Məhkəmə qərarları › İş №2(103)-3759/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3759/2022

21.07.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3759/2022 21.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, Cavabdeh2, onun və digər cavabdehin vəkili, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 9 saylı Notariat Ofisinin nümayəndəsi və vəkili Elyar Əliyevin, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu X5 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyət hüququnun tanınması, alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması və ya pul tələbinə dair” 2(008)-537/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyət hüququnun tanınması, alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması və ya pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,07 ha torpaq sahəsinə İddiaçı2 MMC-nin mülkiyyət hüququnun tanınması, ünvan 1 ünvanında yerləşən 0,07 ha torpaq sahəsinə dair İddiaçı2 MMC ilə alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması və ya ünvan 1 ünvanında yerləşən 0,07 ha torpaq sahəsinə görə İddiaçı1 tərəfindən ödənilən 233971,12 manat (iki yüz otuz üç min doqquz yüz yetmiş bir manat on iki qəpik) məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı1 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşıdır. Belə ki, o, Azərbaycan Respublikasında turist qismində olduğu vaxt hazırkı iş üzrə cavabdeh olan və Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh1 ilə tanış olmuşdur. Sonuncu isə iddiaçını xx.xx.1961-ci il təvəllüdlü atası Cavabdeh2 ilə tanış etmişdir. Bundan sonra Cavabdeh1 iddiaçını xx.xx.1982-ci il təvəllüdlü X15 ilə tanış etmişdir. Daha sonra göstərilən şəxslər birləşərək iddiaçını İddiaçı1 ölkədə qonaq (turist) olmasından, Azərbaycan dilini bilməməsindən və ən əsası etibarından sui-istifadə etməklə onun pullarını mənimsəyərək başına olmazın oyunlar açmış və iddiaçıya qarşı xeyli qanunsuz əməllərə yol vermişlər. Belə ki, 2017-ci ilin sentyabr ayında Cavabdeh1 iddiaçıya ünvan 2 ünvanında yerləşən 0,09 ha ölçüdə guya ucuz qiymətə torpaq sahəsinin satıldığı və həmin torpaq sahəsinin onun tərəfindən alınaraq orada özü üçün yaxşı bir villa tikməsi və gələcəkdə Azərbaycana gələrkən otellərdə deyil, məhz öz şəxsi bağ evində qalması barədə təklif irəli sürmüşdür. Daha sonra iddiaçı onun bu təklifi ilə bu şərtlə razı olmuşdur ki, həmin torpaq sahəsi tam şəkildə onun Azərbaycan Respublikasında yaratdığı İddiaçı2 MMC adlı şirkətin adına rəsmiləşdirilsin. Çünki iddiaçı əcnəbi şəxs olduğundan həmin torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinin mümkünsüz olmasından (qanunla buna yol verilmədiyindən) məlumatlı idi və buna görə də yalnız öz adına şirkət təsis etdikdən sonra həmin torpaq sahəsinin yeni yaradılan şirkətin adına alqı-satqı edilməsi barədə öz aralarında şifahi razılığa gəlmişlər. Cavabdeh1 bununla razılaşmış və onun Azərbaycan bankları ilə problemləri olduğundan (müəyyən kreditlər üzrə ödənişləri etmədiyi üçün barəsində məhkəmə qətnamələri olduğu üçün) müvafiq pulun onun öz adına deyil, məhz atası və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Cavabdeh2 adına göndərilməsini bildirmişdir. Daha sonra iddiaçı öz vətənindən, yəni Əbu-Dabidən 11 sentyabr 2017-ci il tarixdə Əbu- Dabi Milli Bankı vasitəsilə 650000,00 AED-BƏƏ dirhəmi (650000,00 AED-BƏƏ dirhəmi x 0,4628 = 300820,00 manat) pul köçürməsi etmiş və Cavabdeh2 da həmin göndərilən pulu şəxsən "xxxx"dan çıxardaraq oğlu Cavabdeh1 ilə birlikdə xərcləmişlər. Qeyd olunmalıdır ki, 28 sentyabr 2018-ci il tarixli, 3M-1168 reyestr nömrəli “İcarə” müqaviləsi Bakı şəhəri 9 saylı Notariat ofisi tərəfindən təsdiq edilərkən də X1 Elçin Məhəmmədəli oğlunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olmuşdur. Cavabdeh1 bir çox məsələlərdə atası Cavabdeh2 istifadə etməsinə baxmayaraq əcnəbiyə qarşı yol verilən bütün bu qanunsuzluqlara birbaşa rəhbərlik etmişdir. Göründüyü kimi, tərəflər arasında qeyd olunan şərtlərlə şifahi müqavilə bağlanılsa da cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri qismən icra etmiş və 0,09 ha torpaq sahəsinin yalnız 0,02 sotunda yerləşən bağ evinin əcnəbinin adına rəsmiləşdirilməsini həyata keçirmişdir. Yerdə qalan 0,07 ha torpaq sahəsini isə əcnəbini aldararaq yalnız Bakı şəhəri 9 saylı Notariat ofisində 28 sentyabr 2018-ci il tarixli, 3M-1168 reyestr nömrəli “İcarə” müqaviləsini bağlamaqla kifayətlənmişdir. Nəticədə cavabdeh əcnəbiyə qeyd olunan 0,07 ha torpaq sahəsinin də onun adına rəsmiləşdirildiyini bildirmişdir. Əcnəbi isə ona inanmış və Azərbaycan dilini bilmədiyindən (Bakı şəhəri 9 saylı Notariat ofisində göstərilən müqavilə rəsmiləşdirilərkən tərcüməçi ilə təmin edilmədiyindən) elə məhz həmin “İcarə” müqaviləsi ilə də qeyd edilən torpaq sahəsinin onun şirkətinin adına rəsmiləşdirildiyi qənaətinə gəlmişdir. Qeyd olunmalıdır ki, Bakı şəhəri. Sabunçu rayonu. Pirşağı qəsəbəsi ünvanında yerləşən 94 saylı bağ evi hazırda əcnəbinin adına olmaqla ona məxsusdur. Bu Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına verilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestrində 161 nömrəli reyestr kitabının 15934 nömrəli vərəqində qeydiyyata alınmış, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli “Çıxarışla” da bir daha təsdiq olunur. Xüsusilə qeyd olunmalıdır ki, göstərilən bağ evi və 0,09 ha torpaq sahəsində yerləşən digər köməkçi və başqa tikililərin hamısı məhz əcnəbi şəxsin öz vəsaiti hesabına inşa edilmişdir. Belə ki, həmin torpaq sahəsi reallıqda başqa bir qadına məxsus olmuşdur. Cavabdeh1 həmin torpaq sahəsini qeyd olunan qadından daha ucuz qiymətə almış və sonra onu dəyərindən dəfələrlə yüksək qiymətə əcnəbiyə satmağa nail olmuş və bu azmış həmin torpaq sahəsini aralarında gəldikləri razılaşmaya uyğun olaraq əcnəbi şəxsə məxsus hazırkı iş üzrə İddiaçı2 MMCnin adına rəsmiləşdirməmişdir. Qeyd olunan şəxslər bununla kifayətlənməyərək, həmçinin əcnəbi şəxsə “tələ” qismində “Nikah müqaviləsi” də imzalatmışdırlar ki, gələcəkdə onun pullarını bir az mənimsəmək daha da rahat olsun. Hansı ki, həmin sənədin də heç bir hüquqi əsası yoxdur. Həmçinin qeyd olunan bütün bu qanunsuz hərəkətlərə rəhbərlik edən Cavabdeh1 (hazırda Azərbaycan Respublikasında yaşamır və iddiaçıdan mənimsədiyi pullar vasitəsilə Kanadaya köçərək hazırda orada yaşayır) iddiaçı ilə tanış etdiyi X10 da idarə edərək (hazırda da Dilrubə Elçinin bir növ burada nümayəndəsi olaraq onun qanunsuz göstərişlərini icra eləməkdədir) onu qanunsuz şəkildə iddiaçının bağ evinə salmış və ona tapşırıq vermişdir ki, oradan çıxmasın. Bununla bağlı iddiaçı tərəfindən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində cavabdeh X6 qeyd olunan “bağ evindən və torpaq sahəsindən çıxarılması tələbinə dair” iddia qaldırılmış və məhkəmə tərəfindən iddiaların tam şəkildə təmin edilməsi barədə qətnamə çıxarılmışdır. Təsadüfi deyildir ki, əcnəbi aldadıldığını bildikdən və öz hüquqlarını müdafiə etməyə başladıqdan sonra Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı məhkəmədə iddia qaldıraraq, xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi və bu günə qədər ödənilməmiş icarə haqqının bank uçot faiz dərəcəsi və mənəvi ziyan nəzərə alınmaqla 10825 manat pulun tutulması tələbi barədə məhkəməyə müraciət etmişdir. Necə olur ki, 200 manat olan icarə haqqı məbləğləri az qala bu 3 ildə onun ailə üzvlərinə ehtiyac olmur, elə məhz indiki vaxtda bu onun yadına düşür? Göstərilənlər bir daha onu sübut edir ki, həmin iddia tamamilə əsassızdır. Yuxarıda qeyd olunan işin hallarından tam şəkildə aydın olur ki, Cavabdeh1, Cavabdeh2 və X15 Azərbaycan Respublikasında qonaq olan əcnəbi şəxs - İddiaçı1 qarşı çoxlu sayda qanunsuz hərəkətlərə yol verərək onun pullarını mənimsəmiş və onun Azərbaycan dilini bilməməsindən istifadə edərək ona saxta sənədlərə qol çəkdirmişdirlər. Xüsusilə mühüm bir məqam odur ki, göstərilən şəxs ölkəyə tez-tez gələn turistdir və turist olaraq qonağa qarşı belə bir qanunsuz hərəkətin edilməsi tam yolverilməzdir və qeyd olunan özbaşınalığın qarşısı alınmayacağı təqdirdə bunun əcnəbilərə münasibətdə ölkə barədə mənfi fikrin formalaşdırılmaması və turistlərə qarşı yerli vətəndaşlar tərəfindən bu cür qanunsuz əməllərə yol verilməsi kimi məlumatların yayılmaması qaçılmaz olacaqdır. Göründüyü kimi, tərəflər arasında şifahi razılaşmaya əsasən bağ evi iddiaçının adına, bağ evinin yerləşdiyi torpaq sahəsi isə iddiaçıya məxsus şirkətin adına rəsmiləşdirilməli idi. Təəssüflər olsun ki, cavabdeh əcnəbinin Azərbaycan dilini bilməməsindən istifadə edərək torpaq sahəsini onun şirkətinin adına deyil, yalnız notariat kontorunda “İcarə müqaviləsi” bağlayaraq onun istifadəsinə verməklə kifayətlənmişdir. İddiaçıya yalnız yaxın vaxtlarda onun qeyd olunan şəxslər tərəfindən aldadıldığı və etibarından sui-istifadə edilərək başına belə bir oyun açıldığı məlum olmuşdur. 26 noyabr 1999-cu il tarixli “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır. Notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilir. 11 sentyabr 2000-ci il tarixli “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 9-cu bəndinə əsasən, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə, rəsmiləşdirilmiş sənədin mətni ona notarius, yaxud tərcüməçi tərəfindən tərcümə olunmalıdır. Həmin sənədin notarius tərəfindən edilmiş tərcüməsinin düzgünlüyü və ya sənədi tərcümə etmiş tərcüməçinin imzasının həqiqiliyi təsdiq olunur. Təəssüflər olsun ki, Bakı səhəri 9 saylı Notariat ofisi 28 sentyabr 2018-ci il tarixli, 3M-1168 revestr nömrəli “İcarə” müqaviləsini əcnəbinin bildiyi “Ərəb” və va “İngilis” dilinə tərcümə edilməsini təmin etməmiş və bununla da “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun, həmçinin “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının tələblərini kobud şəkildə pozmaqla onu rəsmiləşdirmişdir. Qeyd olunmalıdır ki, həmin vaxtda göstərilən 0,09 ha torpaq sahəsinin 1 (bir) sotunun real bazar qiyməti təxminən 5000 (beş min) manat olduğu halda cavabdeh həmin torpaq sahəsini əcnəbiyə real dəyərindən, yəni 5000 x 9 sot = 45000 manat əvəzinə, xeyli baha qiymətə olmaqla 300820 manata (650000 AEDBƏƏ dirhəmə) satmış və hətta sonda verdiyi vədə əməl etməyərək 0,07 ha torpaq sahəsini əcnəbiyə məxsus şirkətin adına rəsmiləsdirilməsindən əsassız səkildə imtina etmişdir. Nəticədə qeyd olunan 9 (doqquz) sot torpaq sahəsinin 1 (bir) sotu əcnəbi üçün 33424,44 (300820/9 sot = 33424,44) manata başa gəlmişdir. Nəzərə alınsa ki, göstərilən 0,09 ha torpaq sahəsinin yalnız 2 (iki) sotu əcnəbinin adına rəsmiləşdirilmiş və yerdə qalan 0,07 ha (yəni 7 sot) əcnəbinin şirkətinin adına rəsmiləşdirilməmişdir, bu halda cavabdehlər əcnəbinin onlara ödədiyi 233971,12 manat məbləği (300820 – 66848,88 (yəni bağ evinin yerləşdiyi 2 sotun dəyəri) = 233971,12) ona geri ödəməlidirlər. Bu səbəbdən hazırda Cavabdeh1 ya qeyd olunan 0,09 ha torpaq sahəsini əcnəbiyə məxsus şirkətin adına rəsmiləşdirməli, ya da ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 233971,12 (iki yüz otuz üç min doqquz yüz yetmiş bir manat on iki qəpik) manat məbləği əcnəbiyə geri ödəməlidirlər. Sonradan iddiaçılar tərəfindən iddia ərizəsinə əlavə verilmiş, ərizədə göstərilmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadının "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, HD-336/21 saylı cavab məktubu ilə cavablandırılması və işin digər zəruri halları üzrə iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Həmin cavab məktubuna əsasən, “Cavabdeh2 USD valyutasında olan cari hesabına BƏƏ-dən İddiaçı1 tərəfindən xx.xx.2017-ci il tarixində 176070,87 USD köçürmə olmuş, xx.xx.2017-ci il tarixində "xxxx" ASC-nin Baş İdarəsinin Müştəri Xidmətləri Departamentinin kassasından Cavabdeh2 tərəfindən 174846,94 USD məbləğində vəsait nağdlaşdırılmışdır. Nağdlaşdırmaya görə komissiya 1223,93 USD təşkil etmişdir.” Göründüyü kimi, Əliyev X3 Məhəmmədəli Komu oğlu vasitəsi ilə İddiaçı1 299320,47 (iki yüz doxsan doqquz min üç yüz iyirmi manat qırx yeddi qəpik) manat vəsait əldə etsə də razılaşmaya əsasən 0,09 ha torpaq sahəsini onun təsis etdiyi şirkətin adına rəsmiləşdirməmiş əcnəbini aldararaq həmin torpaq sahəsini guya onun təsis etdiyi şirkətin adına rəsmiləşdirmək adı ilə onunla “İcarə” müqaviləsi bağlamış, bu azmış kimi göstərilən torpaq sahəsini ona aylığı 200 manat icarə haqqı olmaqla icarəyə vermişdir və nəticədə yalnız həmin torpaq sahəsinin üzərində yerləşən 179,6 kv metrdən ibarət olan 94 saylı bağ evini onunla alqı-satqı etmişdir. Həmçinin, məhkəmənin diqqətinə Əmlak Ekspert Mərkəzi tərəfindən verilən xx.xx.2021 -ci il tarixli, ƏEM/O 44-979/21 saylı “Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə” Hesabatı çatdıraraq bildirirlər ki, həmin Hesabata əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində İddiaçı1 məxsus olan 94 saylı bağ evinin yerləşdiyi 0,09 ha torpaq sahəsinin 0,01 ha üzrə 2017-2018-ci il tarixinə bazar dəyərinin 4800 (dörd min səkkiz yüz) manat təşkil etməsi göstərilir. Buradan isə qeyd olunan 9 (doqquz) sot torpaq sahəsinin 1 (bir) sotunun əcnəbi üçün 33257,83 (299320,47 / 9 sot = 33257,83) manata başa gəldiyi (başqa sözlə desək, 1 (bir) sot torpaq əcnəbi üçün real dəyərindən təxminən 7 dəfə baha qiymətə olmaqla ona başa gəlmişdir) və hətta Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində İddiaçı1 məxsus olan 94 saylı bağ evinin yerləşdiyi 0,09 ha torpaq sahəsinin onun təsis etdiyi şirkətin adına rəsmiləşdirilmədiyi müəyyən olunur. Bu səbəbdən cavabdehlər əcnəbinin onlara ödədiyi 299320,47 (iki yüz doxsan doqquz min üç yüz iyirmi manat qırx yeddi qəpik) manat məbləği ona geri ödəməlidirlər. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində göstərilir ki, “Əgər həqiqətən də onların İddiaçı1 Awadh Ahmedə keçən 4 ilə yaxın müddət ərzində hər hansı razılaşma ilə bağlı borcu mövcud idisə niyə bu müddətdə o, borcunun ödənilməsini, qaytarılmasını tələb etmirdi? Axı o bizim adımıza pul göndərərkən bizi tanımırdı. Ondan bizə pul göndərməsini xahiş etməmişdik.” (7-ci səhifənin əvvəli). Bununla bağlı bildirmək istəyirlər ki, belə olan halda nəyə görə Məhəmmədəli Qurbanov ona səhvən göndərilən pulu geri qaytarmayıb və həmin pulu məxaric edib? Əgər cavabdehlər həqiqətən də dürüst şəxslər olublarsa nəyə görə cavabdehlər onlara aid olmayan pulu əldə edib iddiaçının adına bağ evi alıblar və razılaşdırılmış işi qismən də olsa icra ediblər. Digər tərəfdən indiki dövrdə hansısa şəxs tanımadığı digər hansısa başqa bir şəxsin adına göstərilən məbləğdə də pul köçürməsi edərmi. Axı söhbət 1000 (bir min) və ya 2000 (iki min) manatdan deyil, məhz 299320,47 (iki yüz doxsan doqquz min üç yüz iyirmi manat qırx yeddi qəpik) manatdan gedir. Qətnamədə həmçinin göstərilir ki, “iddia ərizəsində vətəndaş Dilrubə Həsənova da daxil olmaqla cavabdehlər Cavabdeh1 və onun atası M. Qəhrəmanov iddiaçı X13rşı cinayət əməlləri törətmiş şəxslər kimi təqdim edilir. İddiaçı1 Ahmed Alimeri, cavabdehlərin dələduzluq yolu ilə xarici vətəndaş kimi onun əmlakını ələ keçirildiyini iddia edirsə, nədən bu barədə müvafiq istintaq orqanına müraciət etmir (7-ci səhifənin əvvəli). Bununla bağlı bildirmək istəyir ki, iddiaçılar hansı qaydada müdafiə olunmaqla bağlı qərarı özü qəbul edir və bu səbəbdən nəyə görə məhz məhkəməyə deyil, istintaq orqanına müraciət edilməməsi ilə bağlı qeyd tamamilə əsassızdır. Buna baxmayaraq bildirirlər ki, məlum olduğu kimi, cinayət işləri mülki işlərlə müqayisədə daha çox vaxt tələb etdiyindən və iddiaçı öz əmlakına tez bir vaxtda sahib çıxmaq istədiyindən məhz istintaq orqanına deyil, birbaşa məhkəməyə müraciət etmişdir. Beləliklə müəyyən olunur ki, Cavabdeh1 göstərilən torpaq sahəsini X30 adlı şəxsdən cəmi 32000 manata almış və həmin bağ evini dəfələrlə yuxarı məbləğə olmaqla 120000 manat məbləğinə (88000 manat baha) iddiaçıya satmış və bu azmış həmin torpaq sahəsini aralarında gəldikləri razılaşmaya uyğun olaraq əcnəbi şəxsin təsis etdiyi İddiaçı2 MMC-nin adına rəsmiləşdirməmişdir. Məhkəmə bir tərəfdən xx.xx.2021-ci il tarixdən məhkəmənin icraatında olan iş üzrə cavabdeh tərəfindən təqdim edilən yeganə 2 sənədi (1) xx.xx.2017-ci il tarixli, AN-İ № ******* saylı “Alqı-satqı” müqaviləsini və 2) "xxxx" ASC-nin xx.xx.2021 tarixli “Arayışı”na əlavə olunan “İzahatı”) mötəbər sənəd qismində qəbul etməsə də, sonda onların iddialarını iddia müddətinin ötürülməsi səbəbindən əsassız olaraq təmin etməmişdir. Bununla yanaşı həmçinin qeyd etmək istəyirlər ki, göstərilən vəsaiti alarkən cavabdehin bankda istənilən məzmunda izahat verməsi onun məhz hüququ olduğundan o, nəinki həmin məzmunda, hətta tamamilə başqa bir məzmunda da izahat verə bilərdi, hansı ki, o, bu halda da sonda həmin pulun nağlaşdırılmasına nail olacaqdır. Başqa sözlə dəsək, göndərilən məbləğ məhz yuxarı məbləğ olduğu üçün yəqin bank tərəfindən müəyyən olunan prosedur qaydalarına uyğun olaraq göstərilən izahatın alınması məqbul hesab edilmiş, yəni göstərilən hallarda müvafiq izahatın alınması bir növ formal xarakter daşıyır. ünvan 1nin yerləşdiyi 0,09 ha torpaq sahəsi Cavabdeh1 adında qalmaqda davam edir və Cavabdeh1 göstərilən 0,09 ha torpaq sahəsini əcnəbini aldararaq yalnız onunla Bakı şəhəri 9 saylı Notariat ofisində 28 sentyabr 2018-ci il tarixli, 3M-1168 reyestr nömrəli “İcarə” müqaviləsini bağlamaqla kifayətlənmişdir. Bununla da cavabdeh əcnəbiyə qeyd olunan 0,09 ha torpaq sahəsinin də guya onun adına rəsmiləşdirildiyini bildirmişdir. Əcnəbi isə ona inanmış və Azərbaycan dilini bilmədiyindən (Bakı şəhəri 9 saylı Notariat ofisində göstərilən müqavilə rəsmiləşdirilərkən tərcüməçi ilə təmin edilmədiyindən) elə məhz həmin “İcarə” müqaviləsi ilə də qeyd edilən torpaq sahəsinin onun şirkətinin adına rəsmiləşdirildiyi qənaətinə gəlmişdir. X15 qeyd olunan bağ evindən könüllü çıxmadığından bununla bağlı tərəflərindən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində cavabdeh X6 qeyd olunan “bağ evindən və torpaq sahəsindən çıxarılması tələbinə dair” iddia qaldırılmış və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5720/2021 saylı qətnaməsi ilə iddiaları tam şəkildə təmin edilmişdir. X6 həmin bağ evində heç bir hüquqi əsas olmadan və qanunsuz olaraq yaşamasını müəyyən edərək göstərilən şəxs barəsində onun həmin bağ evində qeydiyyatsız yaşaması barədə Azərbaycan Respublikası İXM-nin 563.1ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli “İnzibati xəta haqqında” Protokol (Elektron Məhkəmə Sisteminə əlavə edilmişdir) tərtib etmişdir. Daha sonra göstərilən şəxs barəsində xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərara (Elektron Məhkəmə Sisteminə əlavə edilmişdir) əsasən ona “xəbərdarlıq” növündə inzibati tənbeh tətbiq edilmişdir. Odur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-yə ünvan 1nin yerləşdiyi 0,09 ha torpaq sahəsinin İddiaçı2 MMC-nin adına rəsmiləşmədiyi və cavabdehlər tərəfindən aldadıldığı məhz 11 iyun 2021-ci il tarixdə (tərəfimizdən “102 qaynar xəttə” müraciət edildikdən və X6 “siz məni buradan çıxara bilməzsiniz və bu torpaq ərəbin deyil ki, hələ bir onun haqqı da çatsın məni buradan çıxartsın” deməsindən sonra məlum olmuşdur. Məhkəmə nəzərə almamışdır ki, hazırkı iş üzrə mübahisə predmeti məhz daşınmaz əmlakla bağlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tam mətni isə belədir: Müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. İddiaçı2 MMC-nin göstərilən ünvanda yerləşən fərdi yaşayış evinin əcnəbinin adına xx.xx.2018-ci il tarixdə alqı-satqı edilməsindən yalnız 21 (iyirmi bir) gün sonra təsis edilməsi 0,09 ha torpaq sahəsinin həmin şirkətin adına rəsmiləşdirilməməsi üçün əsas deyil və ola da bilməz. Sonda Bakı Apellyasiya Məhkəməsinin diqqətinə tərəflərindən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə təqdim edilən sübutları ümumiləşdirilmiş qaydada bir daha çatdırmaq istəyirlər, hansı ki, həmin sübutlara məhkəmə tərəfindən lazımi hüquqi verilmədiyindən iddiaları təmin edilməmiş və nəticədə məhkəmə tərəfindən qanunsuz qətnamə çıxarılmışdır: "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, HD-336/21 saylı cavab məktubu ilə “Cavabdeh2 USD valyutasında olan cari hesabına BƏƏ-dən İddiaçı1 tərəfindən xx.xx.2017-ci il tarixində 176070,87 USD (299.320,47 (iki yüz doxsan doqquz min üç yüz iyirmi manat qırx yeddi qəpik) manat (176070,87 USD x 1.70 (həmin vaxtda 1 (bir) ABŞ dollarının Azərbaycan manatına nisbətdə məzənnəsi 1.70 olmuşdur) = 299320,47 manat) köçürmə edilməsi və həmin məbləğin xx.xx.2017-ci il tarixində "xxxx" ASC-nin Baş İdarəsinin Müştəri Xidmətləri Departamentinin kassasından Cavabdeh2 tərəfindən nağdlaşdırılması tam sübuta yetirilir. Halbuki, ilk vaxtlar cavabdeh həmin vəsaitin iddiaçıdan qəbul edildiyini ümumiyyətlə inkar edirdi. Azərbaycan Respublikası DSX-nin xx.xx.2021-ci il tarixli cavab məktubu ilə xx.xx.2017-ci il tarixdə İddiaçı1 Azərbaycan Respublikasına gəlməsi və həmin ərəfələrdə qeyd olunan şəxslərlə tanış olaraq onların qanunsuz əməlləri ilə üzləşməsi tam sübuta yetirilir. Halbuki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində işə baxılarkən qarşı tərəf bildirmişdir ki, 2017-ci ildə İddiaçı1 ümumiyyətlə Azərbaycan Respublikasında olmamışdır. xx.xx.2017-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 göstərilən torpaq sahəsini əcnəbinin ona göndərdiyi pulla X30 adlı şəxsdən cəmi 32000 manata almışdır. xx.xx.2018ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Əliyev X8 İrina Yaqubovna adlı şəxsdən cəmi 32000 (otuz iki min) manata aldığı daşınmaz əmlakı əcnəbiyə dəfələrlə yuxarı məbləğə olmaqla 120000 (yüz iyirmi min) manat məbləğinə (88000 (səksən səkkiz min) manat bahasına olmaqla) satmış və bu azmış kimi həmin torpaq sahəsini aralarında gəldikləri razılaşmaya uyğun olaraq əcnəbi şəxsin təsis etdiyi İddiaçı2 MMC-nin adına rəsmiləşdirməmişdir. Bakı şəhəri 9 saylı Notariat ofisində rəsmiləşdirilən xx.xx.2018-ci il tarixli, 3M-1168 reyestr nömrəli icarə müqaviləsi ilə cavabdeh əcnəbiyə qeyd olunan 0,09 ha torpaq sahəsinin də (guya eynilə bağ evi kimi) onun adına rəsmiləşdirildiyini bildirmişdir. Əcnəbi isə cavabdehə etibar etdiyindən ona inanmış, Azərbaycan dilini bilmədiyindən həmin müqaviləni imzalamış və elə məhz həmin icarə müqaviləsi ilə də qeyd edilən torpaq sahəsinin onun şirkətinin adına rəsmiləşdirildiyi qənaətinə gəlmişdir. Apellyasiya baxışı zamanı iddiaçıların təmsilçisi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, iddia ərizəsində və apellyasiya şikayətində qeyd edilənlər əsassızdır. Belə ki, 2017-ci ildə nə o, nə də oğlu Elçin İddiaçı1 tanımamışlar. İddiaçının tanımadığı, heç vaxt görmədiyi bir adamın adına necə böyük məbləğdə pul göndərə bilər. Bu mümkün deyil və ağlabatan görünmür. Onun ərəb millətindən olan X37 adlı şəxslə etimad münasibətinə əsaslanan tanışlığı olmuşdur.X34 Noman əczaçılıq işi ilə məşğul olur, apteklər şəbəkəsi var. X37 Abşeron rayon Saray qəsəbəsində 250000 manat məbləğində satılan fərdi yaşayış evini bəyəndikdən sonra öz qaynı kimi təqdim etdiyi İddiaçı1 adına açılan hesabdan onun adına olan hesaba 176070,87 ABŞ dolları məbləğində pul göndərmişdir. O, pulu götürən zaman bank tərəfindən pulun göndərilməsinin təyinatı ilə bağlı dəqiqləşdirilmə aparılmış və verdiyi izahatında həmin vəsaitin ev alqı satqısı üçün köçürüldüyünü, vəsaiti köçürən şəxs X4 oğluna etibarnamə verdiyini və vəsaiti köçürən şəxs X24 səlahiyyətli nümyəndəsi olduğunu bildirmişdir. Bundan sonra pul vəsaitini ona təqdim etmişlər. Həmin pul vəsaiti bankdan götürüldükdən 12 gün sonra X33 adına, Abşeron rayon Saray qəsəbəsində Cavabdeh1 tərəfindən 250000 manat məbləğində həmin fərdi yaşayış evi alınıb. Göndərilən pul tam həcmdə həmin evin alınmasına və evin içərisinin mebel və digər avadanlıqlarla təmin edilməsinə xərclənilibdir. İddiaçı1 ilə ilk tanışlığı, onun qaynı X37 Saray qəsəbəsində Cavabdeh1 vasitəçiliyi ilə fərdi ev alındıqdan sonra, o ailəsi ilə birgə Bakıya gələrkən baş vermişdir. İddiaçı A.Edress onlara Bakıda zavod, fabrik tikdirəcəyini vəd vermiş, onları həmin müəssisələrdə işlə təmin edəcəyini bildirmişdir. O, iddiaçının sözünə inanmış və bir ildən çox müddətə onun ailəsi ilə birlikdə qalmaq, istirahət və digər xərclərini çəxsi vəsaiti hesabına qarşılamışdır. İddiaçının ona 60 min ABŞ dollarına yaxın borcu yaranmışdır. İddiaçının qaynının 250 min manata bağ sahəsi alması və onun burada zavod, fabrik inşa edəcəyinə aldanaraq Pirşağı qəsəbəsində olan evini onun adına alqı satqı etmişdir. Həmin evin dəyəri olan 120000 manat öz pulunu iddiaçının adından notariusun depozitinə yerləşdirmişdir. İddiaçı həmin pulu ona ödəməmişdir. İddiaçı onu aldatmışdır. Hazırda pulunu geri tələb etdiyi üçün iddiaçı çıxış yolu kimi ona və oğluna qarşı qarşı bu əsassız iddianı qaldırmaqda görübdür. Apellyasiya baxışı zamanı cavabdehlərin və üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. İş üzrə yaranmış zərurətlə əlaqədar olaraq Bakı şəhəri 9 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş, həmin notariat ofisinin xüsusi notariusu X12 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, qeyd edilən alqı-satqı və icarə müqavilələri bağlanan zaman notariat ofisinə A.Edress öz tərcüməçisi ilə gəlmişdir. Buna baxmayaraq o, notariat ofisinin ingilis dilini bilən əməkdaşını da dəvət etmişdir. Tərəflər evin alqı-satqısının 120 min manata razılaşdıqlarını, torpağa görə isə əlavə 50 min manat ödənildikdən sonra alıcının bir-iki aya yaradacağı şirkətin adına alqı-satqı müqaviləsi bağalayacaqlarını bildirmişlər. İddiaçı tərüməçi vasitəsi ilə bildirmişdir ki, torpağa görə bir illik icarə müqaviləsi bağlamaq istəyir, notarius kimi ona 49 illik icarə müqaviləsi bağlamağı təklif etmiş, lakin o, bundan imtina etmiş, sonda tərəflər 5 illik icarə müqaviləsi bağlamağa razılaşmışlar. Notarius həmçinin bildirdi ki, tərcüməçi xidməti üçün ödəniş edilməli olduğundan, lakin bunun üçün ödəniş edilmədiyindən notarius tərəfindən tərcüməçi dəvət edilməsə də, icarə müqaviləsinin sonunda QR kodla müqavilə ilə üç dildə, o cümlədən ingilis dilində tanış olmaq imkanı qeyd edilmişdir. İş üzrə yaranmış zərurətlə əlaqədar olaraq X37 Noman mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. X37 Noman 14 iyul 2022-ci il tarixli məhkəmə iclasında iştirak edərək tərcüməçi vasitəsi ilə verdiyi izahatında bildirdi ki, Bakı şəhərinə ilk dəfə turist kimi gələn zaman Cavabdeh1lə tanış olmuş, burada investisiya etmək istədiyi təqdirdə Elçin ona kömək edə biləcəyini demiş, onun Elçinə qarşı etibarı yaranmış, ona etibarnamə vermiş ,Elçinin ailə üzvləri ilə də tanış olmuşdur. Onun adına Saray qəsəbəsində yaşayış var, həmin evin alınması üçün 250000 (iki yüz əlli min) manat pulu Elçinə heç bir yazılı rəsmiləşdirmə olmadan əlbəəl vermişdir. İddiaçı1 onun qohumudur. İddiaçını cavabdehlərlə o tanış etmişdir. İddiaçı1 özünə bağ evi almaq üçün xx.xx.2017-ci il tarixində Elçinin atası Cavabdeh2 adına pul göndərmişdir. Həmin pul Ali Edressə məxsus olmuşdur. İş üzrə digər Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, İddiaçı1 qohumu X37 Nomanın vasitəsi ilə cavabdehləri tanımışdır. İddiaçı1 tərəfindən xx.xx.2017-ci il tarixdə cavabdeh X2 cari hesabına BƏƏ-dən 176070,87 ABŞ dolları məbləğində pul köçürülmüş, xx.xx.2017-ci il tarixdə "xxxx" ASC-nin Baş İdarəsinin Müştəri Xidmətləri Departamentinin kassasından X7 tərəfindən 174846.94 ABŞ dolları məbləğində vəsait nağdlaşdırılmışdır. Nağdlaşdırmaya görə bank tərəfindən 1223,93 ABŞ dolları komissiya məbləği tutulmuşdur. İddiaçı həmin pul vəsaitini özünə bağ sahəsi almaq məqsədi ilə göndərdiyini bildirsə də, pul vəsaitinin göndərildiyi tarixə və bundan əvvəlki dövrdə cavabdehləri tanımasını, onlarla arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlərinin olmasını təsdiq edən sübutlar təqdim edə bilməmişdir. İddiaçı bağ sahəsinin alınmasına dair razılaşdığı Cavabdeh1 Azərbaycan Respublikasında banklarla problemləri olduğundan (müəyyən kreditlər üzrə ödənişləri etmədiyi üçün barəsində məhkəmə qətnamələri olduğu üçün) pulu onun öz adına deyil, atası və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Cavabdeh2 adına göndərilməsini bildirmiş, lakin iş materaillarına əlavə edilmiş Azərbaycan Kredit Bürosunun xx.xx.2022-ci il tarixli çıxarışına əsasən Cavabdeh1 sözügüdən pul məbləğinin köçürülməli olduğu tarixdə banklar üzrə hər hansı ödəniliməli olan borcunun mövcud olmadığı müəyyən edilmişdir. Cavabdeh2 verdiyi izahatında bildirmişdir ki, tanışı olan X37 Noman adlı şəxs Abşeron rayon Saray qəsəbəsində 250000 (iki yüz əli min) manat məbləğində satılan fərdi yaşayış evini bəyəndikdən sonra öz qaynı kimi təqdim etdiyi İddiaçı1 adına açılan hesabdan onun adına olan hesaba 176070,87 ABŞ dolları məbləğində pul göndərdiyini bildirmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, Cavabdeh2 həmin pul vəsaitini hesabından nağdılaşdıran zaman verdiyi yazılı izahatında pul vəsaitinin ev alqı-satqısı üçün köçürüldüyünü, vəsaiti köçürən şəxsin (X34 Noman) onun oğluna etibarnamə verdiyini və vəsaiti köçürən şəxsin X24 səlahiyyətli nümayəndəsi olması ilə əsaslandırmışdır. İş materiallarında olan etibarnamənin surətindən (iş vərəqi 21) görünür ki, xx.xx.2017-ci il tarixdə Yəmən Respublikasının vətəndaşı X37 Noman tərəfindən Cavabdeh1 adına xx.xx.2018-ci il tarixədək qüvvədə olan etibarnamə vermişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X37 Noman məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Bakı şəhərinə ilk dəfə turist kimi gələn zaman Cavabdeh1lə tanış olmuş, burada investisiya etmək istədiyi təqdirdə Elçin ona kömək edə biləcəyini demiş, onda Elçinə qarşı etibar yaranmış, Elçinin ailə üzvləri ilə də tanış olmuşdur. Onun adına Saray qəsəbəsində yaşayış var, həmin evin alınması üçün 250000 manat pulu Elçinə heç bir yazılı qaydada rəsmiləşdirmə olmadan əlbəəl vermişdir. İddiaçı1 onun qohumudur. İddiaçını cavabdehlərlə o tanış etmişdir. İddiaçı1 özünə bağ evi almaq üçün xx.xx.2017-ci il tarixində Elçinin atası Cavabdeh2 adına pul göndərmişdir. Həmin pul Ali Edressə məxsus olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli, AN-İ seriyalı, 645230 nömrəli X22 ilə Cavabdeh1 Məhəmmədli oğlu və X37 Noman arasında bağlanmış Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi 250000 manata satıcı X22 tərəfindən alıcı X37 Nomana satılmışdır. Həmin müqaviləni X37 Nomanın əvəzində onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi kimi Cavabdeh1 Məhəmmədli oğlu imza etmişdir. Hazırda həmin fərdi yaşayış evi X37 Nomanın mülkiyyətindədir. 29 oktyabr 2017-ci il tarixdə Cavabdeh1 Məhəmmədli oğlu tərəfindən mübahisəli Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 saylı ünvanda yerləşən ümumi sahəsi 0,09 ha bağ sahəsi X20 32000 manata alınmışdır. xx.xx.2018-ci il tarixdə Cavabdeh1 tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 179,6 kv.m olan bağ evinin və 0.09 ha torpaq sahəsinin ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 179,6 kv.m olan bağ evi hissəsini 120000 (bir yüz iyirmi min) manata İddiaçı1 satmışdır. Həmin gün Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış icarə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,09 ha olan torpaq sahəsi xx.xx.2023-cü ilədək İddiaçı1 icarəyə verilmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, əcnəbi şəxs olduğundan həmin torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinin mümkünsüz olmasından (qanunla buna yol verilmədiyindən) məlumatlı idi və buna görə də torpağa dair alqı-satqı müqaviləsi onun təsis etdiyi İddiaçı2 MMC adlı şirkətin adına rəsmiləşdirilməli olduğu halda onu aldadaraq icarə müqaviləsi bağlamışlar. Lakin Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun Dövlət Reyestrindən çıxarışından məlum olur ki, İddiaçı2 MMC qeyd edilən alqı-satqı və icarə müqavilələri bağlanan vaxt, yəni xx.xx.2018-ci il tarixdə deyil, xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatından keçmişdir. Belə olduğu halda həmin tarixdə torpağa dair adı çəkilən şirkətlə alqı-satqı müqaviləsinin bağlanması mümkün ola bilməzdi. Məhkəmə kollegiyası iş üzrə tədqiq edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən pul vəsaitinin İddiaçı1 adından göndərildiyi üçün ona məxsus olması barədə düzgün qənaətə gəlmiş və haqlı olaraq qeyd etmişdir ki, İddiaçı1 Cavabdeh2 ilə arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlərin olmasına dair hər hansı mötəbər sübutlar təqdim edə bilməmiş, Cavabdeh2 xx.xx.2017-ci il tarixində İddiaçı1 tərəfindən onun adına göndərilmiş pul vəsitini qəbul edərək heç bir qanuni və müqavilə əsası olmadan iddiaçının hesabına varlanmışdır. İddiaçı Cavabdeh2 həmin pul məbləğini onun əsassız varlandığını bildiyi vaxtdan 2 il müddətində geri tələb etmək hüquq olduğu halda, 4 ildən artıq müddət keçdikdən sonra iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin mübahisəli torpaq sahəsinə dair icarə müqaviləsi bağlanan zaman iddiaçının bundan xəbəri olmaması, yalnız X6 qeyd olunan bağ evindən çıxarılması tələbinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin icrası zamanı xəbər tutduğu barədə dəlilinə münasibətdə qeyd edir ki, iddiaçıya məxsus İddiaçı2 MMC adlı şirkət mübahisəli bağ evinə dair alqı-satqı müqaviləsi bağlanan zaman hələ qeydiyyata alınmadığından torpağa dair icarə deyil, həmin şirkətin adına alqı-satqı müqaviləsi bağlanmasının mümkün olmaması ona bəlli olmuş, iddiaçı könüllü olaraq torpağa dair icarə müqaviləsi bağlamışdır. Həmin müqavilələri notarial qaydada təsdiq edən Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu X12 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, qeyd edilən alqı-satqı və icarə müqavilələri bağlanan zaman notariat ofisinə A.Edress öz tərcüməçisi ilə gəlmişdir. Buna baxmayaraq o, notariat ofisinin ingilis dilini bilən əməkdaşını da dəvət etmişdir. Tərəflər evin alqı-satqısının 120 min manata razılaşdıqlarını, torpağa görə isə əlavə 50 min manat ödənildikdən sonra alqı-satqı müqaviləsi bağalayacaqlarını bildirmişlər. İddiaçı tərüməçi vasitəsi ilə bildirmişdir ki, torpağa görə bir illik icarə müqaviləsi bağlamaq istəyir, notarius kimi ona 49 illik icarə müqaviləsi bağlamağı təklif etmiş, lakin o, bundan imtina etmiş, sonda tərəflər 5 illik icarə müqaviləsi bağlamağa razılaşmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1096.2-ci madddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1097.1-ci madddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarına əsasən əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh1 münasibətdə olan hissəsində haqlı olaraq qeyd etmişdir ki, həmin tərəflər arasında yalnız alqı-satqı və icarə müqaviləsində irəli gələn öhdəlik münasibətləri yaranmış və Cavabdeh1 həmin öhdəlik münasibətləri üzrə qanunla üzərinə düşən vəzifələrini yerinə yetirmişdir. Müqavilə bağlamaq müqavilə bağlamalı olan tərəflərin müstəqil iradə ifadəsidir. Hər hansı bir fiziki və hüquqi şəxsin üzərinə müqavilə bağlama öhdəliyinin qoyulması qanunvericliyin tələbləri uyğun deyildir. İddiaçı1 Cavabdeh1 299320,47 (iki yüz doxsan doqquz min üç yüz iyirmi manat qırx yeddi qəpik) manat məbləğində pul vəsaitini tələb etsə də onlar arasında həmin pul vəsaitinə dair hər hansı müqavilə (öhdəlik) münasibətləri müəyyən edilmədiyindən iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2, 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinin tələbinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 405.2.-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı mübahisələndirilən hissədə təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsi görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2(008)- 537/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar