Məhkəmə qərarları › İş №2(103)-3773/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3773/2025

28.07.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3773/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi X5, Cavabdeh3 və Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-90/2022 saylı qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olmaqla cavabdehlər tərəfindən zəbt edilmiş 60 santimetr ölçüdə sahənin boşaldılması, aspiratorun sökülməsi və istifadəsində olan həyətə sərbəst maşınla 2,60 metr giriş-çıxışın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-90/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* Çıxarışına əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayon, Əmircan qəsəbəsi, T.Bayramov küçəsi 83 saylı evin giriş-çıxış (avtomobil yolu) yolunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən inşa edilmiş hasarın 0.60 metrə sol tərəfə çəkilməsi yolu ilə təmin edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən İddiaçı məxsus olan həyətdə quraşdırılmış aspiratorun sökülməsi qət edilmişdir. Bundan sonra Cavabdeh3 qətnamənin izah edilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, icra sənədi üzrə tələbin yolun daralmasına səbəb olan hasarın sökülüb, yolun eninin normaya uyğun olaraq, aşağısı 2,60 metr genişləndirilməsi, yoxsa yolun eninin artıq genişləndirildiyinin fərqinə varmadan, mütləq qaydada yol boyu ev və köməkçi sahə tikililərin 60 sm eninə sökülməsi kimi başa düşüməsinə dair izah verilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-90/2022 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh3 ərizəsi rədd edilmişdir. Həmin qərardaddan Cavabdeh3 şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin nümayiş etdirdiyi mövqe ondan ibarətdir ki, qətnamədə divarın sökülməsi qət edilmişsə, mütləq qaydada icraçının iştirakı ilə divar sökülməlidir. Lakin məhkəmə bu mövqedən çıxış edərkən, qətnamədə hansı divarın sökülməsindən söhbət getdiyinin fərqinə varmamışdır. Həmçinin nəzərə almamışdır ki, məhkəmə qətnaməsinin icrası ilə bağlı könüllülük deyilən hal vardır və bu zaman icra məmurunun iştirakına lüzum qalmır. Tələbkarın məhkəmədə iddia qaldırılmasına səbəb onun evinə gedən yolun, onların hasarından keçən hissəsinin eninin 2 metrə olması idi. Onun tələbinə əsasən isə normalara uyğun olaraq yolun eni azından 2 metr 60 sm təşkil etməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi mübahisəyə baxan və qətnamə qəbul etdiyi zaman hasar sökülüb, genişləndirilməsi tələb olunan ünvan 1 ünvanında yolun eni 2 metr olmuşdur. Yolun eninin bu şəkildə az olması, yaşadıqları tikilinin xarici divarından sonra inşa etdikləri hasar və səki olmuşdur. Məhkəmə qətnaməsindən sonra qardaşı ilə yolun dairə olan hissəsindən hasarı söküb, geri çəkmişdilər. Nəticədə hasarlarının yola düşən 8.50 m. hissəsinin hazırda yolun eni giriş hissəsində 3,60 metr, sonunda isə 4,45 metr təşkil edir. Nəticədə yol məhkəmənin müəyyən etdiyi 2,60 m enindən, 1,80 metr çox genişləndirilmişdir. Göründüyü kimi, heç bir icra təsir-tədbiri olmadan, məhkəmədə və ekspert tərəfindən onlara edilən izahı qəbul edib, tələb olunan yolun genişləndirilməsini təmin etmişdilər. Lakin hasar və səkinin sökülüb yolun genişləndirilməsinə baxmayaraq, icra sənədinə əsasən divar sökülməli olduğundan hazırda mövcud olan divarın sökülməsi və 60 sm. geri çəkilməsi tələb edilir. Hazırda isə yoldan sonra əvvəlki kimi hasar yox, söküldüyündən birbaşa yaşadıqları evin və köməkçi sahənin divarı dayanır. İcra məmuru gəlib, onların iştirakı ilə yolu ölçmüş və həqiqətən də yolun 1 metrdən çox genişləndiyini və bunun yalnız hasar söküldükdən sonra mümkün olduğunu gözü ilə görmüşdür. İcra məmuruna qətnamə və icra sənədində evin divarının deyil, yolun daralmasına səbəb olan hasarın sökülməsinin nəzərdə tutulduğu və tərəflərindən hasarın artıq söküldüyünü bildirsələr də, icra məmuru evin divarının sökülməsinə israr etmişdir. Ona görə də yaranmış anlaşılmazlığın aradan qaldırılması üçün icra sənədinə izah verilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəyə baxılanda da məhkəmədə müəyyən olundu ki, qətnamədən sonra, birbaşa icra məmurun iştirakı olmasa da yola düşən hasar və səki tərəflərindən sökülmüş, nəticədə yol normadan da artıq genişlənmişdir. Lakin buna baxmayaraq, məhkəmə izahla bağlı ərizəni təmin etməmiş, nəticədə yolun genişlənməsi deyil, evinin divarının sökülməsi təhlükəsi ortadan qaldırılmamış qalmışdır. Bu baxımdan da hesab edir ki, məhkəmə ərizəni təmin etməli və məhkəmə qətnaməsinin icrası ilə bağlı həyata keçirilməli olan məqəmlara aydınlıq gətirməli və icra ilə bağlı mübahisəyə son qoymalı idi. Lakin birinci instansiya məhkəməsi bunun əksi olaraq, ərizəni təmin etməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-90/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-3773/2025 saylı qərardadı ilə şikayətə tərəflərin iştirakı ilə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında Cavabdeh3 şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini və qətnaməyə izah verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 şikayətin təmin edilməyərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 şikayətin təmin edilməsini və qətnaməyə izah verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən Cavabdeh1 hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası şikayətə bu cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş üzrə yeni qərardad qəbul edilməklə ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır; 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir; 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır; 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir; 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu da "Məhkəmə qətnaməsi haqqında" xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərmişdir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş məhkəmə qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Məhkəmə kollegiyası hazırki işin halları baxımından qeyd edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-90/2022 saylı qətnaməsinə əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayon, Əmircan qəsəbəsi, T.Bayramov küçəsi 83 saylı evin giriş-çıxış (avtomobil yolu) yolunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən inşa edilmiş hasarın 0.60 metr sol tərəfə çəkilməsi yolu ilə təmin edilməsi qət edilmiş və qətnamənin həmin, yəni nəticə (qət etdi) hissəsində, habelə qətnamə əsasında verilmiş icra vərəqəsində yolun eninin hər hansı, o cümlədən 2,60 metr ölçüdə genişləndirilməsi məsələsi öz əksini tapmamışdır. Bu səbəbdən Cavabdeh3 ərizəsinə məhz mübahisəli hasarın 0.60 metr sol tərəfə çəkilməsi ilə bağlı hissədə aydınlıq gətirilə bilər. Bu kontekstdə məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qeyd edilən qətnaməsinə əsasən cavabdehlər tərəfindən inşa edilmiş hasarın 0,60 metr sol tərəfə çəkilməsi hüquqi nəticə etibarı ilə hasarın həmin ölçüdə sökülməsi hesabına yolun bu ölçüdə genişləndirilməsini özündə ehtiva edir. Bu işlərin görülməsi vəzifəsini daşıyan cavabdehlərdən biri - Cavabdeh3 da qətnamədən sonra, lakin onun icrasınadək artıq yola düşən hasarın və səkinin könüllü olaraq tərəflərindən sökülərək, yolun normadan da artıq genişləndirildiyini, bu barədə icra məmuruna məlumat da verdiyini, buna baxmayaraq, icra məmurunun hazırda evin divarının sökülməsini tələb etdiyini bildirir. Bununla bağlı qeyd olunmalıdır ki, icra haqqında qanunvericilikdə icra sənədinin icra qurumuna daxil olduğu gündən icra məmuru tərəfindən görülməli olan bütün tədbirlər təsbit edilmiş, o cümlədən icra sənədinin icrası “könüllü” və “məcburi” mərhələlərə bölünməklə hər mərhələ üzrə müddətlər və icra məmurlarının səlahiyyətləri dəqiqləşdirilmişdir. Könüllü icra müddətinin axımının da icra sənədi üzrə icraata başlamaq haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya təqdim edilməsi günündən hesablanması müəyyən edilmişdir. İcra sənədinin könüllü icra üçün müəyyən edilmiş müddət ərzində icra edilməməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsas yaradır. Nəzərə alınmalıdır ki, məhkəmə tərəfindən çıxarılmış qətnamənin qanuni qüvvəyə minməsi və yalnız bundan sonra icraya yönəldilməsi də müəyyən müddət tələb edir. Lakin borclu şəxslər həmin müddət ərzində də, yəni icra məmuru tərəfindən icra tədbirlərinə başlanılanadək, qətnamə ilə onların üzərinə qoyulmuş vəzifələri könüllü şəkildə icra edə bilərlər. Belə olan halda borclular tərəfindən qətnamənin icrası istiqamətində görülən tədbirlər və yerinə yetirilən işlər icra sənədini icra edən icra məmuru tərəfindən icra mərhələsində nəzərə alınmalıdır. Bu baxımdan icra mərhələsində mübahisəli hasarın məhz qətnamə çıxan tarixə mövcud olan vəziyyəti əsas götürülməklə 0,60 metr sol tərəfə (arxaya) çəkilməsi təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-90/2022 saylı qərardadı ləğv edilməli, iş üzrə yeni qərardad qəbul edilməklə Cavabdeh3 ərizəsi qismən təmin edilməli, izah edilməlidir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-90/2022 saylı qətnaməsi icra edilən zaman mübahisəli hasarın məhz həmin qətnamə çıxan tarixə mövcud olan vəziyyəti əsas götürülməklə 0,60 metr sol tərəfə (arxaya) çəkilməsi təmin edilməli, ərizə qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 230-cu, 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-90/2022 saylı qərardadı ləğv edilsin. İş üzrə yeni qərardad qəbul edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-90/2022 saylı qətnaməsinin izah edilməsi barədə Cavabdeh3 ərizəsi qismən təmin edilsin. İzah edilsin ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-90/2022 saylı qətnaməsi icra edilən zaman mübahisəli hasarın məhz həmin qətnamə çıxan tarixə mövcud olan vəziyyəti əsas götürülməklə 0,60 metr sol tərəfə (arxaya) çəkilməsi təmin edilməlidir. Ərizə qalan hissədə rədd edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar