kollegiyası iş materiallarında olan müqavilənin əslinə baxış keçirilmişdir və iş materiallarında tədqiq olunmuş tərəflər arasında bağlanmış 23 oktyabr 2017-cı il tarixli, 49 saylı Müqavilənin surətindən fərqli olmadığını da müəyyən etmişdir. Eyni zamanda, tərəflər arasında imzalanmış 23 oktyabr 2017-cı il tarixli, 49 saylı Müqavilənin şərtləri Cavabdeh tərəfindən pozulmamışdır, iddiaçıya tərəflər arasında bağlanmış müqavilənin tələblərinə cavab verən mənzil təhvil verilmişdir. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə artıq ödənilmiş pul məbləğinin tutulması tələbinə dair iddiasının təmin edilməməsi ilə bağlı birinci instasiya məhkəməsinin qənaəti düzgündür. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(005)- 2298/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar